Məhkəmə qərarları › İş №2-1(112)-918/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-918/2023

28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-918/2023 28.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X33 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X16 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı aparıcı məsləhətçi vəzifəsinə uyğun vəzifəyə işə götürülməsi və dövlət qulluğuna qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı onun əvvəllər mövcud olmuş X2 Təşkili üzrə Dövlət Agentliyində X2 Təşkili və X1 Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə uyğun vəzifəyə işə götürülməsi və dövlət qulluğuna qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1997-ci il tarixindən əmək fəaliyyətinə başlamışdır. Son iş yeri Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyində X2 təşkili və X1 şöbəsində aparıcı məsləhətçi vəzifəsi olmuşdur. İddiaçı dövlət qulluqçusu kimi kifayət qədər iş satajına malikdir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanın 6-cı bəndinə əsasən Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyi ləğv edilmiş və onun funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinə verilmişdir. Həmin normaya əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin direktorunun səlahiyyətlərini müvəqqəti icra edən cənab Elçin Yusubovun 04 dekabr 2021-ci il tarixli, K-22 nömrəli əmri ilə iddiaçının dövlət qulluğuna xitam verilmişdir. Sonradan iddiaçı cavabdeh orqana müvafiq işlə təmin edilməsi üçün ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan 28 dekabr 2021-ci il tarixli **********60 nömrəli məktubu ilə onun ərizəsinin təmin edilməməsi barədə məlumat verilmişdir. Həmin məktubda iddiaçının xx.xx.2021-ci il tarixdən iki il müddətinə cavadeh orqanda ehtiyat kadr kimi saxlanacağı bildirilmişdir. Ancaq cavabdeh orqan iddiaçını ilk növbədə dövlət qulluğuna götürülməli olmasına baxmayaraq, başqa şəxsləri iddiaçının son işlədiyi vəzifələrə uyğun işə qəbul etmişdir. Belə ki, iddiaçının ailə üzvləri məcburi köçkün statusuna malikdir. Həmçinin ehtiyat kadr olduğu üçün vakant vəzifələr ilk növbədə ona təklif olunmalıdır. Cavabdeh orqan vakant vəzifələri iddiaçıya təklif etməmişdir. Nəticədə iddiaçının hüquqları pozulmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada məhkəmə tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim olunmasına dair sərəncam verilmiş, cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim edilərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-cı il tarixli, 1382 nömrəli Fərmanı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan Komitənin yanında X2 Təşkili üzrə Dövlət Agentliyi ləğv edilmiş və onun funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinə verilmişdir. Bununla əlaqədar olaraq X2 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli, K-22 nömrəli əmri ilə İddiaçı dövlət qulluğuna xitam verilmiş, eyni zamanda Əmlak Məsələləri Dövlət Xidmətinin 12 noyabr 2021-ci il tarixli, 217 nömrəli əmri ilə iddiaçı xx.xx.2021-ci il tarixdən 2 il müddətində Əmlak Məsələləri Dövlət Xidmətində ehtiyat kadr kimi saxlanılmışdır. Qeyd edilmişdir ki, iddiaçının hazırkı məsələ ilə bağlı müraciətinə Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021ci il tarixli, **********60 nömrəli məktubu ilə cavab verilərək ona “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinə əsasən dövlət orqanının ləğvi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ümumi müsahibələrdə və ehtiyat kadr kimi saxlanıldığı Əmlak Məsələləri Dövlət Xidmətində keçirilən daxili müsahibələrdə iştirak etmək hüququnun mövcud olduğu qeyd olunmuşdur. Bildirilir ki, İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının məhkəmədə iddia qaldırmazdan qabaq hazırkı tələblə bağlı ona köməklik göstərilməsi barədə müraciətinə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2021-ci il tarixli, **********60 nömrəli məktubla cavab verilmişdir. İddiaçı isə hazırkı iddia ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən inzibati orqana qarşı məcburetmə haqqında iddia həmin orqan inzibati aktı qəbul etməkdən imtina etdiyi halda imtinanın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Eyni zamanda bildiririlər ki, iddiaçı hazırkı iddia tələbi üzrə iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Əmək Məcəlləsinin 294-cü maddəsinin birinci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 296-cı maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin üçüncü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, İddiaçı dövlət qulluğuna işlədiyi dövlət orqanın xx.xx.2021-ci il tarixli əmri ilə xitam verilmişdir. Hazırkı iddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Beləliklə əmrin qəbul edilmə tarixindən 5 ay keçdiyindən, iddiaçı müvafiq tələbin irəli sürülməsi üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 -ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı iddia müddətinin tətbiqinin mümkünlüyünün nəzərdə tutulduğunu bildirmişdir. Beləliklə, iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, hazırda iddiaçının istədiyi vəzifə üzrə vakant vəzifələr mövcud deyildir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 28 dekabr 2021ci il tarixli, **********60 nömrəli məktubdan görünür ki, iddiaçıya bildirilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.2-ci maddəsinə əsasən 4 noyabr 2021-ci il tarixində onun dövlət qulluğuna xitam verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin 12 noyabr 2021-ci il tarixli 217 nömrəli əmri ilə o, X2 Təşkili üzrə Dövlət Agentliyinin ləğvi ilə əlaqədar 4 noyabr 2021-ci il tarixindən 2 il müddətində Əmlak Məsələləri Dövlət Xidmətində ehtiyat kadr kimi saxlanılacaqdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinə əsasən dövlət orqanının ləğvi ilə əlaqədar o, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ümumi müsahibələrdə və ehtiyat kadr kimi saxlanıldığı Əmlak Məsələləri Dövlət Xidmətində keçirilən daxili müsahibələrdə iştirak edə bilər. İşdə olan cavabdeh tərəfdən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********03 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, müvafiq işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciətlərinə Xidmətin **********14 nömrəli xx.xx.2021ci il tarixli və **********60 nömrəli xx.xx.2021-ci il tarixli məktubları ilə cavab verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, əmək kitabçası həftənin iş vaxtı rejimində (bazar ertəsi - cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək) Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasında aidiyyəti struktur bölmənin əməkdaşı ilə (İnsan resurslarının idarə edilməsi şöbəsinin Təlim, inkişaf və qiymətləndirmə sektorunun böyük məsləhətçisi X24 (012) *** ** ** (321)) əlaqə saxlayaraq təhvil ala bilər və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları” nın 6.2-ci bəndinə uyğun olaraq razılığın olduğu təqdirdə əmək kitabçası poçt vasitəsi ilə ünvanına göndərilə bilər. Əmək müqaviləsinə xitam verilməsi barədə ləğv edilmiş X2 Təşkili üzrə Dövlət Agentliyinin müvafiq əmrindən çıxarış təqdim edilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin 04 dekabr 2021-ci il tarixli, K-22 nömrəli “Dövlət qulluğuna xitam verilməsi haqqında” əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-cı il tarixli 1382 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2021-ci il tarixli F-147 nömrəli əmri ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin strukturunu, onun Aparatının strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturlarını və ştat cədvəlləri təsdiq edilmişdir. Hamın əmrin icrasının təmin edilməsi məqsədi ilə Əmlak Məslələri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli 213 nömrəli əmrindən irəli gələn müvafiq tapşırıqlar nəzərə alınmaqla, "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq əmr edilmişdir: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanırda X2 Təşkili uzrə Dövlət Agentliyi ləğv edildiyi uçun X2 Təşkili uzrə Dövlət Agentliyinin aşağıda adı qeyd olunan inzibatı vəzifə tutan dövlət qulluqçusu “Dovət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilsin: İddiaçı - X2 təşkili və X1 şöbəsinin aparıcı məsləhətçisi. Əsas: Azərbaycan Resublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1382 nömrəli Fərmanı göstərilmişdir. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Mərkəzinə “Bazar infrastrukturunun inkişafı problemləri” şöbəsinə iqtisadçı vəzifəsinə təyin olunmuş, xx.xx.1998-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuş, xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinə “Xarici əlaqələr və kadr siyasəti” şöbəsinə iqtisadçı vəzifəsinə qəbul edilmiş, xx.xx.2001-ci il tarixdə şöbənin ləğv edilməsi ilə əlaqədar olaraq işdən azad edilmiş, xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fonduna 3 ay sınaq müddəti ilə “Müsabiqə komissiyasının məsul katibi” vəzifəsinə qəbul edilmiş, xx.xx.2001-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2001-ci il tarixdə İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti Maliyyə Əməliyyatları İdarəsinin Maliyyə əməliyyatlarının tənzimlənməsi şöbəsinin mütəxəssisi vəzifəsinə təyin edilmiş, xx.xx.2003-cü il tarixdə yeni stuktura uyğun olaraq İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının İdarə olunması özəlləşdirilməsi Maliyyə Əməliyyatlarının tənzimlənməsi mütəxəssisi vəzifəsinə köçürülmüş, xx.xx.2003-cü il tarixdə yeni stuktura uyğun olaraq X4 məsləhətçisi vəzifəsinə köçürülmüş və ona 3-cü dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2005-ci il tarixdə departamentin ləğvi ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş, xx.xx.2005-ci il tarixdə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə Maliyyə və özəlləşdirilmədən daxil olmalara nəzarət şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin edilmiş və 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2006-cı il tarixdə yeni struktura uyğun olaraq maliyyə əməliyyatları, təhlil və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi vəzifəsinə keçirilmiş (xx.xx.2007-ci il tarixdən), xx.xx.2009-cu il tarixdə ona “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları”na müvafiq olaraq inzibati vəzifələrin 6-cı təsnifatı üzrə 1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsi ləğv edilmiş, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2009-cu il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi aparatının Maliyyə Əməliyyatları, Təhlil və Proqnozlaşdırma Şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2012-ci il tarixdə dövlət qulluğuna xitam verilmiş, xx.xx.2016-cı il tarixdə dövlət qulluğuna xitam verilmiş,xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkil iüzrə X6 İnzibatçılığı Şöbəsinin X1 sektorunun aparıcı məsləhətçisi vəzifəsinə 3 ay müddətinə (vəzifənin müsabiqə və ya müsahibə yolu ilə tutduğu halda, həmin tarixə qədər) təyin edilmiş, xx.xx.2016-cı il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti yanında X18 üzrə Komissiya tərəfindən elan edilmiş ümumi müsahibədən müvəffəqiyyətlə keçmiş, xx.xx.2016-cı il tarixdən dövlət qulluğuna qəbul edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti X13 inzibatçılığı şöbəsinin X1 sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2016-cı il tarixdə “Dövlət qulluğu haqqında” X7 21.1.16-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaq Agentliyinin X2 Təşkili və X1 şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1382 nömrəli Fərmanına uyğun olaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir. İddiaçının dövlət qulluqçusu kimi iş stajı 10 ildən artıq təşkil edir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 13 may 2022-ci il tarixli, **********92 nömrəli məktubla İddiaçı müraciəti ilə əlaqədar aparılmış inzibati icraat materiallarının və digər sənədlərin təsdiq olunmuş surətləri 2 vərəqdən (iddiaçının xx.xx.2021-ci il tarixli müraciəti və ona verilmiş cavab məktubu) ibarət olmaqla məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş 28 sentyabr 2022-ci il tarixli **********97 nömrəli cavab məktubundan görünür ki, İddiaçı iddiası ilə əlaqədar bəzi məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı məhkəmə sorğusuna Cavabdehndə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1382 nömrəli Fərmanı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan Komitənin yanında X2 Təşkili üzrə Dövlət Agentliyi ləğv edilmiş və onun funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı Cavabdehnə verilmişdir. X2 Təşkili üzrə Dövlət Agentliyi ləğv edilənə qədər iddiaçı X2 Təşkili üzrə Dövlət Agentliyində X2 təşkili və X1 şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışmışdır. X2 Təşkili üzrə Dövlət Agentliyi ləğv edildikdən sonra həmin Agentliyin iddiaçının da çalışdığı X2 təşkili və X1 şöbəsinin əsasında X2 təşkili və geodeziya şöbəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun isə düzəlməkdə və va dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qavdası”nın 6-cı bəndinə əsasən dövlət orqanı və ya onun bölmələri ləğv edilərək digər dövlət orqanlarının tərkibində yenidən təşkil qaydasında yaradıldıqda, əvvəllər həmin orqanda və ya onun bölmələrində qulluq keçmiş şəxslər müvafiq dövlət orqanlarında ayrılmış yeni ştat sayı həddində analoji vakant vəzifəyə təyin edilməlidirlər. Beləliklə, məhkəmə araşdırmasının predmetini iddiaçının təyin edilə biləcəyi, əvvəllər tutduğu vəzifəyə uyğun olan analoji vakant vəzifələr üzrə məlumat və sənədlər təşkil etməlidir. Bu səbəbdən, bütün Xidmət üzrə mövcud olan, iddiaçı üçün analoji vəzifə sayılmayan vakant vəzifələr və ya müvafiq vəzifələrə işçilərin təyin olunması barəsində sənəd və məlumatların tələb edilməsi məhkəmə araşdırmasının predmeti baxımından əsaslı deyildir. Qeyd edilənləri nəzərə alaraq bildirmişlər ki, iddiaçının ləğv edilmiş X2 Təşkili üzrə Dövlət Agentliyində tutmuş olduğu vəzifəyə analoji vəzifə hesab edilə biləcək ştatlar Əmlak Məsələləri Dövlət Xidmətinin X2 təşkili və geodeziya şöbəsindədir ki, həmin şöbədə də hazırda vakant vəzifə mövcud deyildir. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən verilmiş 29 dekabr 2022-ci il tarixli **********31 nömrəli cavab məktubundan görünür ki, məhkəmənin Gülməmmədova (Həsənova) Rəna Asif qızı, X19, X20 və X17 barəsində müvafiq əmrlərin surətlərinin təqdim edilməsi ilə bağlı müraciətinə Xidmətdə baxılaraq bildirilmişdir ki, bununla bağlı müvafiq məlumatlar məhkəməyə təqdim edilir, müraciətdə qeyd edilmiş X21 xx.xx.2022-ci il tarixində tutduğu vəzifədən azad edilmiş və onun tutduğu inzibati vəzifə struktur dəyişikliyi nəticəsində ləğv edilmişdir. Sözügedən məktuba qoşma şəklində Əmlak Məsələləri dövlət Xidmətinin 29 dekabr 2022-ci il tarixli K-403 nömrəli “İşçinin müvafiq vəzifələr keçirilməsi haqqında” əmri əlavə edilmişdir. Əmrə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin F-195 nömrəli, 2022-ci il 27 dekabr tarixli əmrinin icrasının təmin edilməsi məqsədi ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47ci və 59-cu maddələrinə uyğun olaraq əmr edilmişdir ki, Cavabdeh adları aşağıda qeyd edilən işçiləri struktur bölmələrin qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsində səmərəliliyin və operativliyin təmin olunması məqsədilə 2022-ci il 29 dekabr tarixindən müvafiq vəzifələrə keçirilməklə, onlarla 1 (bir) ay müddətinə (vəzifənin müsabiqə və ya müsahibə yol ilə tutulduğu halda, həmin tarixə qədər) əmək müqaviləsi bağlanılsın: X20 – X2 təşkili və geodeziya şöbəsinin X14 sektorunun məsləhətçisi vəzifəsindən İnsan resurslarının idarə edilməsi şöbəsinin Kadrlar sektorunun məsləhətçisi vəzifəsinə; X19 – X2 təşkili və geodeziya şöbəsinin Torpaq bazarının təşkili sektorunun məsləhətçisi vəzifəsindən Ərazi və tabeli qurumlarla iş şöbəsinin Ərazi qurumları ilə iş sektoruun məsləhətçisi vəzifəsinə; X11 – X2təşkili və geodeziya şöbəsinin Torpaq münasibətləri, geodeziya şöbəsinin Torpaq münasibətləri, geodeziya və metodiki təminat sektorunun aparıcı məsləhətçisi vəzifəsindən Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Arxiv sektorunun aparıcı məsələtçisi vəzifəsinə; X12 – Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti şöbəsinin Torpaqlara dövlət nəzarətinin təşkili sektorunun məsləhətçisi vəzifəsindən Ərazi və tabeli qurumlarla iş şöbəsinin Ərazi qurumları ilə iş sektorunun məsləhətçisi vəzifəsinə təyin edilmişlər. Əmrə əsas qismində “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatının və ərazi şöbələrinin strukturunun və ştat cədvəlinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin F-195 nömərli, 2022-ci il 27 dekabr tarixli əmri, yuxarıda adları qeyd olunan işçilərin ərizələri və onlarla bağlanmış əmək müqavilələri göstərilmişdir. İşdə olan Cavabdeh Aparatının stukturundan görünür ki, X2 təşkili və geodeziya şöbəsi üzrə aparıcı məsləhətçi vəzifəsi üzrə ümumilikdə 7 ştat vahidi mövcuddur. İşdə olan digər sənədlərin surətindən görünür ki, iddiaçının X23 ilə birgə nikahlarından 16 yaşına çatmamış iki övladları var, əlavə olaraq iddiaçının əri X23 və onun valideynləri məcburi köçkün statusuna malikdirlər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəməicraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə cavabdehə ərizələrlə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə ilk öncə mübahisə ilə bağlı qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə əsasən dövlət orqanı ləğv edildikdə dövlət qulluğuna xitam verilə bilər. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir: ... 21.1.6. dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük; ... Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqla dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydasının 1-ci bəndinə əsasən Bu Qayda dövlət qulluqçusunun (o cümlədən staj və ya sınaq müddətində olan şəxsin) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və dövlət orqanının ləğvi, yaxud dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin ehtiyat kadr kimi saxlanılması və vakant vəzifəyə təyin edilməsi məsələlərini tənzimləyir. Həmin Qaydanın 2-ci bəndinə əsasən Dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər, öz razılığı əsasında, ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməlidirlər. Dövlət orqanının rəhbəri yeni dövlət orqanının əsasnaməsinin və ştat cədvəlinin təsdiq edildiyi gündən 10 iş günü müddətində həmin şəxsləri analoji vakant vəzifəyə təyin etməli və bu barədə Azərbaycan Respublikasının X22 (bundan sonra – Mərkəz) məlumat verməlidir. Həmin Qaydanın 3-cü bəndinə əsasən Ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında ştatların sayı həmin şəxslərin müvafiq vəzifələrə təyin edilməsinə imkan vermədiyi halda, ilk növbədə, peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslər analoji vakant vəzifəyə təyin edilirlər. Dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin peşəkarlığı və idarəçilik təcrübəsi eyni səviyyədə olduqda aşağıdakı şəxslərə üstünlük verilir: 3.1. şəhid ailəsinin üzvlərinə; 3.2. müharibə iştirakçılarına; 3.3. 10 il və daha çox dövlət qulluğu stajı olanlara; 3.4. əsgər və zabitlərin arvadlarına (ərlərinə); 3.5. öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara. Həmin Qaydanın 4-cü bəndinə əsasən analoji vakant vəzifələrə təyin edilməmiş şəxslər ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında 2 il müddətində ehtiyat kadr kimi saxlanılır və bu barədə Mərkəzə məlumat verilir. Müvafiq dövlət orqanında analoji vakant vəzifə yarandıqda həmin şəxslər 10 iş günü müddətində, bu Qaydanın 2-ci hissəsinə əsasən, analoji vakant vəzifəyə təyin edilməlidirlər və bu barədə Mərkəzə məlumat verilməlidir. Həmin Qaydanın 5-ci bəndinə əsasən ləğv edilmiş dövlət orqanının bazasında yeni dövlət orqanı yaradılmadıqda, dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər 2 il müddətində Mərkəzdə ehtiyat kadr kimi saxlanılır. Dövlət orqanlarında analoji vakant vəzifə yarandıqda Mərkəz həmin şəxsləri, onların öz razılığı əsasında, vəzifəyə təyin edilmək üçün 5 iş günü müddətində müvafiq dövlət orqanının rəhbərinə təqdim edir. Müvafiq dövlət orqanının rəhbərinə təqdim edilmiş şəxslər 10 iş günü müddətində, bu Qaydanın 2-ci hissəsinə əsasən, analoji vakant vəzifəyə təyin edilməli və bu barədə Mərkəzə məlumat verilməlidir. Həmin Qaydanın 6-cı bəndinə əsasən Dövlət orqanı və ya onun bölmələri ləğv edilərək digər dövlət orqanlarının tərkibində yenidən təşkil qaydasında yaradıldıqda, əvvəllər həmin orqanda və ya onun bölmələrində qulluq keçmiş şəxslər müvafiq dövlət orqanlarında ayrılmış yeni ştat sayı həddində analoji vakant vəzifəyə təyin edilməlidirlər. Dövlət orqanının və ya onun bölmələrinin digər dövlət orqanlarının tərkibində yenidən təşkili ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin analoji vakant vəzifəyə təyinatı bu Qaydanın 2-ci hissəsinə uyğun olaraq aparılır və bu barədə Mərkəzə məlumat verilir. Məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edilmişdir ki, İddiaçı ümumilikdə 10 ildən çox dövlət qulluğu stajına sahib olmaqla onun sonuncu iş yeri Azərbaycan Resublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X3 Təşkili üzrə Dövlət Agentliyinin X2 təşkili və X1 şöbəsinin aparıcı məsləhətçisi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1382 nömrəli Fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan Komitənin yanında X2 Təşkili üzrə Dövlət Agentliyi ləğv edilmiş və onun funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinə verilmişdir. Fərmana uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2021-ci il tarixli F-147 nömrəli əmri ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin strukturunu, onun Aparatının strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturlarını və ştat cədvəlləri təsdiq edilmişdir. Həmin əmrin icrasının təmin edilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli 213 nömrəli əmrindən irəli gələn müvafiq tapşırıqlar nəzərə alınmaqla, "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanırda X2 Təşkili uzrə Dövlət Agentliyi ləğv edildiyi üçün X2 Təşkili uzrə Dövlət Agentliyinin inzibatı vəzifə tutan dövlət qulluqçusu İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir. Əmrə əsas kimi Azərbaycan Resublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1382 nömrəli Fərmanı göstərilmişdir. İddiaçı həmin əmrin icrasından narazı qalaraq bununla bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən imtina edilərək bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin 12 noyabr 2021-ci il tarixli 217 nömrəli əmri ilə o, X2 Təşkili üzrə Dövlət Agentliyinin ləğvi ilə əlaqədar 4 noyabr 2021-ci il tarixindən 2 il müddətində Əmlak Məsələləri Dövlət Xidmətində ehtiyat kadr kimi saxlanılacaqdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinə əsasən dövlət orqanının ləğvi ilə əlaqədar o, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ümumi müsahibələrdə və ehtiyat kadr kimi saxlanıldığı Əmlak Məsələləri Dövlət Xidmətində keçirilən daxili müsahibələrdə iştirak edə bilər. İddiaçı yenidən onun işlə təmin olunması və əmək kitabçasının surətinin təqdim edilməsi barədə cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciəti 02 fevral 2022-ci il tarixli məktubla cavablandırılaraq bildirilmişdir ki, əmək kitabçasının surətini əlaqə saxlayaraq təhvil ala, yaxud poçt vasitəsilə ünvanına göndərilə bilər. Həmçinin iddiaçıya əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti göndərilmişdir. Bundan narazı qalan iddiaçı icraatında analoji vakant vəzifəyə təyin edilməsi barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə araşdırması zamanı cavabdehdən məhkəməyə İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətində ehtiyat kadr kimi qeydiyyata alındığı xx.xx.2021-ci il tarixindən bugünə kimi həmin Xidmətdə məsləhətçi və aparıcı məsləhətçi vəzifələrinə dövlət qulluğuna qəbul edilmiş şəxslər, həmin şəxslərin dövlət qulluğuna qəbul edilmələri barədə əmrlərin surətləri, hazırda məsləhətçi və aparıcı məsləhətçi vəzifələrində işləyən şəxslər haqqında məlumatlar, vakant məsələhətçi və aparıcı məsləhətçi vəzifələri barədə məlumatların təqdim edilməsi tələb edilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaçının tutmuş olduğu analoji vəzifə hesab edilə biləcək ştatların Əmlak Məsələləri Dövlət Xidmətinin X2 Təşkili və Geodeziya Şöbəsi olması, həmin şöbədə isə hazırda vakant vəzifəsinin mövcud olmaması bildirilmiş, lakin vakant vəzifənin ştat vahidi barədə məlumatı, həqiqətən vakant vəzifənin olmaması ilə bağlı məhkəməyə hər hansı bir təsdiqedici sənəd təqdim edilməmiş, əksinə məhkəmənin digər sorğusuna əsasən təqdim edilmiş K-403 nömrəli, 29 dekabr 2022-ci il tarixli əmrə əsasən müəyyən edilmişdir ki, sözügedən şöbənin məsləhətçisi və aparıcı məsləhətçisi vəzifələrində olan şəxslər digər şöbələrə müvafiq vəzifələr üzrə təyinatlar almışlar. Həmin vəzifələrə onların yerinə kimlərin təyin edilməsi barədə məlumatlar isə ümumiyyətlə məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən iddiaçının qanunvericiliklə müəyyən edilmiş müəyyən güzəştlərə, məsələn 10 il və daha çox dövlət qulluq stajına malik olması, öhdəsində iki nəfər 16 yaşına çatmamış uşağının olması kimi hallara da, cavabdeh tərəfindən hər hansı bir qiymət verilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsinin tələblərinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Belə olan təqdirdə məhkəmə işin hallarının yuxarıda qeyd edilən qanunvericiliyin normaları ilə birgə təhlili nəticəsində, eləcə də, cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması hallarını nəzərə alaraq hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının analoji vakant vəzifəyə təyin edilməsi ilə heç bir araşdırma aparılmayaraq, formal əsaslarla onun vakant vəzifəyə təyin edilməsindən imtina edildiyindən, məhkəmə araşdırması zamanı da iddiaçının dövlət qulluğu üzrə analoji vakant vəzifəyə təyin edilməsini konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilə bilmədiyindən iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən nzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X15 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğunda təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı dövlət qulluqçusu kimi əvvəllər mövcud olmuş X2 Təşkili üzrə Dövlət Agentliyində X2 Təşkili və X1 Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə uyğun anoloji vəzifəyə təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar