Məhkəmə qərarları › İş №2-1(112)-9181/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9181/2021

17.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9181/2021 17.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və tərcüməçi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı kompensasiyanın ödənilməsi qarşı pulun tutulması və s barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, fərdi yaşayış evinin mülkiyyətçisidir. Həmin yaşayış sahəsi müvafiq layihə əsasında cavabdehin əməkdaşlarının iştirakı və polis nəzarəti altında 2018-ci il tarixdə sökülmüşdür. Halbuki söküntü ilə bağlı onun razılığı alınmamışdır. Bununla da onun mülkiyyət hüququ pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-248/2020 saylı, 2020-ci il 03 mart tarixli qərardadı ilə (hakim A.Abdullayeva ) iddia mümkün sayılmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi iddiaya cavab verməli olmayan cavabdehə qarşı qaldırıldığından Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə əsasən, iddiaçının hazırki tələbinə inzibati mühakimə icraatı qaydasında baxıla bilməz. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1176/2020 saylı, 12.06.2020-ci il tarixli qərardadı ilə (hakimlər S.Seyidova (sədrlik edən və məruzəçi), V.Ağayev və A.Nuriyeva) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-248/2020 saylı iş üzrə qəbul etdiyi 03.03.2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İşə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin 31.03.2021-ci il il tarixli qərarı ilə kı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2020-ci il tarixli 2- 1(103)-1176/2020 nömrəli qərardadı ləğv edilmiş, İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16.06.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-248/2020 saylı 03 mart 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiya məhkəməsi tələbin ona cavab verməli olan cavabdehə qarşı yönəldilmədiyini bildirsə də, cavabdehin əsl cavabdehlə əvəz olunması ilə bağlı iddiaçıya hüquqi yardım göstərməklə bağlı xidməti vəzifəsini sonadək yerinə yetirə bilməmiş və nəticədə qərardadında mövqeyini kifayət qədər əsaslandırmamışdır. Halbuki məhkəmənin Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsinin tələblərinə müvafiq olaraq, iddiaçının hüquqi marağının nədən ibarət olması aydınlaşdırdıqdan sonra iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində hüquqi yardım etmək imkanı var idi. Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına və iddia ərizəsinə uyğun izahat verərək iddianın mümkün hesab edilməsini, hazırkı iddia tələbi üzrə işə mahiyyəti üzrə iddia tələbində qeyd olunan cavabdehə qarşı baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kmi cavabdehin iddiaya cavab verməli olub-olmaması inzibati məhkəmə icraatında iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünün yoxlanılması çərçivəsində müəyyən edilməli, cavabdeh iddiaya cavab verməli olan inzibati orqandırsa iddianın digər mümkünlük şərtləri də ödəniləcəyi təqdirdə işə mahiyyəti üzrə baxılmalı, iddiaya cavab verməli olmayan inzibati orqandırsa bununla bağlı dəqiqləşdirmə aparılması, düzgün cavabdehin müəyyən edilməsi üçün tədbirlər görülməli, əks təqdirdə iddia cavabdehin düzgün müəyyən edilməməsi səbəbindən mümkün sayılmamalıdır. Hazırkı iş üzrə cavabdehin iddiaya cavab verməli olan orqan olub-olmaması istiqamətində yoxlama aparılmış və cavabdehin hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən iddianın mümkün sayılmaması nəticəsinə gəlinmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırda cavabdehə qarşı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində 0.0443 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 15 otaqlı, 182.9 kv.m yaşayış sahəsi, 118.1 kv.m köməkçi sahədən ibarət olan 80 nömrəli fərdi yaşayış evinin Cavabdeh 219 nömrəli, 30.06.2017-ci il tarixli “Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi yaşayış evlərinin sökülməsi və yeni yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında” Sərəncamına əsasən cavabdeh tərəfindən onun heç bir razılığı olmadan sökülməsinə görə Cavabdehndən pulun tutularaq ona kompensasiya olaraq ödənilməsi barədə iddia tələbi irəli sürmüşdür. Qeyd edilən həmin sərəncamın qəbul edilməsinə əsas olmuş “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 saylı Qərarına əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami. Yasamal, Səbail, Pirallahı rayonlarında mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən binaların müəyyən edilərək, sökülməsi, yerində yeni yaşayış binalarının tikilməsi, tikiləcək binalardan sakinlərə mənzillərin ayrılması qərara alınmışdır. Qərarda qeyd olunmuşdur ki, qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi vəsaitin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 saylı Qərarına əsasən Cavabdeh Başçısı tərəfindən 219 nömrəli, 30.06.2017-ci il tarixli “Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi yaşayış evlərinin sökülməsi və yeni yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında” Sərəncam qəbul edilmişdir. Həmin Sərəncamın 1-ci hissəsinə əsasən Yasaml rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi yaşayış evlərinin sakinlərinin qarşılıqlı razılaşma əsasında "xxxx" MMC tərəfindən köçürülərək həmin binaların Azərbaycan Respublikası FHN-in əlaqədar təşkilatının müvafiq rəyi əsasında sökülməsinə icazə verilmişdir. Həmin Sərəncamın 2-ci hissəsinə əsasən sökülmüş binaların yerində yüksəkmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi "xxxx" MMC-yə icarəyə ayrılmışdır. Həmin Sərəncamın 3-cü hissəsinə əsasən sifarişçiyə tapşırılmışdır ki: -3.1.Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən yaşayış evlərinin sakinlərinin qarşılıqlı razılaşma müqaviləri əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı verilməklə başqa yerə köçürülməsini və qəzalı binanın sökülməsini təmin etsin. Göründüyü kimi, Cavabdeh sözügedən sərəncamı ilə yeni çoxmənzilli yaşayış binalarının tikintisinə başlanması məqsədi ilə qəza vəziyyətində olan binaların sakinlərinin qarşılıqlı razılaşma əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı verilməklə başqa yerə köçürülməsini, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq qəzalı binaların Azərbaycan Respublikası FHN-in əlaqədar təşkilatının müvafiq rəyi əsasında sökülməsini "xxxx" MMC-yə həvalə etmişdir. Göründüyü kimi müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonunda yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, yeni yaşayış binası tikilənədək əhalinin mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi, mübahisənin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi "xxxx" MMC-yə həvalə edilmişdir, Bununla da aşkar olunur ki, iddiaçıya lazımi maliyyə vəsaitinin ödənilməsinə və ona yeni tikiləcək yaşayış binasında müvafiq sahənin ayrılmasının həyata keçirilməsinə "xxxx" MMC cavabdehlik daşıyır. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları, o cümlədən 30.06.2017-ci il tarixli sərəncamla qəzalı binaların sökülməsinin təmin edilməsinin, binanın tikilməsinin, kirayə haqqı və başqa maliyyə tələblərinin yerinə yetirilməsinin MMC-yə həvalə edilməsi iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçı isə hazırkı tələbini müdafiə etdiyini, iddia ərizəsi üzrə işə mahiyyəti üzrə baxılmasını və iddia tələbinin göstərilən formada təmin edilməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, kompensasiyanın ödənilməsi ilə bağlı iddia adıçəkilən hüquqi şəxsə qarşı yönəlməlidir. Lakin həmin iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilən hesab edilmir. Bununla bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndinə görə inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarının 17-ci hissəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Plenum Qərarlarının mahiyyətindən də aydın olur ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işlər üzrə iddia tələbi ilə müraciət edən və ya iddiaya cavab verməli olan tərəflərdən ən azı biri inzibati orqan olmalı, tərəflər arasında yaranmış münasibətlər xüsusi hüququn nizamasalma predmetinə aid olmayıb, publik hüquq münasibətləri olmalıdır. Hazırkı iş üzrə isə qeyd olunan şərtin ödənilməsinin inzibati məhkəmə icraatı qaydasında təmin edilməsi mümkün hesab edilmədiyindən, yəni iddiaçı və inzibati orqanın əvəz edilərək cavabdeh olmalı olan hüquqi şəxs inzibati orqan olmadığından, mülkiyyət hüququnun müdafiəsi ilə əlaqədar yaranmış hüquq münasibəti isə publiklik əlamətlərini daşımadığından hazırkı iş üzrə verilmiş iddia tələbinə inzibati məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılma imkanından da söhbət gedə bilməz. Qeyd olunur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Göründüyü kimi hüquqi şəxslərin inzibati orqan qismində çıxış etməsi istisna olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın V bölməsindən də göründüyü kimi hüquqi şəxslərin inzibati orqan kimi çıxış etməsi istisna edilməmişdir. Lakin, sadalanan qanunvericilik aktlarında hüquqi şəxslərin inzibati orqan qismində çıxış etməsi onun inzibati akt qəbul etməyə səlahiyyətli olub-olmamasından asılı edilmişdir. Belə ki, qanuna əsasən yalnız inzibati akt qəbul etmək səlahiyyətinə malik olan hüquqi şəxslər inzibati orqan qismində çıxış edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt dedikdə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri başa düşülür. Hazırkı üzrə iddiaya cavab verməli olan hüquqi şəxs isə inzibati akt, yəni ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri barədə akt qəbul etmək səlahiyyətinə malik olan hüquq şəxs hesab edilmədiyindən ona yönələcək iddia tələbi də hazırkı qaydada, yəni inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələb hesab edilə bilməz. Mübahisənin ümumi hüquq sahəsinə aid olmaması, ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün hakimiyyət səlahiyyətinə malik olan cavabdehə qarşı olmaması ilə tərəflər arasında yaranacaq münasibətlərin müqavilə əsasında yarana bilmə səbəbi ilə bağlıdır. Eyni zamanda söküntü işləri ilə bağlı hər hansı zərərin vurulması da inzibati xarakterdən uzaq olub, inzibati orqan olmayan hüquqi şəxsin mülki məhkəmə icraatı qaydasında vurması ehtimal olunan zərərin ödənilməsi əsası qismində çıxış edə bilər. Göründüyü kimi inzibati məhkəmə iddiaçıya hazırkı işə inzibati məhkəmə icraatı qaydasında hüquqi yardım edə bilməsə də, onun mülkiyyət hüququnun müdafiəsi üçün hüquqi şəxsə qarşı mülki məhkəmə icratı qaydasında müraciət etmək hüququna malik olduğunu izah etmək səlahiyyətinə malikdir ki, məhkəmə həmin səlahiyyətindən istifadə edərək iddiaçıya hazırkı iddia tələbi ilə aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılması üçün ümumi məhkəmə müraciət etmək hüququnu izah edir. İşin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmasının təsdiqi kimi "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2020-ci il tarixli Qərarı da nəzərə alınmalıdır. Həmin Qərardan da göründüyü kimi oxşar məzmunlu həmin iş üzrə Səbail Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında qəzalı vəziyyətdə olan binanın söküntüsü ilə əlaqədar səlahiyyət verilmiş MTK-ya qarşı yaşayış sahəsinin mülkiyyətçisinin iddiası üzrə mülki məhkəmə icraatı qaydasında işlərə mahiyyəti üzrə baxılmış və kompensasiyanın ödənilib-ödənilməməsi məsələsinin mahiyyətinə aid qiymətləndirmə aparılmışdır ki, formalaşmış mülki işlər üzrə məhkəmə təcrübəsi də həmin növ işlərin mülki məhkəmə icraatı qaydasında baxıldığını, nəticə etibarı ilə də inzibati icraata aidiyyətinin olmadığını təsdiq edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. İddiaçıya hazırkı iddia tələbi ilə "xxxx" MMC-yə qarşı aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılması üçün ümumi məhkəmə müraciət etmək hüququ izah edilir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar