Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9213/2025 01.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “maddi və mənəvi ziyanının geri ödənilməsi” tələbinə dair iş üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “maddi və mənəvi ziyanının geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində mobil telefonuna kiber müdaxilə edilərək hər iki "xxxx" kartlarından - 1) 5239 1524 0553 1212 - BİRBANK STAR (daha sonra, icazəsi, razılığı və xəbəri olmadan bu kart bağlanmış, kiber cinayətkarlar tərəfindən onun adına yeni bir kart açılmışdır, kapital bank bununla bağlı hər hansı məlumat, xəbər verməmiş, razılığını almamışdır, məlumatı olduqdan sonra kart hesabını istəyəndə isə yalnız “5239 15 xxxxxx 5361” olaraq təqdim edilmişdir); 2) 4169 7388 1770 1901 BİRBANK KARTİ ümumillikdə 12.000 AZN-dən (on iki min manatdan) çox məbləğdə pul çıxarılmışdır. İlk dəfə Kapital Banka müraciət etdiyi zaman ona yalnız “4169 7388 1770 1901” birbank kartından 2900 AZN (iki min doqquz yüz manat) məbləğində pulun çıxarıldığını və 5239 1524 0553 1212 birbank star kartının olmadığını bildirmişlər və yuxarıda qeyd etdiyi üzrə burdan da aydın olur ki, bankın özünün ona verdiyi məlumatla da təsdiqlənmişdir ki, onun adında başqa bir kart yoxdur, lakin onlar onun icazəsi olmadan yeni bir kart açmışlar. Mobil telefonuna hücum olduğunu ilk anladığı an Kapital Bankla telefon vasitəsi ilə əlaqə yaratmış (həmin tarixdə və saatda Azercell telefon danışıqları çıxarışı sübut olaraq işə əlavə edilmişdir), bankın əməkdaşı ona 1 ədəd aktiv kartının olduğunu (4169 7388 1770 1901) bildirsə də, o riskə atmamaq üçün bütün kartlarının və hesablarının blok edilməsini istədiyini özlərinə bildirdi. xx.xx.2024-cü il tarixində Sahil qəsəbəsi polis bölməsindən onunla əlaqə saxlayıb, Polis bölməsindən onunla əlaqə saxlayıb, onu bölməyə dəvət etdilər. O da polisdə izahat yazmış, olanları məlumatlandırmış. Sonra ehtiyatlı olmaq üçün tanışlara danışdıqda bildirdilər ki, “Kapital Bankla bağlı kiber dələduzluq hadisələrinin onlarında yaxınlarında da baş verdiyini və ona yenidən kartlarını və hesablarını yoxlatdırmağı məsləhət gördülər. xx.xx.2024-cü il tarixdə Kapital bankla əlaqə qura bilməmiş yalnız xx.xx.2024- cü il tarixində bir daha Kapital banka zəng vurdmuş. Operator ona bildirmiş ki, 4169 7388 1770 1901 birbank kartındakı vəsaitlə 5239 1524 0553 1212 birbank star kartın balansının bağlanılması və 10 000 məbləğində pulun götürüldüyünü bildirdi. Yalnız xx.xx.2025- ci il tarixində Kapital bankın Bravo 2 filialında ona kibercinayətkarlar tərəfindən onun adına və bankında ondan zəng edib razılıq istəməməsi ilə 24 saatdan az bir müddətdə açılmış 523915xxxxxx5361 barəsində ətraflı məlumat verildi. Burdan da göründüyü kimi, mənim zənnimcə də cinayətkarların bir üzvü elə kapital bankın öz daxili əməkdaşlarındandır. Nə üçün o məlumat verəndə hesabını bağlamadıqlarını bildirmiş. Bu kartı yaradanda nə üçün zəng vurub məlumat verməyiblər ?! xx.xx.2025-ci il tarixində ona filialdan bildirdilər ki, onun zəngindən sonra 10 000 AZN çıxarılıb. Ona baş ofisdən irad bildirdilər ki, onun üz tanısı var, cavabdehlər ondan icazə alıb üz tanınmayla kredit almışlar. Əgər elədirsə onda bəs o başqa vaxt özü banka kreditlə bağlı müraciət edəndə onu müəyyən bir müddət gözləməyi tövsiyyə edirlər və gözləmək məcburiyyətində buraxırlar. Necə olar bilər bank bunu bu dərəcədəmi anlamadı ki, bu kiber cinayətkarların işidir. Məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı məsələlər iddiaçının diqqətinə çatdırıldı. İddiaçı iddianı müdafiə edərək mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia tələbinin məzmunundan göründüyü kimi, iddiaçı ona məxsus "xxxx" kart hesablarında pul vəsaitlərinin oğurlanması ilə bağlı maddi ziyana məruz qaldığını bildirir və bununla bağlı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankından maddi və mənəvi ziyanın ona ödənilməsini xahiş edir. Məhkəmə hazırkı iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi ilə bağlı aşağıdakıların bildirilməsini zəruri hesab edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. (5.2-ci bənd) Məhkəmə qeyd edir ki, "xxxx" kartlarından vəsaitlərin oğurlanması ilə bağlı yranmış münasibət publik hüquqi münasibət deyildir. İddiaçı ilə "xxxx" ASC arasında yaranmış münasibətlər mülki hüquqi münasibətlər (müqavilə münasibətləri), onun kartından vəsaitin oğurlanması isə təsdiqini tapdığı təqdirdə cinayət hüquq pozmalarına aiddir. Qeyd edilən məsələnin araşdırılması publik hüquqi münasibətlərə aid olan inzibati mühakimə icraatında araşdırılması məsələlər deyildir. İddiaçı hüquqi marağına çatmaq üçün düzgün olmayan cavabdehə qarşı, uyğun olmayan iddia növündən istifadə etmişdir. Odur ki, iddiaçının hazırkı tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən çəkilən qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Eyni zamanda iddiaçıya hüquqi yardımın edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, hüquqi yardımın mahiyyəti, iddianın mümkünlüyünü istisna edən halların aradan qaldırılması ilə bağlıdır. Hazırkı halda isə, iddiaya inzibati mühakimə icraatında icraatın davam etdirilməsinə yönəlmiş hüquqi yardımın edilməsi mümkün deyil. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-9213/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9213/2025
01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver