Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-918/2025 12.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçı və nümayəndəsi qismində vəkili Vəkil iştirakı ilə, İddiaçı üçüncü şəxs qismində X4 cəlb olunmaqla cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanan 11711 saylı 31 avqust 1996-cı il tarixli müqavilə əsasında mərhum atası X2 ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivində yerləşən 0,25 ha sahəsi olan 3261 nömrəli bağ torpaq sahəsinin mülkiyyət hüququnun mərhum atası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanan 11711 saylı 31 avqust 1996-cı il tarixli müqavilə əsasında iddiaçının mərhum atası X2 Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 0,25 ha sahəsi olan 3261 nömrəli bağ torpaq sahəsi ayrılmışdır. Mərhum atası rəhmətə getdikdən sonra iddiaçı miras əmlakın qəbul edilməsi barədə 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmiş, həmin notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə mərhum atası X1 mülkiyyətində, icarəsində, istifadəsində olan Sabunçu rayon ərazisində yerləşən daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənəd verilməsi barədə məktub verilmişdir. Bundan sonra iddiaçı cavabdeh inzibati orqana müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 11711 saylı 31 avqust 1996-cı il tarixli müqavilə əsasında mərhum atası X2 ayrılmış 0,25 ha sahəsi olan 3261 nömrəli bag torpaq sahəsi üzərində atasının mülkiyyət hüququnun qeydə alınması barədə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə iddia tələbi “Bakı şəhəri İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi ilə bağlanılan 11711 saylı 31 avqust 1996-cı il tarixli müqavilə əsasında mərhum atası X2 Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən faktiki sahəsi 0.25 ha olan 3261 nömrəli bağ torpaq sahəsinin 0.2485 ha hissəsini üzərində faktiki yerləşmə yerinə uyğun şəkildə mülkiyyət hüququnun mərhum atası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərində qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh tərəfinən iddiaçıya ünvanlanan imtina məktublarında qeyd edilmişdir ki, göstərilən torpaq sahəsinin ölçüləri və konfiqurasiyası bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə, sahənin bir hissəsi digər bağların ərazisinə uyğun gəlir. Bundan başqa, sənəd üzrə sahənin ölçüsü 0,25 ha, faktiki isə 0,093 ha təşkil edir. Yuxarıda qeyd olunanları nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanan 11711 saylı 31 avqust 1996-cı il tarixli müqavilə əsasında mərhum atası X2 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivində yerləşən 0,25 ha sahəsi olan 3261 nömrəli torpaq sahəsinin mülkiyyəti hüququnun atasına məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə ********** saylı, xx.xx.2023-cü il tarixli ərizə ilə idarəyə müraciət etmiş, qanunamüvafiq qaydada araşdırılaraq iddiaçıya **********29 saylı, xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildiriş ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinin yerləşdiyi ümumi ərazi bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamışdır. Odur ki, torpaq sahəsinin bir hissəsi digər bağların ərazisinə uyğun gəlir. bağların bölgüsünə dair sxematik xəritəyə əsasən iddiaçı tərəfindən göstərilən sahədə bağ nömrəsi qeyd olunmamışdır. Torpaq sahəsinin qonşusunda 1082k/33, 1082m/35, 1082h/36 nömrəli torpaq sahələri qeydiyyata alınmışdır. Məlumat üçün məhkəmənin nəzərinə çatdırırıq ki, torpaq sahəsinin sənəd üzrə ölçüsü 2500 kv.m qeyd ediləsə də, faktiki ölçüsü 930 kv.m təşkil edir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edilir. Məhkəmənin hazırki iş üzrə tarixli Qərardadı ilə xx.xx.2025-ci il tarixli Qərardadı ilə X4 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İİ. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi ilkin məhkəmə baxışı iclasında iştirak edərək etirazın məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmamasını xahiş etmişdir. Növbəti məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında cəlb edilmiş üçüncü şəxs X4 məhkəmə iclasında bildirmişdir ki, iddiaçı ilə qohumdurlar və iddiaçının arayış verilməsini tələb etdiyi ərazi qohumların istifadəsində olan ümumi ərazidir. İİİ. Tədqiq edilən sübutlar Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə X3 arasında bağlanan 11711 saylı 31 avqust 1982-ci il tarixli Müqaviləyə əsasən idarə Ləhiş qəsəbəsində 0.25 ha sahəsi olan 3261 nömrəli bağ sahəsini bu müqaviləyə əlavə edilmiş və tərəflərin imzaladıqları inventar vərəqəsinə müvafiq olaraq icarəyə vermiş, icarədar (X3) təhvil almışdır. İV-JQ 452548 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X3 xx.xx.1996-cı il tarixində ölmüşdür. 1 saylı Sumqayıt Regional ASAN Xidmət Mərkəzi Notariat Ofisi tərəfindən cavabdehə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, 1 saylı Sumqayıt Regional 4'ASAN Xidmət” mərkəzi notariat ofisinə xx.xx.1996-cı ildə vəfat etmiş X1 vərəsəsi İddiaçı müraciət etmişdir və vərəsələr sırasına daxil edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3261 saylı bağ sahəsinə dair xx.xx.1982-ci il tarixli, 11711 saylı müqavilənin müddəti bitdikdən sonra yeni icarə müqaviləsinin bağlanıb-bağlanılması barəda məlumat arxiv qovluğunda aşkar edilməmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) Aktına əsasən torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə ölçüsü 0.25 ha, faktiki ölçüsü 0.0930 ha təşkil edir. Bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. Tikili yoxdur. Bağ sahəsinin ölçüləri və konfiqurasiyası sxematik xəritəyə uyğun gəlmir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Bundan əlavə qeyd edirik ki, faktiki sahə 3261. 3262, 3263 saylı bağ sahələrinin və bölünənlərinin ərazisinə düşür (ayrılmış sahə 2485 kv.m). IV. İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İddia mümkündür. V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanın yerləşən 3261 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: 1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə X3 arasında bağlanan 11711 saylı 31 avqust 1982-ci il tarixli Müqaviləyə əsasən idarə Ləhiş qəsəbəsində 0.25 ha sahəsi olan 3261 nömrəli bağ sahəsini bu müqaviləyə əlavə edilmiş və tərəflərin imzaladıqları inventar vərəqəsinə müvafiq olaraq icarəyə vermiş, icarədar (X3) təhvil almışdır. Məhkəmə hesab edir ki, iddiaçı iddia etdiyi torpaq sahəsinə dair qanunvericilikdə tələb olunan hüquqmüəyyənedici sənədə malikdir. Belə ki, Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanan 11711 saylı 31 avqust 1982-ci il tarixli müqavilə X1 torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən ilkin sübutdur. Məhkəmə nəzərə alır ki, iddiaçının bağ sahəsi ilə bağlı qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş sənədə (vətəndaşa ayrılmış bağ sahəsinə dair verilən icarə müqaviləsi) malik olması təkzibolunmaz haldır. Yəni, hər bir halda iddiaçının torpaq sahəsinə münasibətdə qüvvədə olan sənədlərə malik olması birmənalı şəkildə onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsasdır. Məhkəmə müəyyən edir ki, iddiaçıya müvafiq torpaq sahəsinin ayrılması barədə hüquq müəyyənedici sənəd qüvvədədir. Belə ki, iddiaçıya torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənədin hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sənəd qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Cavabdeh imtianın dəlili olaraq bilirmişdir ki, torpaq sahəsinin yerləşdiyi ümumi ərazi bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamışdır, torpaq sahəsinin bir hissəsi digər bağların ərazisinə uyğun gəlir, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən iddiaçı tərəfindən göstərilən sahədə bağ nömrəsi qeyd olunmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh orqan imtinanı əsası olaraq qeyd etdiyi halları sübut edən mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Faktiki torpaq sahəsi həmçinin 3261 saylı bağ sahəsinin də bölünənlərinin ərazisinə düşür. Məhkəmə eyni zamanda nəzərə alır ki, bağların yerləşmə mövqeyində sxematik xəritəyə nəzərən əhəmiyyətli sayılmayacaq dərəcədə koordinat sürüşməsi mümkündür. Bu isə iddiaçının faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsi üzərində hüquqların qeydiyyatdan imtina üçün əsas deyildir. Habelə torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, ümumi ərazidə sxematik xəritəyə uyğun hasarlanma işləri aparılmaması hüquqların qeydiyyatına maneə deyil və bu sahədə hər hansı uyğunsuzluğun aradan qaldırılması hazırkı cavabdeh inzibati orqanın səlahiyyətlərinə aid olduğundan, cavabdeh tərəfindən müvafiq tədbir görülməlidir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə faktiki olaraq tənzimlənmişdir. Bu fərman məhz torpaqların mövcud problemli vəziyyəti ilə bağlı tənzimləmə işlərinin aparılması və qeydiyyatı zamanı meydana çıxan uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar qəbul edilmiş və uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında aradan qaldırılması qaydası müəyyən edilmişdir. Həmin fərmanın preambulasına əsasən Fərman torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, əvvəllər tətbiq olunan koordinat təyinetmə sistemi ilə halhazırda tətbiq edilən koordinat təyinetmə sistemi fərqlidir. Bu fərqlər ondan ibarətdir ki, əvvəllər (sovetlər vaxtında, müstəqilliyin ilk illərində) və 2010-cu illərədək kadastr işlərində istifadə olunmuş koordinat sisteminin göstəriciləri ilə hazırda tətbiq olunan koordinat sisteminin göstəricilərinə çevrildikdə koordinatlarda müəyyən qədər sürüşmə (yerdəyişmə/göstərici uyğunsuzluğu) yaranır və ya yarana bilər. Bu sürüşmə (yerdəyişmə) torpaq sahəsinin yerinin dəyişilməsi demək deyildir, bu, texniki sənədlərdəki koordinatlar arasında yaranmış obyektiv səbəbli (koordinat təyinetmə sistemlərinin uyğunsuzluğundan qaynaqlanan) kiçik dərəcəli uyğunsuzluqdur. Həmin uyğunsuzluqlar hər bir sonrakı reyestr qeydiyyatı icraatı işlərinin, o cümlədən də yerquruluşu və kadastr işlərinin aparılması zamanı - koordinat və döngə nöqtələrinin təkrar təyini və müvafiq texniki sənədlərə işlənilməsi zamanı aidiyyəti səlahiyyətli orqanın mütəxəssisi tərəfindən ilkin hüquqi və texniki sənədlərə əsaslanılmaqla aradan qaldırılmalıdır. Məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş torpaq sahəsinə dair koordinatlardan əks olunduğu sxemdən görünür ki, torpaq sahəsinin faktiki ölçüsü 2485 kv.m təşkil edir. Cavabdehin torpaq sahəsinin faktiki ölçüsünün 930 kv.m təşkil etməsi dəlilinə dair məhkəmə qeyd edir ki, 2485 kv.m sahə 3-cü şəxslə birlikdə iddiaçının istifadəsində olan ümumi ərazidir. Odur ki, İddiaçı torpaq sahəsinin məhz faktiki ölçüsünə uyğun olaraq mərhum atasına məxsusluğu barədə arayışın verilməsini tələb etmişdir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək müəyyən edir ki, torpaq sahəsinin X2 ayrılması barədə müqavilə qüvvədədir, iddia tələbinin predmeti olan torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, cavabdehin dəlilləri iddiaçının mərhum atasının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınmasından və məxsusluq barədə arayışın verilməsindən imtina üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir. “Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı, və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında" Azerbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi" yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilatı xarakterli tədbirlər başa çatdırıldıqdan sonra "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanda yerləşən 3261 № li bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X2 məxsusluğu barədə arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilən Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. Bakı şəhəri İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi ilə bağlanılan 11711 saylı 31 avqust 1996-cı il tarixli müqavilə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanda yerləşən 3261 № li 0.2485 ha bağ sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsusluğu barədə arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X8
Məhkəmə qərarları › İş №2-1(112)-918/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-918/2025
12.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver