Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9215/2022 17.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X7 və X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla çıxarışların ləğv olunması tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair İdarə tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışının ləğv olunması, xx.xx.2019-cu il tarixdə vətəndaş X7 tərəfindən göstərilən ünvandaki yaşayış sahəsinin vətəndaş X12 bağışlanması barədə Bakı şəhəri 19 saylı notariat kontorunda rəsmiləşdirilmiş bağışlanma müqaviləsinin etibarsız hesab edilməklə vətəndaş X8 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2020-ci il il tarixli, ********** nömrəli çıxarışının ləğv olunması və yaşayış sahəsinin təyinatının dəyişdirilərək xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti məzil fonduna verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X7 və X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair X1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri 16 noyabr 2019-cu il tarixli, ********** nömrəli qeydiyyatın və onun əsasında verilmiş çıxarışın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Müdafiə Nazirliyi Bakı qarnizonu rəisinin 01 may 2017-ci il tarixli qərarı ilə “Bakı-52” hərbi şəhərciyində baş plan üzrə 14 nömrəli 3 mərtəbəli kazarma binasının yaşayış binası kimi yenidən qurulmasına və binanın yaşayış fondu kimi istifadə olunmasına razılıq verilmişdir. Bakı qarnizonu mənzil komissiyasının 09 aprel 2019-cu il tarixli, 18 nömrəli protokolu əsasında qeyd edilən binada yaşayış sahəsinə ehtiyacı olan 20 (iyirmi) nəfər hərbi qulluqçuya mənzil ayrılmış və protokol 16 aprel 2019cu il tarixdə Bakı qarnizonu rəisi tərəfindən təsdiqlənərək vətəndaş X7 ünvan 1 ünvanında yaşayış sahəsi ilə təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 17 may 2019-cu il tarixli, 125 nömrəli sərəncamı ilə qeyd edilən ünvandakı yaşayış sahəsi xidməti mənzillər fondundan çıxarılaraq, vətəndaş X7 ilə daimi kirayə müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 1 ünvanındakı yaşayış sahəsinə vətəndaş X5 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarış verilmişdir. 16 dekabr 2019-cu il tarixdə vətəndaş X7 tərəfindən sözügedən ünvandakı yaşayış sahəsi vətəndaş X12 bağışlanmışdır. Bu proses Bakı şəhəri 19 saylı notariat kontorunda rəsmiləşdirilmiş və vətəndaş X8 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 09 yanvar 2020-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 04 sentyabr 2020-ci il tarixli, 224 nömrəli digər sərəncamı ilə Yasamal Rayon İcra Hakimiyyəti başçısının 17 may 2019-cu il tarixli, 125 nömrəli sərəncamı ləğv edilmişdir. Sərəncam ləğv edildikdən sonra Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 7081 nömrəli məktubla İdarəyə ünvan 1 ünvanındakı yaşayış sahəsinə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışının ləğv olunması barədə rəsmi müraciət olunmuşdur. İdarənin xx.xx.2022-ci il tarixli, **********58 nömrəli məktubu ilə Mənzil-İstismar İdarəsinin müraciətinə imtina edilərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzərində hüquqların dövlət qeydiyyatının ləğvinin aparılması məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya vətəndaşın bu hüquqdan imtina barədə notarial qaydada təsdiq eilmiş ərizəsi əsasında mümkün olması bildirilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiası etirazla qarşılanır. İddiaçı “Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 224 nömrəli sərəncamına əsasən yuxarıda qeyd olunan ünvanda yerləşən yaşayış sahələrinə vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi” tələbi ilə xx.xx.2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bundan başqa, iddia tələbində göstərilən “xx.xx.2019-cu il tarixdə vətəndaş X9 tərəfindən göstərilən ünvandakı yaşayış sahəsinin vətəndaş X12 bağışlanması barədə Bakı şəhəri 19 saylı notariat kontorunda rəsmiləşdirilmiş bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” və “yaşayış sahəsinin təyinatının dəyişdirilərək xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi” öhdəliyi İdarənin səlahiyyətləri xaricindədir. Həmçinin iddia tələbində adıçəkilən X8 adına olan xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarış həmin şəxsə X9 ilə onun arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 3M-1425 nömrəli mənzilin istifadə hüququnun bağışlanma müqaviləsi əsasında verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İPMnin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülkihüquqi münasibəti, yəni mülki- hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ və digər məhdud əşya hüququnun prezumpsiyasını yaradır. Beləliklə daşınmaz əmlakın icarəsi nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Məlumat üçün bildirilir ki, iddia tələbində qeyd olunan Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, 6 saylı mənzil Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 129 saylı sərəncamı və Müdafiə Nazirliyinin 1 nömrəli Mənzil-İstismar sahəsi ilə X9 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrindən ilkin qeydiyyatdan keçmişdir. Hazırda mənzil X8 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən, iddia tələbinin xx.xx.2019-cu il tarixdə vətəndaş X10 tərəfindən göstərilən ünvandakı yaşayış sahəsinin vətəndaş X12 bağışlanması barədə Bakı şəhəri 19 saylı notariat kontorunda rəsmiləşdirilmiş bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və yaşayış sahəsinin təyinatının dəyişdirilərək xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsinə aid hissələrdə mümkün sayılmaması, qalan hissələrdə isə təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırki mübahisə üzrə iddiaçı cavabdeh tərəfindən üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun: - 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. - 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. - 2.0.6-ci maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Normaların məzmunundan göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-nin 1.1, 2, 32-cü maddələri, İPM-nin XV-XİX fəsilləri). İnzibati orqanlar arasında yaranan mübahisə isə “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinə uyğun baxılır. Həmin maddəyə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2005-ci il tarixli 345 saylı Fərmanına əsasən həmin Qanunun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş komissiyanın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası həyata keçirir (bu müddəa Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 484 nömrəli Fərmanı ilə əlavə edilmişdir). "Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanının 7-ci hissəsinə əsasən icra hakimiyyəti orqanları, onların strukturuna daxil olan dövlət orqanları aidiyyət və ya səlahiyyətlə bağlı aralarındakı mübahisəyə dair məhkəməyə müraciət edə bilməzlər. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası (bundan sonra - Şura) sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərinə baxılması sahəsində çoxpilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin Apellyasiya Şuralarının qərarlarından, digər hərəkət və hərəkətsizliyindən (bu Əsasnamənin 1.4-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) yuxarı instansiyaya şikayətlərin (bundan sonra – şikayət) verilməsi, habelə inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisələrə dair müraciətlərə (bu Əsasnamənin 1.4-3-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) baxılması mexanizminin tənzimlənməsi məqsədi ilə yaradılmış və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır. - 1.4-1-ci bəndinə əsasən həmin Əsasnamənin məqsədləri üçün “inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisəyə dair müraciət” dedikdə, icra hakimiyyəti orqanları (bundan sonra - inzibati orqanlar) arasında səlahiyyətlərin mənsubluğu, bölüşdürülməsi və həyata keçirilməsi ilə bağlı yaranmış mübahisə üzrə aidiyyəti inzibati orqanın həmin mübahisənin yaranmasına səbəb olmuş digər inzibati orqanın qərarlarından, digər hərəkətlərindən və ya hərəkətsizliyindən Şuraya verdiyi yazılı müraciət başa düşülür. Göründüyü kimi, Əsasnamə icra hakimiyyəti orqanları, yəni inzibati orqanlar arasında təkcə səlahiyyətlərin mənsubluğu və bölüşdürülməsi ilə bağlı yaranmış mübahsələrə deyil, həm də qanunvericiliklə inzibati orqanlara verilmiş səlahiyyətlərin həyata keçirilməsi ilə bağlı yaranmış mübahisələrə məhkəmə qaydasında deyil, Şura tərəfindən baxılmasını müəyyən etmişdir. Əsasnamənin 1.4-2-ci bəndinə əsasən inzibati orqan tərəfindən mübahisənin yaranmasına səbəb olmuş qərarın qəbulu, digər hərəkətin edilməsi və ya hərəkətsizliyi barədə digər inzibati orqana məlum olduğu və ya məlum olmalı olduğu gündən 90 gün müddətində sonuncu inzibati orqan: 1.4-2.1. mübahisənin yaranmasına səbəb olmuş qərarı qəbul etmiş, digər hərəkəti və ya hərəkətsizliyi etmiş inzibati orqana məsələ ilə bağlı yazılı müraciət edir; 1.4-2.2. müraciətin nəticəsi ilə bağlı inzibati orqanın ona təqdim etdiyi yazılı məlumatdan razı qalmadığı və ya müraciət nəticəsiz qaldığı hallarda inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisəyə dair Şuraya müraciət edir. Azərbaycan Respublikası Pezidentinin xx.xx.2012-ci il tarixli, 648 №-li Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında" Əsasnaməyə əsasən Bakı şəhər İcra Hakimiyyəti həmin Əsasnamə əsasında təşkil olunan və fəaliyyət göstərən dövlət qurumudur və onun başçısı Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur. Həmin Əsasnamənin: - 1.6-cı maddəsinə əsasən müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər. - 3.16.1-ci maddəsinə əsasən yerli icra hakimiyyəti başçıları müvafiq ərazidə dövlət əmlakının qorunmasını təşkil edir, dövlətin mülkiyyət hüququnun pozulması faktlarına qarşı tədbirlər həyata keçirir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin xx.xx.2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nə əsasən daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Yuxarıda sadalanan normalardan göründüyü kimi hər iki tərəf inzibati orqandır və həmin orqanların heç biri ayrı-ayrılıqda onun hüquqlarının digər inzibati orqan tərəfindən pozulduğunu məhkəmədə mübahisələndirə bilməz. Belə ki, bu orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrıayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Bu orqanların hüquqları dövlətin qanunla onlara həvalə etdiyi vəzifələrdir. Bu orqanların, pozulduğunu iddia etdikləri "subyektiv hüquqlar” onların bilavasitə özlərinə deyil, dövlətə məxsusdur. Başqa sözlə, icra hakimiyyətinə mənsub olan inzibati orqanlar arasındakı ixtilaf, mübahisə (o cümlədən, qərar, sərəncam qəbul etmək və ya icra hakimiyyətinin funksiyalarına aid hər hansı məsələni həll etmək səlahiyyəti ilə bağlı) icra hakimiyyəti daxilində baş verdiyindən, bu, ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibati məhkəmə həmin mübahisəni həll etmək səlahiyyətinə malik deyil. Beləliklə, qeyd olunanlara əsasən müəyyən olunur ki, hazırkı mübahisə iki inzibati orqan arasında yaranmışdır, bir inzibati orqan digər inzibati orqanın səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı hərəkətini mübahisələndirir, hansı ki, qanunverici bu mübahisələrin məhkəmə vasitəsilə həllini nəzərdə tutmamışdır. Buna görə də hazırkı mübahisəyə inzibati məhkəmə icraatında baxılması mümkünsüzdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-9215/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9215/2022
17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver