Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9195/2021 21.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvan: Şüvəlan qəsəbəsi, Gülçülük kolxozu, ev 2, mənzil 1), cavabdehin nümayəndəsi X3 (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev 1; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində böyük məsləhətçi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən iddiaçıya məxsus 2 saylı mülkdə “A" tikilisində rekonstruksiya olunaraq yaşayış otağı - 29,25 kv.m, köməkçi sahə -113,52 kv.m, açıq eyvan - 65,12 kv.m-dən ibarət 1 mərtəbəli yaşayış evi, torpaq sahəsində əlavə 1 mərtəbəli 2 yaşayış otağı - 35,16 kv.m, köməkçi sahə 77,69 kv.m, açıq eyvan - 113,45 kv.m, sanitar qovşaq - 24,79 kv.m, qaraj-təsərrüfat otağı - 175,5 kv.m tikintisindən ibarət əlavə və dəyişikliklərin faktiki vəziyyətdə iddiaçının adına mülkiyyət hüququna dair qeydiyyatın aparılması və həmin ünvana dair dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı 30.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin 16.11.2021-ci il tarixli qərardadı ilə 26.11.2021-ci il tarixdə yerində müayinə təyin edilmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən 2 saylı fərdi yaşayış evi daş hasara alınmışdır. Ərazidə iki fərdi yaşayış evi və bir yardımçı tikili mövcuddur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 21.12.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmənin qənaətinə görə hazırkı işin halları baxımından iddiaçının cavabdeh inzibati orqana müraciətinin olması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə prosessual qənaət prinsipi baxımından hazırkı iddianı mümkün hesab etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı 13 may 1972-ci il tarixli 93 №-li əmrlə Şüvəlan Gülçülük sovxozuna sürücü vəzifəsinə qəbul edilmişdir. Şüvəlan Gülçülük sovxozu tərəfindən verilmiş 10 mart 1973-cü il tarixli order əsasında İddiaçı yaşayış sahəsi 30 kv.m təşkil edən və 1.500 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin mülkə dair 1987-ci il tarixli texniki pasport tərtib edilmiş, torpaq sahəsinə dair isə hazırda ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən AN2466884, 16.08.2013cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Sonradan İddiaçı həmin ünvanda rekonstruksiya aparılmaqla, mülkdə aşağıdakı əlavə və dəyişikliklər etmək qərarına gəlmiş və bu məqsədlə "Məşəl Layihə- İnşaat İstehsalat” MMC-yə sifariş vermişdir. İddiaçı sifarişi əsasında X1 ərazisində Rəhmanova ayrılmış 1.500 kv.m torpaq sahəsi üzərindəki 2 №-li mülkə ediləcək əlavə və dəyişikliklərin eskiz layihəsi "xxxx" MMC tərəfindən hazırlanaraq təsdiq edilmişdir. İddiaçı "xxxx" MMC-nin təsdiq etdiyi eskiz layihəyə uyğun olaraq qeyd edilən ünvanda yaşayış otağı - 29,25 kv.m, köməkçi sahə - 113,52 kv.m, açıq eyvan -65,12 kv.m-dən ibarət 1 mərtəbəli yaşayış evi, torpaq sahəsində əlavə 1 mərtəbəli 2 yaşayış otağı - 35,16 kv.m, köməkçi sahə 77,69 kv.m, açıq eyvan - 113,45 kv.m, sanitar qovşaq - 24,79 kv.m, qaraj-təsərrüfat otağı - 175,5 kv.m ibarət əlavə və dəyişikliklər aparmışdır. Daha sonra İddiaçı Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən ona məxsus 2 saylı mülkin texniki pasportunda dəyişikliklərin qeydə alınması ilə bağlı ərizə ilə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının “Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən 2 N-li mülkün texniki pasportunda dəyişikliklər edilməsi haqqında” 18 sentyabr 2013-cü il tarixli 526 N-li sərəncamında aşağıdakılar göstərilmişdir: “Bakı şəhər XDS İK-nin 25.06.1976-cı il tarixli 30/413 saylı “Bakı şəhərində vətəndaşlara məxsus evlərin hüquqi qeydiyyatı hanqqında”kı qərara uyğun olaraq idarələrarası komissiyanın aktını və vət.İddiaçı ərizəsini nəzərə alaraq Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən ona məxsus 2 saylı mülkin texniki pasportunda dəyişikliklərin qeydə alınması barədə sənədlərə baxaraq komissiya üzvləri qeyd edir ki, mülkün DT və XK-nin AN466884, 16.08.2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü və sentyabr ayı 1987-ci il tarixli texniki pasportu vardır. “A” tikilisi rekonstruksiya olunaraq hal-hazırda 2 yaşayış otağı tikilmişdir. Cəmi torpaq sahəsi 1.500 kv.m-dir. Yuxarıda qeyd olunanları və İdarələrarası komissiya üzvlərinin tərtib etdikləri aktı nəzərə alaraq: 1.Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən vət.İddiaçı məxsus 2 saylı mülkdə “A” tikilisi rekonstruksiya olunaraq hal-hazırda yaşayış otağı - 29,25 kv.m, köməkçi sahə - 113,52 kv.m, açıq eyvan - 65,12 kv.m-dən ibarət 1 mərtəbəli yaşayış evi, torpaq sahəsində əlavə 1 mərtəbəli 2 yaşayış otağı - 35,16 kv.m, köməkçi sahə 77,69 kv.m, açıq eyvan - 113,45 kv.m, sanitar qovşaq - 24,79 kv.m, qaraj-təsərrüfat otağı - 175,5 kv.m tikintisindən ibarət əlavə və dəyişikliklər qeydiyyata alınsın. 2. Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən vət.İddiaçı məxsus 2 saylı mülkdə olan əlavə və dəyişikliklərin həmin mülkün reyestrdən çıxarışında və texniki pasportunda qeydə alınması Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilsin”. Göstərilənlərə əsasən hazırda iddiaçının istifadə və sahibliyində olan həmin daşınmaz əmlakın onun adına daşınmaz əmlakın dövlət reyestrində 5 gün müddətində qeydiyyatının aparılmasını və bununla bağlı müvafiq dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Həmin ərizə cavadeh tərəfindən cavablandırılmamışdır. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı göstərilənlərə əsasən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı müvafiq tələblə ********** nömrəli, 07.07.2021-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi X1 ərazisi olduğundan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün həmin sovxozun direktorunun torpaq ayrılmasına dair müvafiq əmri və həmin əmrin arxiv arayışı təqdim edilməlidir. Bundan başqa fərdi yaşayış evi qaz xəttinin mühafizə zonasında yerləşir. Fərdi yaşayış evinə dair təqdim edilən layihədə daşınmaz əmlak fərdi yaşayış evi kimi qeyd olunsa da yerində baxış keçirilən zaman məlum olmuşdur ki, faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunur. İddiaçının iddia ərizəsində adı çəkdiyi 1987-ci il texniki pasportu barədə arxivdə məlumat aşkar edilmədi. Daha dəqiq araşdırılması üçün sənədin əsli və ya surətinin təqdim olunması məqsədə uyğundur. Bu səbəblərdən də ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya **********74 nömrəli, 09.09.2021-ci il tarixli cavab məktubu göndərilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 13.01.2015-ci il tarixli Fərmanının 2-ci hissəsinə əsasən müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 13.2-ci maddəsində fərdi yaşayış evinə anlayış verilmişdir: Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutlmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə hər hansı cavab verilməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının (yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları) və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı məhkəmənin sorğusuna cavab olaraq 11.11.2021-ci il tarixli məktubla Xəzər Rayon İcra Hakimiyyətinin 526 nömrəli 18.09.2013-cü il tarixli sərəncamının və ona əlavə edilmiş sənədərin təsdiq edilmiş surətini məhkəməyə göndərmişdir. İş materiallarında olan X1 10.03.1973-cü il tarixli Orderinə əsasən X2 30 kv.m yaşayış sahəsi olan 2 nömrəli ev, həmçinin 1500 kv.m. həyətyanı torpaq sahəsi sürücü vəzifəsində işləyən İddiaçı ayrılmışdır. İş materiallarında olan Xəzər Rayon İcra Hakimiyyətinin “Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən 2 saylı mülkün texniki pasportunda dəyişikliklər edilməsi haqqında” 526 nömrəli 18.09.2013-cü il tarixli sərəncamında göstərilmişdir: “Bakı şəhər XDS İK-nin 25.06.76-cı il tarixli, 30/413 saylı «Bakı şəhərində vətəndaşlara məxsus evlərin hüquqi qeydiyyatı haqqında»kı qərara uyğun olaraq İdarələrarası komissiyanın aktını və vət.İddiaçı ərizəsini nəzərə alaraq: Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən ona məxsus 2 saylı mülkün texniki pasportunda dəyişikliklərin qeydə alınması barədə sənədlərə baxaraq komissiya üzvləri qeyd edir ki, mülkün DT və XK-nin A№466884, 16.08.2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü və sentyabr ayı 1987-ci il tarixli texniki pasportu vardır. «A» tikilisi rekonstruksiya olunaraq hal-hazırda 2 yaşayış otağı- 29,25 m2, köməkçi sahə-113,52 m2, açıq eyvan-65,12 m2-dən ibarət 1 mərtəbəli yaşayış evi, torpaq sahəsində əlavə: 1 mərtəbəli, 2 yaşayış otağı-35,16 m2, köməkçi sahə-77,69 m2, açıq eyvan-113,45 m2, sanitar qovşaq-24,79 m2, qaraj-təsərrüfat otağı-175,5 m2 tikilmişdir. Cəmi torpaq sahəsi-1500,0 m2-dir. Yuxanda qeyd olunanları və İdarələrarası komissiya üzvlərinin tərtib etdikləri aktı nəzərə alaraq:
1. Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən vət. İddiaçı məxsus 2 saylı mülkdə «A» tikilisi rekonstruksiya olunaraq hal-hazırda 2 yaşayış otağı-29,25 m2, köməkçi sahə-113,52 m2, açıq eyvan-65,12 m2-dən ibarət 1 mərtəbəli yaşayış evi, torpaq sahəsində 1 mərtəbəli, 2 yaşayış otağı-35,16 m2, köməkçi səhə-77,69 m2, açıq eyvan- 113,45 m2, sanitar qovşaq-24,79 m2, qaraj-təsərrüfat otağı- 175,5 m2 tikintisindən ibarət əlavə və dəyişikliklər qeydiyyata alınsın.
2. Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən vət. İddiaçı məxsus 2 saylı mülkdə olan əlavə və dəyişikliklərin həmin mülkün reyestrdən çıxarışında və texniki pasportunda qeydə alınması Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilsin.” İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Xəzər rayonu, Şüvəlan qəsəbəsində İddiaçı X1 10.03.1973-cü il tarixli Order ilə 1500 kv.m fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın “elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi X1 ərazisi olduğundan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün həmin sovxozun direktorunun torpaq ayrılmasına dair müvafiq əmri və həmin əmrin arxiv arayışı təqdim edilməlidir” dəlili ilə bağlı qeyd edir ki, mübahisəli daşınmaz əmlakın İddiaçı ayrılmasına dair X1 direktorunun 10.03.1973-cü il tarixli Orderinin mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Həmçinin, məhkəmə cavabdehin “fərdi yaşayış evi qaz xəttinin mühafizə zonasında yerləşir” dəlili ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan göstərilənlərə dair hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, həmin fərdi yaşayış evinin qaz xəttinin mühafizə zonasında yerləşməsi şərti olaraq qəbul edilsə belə, bu hal da həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri" Qaydalarının 2.8-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarına daxil olan torpaq sahələri, torpaq istifadəçilərindən, mülkiyyətçilərindən və icarəçilərindən alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin yuxarıda adı çəkilən qərarından da göründüyü kimi, qaz kəmərlərinin mühafizə zonalarına daxil olan daşınmaz əmlakın istifadə qaydalarında bəzi məhdudiyyətlər olsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Beləliklə, məhkəmə cavabdehin bu dəlilini də əsassız hesab edir. Məhkəmə cavabdeh inzibati orqanın “fərdi yaşayış evinə dair təqdim edilən layihədə daşınmaz əmlak fərdi yaşayış evi kimi qeyd olunsa da yerində baxış keçirilən zaman məlum olmuşdur ki, faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunur” dəlili ilə bağlı qeyd edir ki, məhkəmə tərəfindən mübahisəli ərazidə yerində müayinə keçirilmiş və yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən 2 saylı fərdi yaşayış evi daş hasara alınmış,ərazidə iki fərdi yaşayış evi və bir yardımçı tikili mövcuddur. Həmçinin, fərdi yaşayış evinin faktiki olaraq qeyriyaşayış sahəsi kimi istifadə olunması müəyyən edilməmişdir. Odur ki, məhkəmə cavabdehin bu dəlilini də əsassız hesab edir. Məhkəmə cavabdeh inzibati orqanın “iddiaçının iddia ərizəsində adı çəkdiyi 1987ci il texniki pasportu barədə arxivdə məlumat aşkar edilmədi” dəlili ilə bağlı qeyd edir ki, texniki pasport barədə arxivdə məlumatın aşkar edilməməsi iddiaçının təqsiri deyil və qeyd edilən hal daşınmaz əmlaka dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19.11.2021-ci il tarixli Qərarında göstərilmişdir: “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).” «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin iddiaçıya ayrılması, həmçinin həmin fərdi yaşayış evində mövcud qanunvericiliyə uyğun olaraq rekonstruksiya işlərinin aparılması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia əsaslıdır və təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən iddiaçıya məxsus 2 saylı mülkdə “A” tikilisində rekonstruksiya olunaraq yaşayış otağı - 29,25 kv.m, köməkçi sahə -113,52 kv.m, açıq eyvan - 65,12 kv.m-dən ibarət 1 mərtəbəli yaşayış evi, torpaq sahəsində əlavə 1 mərtəbəli 2 yaşayış otağı - 35,16 kv.m, köməkçi sahə 77,69 kv.m, açıq eyvan - 113,45 kv.m, sanitar qovşaq - 24,79 kv.m, qaraj-təsərrüfat otağı - 175,5 kv.m tikintisindən ibarət əlavə və dəyişikliklərin faktiki vəziyyətdə İddiaçı adına mülkiyyət hüququna dair qeydiyyatın aparılması və həmin ünvana dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:
İddia təmin edilsin. Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən iddiaçıya məxsus 2 saylı mülkdə “A” tikilisində rekonstruksiya olunaraq yaşayış otağı - 29,25 kv.m, köməkçi sahə -113,52 kv.m, açıq eyvan - 65,12 kv.m-dən ibarət 1 mərtəbəli yaşayış evi, torpaq sahəsində əlavə 1 mərtəbəli 2 yaşayış otağı - 35,16 kv.m, köməkçi sahə 77,69 kv.m, açıq eyvan - 113,45 kv.m, sanitar qovşaq - 24,79 kv.m, qaraj-təsərrüfat otağı - 175,5 kv.m tikintisindən ibarət əlavə və dəyişikliklərin faktiki vəziyyətdə İddiaçı adına mülkiyyət hüququna dair qeydiyyatın aparılması və həmin ünvana dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev