Məhkəmə qərarları › İş №2-1(112)-9212/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9212/2024

22.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9212/2024 22.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş xx.xx.2022-ci il tarixli 3-cü dərəcəli əlillik qiymətləndirilməsi barədə Qərarın dəyişdirilərək ona həmin tarixdən 3-cü dərəcəli əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 24 iyun 2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona təyin edilmiş xx.xx.2022-ci il tarixli üçüncü dərəcəli əlillik qiymətləndirilməsi barədə Qərarın dəyişdirilərək, ona həmin tarixdən ikinci dərəcəli əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul olunmuşdur. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1989-cu ildə doğulmuş, xx.xx.2012-ci il tarixdən AR Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. İddiaçı ona əlillik təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş və iddiaçıya xx.xx.2017-ci il tarixdə 2-ci dərəcəli əllik təyin edilmişdir. Təyin edilmiş əlillik 5 il müddətinə, yəni xx.xx.2022-ci il tarixədək təyin edilmişdir. Əlillik təyinatı zamanı əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik qeyd edilməklə iddiaçıya ’’Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Aprel dövüşlərində-(xx.xx.2016-cı ildə) düşmən mərmisinin partlaması nəticəsində sol çənə bucağına qədər keçən kor qəlpə yaralanması nəticəsində sol almacıq süyünün sol Haymor boşluğunun, sol infraorbital kənarın 8.5 sm sümük defektinə, əngin 3.5 sm sümük defektinə görə açıq üsulla repazisiya, plastinka ilə inernal fiksasiya əməliyyatından s/v. Kəllədaxili travma, Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Piramid çatışmazlıq və kəskin nəzərə çarpan vegetativ və hərəkikordinator funksiyanın mühüm pozulması ilə.” diaqnozu qoyulmuşdur. Daha sonra iddiaçı təkrar qiymətləndirmədən keçmiş və ona təyinat tarixi xx.xx.2022-ci il olmaqla müddətsiz olaraq əlillik səbəbi AR Ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3-cü dərəcəli əlillik təyin edilmişdir. Qeyd edilən 3-cü dərəcəli əlillik təyin edilən zaman "Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sağ bazu kələfinin posttravmatik pleksitinin qalıq əlamətləri, Traxeostomanın olması, Sümük defektinə görə aparılmış yaranın birincili cərrahiyyə (xx.xx.2016). traxesiomiyanın qoyulması (xx.xx.2016), açıq üsulla sınıqların repozisiyası, mini və dinamik rekonstruksion lövhələr ilə internal fıksasiya (xx.xx.2016), sağ qalça darağından götürülən sümük qrefti ilə rekonstruktiv bərpası və internal fiksasiyası (xx.xx.2016), sol tərəfli torakosentez, sol plevra boşluğunun drenajı, sol İV. Kəllə sümükləri və üz sümüklərinin çoxsaylı sınıqları, Üzün sol yarısının kor qəlpə yaralanması, Üz sinirinin zədələnməsi, Solda ümumi əzələlərin kobud pozulması, Üçlü sinirin nevrologiyası ilə, Üz sümüklərinin sınıqlarının skelet, yumşaq toxumalar və sümük köçürülməsindən sonrakı vəziyyət. Almacıq sümüyü və əngin sınığı. Sol almacıq sümüvünün. sol əng cibi divarlarının yerdəyişmiş sınıqları.” diaqnozu qoyulmuşdur. İddiaçı dəfələrlə (xx.xx.2023 və xx.xx.2024-cü il tarixdə) ərizə ilə cavabdehə orqana müraciət edərək onun əlillik vəziyyətinin qiymətləndirilməsi barədə verilmiş xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilməsini xahiş etmişdir. Həmin müraciətlər əsasında iddiaçı tərəfindən təqdim edilmiş tibbi sənədlər əsasında və ətraflı müayinə nəticəsində iddiaçının əlillik qiymətləndirilməsi barədə qəbul edilmiş qərarın qüvvədə saxlanılması qənaətinə gəlinmişdir. Bu barədə iddiaçıya 3-17-4/2-Ə-10745/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Cavabdeh orqanın qüvvədə olan əlillik qiymətləndirilməsi qərarının dəyişdirilməməsinə yönəlmiş hərəkətləri əsaslı olmamışdır. Belə ki, iddiaçıya ilkin olaraq təyin edilmiş 2-ci dərəcəli əlillikdə qeyd edilmiş diaqnozlarla hazırda mövcud əlillik qiymətləndirilməsindəki diaqnozlar ilə eynilik təşkil edir. Bundan başqa cavabdeh orqan tərəfindən qüvvədə olan əlillik qiymətləndirilməsinə nəzər yetirdikdə orqanizmin funksiyalarının itirilmə faizinin məhz 60 faiz olaraq qeyd edilməsi bu qərarı qəbul edərkən iddiaçıya münasibətdə qərəzin olmasına dəlalət edir. Belə ki, AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 11 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın 1.11-ci bəndinə əsasən Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış “Göndərişin natamam doldurulması - Səbəb: - xx.xx.2022-ci il tarixli Qərar qüvvədə saxlanılır (Göndəriş ta.-xx.xx.2022)” əsası ilə Mərkəzə geri göndərilmişdir. Cəlilabad rayon sakini xx.xx.1989-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli Y00006117SBT nömrəli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 60 faiz pozulması barədə qərar qəbul edilmişdir (ESDAS: **********0). Daha sonra əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli N00095216KSE nömrəli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. (ESDAS: 3-17-4/3-1- 17043/2023). Yenidən əlillik təyinatının gücləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 1046 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması nəticəsində (xx.xx.2016) üzün sol yarısının kor qəlpə yaralanması, sol almacıq sümüyünün, sol əng cibi divarlarının, sol infraorbital kənarın, göz yuvasının aşağı divarının, çənənin sol cismi, bucağı və qalxan şaxəsinin qəlpəli açıq yerdəyişmiş sınıqları və soltərəfli subtotal geniş sümük toxuma defektinə 8.0 sm, çənənin 46,47-ci dişlərinin tacının travmatik sınıqları, əngin sol infraorbital kənarın, göz yuvası aşağı divarının, əng cibinin ön divarını əhatə edən 3.0 sm-ə qədər geniş sümük defektinə görə aparılmış yaranın birincili cərrahi işlənməsi (xx.xx.2016), traxeostomanın qoyulması (xx.xx.2016), açıq üsulla sınıqların repozisiyası, mini və dinamik rekonstruksion lövhələrilə internal fiksasiyası (xx.xx.2016), sol çənə bucağından qalxan şaxəyə doğru 4,0 x 1,5 sm ölçüdə sümük defektinə görə, sağ qalça darağından götürülən sümük grefti ilə rekonstruktiv bərpası və internal fiksasiyası (xx.xx.2016) cərrahiyyə əməliyyatlarından sonra üz-çənə nahiyəsinin kontrakturası, çeynəmə funksiyasının mühüm dərəcədə pozulması ilə. Sol üz sinirin yanağ şaxəsinin və üçlü sinirin çənə şaxəsinin zədələnməsinin qalıq əlamətləri, funksiyanın mühüm dərəcədə pozulması ilə. Döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor qəlpə yaralanması (xx.xx.2016), sol tərəfli hemopnevmatoraksa, sol İV, V qabırğaların açıq, qəlpəli sınığına görə aparılmış yaraların birincili cərrahi işlənməsi, (xx.xx.2016) yad cisimlərin çıxarılması (qəlpə), sol tərəfli torakosentez, sol plevra boşluğunun drenajı cərahiyyə əməliyyatından (xx.xx.2016) sonrakı bərkimiş dəri çapıqları, xarici tənəffüs funksiyasının pozulmaması ilə, sol İV, V qabırğanın arxa qövsündə kafi bitişmiş sınıqlar, sağ tərəfdə İX, X, sol tərəfdə Xİ, Xİİ qabırğaarası sahələrinin yumşaq toxumalarda yad cisimlər (metal qəlpə) Kəllədaxili travma. Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Piramid çatışmazlıq və kəskin nəzərə çarpan vegetativ və hərəki-kordinator funksiyanın mühüm pozulması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, ‘‘Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrılarından, əsəbilikdən, çənəsində hərəki məhdudiyyətdən, qida qəbulunun çətinləşməsindən şikayətlənmiş, sol döş qəfəsinin ön və arxa səthində, sol beldə, sol sağrı və sol budun yuxarı 1/3-də, sol yanaqda çapıqlar, sol tərəfli torakosintez, sol boyun, sol yanaqda, sağ qalçada əməliyyat çapıqları izlənilmiş, çənədə hərəki məhdudluq müəyyən edilmişdir. Obyektiv baxış zamanı nevroloji ocaqlı patologiya aşkar edilməmiş, auskultasiyada ağciyər payları üzərində vezikulyar tənəffüs eşidilmiş, tənəffüs keçiriciliyi simmetrik, saturasiya SpO2-99%, puls- 108 vurğu, tənəffüs hərəkətlərinin sayı 17 olmuşdur” kimi qeyd olunmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 60 faiz pozulması barədə qərar qəbul edilmişdir. Növbəti dəfə, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, başgicəllənmə, görmə zəifliyindən şikayətlənmişdir. Anamnestik məlumatlarında çənə sümüyündə sınıq olduğunu, sağ gicgah-çənə oynağında hərəkət məhdudluğu olduğunu, bir neçə dəfə cərrahi əməliyyat keçirdiyini bildirmiş, medikamentoz preparatlardan “Cycladole” qəbul etdiyini qeyd etmişdir. Müayinə zamanı boyunun arxa səthində, sağ kürək və belin sol nahiyəsində, sol döş qəfəsinin ön səthində torakosintez əməliyyatına müvafiq, sol yanaq nahiyəsində yaralanmaya və keçirilmiş əməliyyatlara müvafiq çapıq toxumalar izlənilmiş, dişlərin 1,5 sm bir-birindən aralı olması müşahidə edilmişdir. Nevroloji baxış zamanı üzün sol yarısının mimiki əzələlərinin mülayim parez izlənilmiş, göz almalarının hərəkətləri tam, işıq refleksi canlı olmuş, yuxarı və aşağı ətraflarda əzələ gücü və tonus normal, reflekslər canlı alınmış D=S, Romberg vəziyyətində dayanıqlı, serebellar sınaqları uğurla icra etmişdir. Auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, döş qəfəsi tənəffüs aktında simmetrik iştirak etmiş, saturasiyası 98%, nəbzi 83 vurğu, tənəffüs sayı 16 müəyyənləşdirilmişdir” kimi qeyd olunmuş, xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 60 faiz pozulması barədə qərar qüvvədə saxanılmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, yuxusuzluq, təngnəfəslik, sol yuxarı ətrafında gücsüzlükdən şikayətlənmişdir. Anamnestik məlumatlarında alt çənəsində sınıq olduğunu, oturaq sinirinin zədələndiyini bildirmiş, medikamentoz preparatlardan “Klonozepam”, “Disbaksol” qəbul etdiyini qeyd etmişdir. Müayinə zamanı sol alt çənədə yaralanma və əməliyyat çapığı, döş qəfəsinin sağ arxa, sol ön səthində, sol beldə, sol budun yuxarı 1/3-də, sol sağrıda çapıqlar, sağ qalçada sümük götürülməsindən sonrakı çapıq izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Ağız boşluğu bir-birindən 1.5 sm aralanmış, nitqində tın-tınlıq müşahidə edilmişdir. Auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, döş qəfəsi tənəffüs aktında simmetrik iştirak etmiş, saturasiyası (Sp02) 99%, nəbzi 108 vurğu, tənəffüs hərəkətlərinin sayı 16, çəkisi 83 kq, boyu 173 sm, BKİ=27.6 müəyyənləşdirilmişdir. X2 və Ortopediya İnstitutunun xx.xx.2023cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra, sol tərəfli döş qəfəsinin yuxarı, ön, saq qalça qənədi, sol sağrı və sol budun yuxarı, tış səthlərində kobud çapıq toxumaları, sol oturaq sinirinin ağır dərəcəli posttravmatik aksonal neyropatiyası. Sol pəncənin sallanması, sol aşağı ətrafın parezi, əzələ atrofiyası, daimi ağrı sindromu, qarışıq tipli tənəffüs-ventilyasiya pozğunluğu və dayaq-hərəkət funksiyasının əhəmiyyətli dərəcədə pozulması" kimi müəyyənləşdirilmişdir. X4 Xəstəlikləri İnstitutunun xx.xx.2023-cü il tarixli 4585 nömrəli Tibbi rəyində diaqnoz “Döş qəfəsinin sol yarısının boşluğuna nüfuz edən, kor qəlpə yaralanmasına görə olunmuş əməliyyatdan sonrakı vəziyyət. Xroniki bronxit, kəskinləşmə mərhələsi. Mötədil ventilyasiya pozğunluğu’’ kimi qeyd olunmuşdur. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixli “Beyin parenximasında ocaqlı və həcmli proses aşkar olunmur, KT görüntüsü bilateral alın-təpə payının xəfif ensefalopatiyasına xarakterdir” kimi qeyd olunmuşdur. Təqdim etdiyi xx.xx.2023-cü il tarixli EMG müayinəsinin nəticəsi “Bu göstəricilər sol aşağı ətraf Siyatik sinirin (Oturaq siniri) ağır dərəcədə Sensori-Motor neyropatiyası ilə uyumlu olaraq dəyərləndirildi” kimi qeyd edilmişdir. X4 Xəstəlikləri İnstitutunun xx.xx.2023-cü il tarixli 9727 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Qarışıq tipli mötədil ventilyasiya pozğunluğu qeyd olunur. FVC: 60%, FEV1: 66%’’ kimi qeyd olunmuşdur. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 60 faiz pozulması barədə qərar qüvvədə saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və tələbin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçının əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndəriş verilmişdir. İşdə olan Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli xxxxxxx008 nömrəli qərarından görünür ki, həmin göndəriş əsasında iddiaçının əlilliyi qiymətləndirilmiş və ona xx.xx.2022-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsiilə əlaqədar” səbəbi ilə “13.6.2. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri Kəllənin və üz sümüklərinin sınığı => Kəllənin və üz sümüklərinin sınığı => Üzün (kəllə sümüyünün) mülayim və təzahür edən eybəcərləşməsi ilə nəticələnən sümük və dəri strukturlarının həcminə və zədələnmə strukturuna görə mülayim və təzahür edən çatışmazlıqları 6.1.1. Sinir sistemi xəstəlikləri => Kəllə-beyin travması və baş beynin zədələnməsinin nəticələri: baş beynin silkələnməsi, əzilməsi => Kəllə-beyin travması və baş beynin zədələnməsinin nəticələri: baş beynin silkələnməsi, əzilməsi => Ümumi beynin mülayim pozuntuları ilə baş beynin əzilməsi, kontuziyosı” meyarı ilə müddətsiz orqanizmin funksiyalarının 60 faiz pozulması failə əlillik təyin edilmişdir. İşdə olan Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli **********5 nömrəli qərarından görünür ki, iddiaçı onun əlilliyinin qiymətləndirilməsi barədə verilmiş bu qərardan şikayət vermiş, həmin şikayətə baxılaraq müəyyən edilmişdir ki, “İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələr Baş Klinik Hospitalının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 1046 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması nəticəsində (xx.xx.2016) üzün sol yarısının kor qəlpə yaralanması, sol almacıq sümüyünün, sol əng cibi divarlarının, sol infraorbital kənarın, göz yuvasının aşağı divarının, çənənin sol cismi, bucağı və qalxan şaxəsinin qəlpəli açıq yerdəyişmiş sınıqları və soltərəfli subtotal geniş sümük toxuma defektinə 8,0 sm, çənənin 46, 47-ci dişlərinin tacının travmatik sınıqları, əngin sol infraorbital kənarın, göz yuvası aşağı divarının, əng cibinin ön divarını əhatə edən 3.0 sm-ə gədər geniş sümük defektinə görə aparılmış yaranın birincili cərrahi işlənməsi (xx.xx.2016), traxeostomanın qoyulması (xx.xx.2016), açıq üsulla sınıqların repozisiyası, mini və dinamik rekontruksion lövhələr ilə internal fiksasiyası (xx.xx.2016), sol çənə bucağından qalxan şaxəyə doğru 4,0*1,5 sm ölçüdə sümük defektinə görə, sağ qalça darağından götürülən sümük grefti ilə rekonstruktiv bərpası və internal fiksasiyası (xx.xx.2016) cərrahiyyə əməliyyatlarından sonra üz-çənə nahiyəsinin kontrakturası, çeynəmə funksiyasının mühüm dərəcədə pozulması ilə. Sol üz sinirinin yanaq şaxəsinin və üçlü sinirin çənə şaxəsinin zədələnməsinin qalıq əlamətləri, funksiyanın mühüm dərəcədə pozulması ilə. Döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor qəlpə yaralanması (xx.xx.2016), sol tərəfli hemopnevmatoraksla, sol İV, V qabırğaların açıq qəlpəli sınığına görə aparılmış yaraların birincili cərrahi işlənməsi (xx.xx.2016) yad cisimlərin çıxarılması (qəlpə), sol tərəfli torakosentez, sol plevra boşluğunun drenajı cərrahiyyə əməliyyatından (xx.xx.2016) sonrakı bərkimiş dəri çapıqları, xarici tənəffüs funksiyasının pozulmaması ilə, sol İV, V qabırğanın arxa qövsündə kafi bitişmiş sınıqlar, sağ tərəfdə İX, X sol tərəfdə Xİ, Xİİ qabırğa arası sahələrinin yumşaq toxumalarda yad cisimlər (metal qəlpə). Kəllədaxili travma. Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Piramid çatışmazlıq və kəskin nəzərə çarpan vegetativ və hərəkikoordinator funksiyanın mühüm pozulması’’ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrılarından, əsəbilikdən, çənəsində hərəki məhdudiyyətdən, qida qəbulunun çətinləşməsindən şikayətlənmiş, sol döş qəfəsinin ön və arxa səthində, sol beldə, sol sağrı və sol budun yuxarı 1/3-də, sol yanaqda çapıqlar, sol tərəfli torakosintez, sol boyun, sol yanaqda, sağ qalçada əməliyyat çapıqları izlənilmiş, çənədə hərəki məhdudluq müəyyən edilmişdir. Obyektiv baxış zamanı nevroloji ocaqlı patologiya aşkar edilməmiş, auskultasiyada ağciyər payları üzərində vezikulyar tənəffüs eşidilmiş, tənəffüs keçiriciliyi simmetrik, saturasiya SpO2-99%, puls-108 vurğu, tənəffüs hərəkətlərinin sayı 17 olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli Çıxarışda diaqnoz "Alt çənə sol tərəf bucaqda cərrahiyə əməliyyatından sonrakı vəziyyət. Həmin nahiyədə sümük defekti, alt çənə sol gicgah-çənə oynağının artrozu, üzün sol tərəfdə cərrahiyyə əməliyyatından sonrakı çapıqlaşma, üzün assimmetriyası, çeynəmə funksiyasının pozulması. Keçirilmiş kəllə-beyin travmasından sonrakı ensefalopatiya. Üçlü sinirin nevralgiyası, sol mimik əzələnin pozulması" kimi qeyd edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarları”na müvafiq оİa raq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 60 faiz pozulması barədə qərar qəbul edilmişdir.” Göründüyü kimi, iddiaçı xx.xx.2022-ci il tarixdə təyin edilmiş orqanizmin funksiyalarının 60 faiz pozulması ilə əlilliyin təyin edilməsi barədə qərarı mübahisələndirmiş, cavabdeh iddiaçını əyani müayinə edərək xx.xx.2022-ci il tarixli qərarla həmin qərarı qüvvədə saxlamışdır. İddiaçı hazırda ona xx.xx.2022-ci il tarixdə orqanizmin funksiyalarının 60 faiz pozulması ilə əlillik təyin edilməsi barədə qərarı orqanizmin funksiyalarının pozulması faizi hissəsində mübahisələndirərək, onun dəyşdirilməsini və həmin tarixdən ona ikinci dərəcə əlilliyin təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, cavabdehin qəbul etdiyi inzibati aktın dəyişdirilməsi iə bağlı iddiaçının bu tələbi mübahisələndirmə haqqında iddia növünə uyğun iddiadır. Belə ki, İPM-in: -2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri iləbağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarı). İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, İPM-nin 38-ci maddəsində inzibati aktın mübahisələndirilməsi üzrə müddətin axımının başlanması onun təqdim və ya elan olunduğu vaxtla müəyyən edilmişdir. Habelə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Beləliklə, inzibati qanunvericliklə müddətin axımının başlanğıc tarixi bilavasitə inzibati aktın təqdim və ya elan edilməsi tarixi ilə əlaqələndirilmişdir. İşin yuxarıda sadalanan hallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən onun barəsində orqanizmin funksiyalarının 60 faiz pozulması ilə əlillik təyin edilməsi barədə qərardan şikayət vermiş, bu şikayətinə əsasən xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən əyani müayinə olunmuş, deməli, həmin artıq tarixdən onun barəsində qəbul edilmiş inzibati aktdan xəbərdar olmuşdur. İPM-in 24-cü maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir (maddə 24.1). Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (maddə 24.2). Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir (maddə 23.3). Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (maddə 24.4). İstinad olunan normalardan görünür ki, qanunverici prosessual müddətin ötürülməsindən 1 il keçdikdən sonra ötürülmüş müddətin bərpası imkanını belə istisna edir, bir şərtlə ki, müddətin ötürülməsi təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasın, hansı ki, hazırkı işdə belə bir halın olması müəyyən edilmir. Belə olan halda aydın olur ki, iddiaçı xx.xx.2022-ci il tarixdən əlilliyin təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli inzibati aktın dəyişdirilməsi üçün xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə yuxarıda istinad olunan normaların tələblərinə əsasən mübahisələndirmə üçün prosessual müddəti, habelə buraxılmış müddətin bərpası üçün ərizə verilməsi imkanını nəzərdə tutan 1 illik müddəti ötürmüşdür. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Beləliklə, gösərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi mübahisələndirmə haqqında iddialar üzrə qanunla nəzərdə tutulmuş müddəti ötürməklə verildiyindən mümkünlük şərtlərinə cavab vermir. O da qeyd edilməlidir ki, mübahisələndirmə haqqında iddia və müvafiq olaraq, bu iddia ilə bağlı çıxarılan məhkəmə qərarı bütöv inzibati akta və ya yalnız onun ayrıla bilən hissələrinə istinad edə bilər. Bu, İPM-in 70-ci maddəsinin mətnindən irəli gəlir. Həmin maddəyə əsasən, məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. Beləliklə, İPM-in 70-ci maddəsi İİQ-nin inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati aktın qanunsuz sayılmasını nəzərdə tutan 67.1-ci maddəsinin təzahürüdür. İnzibati aktın qismən ləğv edilməsi, həmin aktın hissələrə ayrıla bildiyi hallarda mümkündür. Əgər iddiaçı inzibati aktın yalnız bir hissəsini, xüsusilə, İİQ-nin 60-cı maddəsində təsbit edilmiş əlavə müddəaları mübahisələndirərsə, bu zaman həmin hissənin inzibati aktın özündən məntiqə uyğun olaraq ayrıla bilinib-bilinməməsi yoxlanılmalıdır. İnzibati aktın məzmununu tamamlayan müddəalar ayrıla bilən müddəalar sayılmır. Hazırkı halda iddiaçı barəsində qəbul edilən əlverişli inzibati akt o şərtlə qəbul edilmişdir ki, iddiaçının orqanizmin funksiyalarının pozulması dərəcəsi 60 faizdir. İddiaçı barəsində əlilliyin təyin edilməsi ilə bağlı qəbul edilmiş inzibati aktın məzmunu orqanizmin funksiyalarının pozulması dərəcəsi ilə birbaşa əlaqədar olduğundan məhkəmə hesab edir ki, bu müddəanı iddiaçı ayrıca mübahisələndirmə haqqında iddia ilə mübahisələndirə bilməz, çünki iddiaçıya əlillik təyin edilməsi bilavasitə bu konkret müddəadan (şərtdən) asılıdır. Ona görə də iddiaçı ona üçüncü dərəcə deyil, ikinci dərəcə əlillik təyin edilməsini xahiş edirsə, bununla bağlı ayrıca inzibati aktın qəbul edilməsi üçün məcburetmə haqqında iddia qaldırmalıdır. İşdən görünür ki, iddiaçı barəsində sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Bakı Baş Səhiyyə İdarəsi tərəfindən əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilmiş, cavabdeh həmin göndəriş əsasında xx.xx.2024-cü il tarixdə əyani müayinə ilə iddiaçının əlilliyini qiymətləndirərək, xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 60 faiz pozulması barədə qərar qüvvədə saxlanılmışdır. Məhkəmə iclasında iddiaçıya tələbinin dəqiqləşdirilməsi və ona ikinci dərəcə əlillik təyin edilməsindən sonuncu imtina mübahisələndirilməklə ikinci dərəcə əlilliyin təyin edilməsi barədə məcburetmə haqqında iddianın verilməsi təklif edilsə də, iddiaçı tələbini həmin məzmunda dəyişdirməkdən imtina etmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar