Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-920/2025 27.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 İdris oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-1785 ünvanında 0.0923 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin İddiaçı aid mülkiyyət hüququ üzrə adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-1785 ünvanında 0.0923 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Torpaq üzərində layihəyə uyğun fərdi yaşayış evi tikilmişdir. Fərdi yaşayış evi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən məlumatlandırma icraatı qaydasında ərizə ilə Bakı şəhəri, Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Daha sonra cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqandan heç bir cavab verilməmişdir. İnzibati orqanın hərəkətsizliyinə görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15ci maddəsində çıxarışın verilməsində imtina üçün nəzərdə tutulmuş hər hansı bir əsasa söykənmədən qanunsuz imtina məktubu vermişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli yazılı etirazında göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-1785 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə müraciət etmiş və **********12 nömrəli, xx.xx.2024-cü il tarixli, məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman məlum oldu ki, üç + mansard mərtəbəli çox mənzilli yaşayış binası (apartman) inşa edilib, birinci mərtəbənin döşəməsindən mansard mərtəbənin tavanına qədər olan hündürlük 12.1 metr təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili hər biri ayrıayrılıqda iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-1785 ünvanında yerləşən 0,0923 ha torpaq sahəsi İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd olunmuşdur ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-1785 ünvanında yerləşən torpaq sahəsi üzərində yeni inşa edilmiş fərdi yaşayış evi barəsində məlumatlandırma icraatı qaydasında müraciəti olunmuşdur. Həmin məktuba əlavə edilmiş müraciətin surətindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mərtəbələrin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq- planlaşdırma bölməsi hazırlanaraq RİH-nə təqdim olunması tələb olunur. Təqdim edilən memarlıq planlaşdırma bölməsinə və hüquqi sənədlərə RİH-də baxılaraq məlumatlandırma icraatı qaydasında Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş qaydada Tikintilərin Dövlət Reyestrinə göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna qoşma olaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-1785 ünvanına dair sənədlərin surətləri göndərilmişdir. Həmin məktuba əlavə edilmiş sənədlərin surətindən görünür ki; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-1785 ünvanında yerləşən 0,0923 ha torpaq sahəsi İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X2 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-1785 ünvanında yerləşən ümumi sahəsi 0,0923 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə ona məxsus hissəsini İddiaçı mülkiyyətinə vermişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-1785 ünvanında yerləşən 0,0923 ha torpaq sahəsi X2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin kənd təsərrüfatı müəssisəsinin 21 may 2003-cü il tarixli, 28 nömrəli vətəndaşlara həyətyanı torpaq sahəsinın ayrılması haqqında Əmrinə əsasən fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən X1 0,10 ha həyətyana torpaq sahəsi ayrılmışdır. Abşeron Rayon İcra Hakimiyyətinin 20 avqust 1999-cu il tarixli, 096 nömrəli Sərəncamına əsasən X1 fərdi yaşayış evinin tikintisi üçün 0,10 hektar torpaq sahəsi ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7248/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə Məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə qərardadının icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2025-ci il tarixli, 10/8968 nömrəli Ekspert rəyində tədqiqatın nəticələri qeyd edilmişdir: Sual 1. Bakı ərazi idarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1- 1785 ünvanında yerləşən fərdi yaşayış evinin memarlıq planlaşdırma bölməsi ilə faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddurmu (Mövcud olduğu təqdirdə nədən ibarət olması göstərilsin)? Cavab: Bakı ərazi idarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-1785 ünvanında yerləşən fərdi yaşayış evinin memarlıq planlaşdırma bölməsi ilə faktiki vəziyyəti arasında uyğunsuzluq mövcud deyil. Sual 2. Bakı ərazi idarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1- 1785 ünvanında yerləşən fərdi yaşayış evi iş materiallarında olan layihəyə uyğun və yerləşmə vəziyyətinə görə həmin ünvanda yerləşən, iş materiallarına əlavə edilmiş 578526 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0,0923 ha torpaq sahəsində inşa edilmişdirmi? Cavab: Bakı ərazi idarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-1785 ünvanında yerləşən fərdi yaşayış evi iş materiallarında olan layihəyə uyğun və vəziyyətinə görə həmin ünvanda yerləşən, iş materiallarına əlavə edilmiş 578526 saylı əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0.0923 ha torpaq sahəsində inşa edildiyi müəyyən edilmişdir. Sual 3. Bakı ərazi idarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1- 1785 ünvanında yerləşən tikilinin birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) hündürlüyü neçə metrdir? Cavab: Bakı ərazi idarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-1785 ünvanında yerləşən tikilinin birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək olan hündürlük 11.50 metr təşkil edir. Sual 4. Bakı ərazi idarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1- 1785 ünvanında yerləşən tikilinin aşırımlarının uzunluğu neçə metrdir? Cavab: Bakı ərazi idarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-1785 ünvanında yerləşən tikilinin aşırımlarının uzunluğu 6 metr təşkil edir. Sual 5. Bakı ərazi idarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1- 1785 ünvanında yerləşən tikilinin təyinatı nədir? Cavab: Mülki iş materialına əlavə edilmiş memarlıq planlaşdırma bölməsinin sənədlərinə əsasən, inşa olunmuş tikilinin təyinatı yaşayış üçün nəzərdə tutulmuşdur. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.10.2-ci maddəsinə əsasən, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanununun 8.0.4-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-1785 ünvanında 0.0923 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli reyestr tərtib olunmuşdur. Hazırda iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-1785 ünvanında 0.0923 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın və texniki pasportun verilməsini tələb etməkdədir. Cavabdehin imtina əsaslarından biri birinci mərtəbənin döşəməsindən mansard mərtəbənin tavanına qədər olan hündürlüyün 12.1 metr təşkil etməsidir. Lakin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-1785 ünvanında yerləşən fərdi yaşayış evinin memarlıq planlaşdırma bölməsində birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək olan hündürlüyün 11.50 metr olduğu qeyd olunmuşdur. Sözügedən uyğunsuzluğun müəyyənləşdirilməsi üçün məhkəmə tərəfindən Məhkəmə tikinti- texniki ekspertizası təyin edilərək cavabdehin imtina əsası araşdırılmış, ekspert qarşısında müvafiq suallar qoyulmuşdur. Təqdiqatın gəlinən nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-1785 ünvanında yerləşən fərdi yaşayış evinin memarlıq planlaşdırma bölməsi ilə faktiki vəziyyəti arasında uyğunsuzluğun olmadığı və tikilinin aşırımlarının uzunluğu 6 metr təşkil etdiyi müəyyənləşdirilmişdir. Həmçinin fərdi yaşayış evinin memarlıq planlaşdıma bölməsində, istərsə də ekspert tərəfindən təqdim edilmiş rəy ilə sabit olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-1785 ünvanında yerləşən tikilinin birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək olan hündürlük 11.50 metr təşkil edir. Belə olduğu halda məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə və inzibati praktikaya zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 1-1785 ünvanında 0.0923 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin İddiaçı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqla çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №2-1(112)-920/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-920/2025
27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver