Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9214/2024 06.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kirayə pulunun ödənilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mənzil növbəsinə alındığı 2018-ci ilin sentyabr ayından 2023-cü ilin yanvar ayınadək ona ödənilməyən mənzil kirayəsi xərclərinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Müdafiə Nazirliyi üzrə 1993-cü il tarixli, 2606 saylı Əmrə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında hərbi xidmətə daxil olmaqla, Müdafiə Nazirliyinin orqanı olan “Azərbaycan Ordusu” qəzeti redaksiyasına şöbə rəisi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2006-cı il tarixdə “hərbi xidmət keçmə haqqında Əsasnamənin” 156 v bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Xidməti fəaliyyəti əsasında dəfələrlə Müdafiə nazirinin təşəkkürnamələrinə və Fərmanlarına layiq görülmüşdür. Eyni zamanda Azərbaycan Respublikası Prezidenti adından verilən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi 1991-2001 yubiley " medalı və “Qüsursuz xidmətə görə 3-cü dərəcəli medalı” ilə təltif olunmuşdur. Hərbi əməliyyatlar dövrü cəbhə bölgəsindən hazırladığı operativ reportajlara, həmçinin Azərbaycanda aparılan ordu quruculuğu prosesini yaxından işıqlandırdığına və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsindəki yazılarına görə 1999-cu ildə Azərbaycan Kütləvi İnformasiya X2 İttifaqının “Qızıl qələm” jurnalist mükafatına layiq görülmüşdür. Həm də “Qarabağ müharibəsi veteranı”dır. 2006-ci il tarixdə tərxis olunduqdan sonra sağlamlığı ilə əlaqədar işlər aparıldığından, müalicə və müayinələrə başı qarışdığından yalnız xx.xx.2018-ci il tarixli Xətai rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən “Yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə” daxil edilmişdir. Ailə tərkibi 2 nəfərdən ibarətdir (özü, həyat yoldaşı). Övladları artıq yetkinlik yaşlarına çatmışlar. Lakin mənzil növbəsinə götürülməsi ilə əlaqədar, mənzil ilə təmin olunanadək müvəqqəti mənzil kirayəsi xərclərini ona 2023-cü il tarixindən ödəməyə başlamışdılar. Onun nə 2018-ci il tarixdə, nə də indiki dövrdə adında hər hansı bir mənzil olmamışdır. İddiaçı hesab edir ki, o mənzil növbəsinə alındığı tarixdən kirayə haqqı almaq hüququna sahiblənmiş, lakin Xətai Rayon İcra Hakimiyyəti ona düşən mənzil kirayəsi xərclərinin ödənilməsinə yalnız 2023-cü ilin yanvar ayından başlamışdır. Xətai Rayon İcra Hakimiyyəti başçısına 2018-ci il tarixindən 2023-cü il tarixədək kirayə haqqının ödənilməsi ilə bağlı müraciət etdikdə, ona aprel 2024-cü il tarixli məktub əsasında imtina cavabı verilmişdir. İmtinaya əsas kimi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2 maddəsini rəhbər tutmuşlar. İddiaçı hesab edir ki, ona münasibətdə eyni Qanunun 12.7-ci maddəsi nəzərdə tutulmuşdur. Bu səbəbdən cavadehin imtinası qanunsuz və əsassız olmaqla, qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya dair məhkəməyə təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, Xətai rayon İcra Hakimiyyəti iddia tələbi ilə razı deyil. Belə ki, İddiaçı iddia ərizəsində 2018-ci ilin sentyabr ayından 2023-cü ilin yanvar ayınadək ödənilməyən mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsini xahiş edir. Məlumat üçün bildirilir ki, iddiaçı Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 293 saylı sərəncamına əsasən 2 nəfər (özü, həyat yoldaşı) ailə tərkibi ilə ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülmüşdür. Bildirilir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınaraq, mənzil məsələləri həll olunana kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 saylı qərarına əsasən mənzili olmayan ehtiyatda olan hərbçilər mənzil kirayə müqaviləsi təqdim edərək, müvəqqəti kirayə xərcləri ilə təmin olunurlar və iddiaçı mənzil növbəsinə alınarkən həmin dövrü əhatə edən mənzil kirayə müqaviləsini rayon icra hakimiyyətinə təqdim etmədiyindən aylıq kirayə xərcləri ilə təmin olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh inzibati orqanın nümayəndəsi hər hansı üzrlü səbəb bildirilmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan işə inzibati məhkəmə icraatında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Xətai Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun cavab verilmişdir. -Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq edilmiş, xx.xx.2006-ci il tarixli, 1026 №-li xəstəlik haqqında şəhadətnamənin 8-ci bəndindən görünür ki, İddiaçı “Xəstəliklər cədvəli”nin 65b, 45c maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən, “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır”. -Cavabdeh başçısının “vətəndaş İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə alınması haqqında” 20 sentyabr 2018-ci il tarixli, 293 nömrəli Sərəncamından çıxarışdan görünür ki, İddiaçı 2 nəfər (özü, arvadı) ailə tərkibi ilə yaşayış yer üzrə mənzil növbəsinə götürülməsi və ehtiyatda olan zabit kimi güzəştli siyahıya daxıl edilməsi qərara alınmışdır. Müvafiq sorğu əsasında cavabdeh tərəfindən Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 293 saylı sərəncamının verilməsinə əsas olmuş aşağıdakı sənədlər məhkəməyə təqdim edilmişdir: -İddiaçı tərəfindən Xətai rayon İcra Hakimiyyətinə ünvanlanmış 12 iyun 2018-ci il tarixli ərizədən görünür ki, sonuncuya müraciət edərək mənzil növbəsinə götürülməsini xahiş etmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai Rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli arayışından görünür ki, 1953-cü il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı həqiqətən xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2006-cı il tarixli 03 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. xx.xx.2006-cı il tarixdən Səfərbərlik və Hə Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsində hərbi qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlardan görünür ki, xx.xx.1953-cü il təvəllüdlü İddiaçı (xx.xx.2005-ci il tarixdən), xx.xx.1988-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X5, 08.032.2015-ci il təvəllüdlü X8, xx.xx.1982-ci il təvəllüdlü X1, xx.xx.1994-cu il təvəllüdlü X7, xx.xx.1964-cu il təvəllüdlü X3 ünvan 2 ünvanda qeydiyyatdadırlar. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, ehiyatda olan mayor İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X7 və X4 adına Bakı şəhər inzibati ərazi vahidi üzrə onların adına mənzil özəlləşdirilməsi barədə daşınmaz əmlakın Dövlət Reyestrində, keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarələrinin arxiv fondunda məlumat yoxdur. Beləliklə, işin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Azərbaycan Ordusunda hərbi xidmət keçmiş, xx.xx.2006-cı il tarixdə AR Müdafiə nazirinin 0380 nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “V" bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Cavabdeh başçısının 20 sentyabr 2018-ci il tarixli 293 nömrəli Sərəncamına əsasən ehtiyatda olan zabit kimi mənzil növbəsinə götürülsə də, mənzil kirayə haqqı 2023cü ilin yanvar ayından ödənilməyə başlanılmışdır. İddiaçı mənzil növbəsinə alındığı 2018ci ilin sentyabr ayından 2023-cü ilin yanvar ayınadək ona ödənilməyən mənzil kirayəsi xərclərinin ödənilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 3-cü abzasına əsasən, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmin maddənin 2-ci bəndinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Həmin maddənin 7-ci bəndinə görə, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsinə əsasən, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Həmin Qərarın 2-ci bəndində qeyd edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Göründüyü kimi qanunvercilik yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış “yaşayış sahəsi olmayan” hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin edilməsi üçün mənzil növbəsinə götürülməsi və mənzil növbəsinə götürülmüş şəxslərə yaşayış sahəsi təyinatlı daşınmaz əmlak verilənədək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsini müəyyən edir. Bu vəsaitin ödənilməsi üçün isə mənzil uçotuna götürülmüş hərbi qulluqçunun kirayə müqaviləsini təqdim edilməsi şərti qoyulmamışdır. Başqa sözlə qanunvericilik müvəqqəti kirayə xərclərinin hərbi qulluqçulara ödənilməsini onların mənzillə və ya təmin olunana qədər nəzərdə tutur ki, hazırkı halda mübahisəli dövr ərzində iddiaçıya mənzil növbəsində olan hərbi qulluqçu kimi yaşayış sahəsi və ya bu məqsəd üçün istifadə oluna bilən torpaq sahəsinin ayrılması barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda iddiaçının kirayə müqaviləsini cavabdehə təqdim etməməsi onun mübahisəli dövrlər üzrə mənzil kirayə haqqının alınması ilə bağlı hüquqlarına təsir etməməlidir. Cavabdeh tərəfindən həmçinin iddiaçının mənzil növbəsinə götürülməsinə dair sərəncamın qüvvədən düşməsi, geri çağırılması barədə sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə cavabdehin imtina dəlili ilə razılaşmır və hesab edir ki, iddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi 2018-ci ilin sentyabr ayından cavabdeh inzibati orqan tərəfindən mənzil növbəsinə götürüldüyündən və həmin sərəncam hazırda qüvvədə olduğundan qanunvericilikdə mənzil uçotuna götürülmüş hərbi qulluqçulara yaşayış sahəsi verilənədək və ya yaşayış evinin tikintisi üçün torpaq sahəsi alınanadək müvəqqəti yaşayış sahəsinin kirayə xərcinin ödənilməsi üçün kirayə müqaviləsinin təqdim edilməsi şərti müəyyən edilmədiyindən, cavabdehin imtinası qanunazidd və iddiaçının sosial təminat hüququnun pozulması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli və İddiaçı mənzil növbəsinə alındığı 2018-ci ilin sentyabr ayından 2023-cü ilin yanvar ayınadək ödənilməyən mənzil kirayəsi xərclərinin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mənzil növbəsinə alındığı 2018-ci ilin sentyabr ayından 2023-cü ilin yanvar ayınadək ödənilməyən mənzil kirayəsi xərclərinin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-9214/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9214/2024
06.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver