Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-919/2023 18.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı “ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma və mənzillə təmin olunana qədər kirayə haqqının ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək "Hərbi qulluqçuların statusu haqqında" AR Qanununun 12-ci maddəsinin 2- ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli "Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə" Qərarının 1-ci və 2-ci bəndlərinə əsasən özünün, həyat yoldaşının, iki övladının (4 nəfər ailə üzvünün) mənzil növbəsinə götürülməyimiz və yaşayış sahəsi ilə təmin olunanadək kirayə haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1997-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmuşam və həmin məktəbi müvəffəqiyyətlə bitirmişəm. 23 ilə yaxın müddət ərzində hərbi xidmətdə olmuşam və həmişə ön cəbhədə qulluq etmişəm. 1997-ci ildən 2019-cu ilə kimi müxtəlif vəzifələrdə xidmət keçmişəm. Qüsursuz fəaliyyətimə görə dəfələrlə fərqlənmişəm və təltiflər almışam. 2016-cı ildə baş verən aprel döyüşlərinin iştirakçıyam. Döyüş əməliyyatları zamanı xidməti vəzifələrimin icrası ilə bağlı bütün verilən tapşırıqları uğurla həyata keçirmişəm. Vətənin bütövlüyü uğrunda canımı fəda etməkdən bir kərə də çəkinməmişəm. Hazırda ehtiyyata buraxılmış zabitəm. Şəxsi mənzilim olmadığı səbəbindən hazırda ünvan 1 ünvanında kirayədə yaşayıram. Mənimlə bərabər ehtiyyata buraxılmış yoldaşlarım hamısı mənzil növbəsinə dayanmışlar və mənzillə təmin olunana kimi qanunvericiliyə uyğun olaraq kirayə haqqı alırlar. Mən də onlar kimi mənzil növbəsinə dayanmaq üçün Nizami Rayon İcra Hakimiyyətinə müraciət etsəm də, Nizami Rayon İcra Hakimiyyəti tərəfindən mənə imtina məktubu verilmişdir. Həmin imtina məktubunda qeyd olunmuşdur ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinə əsasən nəzərdə tutulmuş imtiyazlar yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara, 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına aiddir. xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 01028 saylı əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) ehtiyata buraxıldığınıza görə həmin Qanunda nəzərdə tutulan imtiyazlar ona şamil edilə bilməz. Hesab edir ki, cavabdehin imtinasında qeyd etdiyi dəlillər tamamilə qanunsuz və əsassızdır. Belə ki, mən 15 təqvim ilindən də artıq yəni 23 ilə yaxın müddət hərbidə xidmət edib. 23 il ərzində xidmət etdiyim dövrlərdə daima qüsursuz xidmətlərinə görə fərqlənib. Hazırda hərbiçi kimi təqaüddədir. Yaşayış yeri olmadığı üçün məcbur olaraq kirayədə yaşayır. Belə ki, "Hərbi qulluqçuların statusu haqqında" AR Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci abzasına əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin bəndin 4-cü abzasına görə, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə" xx.xx.2012-ci il tarixli 174 nömrəli qərarının 1-ci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1.Bakı şəhərində - 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda - 100 manat, 1.2.başqa şəhər və rayon mərkəzlərində - 75 manat, 1.3.digər yaşayış məntəqələrində - 55 manat. Qərarın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Göründüyü kimi, tələbi ilə bağlı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu Azərbaycan Respublikası Silahlı Qüvvələrində 23 təqvim ilinə yaxın xidmət etməyim mənim tərəfimdən sübut olunur, lakin bu inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir (İPM-14.3), Qeyd olunanlara əsasən hesa edirəm ki, cavabdehin imtinası qanunazidd olmuş və mənim hüquqlarımı pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (İnzibati icraat haqqında Qanunun 13.2 və 17-ci maddələri). Beləliklə qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddia təmin edilərək cavabdehin imtinası qanunsuz sayılmalı, "Hərbi qulluqçuların statusu haqqında" AR Qanununun 12-ci maddəsinin 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli "Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə" Qərarının 1-ci və 2-ci bəndlərinə əsasən özünün, həyat yoldaşının, iki övladının (4 nəfər ailə üzvünün) mənzil növbəsinə götürülməsi və yaşayış sahəsi ilə təmin olunanadək kirayə haqqının ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.
3. Cavabdeh tərəfindən imtina onunla əsaslandırılmışdır ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən nəzərdə tutulmuş imtiyazlar yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara, 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına aiddir. xx.xx.2019-cu ilı tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 01028 №-li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 a maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxıldığınıza görə həmin Qanunda nəzərdə tutulan imtiyazlar ona şamil edilə bilməz.
4. İddiaçı və Cəfərova (Əbdülrəhimova) Şəbinə Abdulrəhim qızının adlarına son 5 ildə daşınmaz əmlakın olub-olmaması haqqında məlumatın verilməsi barədə məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən xx.xx.1979-cu il təvəllüdlü İddiaçı və xx.xx.1981-ci il təvəllüdlü Cəfərova (Əbdülrəhimova) Şəbinə Abdulrəhim qızının adlarına son 5 ildə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
5. Azərbaycan Respublikası Səfərbərlik Və Hərbi Xidmətə X9 Xidməti tərəfindən verilmiş vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışa əsasən ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1979-cu il təvəllüdlü mayor İddiaçı həqiqətən xx.xx.1997 - xx.xx.2002, xx.xx.2002 - xx.xx.2019 tarixlərində həqiqi hərbi xidmət keçmişdir və öz arzusu ilə ehiyata buraxılmışdır.
6. Hərbi biletə əsasən iddiaçının xidmət etdiyi hərbi hissələr ön cəbhədə yerləşir və 2016-cı ilin aprel döyüşlərində iştirak edərək xidməti vəzifələrini icra etmişdir.
7. İddiaçı X4 ilə evlidir, xx.xx.2010-cü il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X7 adlı iki oğlu var. Tibbi sənədlərdən görünür ki, övlarlarından X7 insulin rejimində olan ağır şəkər xəstəsidir (Kliniki diaqnoz: Şəkərli diabet İ tip. Diabetik ketoasidozla (E10.1). Diabetik lipodistrofiya (E88.1). Autoimmun tireoidit (E06.3).
8. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiq olunmuş mənzil kirayə müqaviləsinə əsasən, o, Bakı şəhəri Nizami rayonunun ərazisində iki otaqlı mənzilin kirayəçisidir.
9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, hərbi xidmətdən öz arzusu ilə tərxis olunmasının səbəbi uşağının xəstəliyi ilə bağlı olmuşdur. Belə ki, xidməti dövründə daim ön cəbhələrdə xidmət etmişdir. Lakin övladının xəstəliyi ilə əlaqədar Bakıda müalicəyə ehtiyacı olduğu üçün, övladının mənafeyi naminə xidmətdən öz arusu ilə tərxis olunmuşdur.
10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
11. İddianın növü “uçota alınma” hissəsində öhdəliyin icrasına dair, “kirayə haqqının ödənilməsi” hissəsində kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır.
12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
15. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
16. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
17. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
18. Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
19. İddiaçı ehtiyatda olan hərbi qulluqçudur və mənzil hüququ xüsusi qanunla tənzimlənir.
20. “Hərbi qulluqçuların statusu haqıqnda” Azərbaycan Respublikası qanununun 12-ci maddəsindən: -Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir.... - Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər...
21. Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarından:
1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.
2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.
3. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti başçıları: 3.1. bir ay müddətində bu qərarın 1-ci hissəsində göstərilən şəxslər sırasından bilavasitə mənzil uçotuna götürülənlərin sayı və onlarla birlikdə yaşayan ailə üzvlərinin sayı haqqında 2012-ci il avqustun 1-nə olan məlumatı bu qərarın əlavəsinə uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə X9 Xidmətinin yerli idarə, şöbə və bölmələri ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər; 3.2. növbəti il üçün dövlət büdcəsinin layihəsində müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üzrə vəsaitə olan tələbatın hər il aprel ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etsinlər.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2012-ci ildən başlayaraq hər il dövlət büdcəsində yerli xərclər üzrə bu qərarda göstərilən şəxslərə mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün vəsait nəzərdə tutsun.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərardadında ifadə edilən hüquqi mövqeyə əsasən: ... Qeyd edilməlidir ki, qanunverici “Hərbi qulluqçuların statusu haqqında" Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutrnuşdur. Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habeli “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə ‘tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması hallar ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Qeyd olunanlarla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən öz səlahiyyətləri çərçivəsində baxılan hər bir işin konkret halları ətraflı araşdırılaraq məsələnin Konstitusiya hüquq normalarına, həmçinin X2 qərarlarında əks olunan insan və vətəndaş hüquq və azadlıqlarının təminatının konstitusiya prinsiplərinə uyğun həll olunmasının mümkünlüyü də istisna edilməməlidir...
23. Beləliklə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması hallar ilə şərtləndirilmiş olsa da, qeyd edilən qərarda baxılan hər bir işin konkret halları ətraflı araşdırılaraq məsələnin Konstitusiya hüquq normalarına, həmçinin X2 qərarlarında əks olunan insan və vətəndaş hüquq və azadlıqlarının təminatının konstitusiya prinsiplərinə uyğun həll olunmasının mümkünlüyü də istisna edilməməli olduğu bildirilmişdir.
24. Odur ki, məhkəmə iddiaçının 23 il xidmət etmiş hərbi qulluqçu kimi öz arzusu ilə ehtiyata buraxılmış olsa da, işin konkret hallarına qiymət verərək hesab edir ki, mənzil hüququ təmin edilməlidir.
25. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, xidmət etdiyi hərbi hissələr ön cəbhədə yerləşmiş və 02-05 aprel 2016-cı il tarixində döyüş əməliyyatları zamanı döyüş təyinatlı rayona çıxmış və həmin döyüş əməliyyatları zamanı xidməti vəzifəsinin icrası ilə bağlı ona verilmiş tapşırıqları icra etmişdir.
26. İddiaçı bildirir ki, öz arzusu ilə ehtiyata çıxma istəyi övladının xəstəliyi və Bakıda müalicəyə ehtiyacının olması ilə əlaqədardır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən X1 X6 tərəfindən xx.xx.2011-ci il təvəllüdlü Cəfərli Həbib oğlunun xəstəliyinə dair sənədlərə əsasən onun insulin rejimində olan ağır şəkər xəstəsi olmasına (Kliniki diaqnoz: Şəkərli diabet İ tip. Diabetik ketoasidozla (E10.1). Diabetik lipodistrofiya (E88.1). Autoimmun tireoidit (E06.3) dair dəlilləri, eləcə 23 il xidməti dövründə ön cəbhədə xidmət etməsi və 2016-cı ilin aprel döyüşlərində xidmət etmiş hərbi qulluqçu olmasını işin konkret halları baxımından qiymətləndirərək hesab edir ki, iddiaçının fərdi vəziyyətinin nəzərə alınması insan və vətəndaş hüquq və azadlıqlarının təminatına yönəlmişdir.
27. Beləliklə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması hallar ilə şərtləndirilmiş olsa da, hər bir işin konkret halları öz iradəsi ilə ehtiyata buraxılmış hərbi qulluqçuların yaşayış sahəsi ilə təmin olunması istisna edilmir. Odur ki, məhkəmə Konstitusiya Məhkəməsinin qərardadında ifadə edilən hüquqi mövqedən çıxış edərək hesab edir ki, işin konkret halları iddiaçının yaşayış sahəsi ilə təmin olunmasına imkan verir.
28. Məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş yaşayış sahəsi olmayan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi almaq hüququ qanunda birbaşa olaraq nəzərdə tutulub (“Hərbi qulluqçuların statusu haqıqnda” Azərbaycan Respublikası qanunun 12-ci maddəsi).
29. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti başçıları tələbatı hər il aprel ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etməlidirlər.
30. 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından kompensasiyanın ödənilməsi təmin edilməlidir. İddiaçı xx.xx.2019-cu il tarixdən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” (öz arzusu ilə) bəndinə müvafiq olaraq ehiyata buraxılmış və həmin vaxtdan Nizami rayonunun ərazisində yaşayır.
31. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı (ailə tərkibi özü, arvadı və iki oğlu olmaqla) ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsi öhdəliyi cavabdeh Nizami Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva