Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9217/2025 10.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsinin 24 yanvar 2005-ci il tarixli, 28 nömrəli qərarı ilə alqı-satqı qaydasında aldığı 1200 kv.m olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsinin 24 yanvar 2005-ci il tarixli, 28 nömrəli qərarı ilə Səbail rayonu, 3-cü massivdə yerləşən 1200 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında iddiaçıya satılmışdır. O, həmin torpaq sahəsini uzun müddət əvvəldən öz şəxsi vəsaiti hesabına abadlaşdırıb bağ sahəsi kimi istifadə etmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Qeyd edir ki, iddiaçı həmin torpaq sahəsində iki ev tikmişdir və həmin evlər də bütün kommunal şəraitlərlə təmin edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddia olunan ərazi dövlət torpağıdır və torpaq sahəsinin yerləşmə cizgisində dəqiq istinadlar, perimetrik ölçülər qeyd olunmamış, cizgidə bələdiyyə qərarına istinad olunmamışdır. Bundan başqa, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyəti torpaqlarına aiddir və ümumi sahəsi 900 kv.m təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmunu ilə oxşar izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmunu ilə oxşar izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsinin 24 yanvar 2005-ci il tarixli, 28 nömrəli qərarına əsasən Bakı şəhəri, Səbail rayonu, 3-cü massiv ərazisində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsi əlavə olunmuş cizgi əsasında iddiaçıya alqı-satqı qaydasında ayrılmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş torpaqların alqı-satqısına dair akta əsasən Bakı şəhəri, Səbail rayonu, 3-cü massiv ərazisində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsi bələdiyyə tərəfindən 4992 manat müqabilində iddiaçıya satılmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bİİ seriyalı 027142 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsinin hesabına 4992 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda Səbail Bələdiyyəsinin arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Bakı şəhəri Səbail bələdiyyəsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Səbail bələdiyyəsində həmin dövrə aid arxiv bazası mövcud olmadığı üçün sorğuda qeyd edilmiş sənədlərin məhkəməyə təqdim edilməsi mümkün deyildir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin bitişik hasar qonşuluğunda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə barədə məlumatın aşkar edilmədiyi bildirilmiş və torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı və koordinatları məhkəməyə təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Səbail rayonu, 3-cü yaşayış massivi ərazisində yerləşən torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 1200 kv.metr, faktiki olaraq 900 kv.metr (300 kv.metr) təşkil edir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilən torpaq sahəsinin faktiki olaraq 0,1 ha təşkil etməsi, sahə üzərində iki ədəd ikimərtəbəli yaşayış evinin mövcud olması və vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin dövlət mülkiyyəti torpağı (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur) olması bildirilmiş və həmin torpaq sahəsi ilə qonşuluqda qeydiyyatdan keçmiş torpaq sahəsinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, X2 Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 118 nömrəli qərarına əsasən Badamdar qəsəbəsində torpaq sahəsi ayrılmış və cavabdeh tərəfindən həmin qərar əsasında X1 həmin torpaq sahəsi üzərində mülkiyyəthüququ qeydə alınaraq ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Ərazinin ortofoto görüntüsündən görünür ki, X2 məxsus ********** qeydiyyat nömrəli torpaq sahəsi iddiaçının iddia etdiyi torpaq sahəsinin yaxınlığında yerləşir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139-1.1.1). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (8.0.1.). İşdən görünür ki, iddiaçı Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsinin 24 yanvar 2005-ci il tarixli, 28 nömrəli qərarına əsasən alqı-satqı yolu ilə ona ayrılan Səbail rayonu, 3-cü massivdə yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. Cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, iddia olunan ərazi dövlət torpağıdır və torpaq sahəsinin yerləşmə cizgisində dəqiq istinadlar, perimetrik ölçülər qeyd olunmamış, cizgidə bələdiyyə qərarına istinad olunmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyəti torpaqlarına aiddir və ümumi sahəsi 900 kv.m təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilmişdir ki, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələsi bələdiyyələrin iclaslarında həll edilir (144.İ. 6). Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (145.İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (145. İİ.). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyələrin səalhiyyətlərinə aiddir (4.0.1). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (6.2). İlk öncə qeyd edilməlidir ki, torpaq sahəsinin yerləşmə cizgisində dəqiq istinadlar, perimetrik ölçülərin qeyd olunmaması və cizgidə bələdiyyə qərarına istinad olunmaması iddiaçının tələbinin təmin edilməsindən imtina üçün əsaslar ola bilməz. Belə ki, həmin məlumatların təqdim edilməsi müvafiq inzibati orqanların məsuliyyətidir ki, iddiaçı bunlarla bağlı məsuliyyət daşıya bilməz və bu hallar iddiaçının təqsiri ucbatından baş verməmişdir. Eyni zamanda, sözügedən torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən müvafiq qərarın mötəbərliyi məhkəmədə şübhə doğurmur. Həmin qərar təsdiq edilmiş surəti iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki,hamı qanun və inzibati orqan qarşısında bərabərdir (12.1.). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2.). İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır (12.3.). İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir (12.4.). İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.1.). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (13.2.). Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.3.). İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur (13.4.). Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz (13.5.). Digər tərəfdən, məhkəmə sorğusu əsasında iddiaçının torpaq sahəsi ilə qonşuluqda yerləşən torpaq sahəsinə dair verilmiş çıxarış və onun verilməsinə əsas olmuş sənədlər məhkəməyə göndərilmişdir. Həmin sənədlərdən görünür ki, iddiaçının torpaq sahəsi ilə qonşuluqda yerləşən ərazidə bir şəxsə Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsinin qərarı ilə torpaq sahəsi ayrılmış və həmin qərar əsasında həmin şəxsin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarış verilmişdir. İddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxsin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onunla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdur. İddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş bərabərlik və etimad prinsipləri əsas götürülməklə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasında imtina üçün cavabdehin göstərdikləri səbəblər əsaslı hesab edilə bilməz. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində təsbit olunmuş bərabərlik hüququnu pozaraq eyni faktiki hallara dair fərqli imtina vermişdir. Belə ki, iddiaçıya məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən başqa bir şəxsə məxsus torpaq sahəsinə dair mülkiyyət hüququ ilə bağlı çıxarış verildiyi halda iddiaçıya onun istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı tələbinin təmin olunmasından imtina etməklə cavabdeh inzibati orqan onun bərabərlik hüququnu pozmuşdur. Məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmışdır və iddiaçının mübahisəsiz sahibliyində olan torpaq sahəsinə başqa bir şəxsin müraciəti olmamışdır. Odur ki, iddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasını tələb etməkdə haqlı olmuşdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, cavabdehin məhkəmə sorğusuna cavab məktubuna əsasən Bakı şəhəri, Səbail rayonu, 3-cü yaşayış massivi ərazisində yerləşən torpaq sahəsinin faktiki ölçüsünün 1000 kv.metr təşkil etməsi göstərilmişdir ki, “Torpaq islahatı haqqında” Qanunun yuxarıda qeyd edilən müddəalarına əsasən həmin sahənin iddiaçının mülkiyyətinə verilməsi üçün hər hansı maneə mövcud deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Səbail rayonu, 3-cü yaşayış massivi ərazisində yerləşən ümumi sahəsi 1000 kv.metr olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, 3-cü yaşayış massivi ərazisində yerləşən, ümumi sahəsi 1000 kv.metr olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri publik hüquqi şəxsinə) həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-9217/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9217/2025
10.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver