Məhkəmə qərarları › İş №2-1(112)-9190/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9190/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9190/2022 28.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X2 və üçüncü şəxs X4 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atasına, qardaşlarına olan düşüncəsiz, hörmətsiz, ancaq özünü düşünmə, Biləcəridə yerləşən evə aid iddiada heç bir əsası olmadığını, ümumən neqativ hərəkətləri və özünün mənzili olduğu nəzərə alınmaqla X5 Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5035-ci məhəllə, ev 2, mənzil 82-dən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9190/2022 nömrəli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 1992-ci ildə B.Sərdarov adına maşınqayırma zavodu tərəfindən Biləcəri qəsəbəsi, 5035-ci məhəllə, ev 2, mənzil 82, iki otaqlı mənzil almış, həmin tarixdən etibarən mənzil Şuşa şəhərindən olan köçkün tərəfindən zəbt edilmişdir. Mənzil Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2001-ci il tarixdə, 3-cü qrup Qarabağ əlili olan Anar Məmmədovun adına keçirilmiş, 30/4903 qeydəalma nömrəsi ilə 1022 nömrəli kitabın 177990-cı səhifəsində qeydiyyat aparılmışdır. Azad Məmmədovun xəstəliyi, ailə vəziyyəti və Anar Məmmədovun 3-cü qrup Qarabağ əlili olmasına rəğmən mənzildən köçkünü çıxarmaq mümkün olmamışdır. Nəhayət 29 ildən sonra köçkünə mənzil verilmiş xx.xx.2020-ci il tarixində mənzili təhvil vermişdir. Beləliklə, Binəqədi rayon Məhkəməsinin 2(001)-6871/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli Qərarı ilə icraata xitam verilmişdir. 29 il (1992-2020) ərzində ailə həyatlarında bir çox dəyişikliklər olmuş, Anar Məmmədovun anası özünə məxsus 3 otaqlı mənzili ona bağışlamış, Anar mənzili satmış, 2 otaqlı mənzil almış və hal-hazırda Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi, ev 28, mənzil 20-də tək yaşayır. Anar Məmmədov mənzillə təmin olunduğu üçün Azad Məmmədovun də yaşadığı Biləcəri qəsəbəsində yerləşən 5035-ci məhəllə, ev 2, mənzil 82, iki otaqlı mənzilin Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi 10, bir otaqlı mənzil 44-də yaşayan digər oğlu İddiaçı bağışlama yolu ilə verilməsini məsləhət görmüş və tələb etmişdir. Bu zaman Anar Məmmədov fakt olaraq atasına aid həmin mənzillə əlaqədar heç bir iş görmədən formal olaraq onun adına keçirilən mənzildə maddi və mənəvi fəaliyyəti olmadan müftəxorluq, çılğınlıq, arsızlıq və tərslik edərək böyük məbləğdə pul tələb etmiş, əks təqdirdə mənzili bağışlamayacaq, imza etməyəcəyini bildirmişdir. Gözlənilməz vəziyyətə düşərək məcburiyyət qarşısında qaldığı üçün öz aralarında razılığa əsasən digər qardaşı Azər Məmmədovla birlikdə Anar Məmmədova 52000 (əlli iki min) manat kompensasiya qismində ödənilmişdir ki, mənzili bağışlasın və qeydiyyatdan çıxsın. Bundan sonra Anar Məmmədov mənzili daşınmaz əmlakın bağışlanma müqaviləsi ilə xx.xx.2020-ci il tarixində bağışladıqdan 1 il 5 aydan çox keçməsinə və kompensasiya ödənilməsinə baxmayaraq qeydiyyatdan çıxmayıb, süni maneçilik yaradır. X10 qəsəbəsi, “V” massivi, ev 28, mənzil 20-yə qeydiyyata düşməyərək yenidən 7000 (yeddi min) dollar pul tələb edərək atanı və digər 2 qardaşını çətin və nəticəsi bəlli olmayan ağır vəziyyətə salmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8 iddia tələbinə etiraz edərək verdiyi izahatında bildirdi ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5035-ci məhəllə, ev 2, mənzil 82 ünvanında yerləşən daşınmaz əmlak onun mülkiyyətində olmuşdur. Həmin mənzili qardaşı - hazırki iş üzrə iddiaçıya bağışlasa da, aralarında olan razılığa əsasən mənzilə görə qardaşı ona pul ödəməli idi. Qardaşı ona 7000 ABŞ dolları ödəmiş, lakin qalan 5000 ABŞ dollarını ödəməkdən imtina edir. Qardaşı vədinə əməl etmədiyindən aralarında olan bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair məhkəməyə müraciət etməyi düşünür. Daimi yaşayış yeri yoxdur. Mübahisəli mənzildə yaşamağa cəhd etsə də aralarında olan mübahisəyə görə həmin mənzildə yaşaya bilmir. İddiaçı tərəfindən ona qalan məbləğ verildiyi təqdirdə ünvan üzrə qeydiyyatdan çıxacaq. Aralarında mübahisəli daşınmaz əmlakla bağlı mübahisə vardır. Həmin mübahisəyə mülki icraat qaydasında baxılmalıdır. Ona görə də iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdeh məhkəməyə müraciət edərək işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - X8 ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 30,14 kvm. olan iki otaqlı mənzil tam mülkiyyət hüququ üzrə hədiyyə verən X8 tərəfindən hədiyyə alan qardaşı İddiaçı mülkiyyətinə verilir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 51,74 kvm. ümumi sahəsi olan mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** №-li, xx.xx.2018-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Yaşayış yeri ünvan 3 ünvanıdır. - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 06808038 №-li, xx.xx.2008-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1972-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Yaşayış yeri ünvan 4 ünvanıdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyeystri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********12 nömrəli məktubdan görünür ki, X4 ünvan 1 ünvanına dair istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. - Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Binəqədi rayon X7 İcrayyə Komitəsi xx.xx.1993-cü il tarixli qərarına əsasən Biləcəri qəsəbəsi, 5035-ci məhəllə, sahəsi 30,14 kvm. olan 2 otaqlı 82 nömrəli mənzil A.B.Məmmədova verilmişdir. X3 xx.xx.2001-ci il tarixli 111690 nömrəli müqaviləyə əsasən mülkiyyətində olan ünvan 4 ünvandakı 2 otaqlı, yaşayış sahəsi 30,14 kvm. olan daşınmaz əmlakı 20.000.000 manata X1. X8 xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən, yaşayış sahəsi 30,14 kvm. olan 2 otaqlı mənzili qardaşı İddiaçı bağışlamışdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 059-19559M- 3222 nömrəli məktubdan görünür ki, müraciətinə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikasının "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən X4 ünvan 6 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Həmçinin ona məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil ilkin olaraq xüsusi mülkiyyət hüququ əsasında iddiaçının, həmçinin iş üzrə üçüncü şəxsin atası X2 adına xx.xx.1999-cu ildə qeydə alınmışdır. Azad Məmmədov həmin mənzili xx.xx.2001-ci ildə alqı-satqı müqaviləsinə əsasən hazırki iş üzrə üçüncü şəxs Anar Məmmədova satmışdır. Anar Məmmədov mübahisəli mənzildə xx.xx.2002-ci il tarixdən yaşayış yeri üzrə qeydiyyatdadır. Anar Məmmədov xx.xx.2020-ci ildə mübahisəli mənzili qardaşı İddiaçı bağışlamışdır. İddiaçı üçüncü şəxs Anar Məmmədovun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı müraciəti cavabdeh inzibati orqan tərəfindən sonuncunun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilməsi əsas gətirilərək təmin edilməmişdir. Hazırda iddiaçı üçüncü şəxsin sözügedən mənzildə yaşamadığına istinad edərək onun qeydiyyatdan çıxarılmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqan: vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası: vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Qərarda həmçinin göstərilmişdir ki, “yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur”. Beləliklə, Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. Hazırki mübahisə üzrə iddiaçı mübahisəli yaşayış sahəsi üzərində mülkiyyət hüququnu xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxarılmasını tələb etdiyi şəxslə, yəni mənzilin əvvəlki mülkiyyətçisi ilə aralarında bağlanmış bağışlama müqaviləsinə əsasən əldə etmişdir ki, həmin bağışlama müqaviləsi ilə bağlı, həmçinin üçüncü şəxsin həmin mənzildə yaşamağa cəhd etməsi ilə bağlı tərəflər arasında mübahisə mövcuddur. İş üzrə üçüncü şəxs xx.xx.2002-ci il tarixdən mübahisəli yaşayış yeri üzrə qeydiyyatdadır. Üçüncü şəxsin mübahisəli yaşayış sahəsində yaşamaması, digər daimi yaşayış yerinin olması ilə bağlı iddiaçı tərəfindən hər hansı əsaslı sübut məhkəməyə təqdim edilməmiş, həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Bundan əlavə üçüncü şəxsin mübahisəli yaşayış sahəsinə hər hansı əmlak hüququnun olub-olmamasının müəyyən edilməsi nə inzibati orqan tərəfindən aparılan icraatda və nə də inzibati məhkəmə icraatında araşdırmanın predmeti deyildir Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirili - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası qanuna zidd olmadığından və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar