Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9223/2022 30.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X6) qarşı “çıxarışın ləğv edilməsi və yaşayış sahəsinin təyinatının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İ İşin halları İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi (bundan sonra - İddiaçı) xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - Cavabdeh) müraciət edərək, Yasamal Rayon Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 224 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, 14 nömrəli binada yerləşən 20 mənzilə vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********58 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 204.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina haqqında ərizə bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeyd yazıldıqdan sonra məcburi qüvvə alır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd olunan mənzillər üzərində hüquqların dövlət qeydiyyatının ləğvinin aparılmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və ya bu hüquqdan imtina barədə notarial qaydada təsdiq edilmiş ərizə Əmlak Xidmətləri Məkanına və ya "ASAN xidmət" mərkəzlərinə təqdim ediləcəyi təqdirdə müraciətə qanunvericiliyin tələblərinə uyğun olaraq baxıla bilər. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışının ləğv olunması və yaşayış sahəsinin təyinatının dəyişdirilərək xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X6 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyi Bakı qarnizonu rəisinin 01 may 2017-ci il tarixli qərarı ilə “Bakı-52” hərbi şəhərciyində baş plan üzrə 14 nömrəli 3 mərtəbəli kazarma binasının yaşayış binası kimi yenidən qurulmasına və binanın yaşayış fondu kimi istifadə olunmasına razılıq verilmişdir. Bakı qarnizonu mənzil komissiyasının 09 aprel 2019-cu il tarixli 18 nömrəli protokolu əsasında qeyd edilən binada yaşayış sahəsinə ehtiyacı olan 20 (iyirmi) nəfər hərbi qulluqçuya mənzil ayrılmış və protokol 16 aprel 2019cu il tarixdə Bakı qarnizonu rəisi tərəfindən təsdiqlənərək X6 ünvan 1 ünvanında yaşayış sahəsi ilə təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 17 may 2019-cu il tarixli, 130 nömrəli sərəncamı ilə qeyd edilən ünvandakı yaşayış sahəsi xidməti mənzillər fondundan çıxarılaraq, vətəndaş X6 ilə daimi kirayə müqaviləsi bağlanılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 1 ünvanındakı yaşayış sahəsinə X3 adına çıxarış verilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 04 sentyabr 2020-ci il tarixli, 224 nömrəli digər sərəncamı ilə Yasamal Rayon İcra Hakimiyyəti başçısının 17 may 2019-cu il tarixli, 130 nömrəli sərəncamı ləğv edilmişdir. Sərəncam ləğv edildikdən sonra Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 7081 nömrəli məktubla Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvan 1 ünvanındakı yaşayış sahəsinə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışının ləğv olunması barədə rəsmi müraciət olunmuşdur. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə Mənzil-İstismar İdarəsinin müraciətinə imtina edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, **********29 saylı iddiaya dair yazılı etirazda imtina məktubunda göstərilənlərə istinad etmiş və iddia tələbinin “yaşayış sahəsinin təyinatının dəyişdirilərək xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi”nə aid hissəsində mümkün sayılmamasını, qalan hissədə isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Məhz göstərilənlərə əsasən iddianın mümkünlüyünü yoxlayan məhkəmə qeyd edir ki, işdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli, 18 nömrəli protokolundan görünür ki, yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış sahələrinin şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahısına baxılmış, həmin siyahıda göstərilən hərbi qulluqçulara yaşayış sahələrinin verilməsi və həmin protokol üzrə verilmiş yaşayış sahələrinə bağlanılmış əvvəlki kirayə müqavilələrinə xitam verilməsi qərara alınmışdır. Siyahıya əsasən X4 Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14 ünvanında yerləşən 18 saylı mənzil təqdim olunmuşdur. İşdə olan Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli, 11/1877 nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyinin mənzil fonduna aid olan “Bakı-52” hərbi şəhərciyinin baş planı üzrə 14 nömrəli 3 mərtəbəli binanın yaşayış binası kimi yenidən qurulması və Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli müvafiq protokoluna əsasən yaşayış sahəsi ilə təmin olunmasına ehtiyacı olan hərbi qulluqçulara həmin binadan mənzillərin verilməsi ilə bağlı daimi icarə müqaviləsinin bağlanılmasına və gələcəkdə mənzillərin özəlləşdirilməsinə icazə verilməsinin qanunazidd olmadığı bildirilmişdir. Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin Yasamal Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 1786 nömrəli məktubundan görünür ki, Mənzil İstismar İdarəsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.3.1-ci maddəsinə əsasən Yasamal Rayon İcra Hakimiyyətindən sözügedən binanın sosial təyinatlı mənzil fonduna keçirilməsinə sərəncam verilməsini xahiş etmişdir. Bundan sonra Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin mənzilin xidməti mənzillər siyahısından çıxarılması haqqında xx.xx.2019-cu il tarixli, 130 nömrəli sərəncam qəbul etmiş və Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14 ünvanında yerləşən 18 saylı mənzilin xidməti mənzillər siyahısından çıxarılması, həmin mənzilə dair vətəndaş X6 ilə daimi icarə müqaviləsinin bağlanılması qərara alınmışdır. Bundan sonra xx.xx.2019-cu il tarixdə Müdafiə Nazirliyinin 6 nömrəli Mənzil-İstismar sahəsi ilə X6 arasında 18 nömrəli mənzillə dair müddətsiz icarə müqaviləsi bağlanmış, N.Nuriyevin həmin mənzilə dair istifadə hüququ xx.xx.2019-cu il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. İşdən görünür ki, daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 224 nömrəli sərəncamı ilə Yasamal Rayon İcra Hakimiyyəti başçısının 17 may 2019-cu il tarixli, 130 nömrəli sərəncamı ləğv edilmişdir. İddiaçı bu sərəncama istinad edərək cavabdehdən X3 adına verilmiş çıxarışın ləğv edilməsi və yaşayış sahəsinin təyinatının dəyişdirilməsini xahiş etmiş, cavabdeh isə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı hazırda bu imtinanı mübahisələndirir. Məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, mübahisənin hər iki tərəfində inzibati orqan çıxış edir (iddiaçı – Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, cavabdeh -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi). Lakin həmin orqanların heç biri ayrı-ayrılıqda onun hüquqlarının digər inzibati orqan tərəfindən pozulduğunu məhkəmədə mübahisələndirə bilməz. Belə ki, bu orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrıayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Bu orqanların hüquqları dövlətin qanunla onlara həvalə etdiyi vəzifələrdir. Bu orqanların, pozulduğunu iddia etdikləri “subyektiv hüquqlar” onların bilavasitə özlərinə deyil, dövlətə məxsusdur. Başqa sözlə, icra hakimiyyətinə mənsub olan inzibati orqanlar arasındakı ixtilaf, mübahisə (o cümlədən, qərar, sərəncam qəbul etmək və ya icra hakimiyyətinin funksiyalarına aid hər hansı məsələni həll etmək səlahiyyəti ilə bağlı) icra hakimiyyəti daxilində baş verdiyindən, bu, ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibati məhkəmə həmin mübahisəni həll etmək səlahiyyətinə malik deyil. Həm də, ən azından ona görə ki, “İnzibati icraat haqqında” Qanunun (bundan sonra –İİQ) və İPM-in qəbul edilməsinin (yeni icraat qaydasının müəyyən edilməsinin) məqsədi inzibati orqanların öz aralarında yaranan münasibətləri tənzimləmək deyil, inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərini tənzimləmək, inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaq, inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələri həll etməkdir. Bu, həmçinin aşağıdakılardan irəli gəlir. İİQ-in 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən, ərizə - maraqlı şəxsin (2.0.3-cü madəyə əsasə hüquqi və ya fiziki şəxsin) inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən, inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin (2.0.3-cü madəyə əsasə hüquqi və ya fiziki şəxsin) inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. Nəhayət, həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Normaların məzmunundan da göründüyü kimi, inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri) (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-819/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı). İnzibati orqanlar arasında yaranan mübahisənin həllinə gəldikdə, bu mübahisələrin həlli qaydası İİQ-nun 4.3-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2005-ci il tarixli 345 saylı Fərmanının 2.2-ci bəndinə əsasən həmin Qanunun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Həmin Fərmanın 2.1-ci bəndinə əsasən isə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Göründüyü kimi istinad olunan normalara əsasən təsbit olunur ki, inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılmış komissiya tərəfindən Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi qaydalara əsasən həll edilir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə iki inzibati orqan arasında yaranmışdır, bir inzibati orqan digər inzibati orqanın səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı hərəkətini mübahisələndirir, hansı ki, qanunverici bu mübahisələrin məhkəmə vasitəsilə həllini nəzərdə tutmamışdır. Buna görə də hazırkı mübahisəyə inzibati məhkəmə icraatında baxılması mümkünsüzdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 5alahova
Məhkəmə qərarları › İş №2-1(112)-9223/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9223/2022
30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver