Məhkəmə qərarları › İş №2-1(112)-9195/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9195/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9195/2025 13.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və kompensasiyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, ona ödənilməli olan 16635.15 manat pul vəsaitin 2025-ci il üçün indeksasiya olunaraq birdəfəlik qaydada ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1978-1997-ci illərdə Azərbaycan Daxili İşlər Nazirliyində müxtəlif məsul vəzifələrdə xidmət keçmişdir. Böyük heyətə mənsub zabitdir. Qarabağ Müharibəsi veteranıdır. 1996-cı ildə Daxili İşlər Nazirliyinin Mərkəzi Aparatında Baş Cinayət Axtarış İdarəsində xidmət keçərkən həmin idarədə İdarə rəisinin rəhbərliyilə mütəşəkkil cinayətkar dəstəsinin mövcudluğu barədə o vaxt DİN rəhbərliyini rəsmi məlumatlandıraraq 01 iyul 1997-ci il tarixində vəzifəsindən istefa verdi. Faktiki olaraq o dövrdə bütün təzyiq, təhdidlərə rəğmən DİN-nin Mərkəzi Aparatında mütəşəkkil cinayətkar dəstənin formalaşması barədə rəhbərliyi müfəssəl məlumatlandırmışdır. Lakin DİN-nin rəhbərliyi tərəfindən müntəzəm olaraq təzyiq və təhdidlərlə üzləşirdi. Yalnız kifayət qədər uzun müddət keçdikdən sonra 2004-cü ildə məlum "Qara kəmər" əməliyyatı nəticəsində Azərbaycan Respublikası DİN-nin Mərkəzi aparatında cinayətkar birliyin mövcudluğu ümumməlum oldu. Həmin hadisələrin birbaşa qurbanı olmuş ali xüsusi hüquq təhsilli iddiaçının isə hüquqları bu günəcən restitusiya edilmədi, konstitusion hüquqları tapdalandı, ona, ailəsinə və yaxın ətrafına qarşı cinayətlər səngimədi. Bütün bunlar azmış kimi layiqli pensiya təminatı hüququ da hal-hazıradək pozulur. Belə ki, 1997-ci ildə DİNdən istefa verməyə məhkum edilsə də, nədənsə təminat xərcliyinin 62 faizi - 458,96 manat məbləğində əmək pensiyası ödənilib. Sonradan indeksləşmə aparılaraq pensiya artırılsa da hal-hazırda cavabdeh tərəfindən hesablanmış 910,64 manat pensiya da, hesab edir ki, çox az hesablanmışdır. Buna görə cavabdeh orqana müraciət etdi və 26 fevral 2025-ci il tarixli, 7- İŞ-1/2-A-42019/2025 nömrəli absurd, cəfəng bir cavab məktubu aldı. Şübhəsiz həmin cavab onu qane etməmişdir. Şərh edilənlərə əsasən iddiaçı konstitusion layiqli pensiya təminatı hüququnu əsas götürərək və konstitusion məhkəmə təminatı hüququndan yararlanaraq cavabdehə qarşı öhdəliyin icrasına dair iddia tələbilə inzibati məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdeh orqan artıq uzun illərdir iddiaçının konstitusion layiqli pensiya təminatı hüququnu pozduğuna görə ümumilikdə 100000 manat kompensasiya ödəməlidir. Belə ki, məhz cavabdehin qanunsuz, əsasız və ədalətsiz hərəkətləri və hərəkətsizliyi səbəbindən ailəsiylə birlikdə uzun illərdir ki, məhrumiyyətlərə düçar edilmişdir və fiziki, maddi və mənəvi zərər cavabdehin qanunsuz, əsassız və ədalətsiz, həm də qərəzli münasibət sərgiləməsi, konstitusion layiqli pensiya hüququnu kobud pozaraq tapdalaması nəticəsində vurulmuşdur. Ona görə də, cavabdehdən iddiaçıya qəsdən vurduğu zərərin əvəzi olaraq və əlavə olaraq cavabdeh tərəfindən 100000 (bir yüz min) manat kompensasiyanın ödənilməsini tələb etməkdə haqlıdır.

3. Cavabdehin iddiaçının müraciətinə imtina məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən sizə 1 iyul 1997-ci il tarixindən 24 il 2 ay 20 gün xidmət müddəti üçün xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq, 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən əmək pensiyanız həmin tarixdən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Əmək pensiyanızdakı sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixinədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci maddəsinin 1 yanvar 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uygun olaraq, sizə təminat xərcliyinizin (740,25 manat) 62-faizi 458,96 manat məbləğində əmək pensiyası ödənilib. 1 mart 2018-ci il tarixindən sonuncu xidmət etdiyiniz orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğinə əsasən əmək pensiyanız 488,86 manat müəyyən edilib. 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyiniz orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyiniz vəzifənizə uyğun vəzifə maaşınız 585,00 manat, rütbə maaşınız 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavəniz 183,75 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyiniz 982,75 manat təşkil edir. Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyanız təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: 20 il xidmət müddətinə görə təminat xərcliyinizin 50 faizi; 20 ildən artıq xidmət müddətinizin (4 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (4x2) təminat xərcliyinizin 8 faizi; natamam ildəki iş stajı aylarınızın sayına (2 ay) mütənasib olaraq təminat xərcliyinizin 0,34 faizi. Əmək pensiyanızın müəyyən edilməsi üçün təminat xərcliyinizin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 58,34 faiz təşkil edir. Qeyd olunanlara əsasən, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyiniz (740,25 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyiniz (982,75 manat) arasındakı fərq məbləğinin (242,50 manat) 58,34 faizi-141,47 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyanızın (458,96 manat) üzərinə əlavə olunmaqla 600,43 manat məbləğində əmək pensiyası müəyyən edilərək sizə ödənilir. Eyni zamanda Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, Qanunun 29-cu maddəsinə əsasən ümumi pensiya məbləğinin həmin tarixdən, növbəti dəfə 1 yanvar 2024-cü il tarixindən və 1 yanvar 2025-ci il tarixindən indeksləşdirilməsi nəticəsində əmək pensiyanız hazırda 910,64 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabınıza köçürülür. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü hissəsinə əsasən, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. Sözügedən Qaydaların 4-cü hissəsinə görə şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fonda ötürülür. Qeyd olunanlara əsasən, əmək pensiyanızın məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinizin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyiniz orqan tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra baxıla bilər.”

4. Cavabdehin iddia tələbinə dair etirazında qeyd edilmişdir ki, iddiaçı ona təyin edilmiş pensiyanın yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, müraciətinə cavab olaraq əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqan tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına təqdim edildikdən sonra baxılmasının mümkün olduğu bildirilmişdir. İşin hallarından müəyyən olunur ki, iddiaçıya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 1 iyul 1997-ci il tarixindən 24 il 2 ay 20 gün xidmət müddəti üçün xidmət illərinə görə pensiya təyin edilmişdir. Daha sonra əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 01 mart 2018-ci il tarixinədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci maddəsinin 1 yanvar 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, iddiaçıya təminat xərcliyinin (740,25 manat) 62-faizi 458,96 manat məbləğində əmək pensiyası ödənilmiş, 01 mart 2018-ci il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğinə əsasən əmək pensiyası 488,86 manat müəyyən edilmişdir. 01 sentyabr 2019cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 585,00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavəsi 183,75 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 982.75 manat təşkil edir. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 58,34 faiz təşkil edir. 01 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (740,25 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (982,75 manat) arasındakı fərq məbləğinin (242,50 manat) 58,34 faizi-141.47 manat 1 mart 2018ci il tarixinədək olan pensiyasının (458,96 manat) üzərinə əlavə olunmaqla 600,43 manat məbləğində əmək pensiyası müəyyən edilərək iddiaçıya ödənilir. Eyni zamanda Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, Qanunun 29-cu maddəsinə əsasən ümumi pensiya məbləğinin həmin tarixdən növbəti dəfə 1 yanvar 2024-cü il tarixindən və 1 yanvar 2025-ci il tarixindən indeksləşdirilməsi nəticəsində əmək pensiyası hazırda 910.64 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. İddiaçı isə hazırda əmək pensiyasının yenidən hesablanmasını və ona vurulmuş ziyana görə 100.000 manat kompensasiyanın ödənilməsini tələb etsə də, müvafiq qanunvericiliyin heç bir maddəsinə istinad etmədən və əsaslandığı hallara dair heç bir sübut əlavə etmədən sadəcə şəxsi mülahizələrinə əsaslanmaqla iddia qaldırmış və ona hazırda ödənilən pensiyanın çox az hesablandığını bildirərək vurulmuş ziyana görə 100.000 manat kompensasiya tələb etmişdir. Halbuki, cavabdeh inzibati orqanın imtina məktubunda da qeyd olunduğu kimi, iddiaçının əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqan tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına təqdim edildikdən sonra baxıla bilər. Eyni zamanda, cavabdeh inzibati orqan tərəfindən İddiaçı münasibətdə qanunsuz və əsassız hərəkətlərin edilməsi nəticəsində zərər vurması halları müəyyən edilmir. Belə ki, iddiaçı tərəfindən cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz olması və bu hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsində ona maddı ziyanın dəyməsi barədə səbəbli əlaqəni sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilməmiş, iddiaçı cavabdehin hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar ona vurulmuş maddı ziyanın məbləğini öz şəxsi mülahizələrinə əsasən əsaslandırmağa çalışmışdır.

5. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinin pensiyaçıya dair 016727 nömrəli üçot vərəqinə əsasən iddiaçıya xx.xx.1997-ci il tarixindən ömürlük pensiya təyin edilmişdir.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və bildirdi ki, əmək pensiyası hüququnun yarandığı gündən yenidən hesablanması və fərqin ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoyulmalıdır.

7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

8. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

9. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

10. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

11. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

12. İddia mümkündür. III. Məhkəmənin mövqeyi

13. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun: hal hazırda olan redaksiyasıdır. 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla 20.15. Bu Qanunun 20.14-cü maddəsində göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləği təyinat tarixində müvafiq təminat xərcliyindən artıq ola bilməz. 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. 26.4. 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

14. 01 yanvar 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyada deyilirdi: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin – 3 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi miqdarında əlavə olunmaqla 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

15. İş materiallarında olan iddiaçının pensiya ödənişlərinə dair sənədlərdən görünür: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 1 iyul 1997-ci il tarixindən 24 il 2 ay 20 gün xidmət müddəti üçün xidmət illərinə görə iddiaçıya pensiya təyin edilib. - Əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 13222/2024 nömrəli qərar ilə İddiaçı təyin edilmiş pensiyanın məbləği 363,86 manat, xx.xx.2019-xx.xx.2024-cü il tarixlər arasında ödənilməli olan 16635,15 manat pul vəsaiti müəyyən edilmişdir. - 01 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 585,00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavəsi 183,75 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 982.75 manat təşkil edir. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 58,34 faiz təşkil edir. - 01 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (740,25 manat) ilə 1 sentyabr 2019cu il tarixindən sonrakı təminat xərcliyi (982,75 manat) arasındakı fərq məbləğinin (242,50 manat) 58,34 faizi-141.47 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyasıınn (458,96 manat) üzərinə əlavə olunmaqla 600,43 manat məbləğində əmək pensiyası müəyyən edilərək iddiaçıya ödənilir. - 1 yanvar 2024-cü il tarixindən və 1 yanvar 2025-ci il tarixindən indeksləşdirilməsi nəticəsində əmək pensiyası hazırda 910.64 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür.

16. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında Qanunda dəyişiklik edilməsi barədə” xx.xx.2022-ci il tarixli Qanunla həmin Qanunun 1-ci, 6-ci, 20-ci, 26-ci, 29-cu və 45-ci maddələri yeni redaksiyada qəbul edilmiş və xx.xx.2023-cü il tarixdən qüvvəyə minmişdir.

17. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə edilən dəyişikliyə əsasən, təminat xərcliyinin (pul təminatının) anlayışından “(sonrakı artımlar da nəzərə alınmaqla)” sözləri çıxarılmışdır. Bu da hərbi qulluqçuların pensiyasının onların aylıq vəzifə maaşına edilən sonrakı artımlara əsasən yenidən hesablanması istisna edilmişdir.

18. Həmin Qanunun 20.14.1-ci maddəsinə edilmiş dəyişikliklə “əlavələr” sözündən sonra “pensiya təyinatı tarixinədək" sözləri əlavə edilmişdir. Həmin maddənin yeni redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: “Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: - hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, - yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, - 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla.”

19. Göründüyü kimi həmin dəyişikliyin qüvvəyə minməsi əmək pensiyasına əlavələr müəyyən edilərkən yalnız pensiya təyin olunan tarixədək olan təminat xərcliyində baş vermiş artımlar nəzərə alınmışdır. Sözügedən qanunun 20.15-ci maddəyə “məbləği” sözündən sonra “təyinat tarixində” sözləri əlavə edilmişdir.

20. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununda qüvvədə olan 20.15-ci maddənin tələblərinə görə bu Qanunun 20.14-cü maddəsində göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləği təyinat tarixində müvafiq təminat xərcliyindən artıq ola bilməz.

21. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017- ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın: 2.5. Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir.

22. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən yuxarıda qeyd edilən qanunvericilik normalarına uyğun olaraq iddiaçının təminat xərcliyinin artım hissəsinə (58.3%) faiz dərəcəsi tətbiq olunaraq 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi arasındakı fərq məbləğinin 1 mart 2018-ci il tarixinədək olan pensiyasının üzərinə əlavə olunmaqla əmək pensiyası müəyyən edilmişdir, sonradan maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və 1 yanvar 2024cü il tarixindən, o cümlədən 1 yanvar 2025-ci il tarixindən indeksləşdirilməsi nəticəsində pensiya məbləği artırılmışdır.

23. İddiaçı hazırda əmək pensiyasının yenidən hesablanmasını və ona vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini məhkəmədən xahiş edir.

24. Məhkəmə müəyyən edir ki, iddiaçınını əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat vərəqi sonuncu xidmət keçdiyi orqan tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməmişdir. Eyni zamanda ona maddi ziyanın dəyməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

25. Belə ki, “Əmək pensiyaları haqqında” Qanununda göstərilir: 38.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur.

26. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.5. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin avtomatlaşdırılmış qaydada ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməmiş ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin əmək pensiyasının təyin edilməsi barədə yazılı, o cümlədən elektron müraciətlərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na uyğun olaraq həmin şəxslərin xidmət etdikləri dövlət orqanlarının təqdim etdiyi məlumat vərəqi əsasında baxılır.

27. Cavabdehin də etirazı məhz bununla bağlı olmuş, dövlət orqanının yeni məlumat vərəqi Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına təqdim edildikdən sonra əmək pensiyasının yenidən hesablanmasının mümkün olduğu bildirilmişdir.

28. Hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçının pensiyanın yenidən hesablanması barədə cavabdehə xx.xx.2025-ci il tarixdə müraciət etdiyini və sonuncu məlumat vərəqəsinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2025-ci il tarixdə təqdim olunduğu nəzərə alaraq qeyd edir ki, iddiaçının xidmət illərinə dair dövlət orqanının yeni məlumat vərəqi təqdim edilmədiyindən və müvafiq qanunvericiliyin heç bir maddəsinə istinad etmədən və əsaslandığı hallara dair heç bir sübut əlavə etmədən sadəcə şəxsi mülahizələrinə əsaslandığından cavabdeh yenidən hesablanma barədə müraciətin təminindən imtina etməkdə haqlı olmuşdur.

29. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi zaman kəsiyində qüvvədə olan qanunvericilik normalarının tələbləri cavabdeh tərəfindən düzgün tətbiq edilməklə inzibati icraat aparılmış, iddiaçının sosial təminat hüququ pozulmamış, onun hüququnun mahiyyətinə zərər yetirilməmişdir.

30. Ona görə də iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar