Məhkəmə qərarları › İş №2-1(112)-9199/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9199/2023

19.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9199/2023 19.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinə (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “yenidənqurma və söküntü işlərinin aparılması ilə bağlı məsuliyyət tədbiri barədə qərarın qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsi ünvanında yerləşən binalarda uçma və dağılma təhlükəsi yaradan icazəsiz yenidənqurma və söküntü işlərinin aparılmasının qarşısının alınması sahəsində cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməklə sözügedən ünvanda müvafiq işləri aparan məhdud məsuliyyətli cəmiyyət barəsində inzibati və cinayət qanunvericiliyinə uyğun olaraq qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 2-1(112)-9199/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tikinti və söküntü işlərinin dayandırılması barədə Agentliyin xx.xx.2023-cü il tarixli 0312 nömrəli qərarı qəbul edilənədək yaşadığı ünvanda yerləşən binada uçma və dağılma təhlükəsi yaradan icazəsiz yenidənqurma və söküntü işlərinin aparılmasında Agentliyin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, sözügedən ünvanda qanunsuz olaraq söküntü işlərinin aparılması nəticəsində dəymiş 10 000 manat maddi və 50 000 manat mənəvi zərərin Agentlikdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmiş, sözügedən tələblə bağlı iddiaçının cavabdeh orqana ilkin müraciəti olmadığından məhkəmə tərəfindən iddianın dəyişdirilməsi icraata qəbul edilməmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, yaşadığı ünvan 1 ünvanında yerləşən binanın istifadəsində olan dövlət torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020ci il tarixli, 274 nömrəli sərəncamı əsasında "xxxx" MMC-yə icarə əsasında istifadəyə verilmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məktubunda Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov, X.Şuşinski, İ.Qasımov və M.B.Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə "xxxx" MMC tərəfindən çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilmədiyi bildirilmişdir. Həmçinin iddiaçı yaşadığı mənzilin yerləşdiyi bina qəza vəziyyətində olmadığı halda hansı əsasla cəmiyyət tərəfindən həmin ünvanda yerləşən binada mənzillərin sökülərək yararsız vəziyyətə salınmasına cavabdeh tərəfindən səlahiyyəti daxilində hərəkətsizlik göstərilməsi və buna nəzarət edilməsi barədə müraciət etmişdir. Belə ki, istismar olunan yaşayış evlərində, binalarda, qurğularda uçma və dağılma təhlükəsi yaradan icazəsiz yenidənqurma və söküntü işlərinin aparılmasının qarşısının alınması üçün tədbirlər işləyib hazırlamaq və onların həyata keçirilməsinə nəzarət etmək Agentliyin vəzifələrindən biri kimi qeyd edilmişdir. Lakin göründüyü kimi Agentlik Fərmanla təsdiq edilmiş Əsasnamə üzrə bu sahədə üzərinə düşən vəzifələrini lazımınca icra etməmiş və nəticədə vətəndaşların qanunla qorunan hüquq və mənafelərinə mühüm zərərlər vurulmuşdur. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun mümkün sayılmaqla təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını, mümkün olmadığı halda onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan “Yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 274 nömrəli sərəncamından görünür ki, “İnvest.M Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixli, 4 nömrəli müraciəti, Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 3-2170 nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, xx/xx-3341 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, **********42 nömrəli razılıq məktubları və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutunun xx.xx.2020-ci il tarixli rəyi nəzərə alınaraq, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. İddiaçı hazırda bu sərəncama istinad edərək üçüncü şəxsin Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində qanunsuz söküntü və tikinti işləri apardığını iddia edir və cavabdeh tərəfindən bu tikinti işlərinin qarşısının alınması sahəsində hərəkətsizlik göstərildiyini bildirməklə üçüncü şəxs barəsində inzibati və cinayət qanunvericiliyindən irəli gələn vəzifələrinin icra edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Eyni Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların: -3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; -3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 12ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Məhkəmə qeyd edir ki, inzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın yalnız inzibati hüquq sahəsindəki fəaliyyəti inzibati mübahisəyə əsas ola bilir. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti bilavasitə onun inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə deyildir. Bunun da məntiqi davamıdır ki, inzibati məhkəmə icraatında inzibati orqanların məhz inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. İş materiallarından müəyyən olunur ki, iddiaçının hazırkı iddia tələbi cavabdehin üzərinə onun inzibati xəta və cinayət qanunvericiliyindən irəli gələn vəzifələrinin yerinə yetirilməsi öhdəliyinin qoyulması, yəni cavabdehin inzibati xəta və cinayət işi barədə qərar qəbul edilməsinə məcbur edilməsidir, hansı ki, yuxarıda istinad edilən normalara əsasən inzbati mühakimə icraatı çərçivəsində cavabdehin üzərinə belə bir vəzifə qoyula bilməz. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunan normaların tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisə inzibati hüquq sahəsi ilə tənzimlənmədiyindən iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. O da qeyd edilməlidir ki, iş materiallarından görünür ki, Nəsimi rayonu, M.Mirqasımov, X.Şuşinski, İ.Qasımov və M.Topçubaşov küçələrinin kəsişməsində tikinti (söküntü) işlərinin dayandırılması barədə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 0312 saylı qərar qəbul edilmişdir. İşdə olan cavabdehin 03 may 2023-cü il tarixli müvafiq məktubundan da görünür ki, mütəxəssislər tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində aparılan tikinti işlərinə dövlət nəzarəti həyata keçirilən zaman Nəsimi rayonu, M.Mirqasımov, X.Şuşinski, İ.Qasımov və M.Topçubaşov küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən söküntüyə icazə sənədi olmadan söküntü işləri aparıldığı aşkar edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla söküntü işləri aparıldığı üçün sifarişçiyə söküntü işlərinin dayandırılması barədə 20 aprel 2023-cü il tarixli 0312 nömrəli “Qərar” verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.20-ci bəndinin tələbinə uyğun olaraq, qəbul edilmiş qərar icra üçün sifarişçiyə, surəti isə tikinti ərazisində tikinti işlərinin qarşısının alınması məqsədi ilə Nəsimi Rayon İcra Hakimiyyətinə və Nəsimi Rayon Polis İdarəsinə göndərilmişdir. Göründüyü kimi, artıq cavabdeh tərəfindən iddiaçının hüquqi marağına uyğun olan akt qəbul edilmiş, mübahisəli ünvanda tikinti (o cümlədən söküntü) işlərinin dayandırılması barədə qərar verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar