Məhkəmə qərarları › İş №2-1(112)-9223/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9223/2021

14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9223/2021 14.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçı Abbasova (Nəcəfova) Gülnarə Məmməd qızının, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Abbasova (Nəcəfova) Gülnarə Məmməd qızının cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlarin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə borcun silinməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Abbasova (Nəcəfova) Gülnarə Məmməd qızı cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlarin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə mürciət edərək, mərkəzləşdirilmiş kredit reyestrində kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin və həmin reyestrdə kredit tarixçəsini təşkil edən neqativ məlumatların silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Abbasova (Nəcəfova) Gülnarə Məmməd qızı izahatında bildirdi ki, onunla ləğv prosesində olan QSC “Bank Standard” KB arasında bağlanmış 27 may 2008-ci tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı olan məhkəmə mübahisəsinin yekunlaşmasına baxmayaraq, mərkəzləşdirilmiş kredit reyestrinin kredit tarixçəsində hələ də neqativ məlumatlar qalmaqdadır. 30 avqust 2017-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1238/2017 saylı qətnaməsinə əsasən ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ona qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmçinin 13 mart 2018-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3172/2018 saylı qətnaməsinə əsasən ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1238/2017 saylı mülki iş üzrə qəbul etdiyi 30 avqust 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Habelə 6 aprel 2018-ci il tarixində ləğv prosesində olan QSC “Bank Standard” KB kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 iyul 2018-ci il tarixli 2(102)-4830 saylı qərarı ilə ləğv prosesində olan QSC “Bank Standard” KB-nın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilən əsaslarla Azərbaycan Respublikasının Mərkəzi Bankına mərkəzləşdirilmiş kredit reyestrində onun kredit tarixçəsini təşkil edən neqativ məlumatların silinməsinə dair müraciətinə ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 05 mart 2021-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, məhkəmə qərarları ilə Əmanətlərin Sığortalanması Fondunun üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, X2 ilə QSC “Bank Standard” KB arasında bağlanmış 27 may 2008-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 1734 manat məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 avqust 2017-ci il tarixli qətnaməsi ilə X2 ilə QSC “Bank Standard” KB arasında bağlanmış 27 may 2008-ci il tarixli kredit müqaviləsinə dair iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2018-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən məhkəmə qərarları ilə Əmanətlərin Sığortalanması Fondunun üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Göründüyü kimi, hazırkı iş üzrə inzibati məhkəmə icraatı qaydasında iddia tələbi ona qarşı irəli sürülmüş cavabdeh inzibati orqan deyildir. Buna görə də inzibati orqan olmayan cavabdehlə iddiaçı arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisə də mövcud deyildir. Bundan başqa, iddiaçının mövcud iddia tələbi (mərkəzləşdirilmiş kredit reyestrinə məlumatın verilməsi) ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etməklə bağlı tələb olmadığına görə mövcud iddia tələbinin inzibati icraat qaydasında baxılması mümkün deyildir və qeyd olunan tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Göstərilənlərə əsasən hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 4 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 15.3-cü bəndi ilə müəyyən olunmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 5 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar