Məhkəmə qərarları › İş №2-1(112)-9217/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9217/2024

17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9217/2024 17.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Bakı şəhəri Cavabdehnə qarşı “mənzillə təmin edilmə” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Veteranlar haqqında” Qanunun 1-11ci maddələrinə əsasən cavabdeh Bakı şəhəri Cavabdeh onu mənzil uçotuna alınması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən “iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması vəzifəsinin Cavabdeh üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. İddiaçı tərəfindən (dəftərxana vasitəsilə) xx.xx.2024-cü il tarixində ərizə təqdim edərək 2- 1(112)-9217/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixdə məhkəmənin təklifinə əsasən verdiyi ərizəni geri götürülməsi və əvvəlki iddia tələbini müdafiə etdiyi bildirmişdir.

4. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən “AR “Veteranlar haqqında Qanunun” 1-11-ci maddələrinə əsasən cavabdeh Bakı şəhəri Cavabdeh onu mənzil uçotuna alınması” kimi dəyişdirilmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 44 günlük İİ Qarabağ Müharibəsi qazisidir. Vətənimizin ərazi bütövlüyü uğrunda döyüş yolu keçmişdir. Ali Baş Komandan tərəfindən üç medalla təltif edilmişdir. Yaşadığı və qeydiyyatda ünvanda babasından miras qalan evdir. Həmin evdə 6 nəfərlik ailə üzvləri ilə, bibisi, öz ailə üzvləri və əmisinin ailəsi birgə yaşayır. İddiaçı xx.xx.2024-cü il tarixdə Xəzər rayonu İcra Hakimiyyətinə ərizə və sənədləri ilə mənzil uçotuna dayanmaq üçün müraciət etsə də, xx.xx.2024-cü il tarixdə rədd cavabı almışdır.

6. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” xx.xx.2021-ci il tarixli Sərəncamının icrası ilə bağlı halhazırda həmin kateqoriyadan olan şəxslər uçota alınaraq mənzillə təmin edilirlər. Nəzərinə çatdırılmışdır ki, iddiaçı kateqoriyadan olan şəxslərin mənzillə təmin olunması müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulduğu, təqdirdə mənzil sahəsi ilə təmin olunmağı məsələsinə müraciəti əsasında yenidən baxılacaqdır.

7. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMnin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Belə ki, İddiaçı Cavabdehnə ərizə ilə müraciətinə cavab olaraq bildirilmişdir ki, Cavabdehnə ünvanlanmış İİ Qarabağ müharibəsi iştirakçısı kimi mənzil şəraitinin yaxşılaşdırılmasına köməklik edilməsi barədə ərizənyə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” xx.xx.2021-ci il tarixli Sərəncamının icrası ilə bağlı hal-hazırda həmin kateqoriyadan olan şəxslər uçota alınaraq mənzillə təmin edilirlər. Nəzərə çatdırılmışdır ki, kateqoriyadan olan şəxslərin mənzillə təmin olunması müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulduğu təqdirdə mənzil sahəsi ilə təmin olunmağınız məsələsinə müraciəti əsasında yenidən baxılacaqdır. Qeyd olunduğu kimi İddiaçı müraciətinə imtina ilə cavab verilməmiş normativ hüquqi aktlarda nəzərdə tutulduğu təqdirdə mənzil uçotuna alınması məsələsinə yenidən baxılacağı nəzərinə çatdırılmışdır. Bununla əlaqədar olaraq İddiaçı Cavabdehnə qarşı "mənzil növbəsinə alınma” tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

8. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı torpaq sahəsinin ayrılıb-ayrılmamasına dair Cavabdehndə məlumat olmadığından məhkəməyə təqdim edilməsi mümkün olmamışdır.

9. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, hazırda Fondun mövcud informasiya sistemlərində İddiaçı verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir.

10. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu Zİrə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Zirə Bələdiyyəsi tərəfindən İddiaçı heç bir torpaq sahəsi ayrılmamışdır və bu barədə də Zirə Bələdiyyəsi tərəfindən heç bir qərar qəbul edilməmişdir.

11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir.

II. İddianın mümkünlüyü

13. Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

14. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

15. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

16. Məhkəmə müəyyən edir ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının hazırkı iddia tələbini irəli sürməkdə məqsədi Bakı şəhəri ərazisində hazırda mənzillə təmin olunmaqdır.

17. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamı:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri 2.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsinlər və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

18. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli 492s nömrəli sərəncamı ilə həmin sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi müəyyən edilmiş şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil-məişət şəraitinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaxşılaşdırılması nəzərdə tutulmuşdur.

19. İş materiallarına əsasən müəyyən edilir: - Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, hazırda Fondun mövcud informasiya sistemlərində İddiaçı verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. - Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu Zİrə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Zirə Bələdiyyəsi tərəfindən İddiaçı heç bir torpaq sahəsi ayrılmamışdır və bu barədə də Zirə Bələdiyyəsi tərəfindən heç bir qərar qəbul edilməmişdir.

20. Cavabdeh imtinanın əsası olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” xx.xx.2021-ci il tarixli Sərəncamının icrası ilə bağlı hal-hazırda həmin kateqoriyadan olan şəxslər uçota alınaraq mənzillə təmin edilirlər. Nəzərinə çatdırılmışdır ki, iddiaçı kateqoriyadan olan şəxslərin mənzillə təmin olunması müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulduğu, təqdirdə mənzil sahəsi ilə təmin olunmağı məsələsinə müraciəti əsasında yenidən baxılacaqdır.

21. Məhkəmə iddiaçıya iddia tələbinin hüquqi marağına uyğun olaraq dəqiqləşdirilməsini təklif etmişdir. Belə ki, iş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən məhkəmənin hüquqi yardımına uyğun olaraq iddia tələbi dəyişdirilmiş, lakin iddiaçı tərəfindən (dəftərxana vasitəsilə) xx.xx.2024-cü il tarixində ərizə təqdim edərək 2-1(112)- 9217/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixdə məhkəmənin təklifinə əsasən verdiyi ərizəni geri götürülməsi və əvvəlki iddia tələbini müdafiə etdiyi bildirmişdir.

22. Məhkəmə qeyd edir ki, “müharibə veteranı kimi mənzil uçotuna alınması” anlayışı və ya belə bir hüquqi əsas mövcud deyildir. Bu səbəbdən, İddiaçı müharibə veteranı statusundan çıxış edərək mənzil uçotuna alınması hüququnun mövcud olduğunu təsdiqləyən norma hüquqi aktlarda nəzərdə tutulmamışdır. Belə ki, vətəndaşların mənzil uçotu “Veteranlar haqqında” Qanunla deyil, məhz Mənzil Məcəlləsi ilə tənzimlənir və bu səbəbdən məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin məhz yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması kimi dəqiqləşdirilməsi təklif edilmişdir. Lakin iddiaçı mənzil uçotunun məhz müharibə veteranı kimi təmin edilməsini tələb etmişdir.

23. “Veteranlar haqqında” qanundan: Maddə 1. Veteranlar barəsində dövlət siyasəti Veteranlar barəsində dövlət siyasəti aşağıdakı əsaslar üzərində qurulur: sosial və hüquqi müdafiənin təmin edilməsi;... ...yaşayış sahəsi ilə təminat;... Maddə 11. Mənzil-məişət şəraitinin yaxşılaşdırılması Veteranlar Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər. Müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi mülkiyyətinə verilir.

24. Məhkəmə qeyd edir ki, “Veteranlar haqqında” qanunun 1-ci maddəsi həmin qanunun 11-ci maddəsi ilə birlikdə təfsir edilərək tətbiq edilməlidir. Belə ki, şəxsin mənzil uçotuna alınması qaydaları və əsasları məhz Mənzil Məcəlləsi ilə (dəqiq) tənzimlənir və həmin Məcəllədə müvafiq əsas (şəxsin müharibə veteranı olması) nəzərdə tutulmamışdır.

25. Müvafiq icra hakimiyyəti orqanı isə məhz Mənzil Məcəlləsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində qeydə alınmış və müəyyən kateqoriyaya aid olan şəxslərin (məsələn, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” xx.xx.2021-ci il tarixli Sərəncam ilə) yaşayış sahəsi ilə təminatına dair tədbirlər həyata keçirir.

26. Odur ki, iddiaçı hüquqi marağına uyğun yekun məqsədinə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi iddiaçının məhz yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması ilə bağlı Cavabdehnə müraciət etməsidir.

27. Qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

28. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

29. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar