Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9196/2021 20.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə qarşı “İmişli X4 divarından şəhid X2 foto lövhəsinin sökülməsinə görə dəymiş mənəvi zərərə görə təzminatın ödənilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı vurulmuş 10000 manat mənəvi zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, qardaşı X9 1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 1996-cı ildə İmişli rayon İcra Hakimiyyətinin 83 saylı sərəncamı ilə X10 Muzeyi şəhidin adına verilmiş və 1997-ci il 24 yanvarda İcra Hakimiyyəti tərəfindən muzeyin açılış tədbiri keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin müavinləri, şöbə müdirləri, təhsil işçiləri, döyüş yoldaşları, hərbi komisarlığın nümayəndələri və çoxsaylı rayon ictimsiyyətinin nümayəndələri iştirak etmişdir. Bu faktı təsdiq edən videokasetlər və fotolar var. Sərəncama əsasən muzeyin girişində şəhidin qara mərmərdən foto lövhə və həyətdə daş piramida üzərində şəhidin adı yazılmış stend-plakat qoyulmuşdur. Mədəniyyət Nazirliyi monitorinq adı altında İmişlidə olmuş, şəhidin yaxınlarına heç bir məlumat bildirmədən, şəhidin qara mərmər üzərində olan foto lövhəsini söküb dağıdıblar. Mənəvi dəyərlər baxımından yanaşılsa, qara mərmərdə şəhidin fotosunun olması qara mərmər baş daşı ilə eyni tutula bilir. Belə olan halda, Mədəniyyət Nazirliyinin bu hərəkətini qanunsuz hesab edir. Təbii ki, lövhə sənədsiz və səbəbsiz muzeyin divarına vurula bilməzdi. Əgər bu monitorinqdirsə, lövhə 18 il divarda olub (təmir dövrləri nəzərə alınmaqla) niyə bu müddət ərzində sökülmürdü? Muzeyin divarından sökülən mərmərdə təkcə yazı olsa idi, yəni foto olmasa idi, ona bu o dərəcədə təsir etməzdi. Qara mərmərdə əgər foto var idisə, şəhidin yaxınlarına məlumat verilməli, götürülmə zərurəti varsa, onların iştirakı ilə götürülməli idi. Bu hərəkəkəti özlərinə utanc hesab edirlər, rayon camaatı arasında qınaq obyekti olublar,, “yiyəsi niyə tədbir görmür” kimi ifadələr eşidirik. Belə sözsöhbətlər isə onlara olduqca pis təsir edir. Sarsıntı keçirirlər, əsəb pozğunluğu yaradır. Hətta elə an olur ki, əsəbindən hara gəldi yumruq vurur, istər dəmir, divar, beton fərq etmir. Mədəniyyət Nazirliyinə və həmçinin lövhənin sökülməsində yaxından iştirak edən, hətta təşkilatçı kimi deyilən X3 dəfələrlə müraciət edib. 06.05.2021-ci il tarixində Mədəniyyət Nazirliyi Kürdəmir Regional İdarəsinin rəisi X12 danışıqlar aparmağa göndərib, Faiq Xudanlı onu İmişli mədəniyyət şöbəsinin müdiri Nazim Əzimovun otağına dəvət etdi, ona bildiriblər ki, muzey haqqında verilmiş 83 saylı sərəncamı imzalayan şəxs vəfat etdiyindən həmin sərəncam qüvvədən düşmüş sayılır. Bu günə qədər Mədəniyyət Nazirliyinə şəxsən nazir Anar Kərimova və digər şəxslərə olan onlarla müraciəti bu günə qədər cavabsızdır. Mədəniyyət Nazirliyi bir qurum olaraq Nazirlər Kabinetinin 15.01.1994-cü il 10 saylı qərarının (5.2) və "Vətəndaşların müraciəti haqqında" Qanunun 16-cı maddəsinin tələblərini kobud surətdə pozmuşlar. Müraciətləri cavabsız qalmışdır. Mədəniyyət Nazirliyi foto lövhəni dağıdandan sonra belə onlara sökülmə və sökülmənin səbəbi barədə heç bir məlumat verilməyib. Amma bilməli idilər ki, həmin qara mərmər foto lövhə 1997-ci ildə İmişli Rayon İcra Hakimiyyətinin 1996-cı il 83 saylı sərəncamına əsasən İcra Hakimiyyəti tərəfindən vurulub. Mədəniyyət Nazirliyi onun müraciətində qoyulan sual və tələblərə cavab vermək əvəzinə öz səlahiyyətində olmayan digər qurumların cavablarına bənzər aydın olmayan şablon cavab kimi qəbul ediləsi bir dəfə cavab vermişdir. Onun Mədəniyyət Nazirliyinə dəfələrlə müraciəti ondan ibarət idi ki, sökülməli olduğu halda şəhidin yaxınlarına məlumat verilməməsinin səbəbi nə ilə bağlıdır. Bu hərəkətləri şəhidə hörmətsizlik hesab edirlər. Əgər qanunla sökülməlidirsə, onlara deyilməli və onlar özləri də sökə bilərdilər. Hətta sökülməsi barədə onlara məlumat da verilməyib. Bu özbaşınalıqdır. Bu şəhidə və şəhid ailələrinə hörmətsizlikdir, bu ölkə prezidentinin apardığı siyasətə ziddir. Prezidentin vətəndaş məmunluğu üçün verdiyi qərar və sərəncamlara ziddir. Bu kimi hərəkətlər müharibə gedən bir ölkədə yolverilməzdir. Ona görə ki, bu hərəkət vətənpərvərlik ruhunun aşağı düşməsinə və çağırışçıların hərbdən yayınması ilə nəticələnə bilər.
3. İddiaçının qeyd edilən məsələ ilə bağlı cavabdeh quruma çoxsaylı müraciətləri olmuşdur. X5 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 11.11.2021-ci il tarixli məktuba əsasən, bildirilmişdir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hər bir vətəndaşımızın xatirəsi əziz və müqəddəsdir. Onun da şəhid qardaşı olaraq acılarını duyur və şərik olurlar. Bütün hallarda şəhid ailələrinin, şəhid üzvləriin yanındadırlar və mənəvi dəstəklərini ifadə edirlər. Sorğuya cavab olaraq bildirilir ki, onunla görüş zamanı İmişli rayon Tarixdiyarşünaslıq muzeyindən şəhid X2 adı yazılmış qara mərmər lövhənin çıxarılması səbəbi ətraflı izah olunmuşdur. Onun dəymiş mənəvi ziyana görə kompensasiya ilə bağlı sualına cavab olaraq bildirilmişdir ki, məsələ onların səlahiyyətində deyil və ətraflı şərh verə bilməzlər.
4. Cavabdeh qurum tərəfindən təqdim edilən iddiaya yazılı etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2018-ci il tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnamə ilə fəaliyyət göstərir. Nazirliyin bütün fəaliyyət istiqamətləri, hüquq və vəzifələri həmin Əsasnamədə nəzərdə tutulmuşdur. Adıçəkilən Əsasnaməyə əsasən iddiaçının iddia ərizəsində qeyd etdiyi şəhid adının əbədiləşdirilməsi ilə bağlı müəssisələrə şəhid adının verilməsinin və digər tədbirlər görülməsinin Nazirlik tərəfindən həyata keçirilməsi qeyri-mümkündür. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 3.1.2-ci maddəsinə əsasən Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhid adlarının küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılması yerli icra hakimiyyətlərinin həyata keçirdiyi tədbirlərə aiddir. Həmçinin "Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 aprel 2019-cu il tarixli 137 nömrəli Qərarının 2-ci maddəsinə əsasən dövlət müəssisələrinin, təşkilatlarının, idarələrinin və digər obyektlərin adlarının dəyişdirilməsi, onlara görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin adlarının verilməsi ilə əlaqədar daxil olmuş təkliflər və Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında qaldırılmış vəsatətlər Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələri tərəfindən araşdırılır və nəticəsi barədə arayışla birlikdə baxılması üçün Komissiyaya təqdim edilir. İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi şəhidin qara mərmər üzərində olan foto lövhəsinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən sökülüb dağıdırlması və beləliklə də iddiaçıya mənəvi zərərin vurulması ilə bağlı ifadələri həqiqəri əks etdirmir. Belə ki, şəhid Bəhmən Abuzərovun qara mərmər üzərində olan foto lövhəsi sökülüb dağıdılmamış, əksinə şəhidin adına X10 Muzeyində xüsusi guşə mövcuddur və hal-hazırda şəhidin qara mərmər üzərində olan foto lövhəsi muzeydə mühafizə olunur. İddiaçının iddia ərizəsində ona mənəvi zərər vurulması, “el qınağına” məruz qalması və bu kimi ifadələr qeyd etsə də, qardaşı şəhid Bəhmən Abuzərovun adına adıçəkilən muzeydə xüsusi guşə olmasından xəbərsizdir və bu da onu sübut edir ki, iddiaçının həqiqətdə marağında olan məsələ qardaşı şəhid Bəhmən Abuzərova hörmət edilməsi və ya öz ifadəsi ilə qeyd etdikdə “yiyəsi tərəfindən tədbir görmək” deyil. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və (və ya) Nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların heç biri tərəfindən şəhid Bəhmən Abuzərovun xatirəsinə hörmətsizlik edilməmiş, əksinə səlahiyyətləri daxilində şəhidin xatirəsinin mühafizəsi üçün X10 Muzeyində xüsusi tədbirlər həyata keçirmişdir. İddiaçının iddia ərizəsindən belə nəticəyə gəlmək mümkündür ki, iddiaçı həqiqəti əks etdirməyən məlumatlarla və şəhid adından istifadə edərək əsassız olaraq dövlət büdcəsindən maddi vəsait əldə etmək niyyətindədir. O cümlədən, bildirilir ki, vətəndaş İddiaçı iddia ərizəsində qeyd etdiyi mövzu ilə bağlı müraciəti 31 mart 2021-ci il tarixli 11/06-670 nömrəli məktubla cavablandırılmışdır, həmçinin qeyd olunan müraciətlə əlaqədar X5 İdarəsinin rəisi tərəfindən qəbul edilmiş və ona ətraflı izahat verilmişdir, lakin adıçəkilən şəxs həmin görüş zamanı da maddi tələblər irəli sürmüşdür, bu hal da iddiaçının müraciətlərinin cavablandırılmaması ilə bağlı olan hissədə də iddiasının əsassız olduğuna dəlalət edir.
5. Məhkəmənin sorğusuna cavab olaraq İmişli Rayon Dövlət Arxivi tərəfindən İmişli Rayon İcra Hakimiyyəti başçısının 03 iyun 1996-cı il tarixli, 83 saylı sərəncamının təsdiq edilmiş surəti təqdim edilmişdir.
6. Məhkəmənin sorğusuna cavab olaraq İmişli Rayon İcra Hakimiyyəti tərəfindən İmişli Rayon İcra Hakimiyyəti başçısının 03 iyun 1996-cı il tarixli, 83 saylı sərəncamının təsdiq edilmiş surəti təqdim edilməklə İmişli Rayon İcra Hakimiyyəti başçısının 03 iyun 1996-cı il tarixii, 83 saylı sərəncamına xitam verilmədiyi bildirilmişdir.
7. İmişli Rayon İcra Hakimiyyəti başçısının şəhid X2 adının əbədiləşdirilməsi haqqında 03 iyun 1996-cı il tarixii, 83 saylı sərəncamından:
1. Qaravəlli kənd sakini 26 yanvar 1994-cü ildə torpaqlarımızın bütövlüyü uyğunda qəhrəmancasına öz canını qurban verib şəhidliyə qovuşan X2 adı “Tarix və diyarşünaslıq” muzeyinə verilməklə əbədiləşdirilsin.
2. İmişli şəhər üzrə RİHB-nin nümayəndəsi və muzeyin rəhbərliyinə tapşırılsın ki, İmişli şəhər “Tarix və diyarşünaslıq” muzeyinin qarşısında ad göstərən lövhənin asılmasına və digər təşkilati tədbirlərin yerinə yetirilməsini təmin etsinlər. Əsas: Rayon icra hakimiyyətinin “Yerlərə ad verilməsi və adların əbədiləşdirilməsi komissiyası”nın 23 aprel 1996-cı il tarixli qərarı
8. 2015-ci ildə aparılmış monitorinqin nəticlələrini əks etdirən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyasının 07.12.2015-ci il tarixli qərarına əsasən, İmişli, Zərdab və Qax rayon Mədəniyyət və Turizm şöbələrinin və tabeliyində olan müəssisələrin fəaliyyəti Nazirliyin işçi qrupu tərəfindən təhlil edilmiş, bir sıra mədəniyyət müəssisələrində baxış keçirilmiş və müəyyən edilmiş hallar qeyd edilmişdir.
9. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
10. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə təqdim edilmiş yazılı etirazı müdafiə etdi. Eyni zamanda bildirdi ki, muzeyin girişində vurulmuş lövhə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin işçi qrupu tərəfindən 2015-ci ilin sonunda İmişli rayon Mədəniyyət və Turizm şöbəsinin və tabeliyində olan müəssisələrdə aparılan monitorinqlər zamanı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın müvafiq bəndlərinə riayət edilmədiyi əsas götürülməklə götürülmüşdür. Lakin bununla belə, muzeyin ekspozisiya zalında şəhid X7 güşəsi yaradılmışdır. Tələb Azərbaycan Respublikasının Konstitusiya Mıəhkəməsinn “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24.04.2020-ci il tarixli Plenum qərarına və Ali Məhkəmənin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli 7 nömrəli qərarında göstərilən halların heç biri iddiaçı tərəfindən Mədəniyyət Nazirliyinə qarşı irəli sürülmüş iddia tələbi ilə uyğun deyil və bu hal bir daha iddia tələbinin təmin edilməməsi üçün əsasdır. İddiaçının İmişli rayon X4 girişində və həyətində lövhədə şəhid X2 adının bərpa edilməsi, eləcə də muzeyin möhür və ştampına adını daşıyan şəxsin adının və soyadının qeyd edilməsi öhdəliyinin cavabdeh İmişli rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsində işə baxılmış və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi cavabdehlər sırasından çıxarılmış, həmçinin İmişli rayon X4 girişində və həyətində lövhədə şəhid X2 adının bərpa edilməsi ilə bağlı iddia tələbinin təmin edilməməsi barədə 27.07.2021-ci il tarixli 2(120)-796 /2021 nömrəli qərar qəbul verilmişdir. Həmin qərardan iddiaçı Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermiş və adıçəkilən məhkəmə şikayətiin təmin edilməməsi barədə 02.11.2021-ci il tarixli 2-1(106)460/2021 nömrəli qərar qəbul etmişdir. Məhkəmənin sonuncu iclasında cavabdehin nümayəndəsi iştirak etmir, məhkəməyə yazılı vəsatət təqdim edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
11. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. Hazırki tələblə bağlı iddiaçının cavabdeh quruma çoxsaylı müraciətləri olmuş və tələbi təmin edilməmişdir.
13. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
14. Məhkəmə tərəfindən müəyyən edilir ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının şəhid X2 adının əbədiləşdirilməsi haqqında 03 iyun 1996-cı il tarixii, 83 saylı sərəncamına əsasən X2 adı “Tarix və diyarşünaslıq” muzeyinə verilməklə əbədiləşdirilmiş və İmişli şəhər “Tarix və diyarşünaslıq” muzeyinin qarşısında ad göstərən lövhədə asılmışdır.
15. Qeyd edilən lövhə 2015-ci ilə qədər həmin muzaryin qarşısında olmuş, 2015-ci ildə muzeyin girişində vurulmuş lövhə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin işçi qrupu tərəfindən 2015-ci ilin sonunda İmişli rayon Mədəniyyət və Turizm şöbəsinin və tabeliyində olan müəssisələrdə aparılan monitorinqlər zamanı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın müvafiq bəndlərinə riayət edilmədiyi əsas götürülməklə götürülmüşdür.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 3.1.2-ci maddəsinə əsasən Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhid adlarının küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılması yerli icra hakimiyyətlərinin həyata keçirdiyi tədbirlərə aiddir.
17. "Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 aprel 2019-cu il tarixli 137 nömrəli Qərarının 2-ci maddəsinə əsasən dövlət müəssisələrinin, təşkilatlarının, idarələrinin və digər obyektlərin adlarının dəyişdirilməsi, onlara görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin adlarının verilməsi ilə əlaqədar daxil olmuş təkliflər və Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında qaldırılmış vəsatətlər Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələri tərəfindən araşdırılır və nəticəsi barədə arayışla birlikdə baxılması üçün Komissiyaya təqdim edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 128 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydasından: 1.2.Azərbaycan Respublikasında mədəniyyət müəssisələrindən və mədəni sərvətlərdən istifadə etmək hüququ dövlət tərəfindən təmin edilir. Bu məqsədlə dövlət tərəfindən “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mədəniyyət sahəsində dövlət monitorinqi aparılır. 4.1. Mədəniyyət sahəsində dövlət monitorinqi mədəni sərvətlərin istifadəsinin və cari vəziyyətinin, mədəniyyət sənayesinin vəziyyətinin, mədəniyyət məhsullarının və xidmətlərinin kəmiyyətinin və keyfiyyətinin, maddi və qeyri-maddi mədəni irs obyektlərinin vəziyyətinə və istifadə qaydalarına riayət olunmasının, milli azlıqların, mədəni müxtəlifliklərinin vəziyyətinin, mədəniyyət sahələrində idarəetmə, kadr, maddi və texniki təchizatın cari vəziyyətinin, mədəniyyət sahəsində elm və təhsil müəssisələrində təhsil prosesinin və tədris proqramlarının müşahidələrindən ibarətdir.
19. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş 2015-ci ildə aparılmış monitorinqin nəticlələrini əks etdirən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyasının 07.12.2015-ci il tarixli qərarında, İmişli və Zərdab rayonlarının Mədəniyyət və Turizm şöbələrinin və tabeliyində olan müəssisələrin fəaliyyəti barədə məlumatda, İmişl, Zərdab və Qax Mədəniyyət və Turizm şöbələrinin və tabeliklərində olan müəssilərin fəaliyyəti barədə arayışda İmişli şəhər “Tarix və diyarşünaslıq” muzeyinin qarşısında ad göstərən lövhənin götürülməsi, eləcə də bunun monitorinq çərçivəsində aparılması və zəruriliyini əsaslandıran halları müəyyən etmir.
20. Azərbaycan Respublikası Konstitusiyasından: - 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
21. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008ci il tarixli 07 nömrəli qərarından: 1.Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir.
2. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.
22. Məhkəmə qeyd edir ki, Plenum qərarında göstərilən şəxsə mənəvi zərər vurulması halları ancaq bəzi kateqoriya işləri əhatə etməklə mənəvi zərərin vurulmasının bütün mümkün hallarını əks etdirmir, yəni mənəvi sarsıntının keçirilməsi qeyd edilənlərlə məhdudlaşmır. Odur ki, məhkəmə cavabdehin nümayəndəsinin qeyd edilən qərarda müəyyən edilmiş hallarının heç birinin iddiaçının tələbində göstərilənlərə uyğun olmamasına dair dəlilini və bununla da iddiaçının mənəvi təzminat tələb etməsi hüququnun istisna edildiyini qəbul etmir.
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
24. Məhkəmə qeyd edir ki, iddiaçının qardaşı şəhid X2 adının İmişli şəhər “Tarix və diyarşünaslıq” muzeyinin qarşısında ad göstərən lövhədə 1996-2015-ci ilədək asılmış olması işin mübahisəsiz halıdır. Həmin lövhə iddiaçı tərəfindən özbaşına asılmamışdır (yerli icra hakimiyyətinin buna dair səlahiyyəti olmuş olmasa belə).
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).
26. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2021-ci il tarixli qərarı).
27. Odur ki, məhkəmə həmin lövhənin götürülməsini monitorinqin məqsədlərinə uyğun olduğunu, eləcə də yerli icra hakimiyyətinin müvafiq səlahiyyəti olmasa belə, 20 ilə yaxın muzeyin qarşısında olmuş lövhənin şəhidin yaxınlarına bildirmədən götürülməsini “təxirəsalınmaz ictimai ehtiyaca” uyğun və “qarşıya qoyulmuş qanuni məqsədə mütənasib” hesab etmir.
28. X15 Məhkəməsinin presedent hüququna əsasən: - “zəruri” anlayışı “əvəzolunmaz” anlayışının sinonimi deyil, o cümlədən bu anlayış “qəbul edilən”, “adi”, “ağlabatan”, “faydalı” və ya “arzu edilən” ifadələrinə xas olan çevikliyə malik deyil; - Razılğa gələn dövlətlər məhdudiyyətlərin tətbiqi zamanı müəyyən, lakin qeyri-məhdud olmayan qiymətləndirmə sərbəstliyi hüququna malikdirlər, lakin onların Konvensiyaya uyğunluğuna dair yekun qiymətləndirmə Avropa Məhkəməsinin səlahiyyətindədir; - “demokratik cəmiyyətdə zəruri” anlayışı onu ifadə edir ki, müdaxilə Konvensiya ilə uzlaşmaqla “təxirəsalınmaz ictimai ehtiyaca” uyğun və “qarşıya qoyulmuş qanuni məqsədə mütənasib” olmalıdır; - Hüquqların təminatının məhdudlaşdırılmasına dair Konvensiyadakı maddələr məhdud təvsir olunmalıdırlar (X1rşı).
29. Odur ki, məhkəmə hesab edir ki, belə həssas məsələlərdə müvafiq inzibati aktın hüquqi qüvvəsinin olmaması şəhid ailələrinə izah edilməli, ailənin razılığı olmadığı təqdirdə uyğun hüquqi müdafiə vasitələri seçilməklə həmin lövhənin götürülməsi təmin edilə bilərdi. Qanunsuzluğun qanunsuz hərəkətlərlə aradan qaldırılması qanuni hesab edilə bilməz.
30. Məhkəmə eyni zamanda təqdim edilmiş fotoşəkillərə əsasən müəyyən edir ki, şəhid X2 İmişli şəhər “Tarix və diyarşünaslıq” muzeyində güşəsi hələ 2004-cü ildən mövcuddur. Odur ki, məhkəmə cavabdeh qurum tərəfindən həmin guşənin yaradılmasına dair dəlilini iddiaçının vəziyyətinə uyğun kompensiyasiya hesab etmir.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 24.04.2020-ci il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə görə, mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.
32. Odur ki, məhkəmə ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirməklə mənəvi zərərin miqdarının 2000 (iki min) manat müəyyən edilməsini yetərli hesab edir.
33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Mənəvi təzminatın əvəzi olaraq cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindən 2000 (iki min) manat tutularaq İddiaçı ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva