Məhkəmə qərarları › İş №2-1(112)-9224/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9224/2021

02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9224/2021 02.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı (3-cü şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Pasport Xidməti) “qeydiyyatın rəsmiləşdirilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı (3-cü şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Pasport Xidməti) Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı qeydiyyatının rəsmiləşdirilməsi vəzifəsinin cavabdehə tapşırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə mümkünlük iclası 02.12.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, o 03.07.1971-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası və anasının hər ikisi Azərbaycan vətəndaşlarıdır. O orta məktəbi də Bakı şəhərində bitirmişdir. 1986-cı ildən 1990-cı ilədək Bakı şəhərində hərbi zavodda işləmişdir. 1991-ci ildə Bakı şəhərində Ukrayna Respublikasının vətəndaşı X1 ailə həyatı qurmuş, həmin ildə də həyat yoldaşıyla birlikdə birgə yaşamaq və işləmək üçün müvəqqəti olaraq Ukrayna Respublikasına getmişdir. Orada yaşadığı müddətdə 2 övladı doğulmuşdur. 1996-cı ildə oradan qeydiyyatdan çıxıb yenidən daimi yaşamaq üçün ailəsilə birlikdə Bakı şəhərinə gəlmişdir. Valideynləri Bakı şəhəri, Xətai rayonu Cavanşir küçəsi 2944-cü məhəllə ev 160-da yaşayırlar. Lakin atası 1995-ci ildə vəfat etmişdir. Şəxsiyyət vəsiqəsi almaq üçün Xətai rayon Polis İdarəsinin “Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinə” müraciət etsə də, ona məlum olmayan səbəbdən müraciəti təmin edilməmiş, sənədləri Dövlət Miqrasiya Xidmətinə göndərilmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən “araşdırma” apardıqdan sonra iddiaçıya 04.06.2010-cu il tarixli 823 saylı məktub əsasında “30 sentyabr 1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci bəndinə əsasən istinad edilərək müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı imtinanı qanunsuz hesab edir və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ərizəsini məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı olan iddia ərizəsinin heç bir hüquqi əsası yoxdur. İddiaçı 11.05.2010-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və ona “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilərək onun Azərbaycan Respublikası vətəndaşı sayılmadığı barədə 04.06.2010- cu il tarixdə 823 nömrəli məktubu göndərilmişdir. Hesab edir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarına əsasən o, Azərbaycan Respublikasında pasport qeydiyyatında olmamışdır. Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydasının (qaydaların 3.4 3-cü bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixinədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən Qanunun qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixinədək) ölkə ərazisində Azərbaycan SSR-i pasportu ilə qeydiyyatı olmamışdır. Bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək - 1998-ci il oktyabrın 7-dək- Azərbaycan Respublikasının və ya Azərbaycan SSR-in - vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs. Beləliklə, yuxarıda qeyd olunan müddəaya uyğun olaraq şəxsin "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanunun 14-cü maddəsinin 4-cü hissəsi (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir) və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.3-cü bəndinə əsasən (Bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır) onun ölkə ərazisindən giriş-çıxışı qeydə alınmadığı əsas götürülməklə xüsusi icraat qaydasında ümumi məhkəməyə ərizə ilə müraciət etməsi tövsiyyə edilir. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Eyni zamanda, şəxs barəsində tərtib edilmiş inzibati akt 04.06.2010-cu il tarixdə təqdim edilmiş, iddiaçı inzibati aktdan şikayət verməmiş və müddət üzrsüz səbəbdən buraxılmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbi baxımından 12 avqust 2021-ci il tarixli iddiaçıya hüquqi yardımın göstərilməsi barədə məktub ünvanlanaraq, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.03.2015-ci il tarixli, 84 nömrəli qərarına müvafiq olaraq Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciətinin iş materialları ilə müəyyən edilmədiyi, müraciətin ediliyi təqdirdə müvafiq sübutları təqdim etməsi təklif edilmiş, lakin iddiaçı tərəfindən buna dair müvafiq hərəkət edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının hazırki iddia tələbi qeydiyyatının rəsmiləşdirilməsi barədə olmaqla, iddiaçının sözügedən tələblə bağlı cavabdeh inzibati orqana müraciət etməsi və sonuncu tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi müəyyən edilmir. Göründüyü kimi iddiaçı iddia ərizəsində şəxsiyyət vəsiqəsi əldə etmək məqsədilə Xətai rayon Polis İdarəsinin “Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinə” müraciət etdiyini, lakin sonuncu tərəfindən onun müraciətinin aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə göndərildiyini qeyd etsə də, lakin məhkəmə araşdırması zamanı Dövlət Miqrasiya Xidməti tərəfindən müraciətin təmin edilməməsi barədə imtina cavabı deyil, 04.06.2010-cu il tarixli 823 saylı Arayışın verildiyi müəyyən edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli, 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci bəndinə əsasən Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iddia ərizəsi üzrə irəli sürülən tələbin düzgün olub-olmamsı ilə bağlı münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən inzibati orqana müraciət edilən vaxt 2010-cu il tarixə təsadüf etdiyindən və mənsubiyyətin təyin edilməsi ilə bağlı tənzimləmə mexanizmində 2015-ci il tarixdə müvafiq dəyişikliklər edildiyindən, iddiaçıya Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı dəqiqləşdirilmiş iddia ilə müraciət etməsi zərurəti yaranmamışdır. Belə ki, iş materialları ilə iddiaçı tərəfindən inzibati orqana yeni qaydalara müvafiq olaraq mənsubiyyətin tanınması ilə bağlı müraciət edilməsi müəyyən olunmamışdır. Məhkəmə o cümlədən cavabdehin etiraz ərizəsində “tərtib edilmiş inzibati aktın 04.06.2010-cu il tarixdə təqdim edildiyi, bununla da iddiaçı tərəfindən inzibati aktdan şikayət vermə müddətinin üzrsüz səbəbdən buraxılması”na dair arqumentinə münasibətdə qeyd edir ki, Dövlət Miqrasiya Xidməti tərəfindən verilən 04.06.2010-cu il tarixli Arayış inzibati akt hesab edilmədiyindən, məhkəmə tərəfindən iddiaçıya müddətin üzrlü hesab edilməsi barədə müvafiq sübutların təqdim edilməsi təklif edilməmişdir. Beləliklə iddiaçı tərəfindən müvafiq müraciət əsasında cavabdeh inzibati orqana müraciət edilərək, cavabdeh inzibati orqan tərəfindən ərizəsinin təmin edilməsindən imtina edilməsi və bununla da iddiaçının hər hansı hüquqlarının pozulduğu iş materialları ilə müəyyən edilmir. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən məhkəmədə qaldırdığı tələblə bağlı müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilmədiyindən, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilməyindən hazırkı iddianın mümkünlük şərtləri mövcud deyil. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 1.2-ci, 23-cü, 35-ci maddələrini, MPM-in 74.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı (3-cü şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Pasport Xidməti) “qeydiyyatın rəsmiləşdirilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar