Məhkəmə qərarları › İş №2-1(112)-920/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-920/2024

13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-920/2024 13.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X13 Ağa qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteran adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Müharibə veteran adı və vəsiqəsinin verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 18 mart 1992-ci il tarixdə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmək üçün Bakı şəhəri Qaradağ rayon Hərbi Komissarlığına müraciət edərək könüllü torpaqların azad olunması uğrunda gedən bir sıra döyüşlərdə iştirak etmişdir. Milli Qəhrəman adına layiq görülmüş şəhid Koroğlu Rəhimovla eyni batalyonda xidmət etmişdir. Koroğlu Rəhimov bir rotanın komandiri, o, isə digər rotanın komandirinin müavini olmuşdur. O, ilk olaraq Goran qəsəbəsində TTMdə N saylı briqadanın nəzdində N saylı hərbi hissədə zabit qismində 2-ci Bakı Batalyonunun bölük komandiri müavini kimi təlimlərdə iştirak etmişdir. Xidməti müddətində Tərtər rayonu Marquşovan kəndi, Xanlar rayonu Sarısu yüksəkliyində Koroğlu Rəhimovla birgə keşik çəkmişdir. Sonra isə ağır döyüşlər gedən Ağdərə rayonu uğrunda, Buzluq yüksəkliyinin alınmasında, Tərtər rayonunun Maqadiz kəndi uğrunda gedən ağır döyüşlərdə və Goranboy rayonu Ekəç, Mənəş, Baş kənd və Gülüstan kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 3 iyul 1992-ci ildə Ağdərə rayonu uğrunda gedən ağır döyüşlər zamanı qəhrman döyüşçü rota komandiri Koroğlu Rəhimov şəhid olmuşdur. Hesab edir ki, Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş şəhid Koroğlu Rəhimovla şərəfli döyüş yolu keçmiş bir vətəndaş kimi layiq olduğu müharibə veteranı adını alması çox ədalətli və qürurverici hal olardı. O, bununla bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivə dəfələrlə müraciət edərək qeyd edilən döyüşlərdə iştirak etməsi ilə bağlı ona müvafiq arayış verilməsini xahiş etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Hesab edir ki, bu ona qarşı ciddi hüquq pozuntusu kimi qəbul edilməlidir. Çünki, onun müvafiq hərbi hissələrin tərkibində döyüşlərdə iştirakı barədə məlumat aşkar edilməməsi fikri heç bir məntiqə sığmır. Əlavə olaraq 23 iyun 1992-ci il tarixdə Maqadiz kəndi uğrunda gedən ağır döyüşlərdə xeyli itkilər verərkən, şəhidlərin nəşlərinin onların ailələrinə çatdırılması üçün o zaman briqada komandiri olan cənab Nəcməddin Sadıqov tərəfindən ona verilmiş müvəqqəti vəsiqə də, onun bir bölük komandirinin müavini olması faktını təsdiq edir. Həmin döyüşlərdə fədakarlıqla döyüşərək şəhid olmuş 1963-cü il təvəllüdlü Cəfərov Əli Hİkmət oğlunu, 1965-ci il təvəllüdlü X5, 1969-cu il təvəllüdlü X6 və 1970-ci il təvəllüdlü XN nəşlərinin onların ailələrinə çatdırılmasında şəxsən iştirak etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin xx.xx.2023-cü il tarixli 11 nömrəli arayışından da, görünür ki, o, həqiqətən də, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Ağdərə rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Eyni zamanda yuxarıda qeyd olunan hərbi hissələrdə xidmətdə olması barədə ona məxsus ZE ******* nömrəli hərbi biletdə də, müvafiq qeydlər vardır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının N nömrəli hərbi hissədə hərbi xidməti və qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 10 fevral 2023-cü il tarixli 4/2-691 nömrəli arayışına əsasən N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında İddiaçı xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Bu isə qüvvədə olan Veteranlar haqqında qanunvericiliyin tələblərinə əsasən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini birbaşa istisna edir. Həmçinin məhkəmənin nəzərinə çatdırılmışdır ki, istər arxiv arayışlarında, istərsə də, iş materiallarında olan digər sənədlərdə iddiaçının N nömrəli hərbi hissənin tərkibində xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur.

4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsinə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 4/2-691 nömrəli məktuba əsasən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993, N nömrəli hərbi hissə komandirinin aprel-dekabr 1992-ci il, yanvar-dekabr 1993, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin zabit heyətinin əlifba qeydiyyatı kitablarında onun xidməti barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə komandirinin mart 1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən İddiaçı barəsində xx.xx.2022-ci il tarixli 4/2-4250 nömrəli məktubla SHXÇDX-nin Bakı şəhər Suraxanı rayon İdarəsinə və 05.0.2022-ci il tarixli 4\2-4327 nömrəli məktubla Azərbaycan Vətən Müharibəsi X3 Sumqayıt şəhər Şöbəsinə cavab göndərilmişdir.

7. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Suraxanı rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 11 nömrəli arayışa əsasən 1967-ci il təvəllüdlü istefada olan leytenant İddiaçı həqiqətən xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N saylı hərbi hissənin tərkibində Ağdərə rayonu uğrunda gedən döyüşlərdə xidmət keçmişdir. Əsas:ZE №0001851 nömrəli hərbi bilet göstərilmişdir.

8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı N nömrəli hərbi hissə komandiri tərəfindən N nömrəli batalyonda olması ilə bağlı müvəqqəti vəsiqə verilmişdir.

9. Bakı şəhəri Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.1992ci il tarixli 1817 nömrəli arayışa əsasən İddiaçı 19 mart 1992-ci ildə Bakı şəhəri Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13N nömrəli 16 mart 1992-ci il tarixli qərarına əsasən Qarabağ və rayonalrın yaşayış məntəqələrinin könüllü müdafiəçilərinə arayışda göstərilən imtiyazlar müəyyən edilib.

10. ZE nömrəli ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1992-xx.xx.1992ci il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində olmuşdur. Buzlıq, Gülüstan, Maqadiz və Ağdərədə döyüş əməliyyatlarında iştirak etmişdir.

11. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş 17 may 2023-cü il tarixli 4/2-2548 nömrəli, 24 iyun 2023-cü il tarixli 4/2-3439 nömrəli və 11 yanvar 2024-cü il tarixli 5N nömrəli cavab məktublarına əsasən Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N () nömrəli hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993-cü il, N nömrəli hərbi hissə komandirinin aprel-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin zabit heyətinin və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar edilməmişdir.

12. Məhkəmənin sorğusuna əsasən N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2348 nömrəli cavaba əsasən 1992-1993-cü illərin nizami hissə üzrə əmrlər kitabı Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə təhvil verildiyi üçün İddiaçı N nömrəli hərbi hissədə xidmət etməsi ilə bağlı məlumatın verilməsi mümkün deyil.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 öz izahatında bildirmişdir ki, o, iddidaçı ilə bir yerdə döyüşmüş, çiyin-çiyinə vuruşmuşlar. Orada çox böyük oğullar, igidlər şəhid olmuşdur. Onlar birgə Murov bölgəsində vuruşmuşlar.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə haqqında iddia növünə aiddir.

15. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

19. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir.

20. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə işdə iştirak edən iddiaçının vəkilinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

22. Məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır.

23. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.

25. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir.

26. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

27. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusunu almaq üçün hərbi bileti arxiv arayışları ilə birgə, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayış, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahı (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) təqdim etməlidir.

28. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).

29. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.

30. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan tələblərini işin faktiki hallarına tətbiq edərək qeyd edir ki, işin hallarından göründüyü kimi, iddiaçının hərbi biletində onun xx.xx.1992-xx.xx.1992-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə Qarabağ döyüşlərində iştirak etməsi qeyd olunmuş, lakin, xidməti barədə (hərbi hissəyə daxil olma, qanuni əsaslarla ehtiyata buraxılma və döyüş əməliyyatlarında iştirak etmə və s. barədə) hərbi hissənin nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində hər hansı bir məlumat aşkar edilməmişdir.

31. Beləliklə, işin yuxarıda qeyd edilən hallarına əsasən məhkəmə belə bir qənaətə gəlir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş hərbi qulluqçulara hərbi biletlə yanaşı, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları təqdim edilməli olduğundan, iddiaçının isə döyüş əməliyyatları aparılan hərbi hissədə xidmət etməsi barədə hərbi hissənin nizami hissə üzrə əmrlərinin olması işin halları ilə sübuta yetirilmədiyindən iddia tələbi təmin edilməməlidir.

32. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

33. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

34. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

35. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

37. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X7 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

38. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

40. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

41. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 42.Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

43. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

44. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

45. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar