Məhkəmə qərarları › İş №2-1(112)-9199/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9199/2025

30.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9199/2025 30.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 30 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X2 və İstismarı Birliyi ilə X6 arasında bağlanmış 4 oktyabr 1993-cü il tarixli, “Bağın icarəyə verilməsi haqqında” 15420 №-li müqaviləyə əsasən Binəqədi rayon, Goradil qəsəbəsində 0,17 hektarlıq 359B saylı bağ sahəsini İddiaçı (bundan sonra – iddiaçı) istifadəsinə verilmişdir. Ayrılmış torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixli, X7 kitabında 1241 nömrə ilə uçota alınmış **********3000031 nömrəli Kadastr Planı tərtib edilmişdir. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakının dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, “...təqdim etdiyiniz X2 və İstismarı Birliyi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli, 15420 saylı müqavilənin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin idarənin arxiv məlumatlarına əsasən 15420 nömrə ilə başqa bağ massivində digər fiziki şəxsə bağ sahəsi ayrılmasına dair müqavilə nüsxəsi mövcuddur. Bundan əlavə koordinatlarla göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritəyə əsasən “360” saylı bağ sahəsinə uyğun gəlir və bağ sahəsinin bir hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşir.” İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsində yerləşən, “359B” nömrəli, sahəsi 1700 kv.m olan bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus Binəqədi rayonu, Görədil qəsəbəsində yerləşən və hazırda “359B” kimi tanınan torpaq sahəsi ilk dəfə 1986-cı ildə istifadəyə verilmişdir. Bu barədə xx.xx.1986-cı il tarixli icarə müqaviləsi mövcuddur və həmin müqavilə xx.xx.2007-ci il tarixində notarial qaydada təsdiqlənmişdir. Bu hüquqi münasibət Bakı Şəhər İcraiyyə Komitəsinin X1 üzrə Komissiyasının xx.xx.1993-cü il tarixli, 26 saylı Protokolu ilə rəsmi şəkildə təsdiqlənmişdir. Hər iki sənəd “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinin tələblərinə uyğun olaraq, hüquqların dövlət qeydiyyatı üçün hüquqmüəyyənedici sənəd sayılır. Həmçinin Bakı Şəhər İcraiyyə Komitəsi tərəfindən X1 üzrə Komissiyasının xx.xx.1993-cü il tarixli, 26 saylı Protokoluna əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixli kadastr planı hazırlanmış, döngə nöqtələrinin koordinatları müəyyən edilmiş və həmin sahə 1241 nömrəsi ilə X7 Kitabında uçota alınmışdır. Bu isə torpaq sahəsinin həm hüquqi, həm də texniki baxımdan dövlət səviyyəsində tanındığını göstərir. O bu torpaq sahəsini 1986-cı ildən bu günədək fasiləsiz olaraq özünün və ailə üzvlərinin şəxsi istifadəsində saxlamış, heç bir şəxs və ya qurum tərəfindən mübahisələndirilməyib və bu sahə üzərində uzun müddətli faktiki sahibliyi mövcuddur. Arxivdə sənədin olmaması onun iradədəsindən asılı olmayan haldır və bunun məsuliyyəti cavabdeh qurumun öz təşkilati-texniki fəaliyyətinə aiddir. Bundan əlavə, torpaq sahəsinin yerləşməsi və koordinat uyğunluğu məsələləri idarənin səlahiyyətinə daxil olan texniki məsələlərdir, mülkiyyət hüququnun tanınması üçün maneə ola bilməz. X4 və Xəritəçəkmə Komitəsinin 2006-cı il tarixli planına əsasən müəyyən olunmuşdur və sahə 1241 nömrə ilə uçota alınmışdır. Qeyd edilməlidir ki, cavabdehin başqa bir əsas kimi irəli sürdüyü elektrik xətlərinin mühafizə zonası faktı da hüquqi baxımdan əsassızdır. Bu hal yalnız torpaqdan istifadə qaydalarına təsir edə bilər, lakin daşınmaz əmlak üzərində hüququn tanınmasına və dövlət qeydiyyatına alınmasına hüquqi maneə təşkil etmir. Cavabdehin qeyd etdiyi arqumentlər hüquq nəzəriyyəsi və məhkəmə praktikası baxımından əsassız və hüquqi nəticə doğurmayan iddialardır. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın məzmunu imtina məktubu ilə eynilik təşkir edir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, X2 və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış 4 oktyabr 1993-cü il tarixli, “Bağın icarəyə verilməsi haqqında” 15420 №-li müqaviləyə əsasən Binəqədi rayonu, Goradil qəsəbəsində 0,17 hektarlıq 359B saylı bağ sahəsini iddiaçının istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin Kadastr Planı tərtib edilmişdir. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Belə ki, öhdəliyin icrası haqqında iddialarda ilk növbədə iddia tələbinin qanuni əsası müəyyən edilməli və tələbin qanuni əsasının dispozisiya şərtlərinin yerinə yetirilibyetirilməməsi yoxlanılmalıdır. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələri təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi adına olan müqaviləni təqdim edir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) X2 və İstismarı Birliyi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli, 15420 saylı müqavilənin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir; 2) idarənin arxiv məlumatlarına əsasən 15420 nömrə ilə başqa bağ massivində digər fiziki şəxsə bağ sahəsi ayrılmasına dair müqavilə nüsxəsi mövcuddur; 3) koordinatlarla göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritəyə əsasən “360” saylı bağ sahəsinə uyğun gəlir; 4) bağ sahəsinin bir hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşir; Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. 1-ci halla bağlı məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi Müqavilənin mötəbərliliyi iddiaçının təqdim etdiyi torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş Kadastr Planı ilə təsdiq edilir. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktub və ona əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş Kadastr Planının verilməsinə əsas olmuş arxiv sənədlərində iddiaçının hüquqmüəyyənedici sənəd kimi istinad etdiyi müqavilənin arxiv nüsxəsi məhkəməyə təqdim edilmişdir. Belə olan halda məhkəmə cavabdehin imtinasının birinci dəlilini əsassız hesab edir. 2-ci halla məhkəmə qeyd edir ki, cavabdeh idarənin arxiv məlumatlarına əsasən 15420 nömrə ilə başqa bağ massivində digər fiziki şəxsə bağ sahəsi ayrılmasına dair müqavilə nüsxəsi mövcud olduğunu bildirsə belə, bununla bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Digər tərəfdən başqa bağ sahəsində eyni müqavilə nömrəsinin olması, iddiaçıya aid olan Müqavilənin nömrəsinin mötəbərliliyi şübhə altına almır. Belə ki, hər hansı bir sənəd təqdim edilməsə də, cavabdeh İdarənin mövqeyindən aydın olur ki, Müqavilələlərin nömrələri eyni olsa da, eyni tarixli deyil, həmçinin Müqavilələr ayrı-ayrı bağ sahələrinə aiddir. Məhkəmə cavabdehin etirazının dəlili kimi istinad etdiyi 3-cü halla bağlı qeyd edir ki, məhkəmə tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi, 360 saylı bağ sahəsinə dair məlumatın və hüquqmüəyyənedici sənədlərinin təsdiq edilmiş surətini məhkəməyə təqdim edilməsi məzmunda cavabdehə sorğu ünvanlanmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, istinad edilən mövcud məhdud bazaya əsasən Goradil bağ massivi, 360 (təzə nömrə) saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Göründüyü kimi, cavabdeh koordinatlarla göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritəyə əsasən “360” saylı bağ sahəsinə uyğun gəldiyini bildirsə belə, cavabdehin arxivində 360 saylı bağ sahəsinə dair sənəd aşkar edilmədiyi müəyyən edilmişdir. Bunban başqa, , həmin uyğunsuzluqların mövcud olması iddiaçının təqsiri üzündən baş verə bilməz. Cavabdeh inzibati orqanın əsasnaməsinə uyğun olaraq həmin orqan adıçəkilən bağ sahəsinə dair mülkiyyət hüquqlarının təsdiqi barədə reyestrdən çıxarış tərtib edərkən mövcud olan uyğunsuzluqları aradan qaldırmalıdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Beləliklə, torpaq sahəsinin yerləşməsində hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Bağ sahəsinin bir hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən: - bənd 6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. - bənd 7. Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. - bənd 12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; Göründüyü kimi, qanunverici elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı deyil, həmin torpaq sahəsində görülən işlərlə bağlı məhdudiyyətlər nəzərdə tutmuş, bu zaman həmin işlərin görülməsini şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığından asılı etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən 359B saylı, sahəsi 0,17 ha olan bağ sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar