Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9198/2025 01.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzillə təmin edilmə” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra –İddiaçı) cavabdeh Bakı şəhər Cavabdehnə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçının ailəsi mənzil ehtiyacı olduğu üçün 1979-cu ildə qeydiyyata götürülmüşdür. Respublika Əhaliyə Xidmət Hazırlığı Kollegiyasının və Həmkarlar İttifaqı Komitəsinin 05 iyul 1990-cı il tarixli 6 nömrəli qərarına əsasən və Nəsimi rayon X3 İcraiyyə Komitəsinin 17 sentyabr 1990-ci il tarixli 157/3 nömrəli qərarı ilə 013815 saylı orderlə ailəsinin Nəsimi rayonunda yerləşən 1 may küçəsi (indiki D.Əliyeva), ev 225, mənzil 38, üç otaqlı, yaşayış sahəsi 50 kv.m mənzilə köçmək hüququ verilmişdir. Lakin həmin evə köçə bilməmişlər. 5 il (1991-1995-ci ilə kimi) işlərinə məhkəmədə baxılmışdır. Mənzilin keçmiş sahibi X7 1989-cu ilin aprelində vəfat etmişdir. Orada ondan başqa heç kim pasport qeydiyyatında olmamışdır. Sonra məlum olmuşdur ki, orada yaşayan Petrosovun oğlu Yuridir. Yuri 1983-ci ildə Bakıda pasport qeydiyyatından çıxmış, Rusiyaya getmişdir. Yuri orada altı ildən çox yaşamış, bununla da əvvəl yaşadığı yerdə mənzilə dair hüququnu itirmişdir. Yuri Petrosov həmin mənzilə həqiqi haqqını itirmiş bir şəxs kimi qeyri-qanuni olaraq qeydiyyata alınmış və qeyri-qanuni olaraq arvadı Kuznetsova İrinanı da qeydiyyata götürmüşdür. Əslində isə bütün bunlar qabaqcadan düşünülmüş bir oyun idi. Mənzili ələ keçirmək üçün X5 bütün variantlardan istifadə edərək mübahisəli evi öz adına keçirmək istəyirmiş. Axırda mənzili ev dəyişmə orderinə əsasən əldə etmişdir. 05 oktyabr 1992-ci il Nəsimi rayon Xalq Məhkəməsinin 2-1041 saylı iş üzrə qərarı ilə təsdiq olunmuşdur ki, Petrosov yaşayış hüququnu itirmiş biri kimi tanınmış, onun Kuznetsova ilə nikahı qeyri-hüquqi sayılmış və Kuznetsova İrina 1990-cı ilin avqustunda həmin mənzildə Y.H.Petrosovun arvadı kimi qeydiyyata götürülməsi ləğv edilmişdir. Bundan sonra da mənzilə köçə bilməmişdir. 09 avqust 1994-cü il tarixli 4q-45 saylı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Reyasət Heyəti öz qərarı ilə iddiaların düzgün olduğunu əks etdirmiş və iş üzrə Bakı Şəhər Məhkəməsinin 1993-cü il 15 dekabr tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 1994-cü il 23 fevral tarixli qərarı ləğv edilmişdir. Bakı şəhər prokurorunun iddiaçıya vermiş olduğu orderin etibarsız hesab edilməsinə dair iddiası rədd edilmişdir. Bundan başqa, Nəsimi rayon prokurorundan tələb olunmuşdur ki, əks tərəfin Y.M.Petrosova və İ.V.Kuznetsovaya mənzil yaşayış hüququnu itirdikləri və İ.V.Kuznetsova ilə X5 arasında mənzil dəyişdirilməsinin etibarsız olması nəzərə alınsın. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasında 3/1-1995-ci il tarixli xüsusi qərardadı X4 bu işlərdə onun heç bir günahı olmadığı üçün Nəsimi İcra Hakimiyyəti təcili surətdə mənzil məsələsinin həll edilməsinə köməklik etsin. Bakı şəhəri İH-in başçısı müavini B.T.Rəhimov cənablarından xahiş etmişdir ki, boşalmış mənzil fondundan istifadə edərək mənzil məsələsi həll edilsin. Cavab məktubu 5 ay keçdikdən sonra göndərilmişdir. xx.xx.1995-ci il tarixdə mənzillərdə qaçqın ailələrinin məskunlaşmasına görə mənzilin olmadığını bildirmiş və xahiş etmişdir ki, mənzil məsələsinin həlli üçün Bakı şəhər İcra Hakimiyyəti özü konkret mənzil ayırsın və məsələyə münasibətini bildirsin. Bakı şəhər İH iddiaçının boş mənzil fondundan təmin olunmalı olduğunu ərz etmişdir. Lakin bu məsələdə öz həllini tapmamışdır. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 18/2-20894 nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdənxx.xx.2019-cu il tarixədək ünvan 1 ünvanında, xx.xx.2019-cu il tarixədən hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-34873/2025 nömrəli, 7 avqust 2025 -ci il tarixli məktubundan görünür ki, İddiaçı adına Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 201, 23 saylı mənzilin 1/4 hissəsi, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 96 saylı qeyri yaşayış sahəsi ümumibirgə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri Cavabdeh xx.xx.2025-ci il tarixli, 5-15/2-1375/2025 nömrəli məktubdan görünür ki, X1 yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotu bərpa edilməmişdir. Cavabdeh başçısının aparatının xx.xx.2016-cı il tarixli Dilarə Eyyubovaya ünvanlanmış imtina məktubundan görünür ki, mərhum həyat yoldaşı X2 adına D.Əliyeva (keçmiş 1 May küçəsi) küçəsi 225 nömrəli evin 38 nömrəli mənzilinə verilmiş xx.xx.1990-ci il tarixli, 013815 nömrəli order Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.1995-ci il tarixli qərarı ilə etibarsız hesab edilmişdir. Bakı şəhəri Cavabdeh xx.xx.2025-ci il tarixli, 5-15/2-1164/2025 nömrəli məktubundan görünür ki, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən 201 nömrəli evin 23 nömrəli mənzilində yaşayan vətəndaş İddiaçı Cavabdehndə yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi qeydiyyata alınmamışdır. İşdən görünür ki, iddiaçı hazırda onun mənzillə təmin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, qüvvədə olan Mənzil Məcəlləsinə (bundan sonra –MM) əsasən: - maddə. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - maddə. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - maddə. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - maddə. 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. - maddə. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. - maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - maddə 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. - maddə 52. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. maddə. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. - maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - maddə 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. - maddə 55.1. aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə. Sadalanan normalardan görünür ki, şəxsin mənzillə təmin edilməsi üçün onun yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi, yəni yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması zəruridir. İşdən iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması, həmçinin Bakı şəhəri, Nəsimi rayonunun ərazisində yaşaması müəyyən edilmir. İddia ərizəsindən görünür ki, iddiaçı hazırkı tələbini irəli sürərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1995-ci il tarixli xüsusi qərardadına istinad etmişdir, hansı ki, həmin qərardadda göstərilmişdir ki, Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.1995-ci il qərarı ilə Bakı şəhər prokurorunun iddiası təmin edilmiş, M.Y.Eyyubova Nəsimi Rayon İK-nin 157/3 saylı qərarına əsasən verilmiş xx.xx.1990-cı il tarixli 013815 nömrəli order etibarsız hesab olunmuş, digər tələblərinin təmin olunmasından imtina edilmişdir. M.Y.Eyyubovun mənzilə orderin alınmasında təqsiri müəyyən edilmədiyindən onun yaşayış sahəsi ilə bağlı probleminin həll edilməsi və onun mənzillə təmin edilməsi Cavabdeh başsının nəzərinə çatdırılmışdır. Lakin işdən görünür ki, həmin qərardadda göstərilənlər Cavabdeh tərəfindən nəzərə alınmamış, X1 yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotu bərpa edilməmişdir. Bundan əlavə, M.Eyyubovun həmin uçotu bərpa edilsə belə, qüvvədə olan qanunvericilik həmin uçotun vəfat etmiş M.Eyyubovun əvəzinə qızı olan iddiaçı üçün saxlanılmasını nəzərdə tutumamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-9198/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9198/2025
01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver