Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-920/2020 11.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N saylı hərbi hissənin, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N saylı hərbi hissənin tərkibində Füzuli rayonu ərazisində döyüş əməliyyatlarında iştirak etmişdir. 1994-cü il may ayında sənədləri toplanılaraq Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə namizədliyi verilmişdir. xx.xx.1994-cü il tarixdə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin şəxsi heyətinin siyahına bütün növ təminatla daxil olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0450 nömrəli, xx.xx.1998ci il tarixli əmri ilə ona leytenant hərbi rütbəsi verilmiş, sonrakı xidmətini MTN-i, DSX-i Sərhəd Qoşunlarında zabit qismində davam etdirmişdir. Ancaq ona məlum olmayan səbəblərdən xx.xx.1994-cü il tarixdən N saylı hərbi hissədə fərari kimi qeydə alınmış və 1994-cü il 20 may bütün növ təminatla şəxsi heyətin siyahısından çıxarılmışdır. Xidmət etdiyi müddət ərzində dəfələrlə müraciət etməsinə baxmayaraq hərbi hissə rəhbərliyi tərəfindən vəsatəti təmin olunmamışdır. 2018-ci il noyabr ayında Azərbaycan Respublikası Cavabdeh “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi komissiyasına yazdığı məktuba cavab olaraq, hərbi hissəni özbaşına tərk etmə müddəti dəqiq bilinmədiyindən və xidmət etdiyi hərbi hissə rəhbərliyinə müraciət etmədiyi səbəb kimi göstərilməklə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaya münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 9/210033 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 1 nömrəli əmrilə (əsas: səh.2, §1, sıra – 18) xx.xx.1993-cü il tarixdən şəxsi heyətin siyahısına bütün növ təminatlara salınmışdır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün İddiaçı olu N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 119 nömrəli əmrilə (əsas: səh 33, §1, sıra 6) şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılmışdır. N nömrəli hərbi hissədən gəlmiş 1972-ci il təvəllüdlü İddiaçı Bakı Ali Ümummqoşun Komandanlıq məktəbi rəisinin xx.xx.1994-cü il tarixli, 191 №-li əmrilə (əsas: səh.416, §1, sıra – 14) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınmışdır. N nömrəli hərbi hissə komandirinin maysentyabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Bakı Ali Ümumqoşun Komandanlıq məktəbinə göndərilməsi barədə məlumat aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, 1/71-16534 nömrəli arayışdan görünür ki, iddiaçının ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərinə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin veirlməsi üzrə komissiya”nın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olnan sənədlər geri qaytarılmışdır. Hərbi hissəni özbaşına tərk etmə müddəti dəqiq bilinmədiyindən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 noyabr 2016-cı il tarixli, 438 nömrəli Qərarına əsasən son xidmət etdikləri yerə müraciət olunması səbəbindən ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İşdə olan Füzuli Hərbi Prokurorluğu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 17/4151 nömrəli məktubdan görünür ki, İddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda hal-hazırda təqsirlindirici material və ya cinayət işi olmamışdır. İşdə olan EZ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1990-xx.xx.1990-ci il tarixlərdə N saylı hərbi hissədə müdavim, xx.xx.1990-xx.xx.1991-ci il tarixlərdə N nömrəli hərbi hissədə Qumbaratan, xx.xx.1993-xx.xx.1994-cü il tarixlərdə N nömrəli hərbi hissədə atıcı, xx.xx.1994-xx.xx.1994-cü il tarixlərdə N saylı hərbi hissədə, xx.xx.1994.xx.xx.1998-ci il tarixlərdə BABKM-də Müdavim, xx.xx.1998-xx.xx.1998-ci il tarixlərdə BABKMdə, xx.xx.1998-xx.xx.2003-cü il tarixlərdə MTN SQBU h/H 2006-da, xx.xx.2003-xx.xx.2018-ci il tarixlərdə DSX 1-ci SDV işləmişdir. Məhkəməişdə olan sübutlara qiymət verərək cavabdehin imtinasını aşağıdakı əsaslara görə əsassız sayır və hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, cavabdeh öz imtinasında iddiaçınınhərbi hissəni özbaşına tərk etmə müddətinin dəqiq bilinmədiyinə istinad etsə də, faktiki olaraq iş materiallarına əlavə olunmuş hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə N nömrəli hərbi hissədə xidməti bitmiş, həmin tarixdə o, Bakı Ali Ümumqoşun Komandanlıq məktəbinə daxil olmuşdur. İddiaçının Bakı Ali Ümumqoşun Komandanlıq məktəbinə N nömrəli hərbi hissədən gəlməsini eləcə də, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 9/2-10033 nömrəli arayış da təsdiq edir. Belə ki, həmin arayışın 3-cü abzasında qeyd edilir ki, N nömrəli hərbi hissədən gəlmiş 1972-ci il təvəllüdlü İddiaçı Bakı Ali Ümumqoşun Komandanlıq məktəbi rəisinin xx.xx.1994-cü il tarixli, 191 nömrəli əmrilə (əsas: səh.416, §1, sıra 14) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınmışdır. Eləcə də, məhkəmə cavabdehehin imtinası ilə bağlı əlavə olaraq qeyd edir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin Qeyd hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər müharibə veteranı sayılmırlar. Göründüyü kimi, qanunverici hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə görə məhkum edilmiş və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərin müharibə veteranı sayılmadığını qeyd etmişdir ki, işin halları ilə isə müəyyən olunur ki, iddiaçı barəsində Hərbi Prokurorluqda hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə görə cinayət təqibi olmamış, barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməmiş, məhkum edilməmiş, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə müvafiq olaraq inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, işdə olan sənədlərdə arayış və digər mötəbər sübutlar vardır ki, onlar iddiaçının hərbi hissə tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etməsini təsdiq edir. Belə olan halda, hazırki işdə İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinin digər hissəsinin, yəni, “Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür” tətbiq edilməsinin zərurətinin ortaya çıxması barizdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki halda cavabdeh orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, bununla da iddiaçının tələbi əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. «Hərbi xidmətkeçmə haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin «Azərbaycan Respublikasının Silahlı Qüvvələri Haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Həmin Qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Sərhəd Qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikasının vətəndaşları və başqa dövlətin, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışa çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluçu statusu əldə edir və Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahısından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun «X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya suyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməlllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hərkəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və iddiaçıya «müharibə veteranı» adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 58, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-920/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-920/2020
11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver