Məhkəmə qərarları › İş №2-1(112)-9227/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9227/2024

16.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9227/2024 16.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində yerləşən 1250 kv.m torpaq sahəsinin mülkiyyət hüquqları ilə mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində yerləşən 1250 kv.m torpaq sahəsinin mülkiyyət hüquqları ilə mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin 28 avqust 2023-cü il tarixli arxiv arayışından müəyyən olunur ki, Maştağa tərəvəzçilik-südçülük sovxozunun qaytanlanmış torpaq kitabında vətəndaşlara torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi verilmiş (155) siyahıda vətəndaş Əliyev Gülhüseynin adına 0.12,5 ha şəxsi istifadəsində olan həyətyanı torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər 15 saylı xüsusi notariat ofisinin 1688 nömrəli 10 dekabr 2022-ci il tarixli məktubuna əsasən X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənn verilməsi ilə bağlı Bakı şəhəri 15 saylı notariat ofisinə vərəsəsi: oğlu - İddiaçı müraciəti daxil olmuşdur. Vərəsənin müraciəti, miras qoyama qohumluq əlaqəsini təsdiq edən sənəd, yaxud mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.1995-ci il tarixdə ölmüş mərhum X2 adına vərəsəlik işi açılmış və vərəsəlik işinin uçotu kitabında müvafiq qeydiyyat aparılmışdır. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin yerləşmə sxemi verilmişdir. Qeyd olunan torpaq sahəsinə dövlət reyestrindən çıxarışın (arayışın) verilməsi üçün cavabdehə müraciət edilmiş, lakin cavabdeh 26 dekabr 2023-cü il tarixli imtina məktubu verərək bildirmişdir ki, X6 sovxozunun xx.xx.1964-cü il tarixli qaytanlanmış torpaq kitabına əsasən 155-saylı siyahıda olan mərhum X4 torpaq sahəsi ayrılan zaman Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən yerdə (naturada) sahənin hüdudları müəyyən edilərək müvafiq rəsmiləşdirmə işlərinin aparılması təmin edilməmişdir. Belə ki, təqdim edilmiş yerləşmə sxemi torpaq sahəsi ayrılan zaman sovxoz tərəfindən deyil, sonradan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir.

3. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və **********97 xaricolma nömrəli, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun xx.xx.1964-cü il tarixli qaytanlanmış torpaq kitabına əsasən 155-saylı siyahıda olan mərhum X3 torpaq sahəsi ayrılan zaman Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən yerdə (naturada) sahənin hüdudları müəyyən edilərək müvafiq rəsmiləşdirmə işlərinin aparılması təmin edilməmişdir. Belə ki, təqdim edilmiş yerləşmə sxemi torpaq sahəsi ayrılan zaman sovxoz tərəfindən deyil, sonradan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir. Həmçinin bildiririk ki, iddiaçının İdarəyə təqdim etdiyi Milli Arxiv İdarəsi tərəfindən verilmiş F1077 nömrəli, xx.xx.2023-cü il tarixli Arxiv arayışında mərhumun ata adı və torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.2-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.

ƏSASLANDİRİMA HİSSƏSİ

İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

6. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı və cavabdeh məhkəmə bахışındа nümayəndələrinin iştirakını təmin etməmiş, cavabdeh inzibati orqan bu barədə məhkəməyə məlumat verməmiş, iddiaçı işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə təərəflərin iştirakı olmadan iddiaçı və cavabdehin iştirаkı оlmаdаn bахmışdır.

7. Məhkəmə iddiaçının izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Faktiki hallar və sübutlar.

Maştağa tərəvəzçilik-südçülük sovxozunun qaytanlanmış torpaq kitabına əsasən torpaq sahəsi ayrılmış vətəndaşların siyahısında Əliyev Gülhüseynin adı 155-ci sırada göstərilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin 28 avqust 2023-cü il tarixli, F1077 nömrəli “xx.xx.1964-cü il tarixli Maştağa tərəvəzçilik-südçülük savxozunun qaytanlanmış torpaq kitabından” arxiv arayışından müəyyən olunur ki, Maştağa tərəvəzçilik-südçülük sovxozunun qaytalanmış torpaq kitabında vətəndaşlara torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi verilmiş (155) siyahıda vətəndaş Əliyev Gülhüseynin adına 0.12,5 ha şəxsi istifadəsində olan həyətyanı torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər 15 saylı xüsusi notariat ofisinin 1688 nömrəli 10 dekabr 2022-ci il tarixli məktubuna əsasən X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənn verilməsi ilə bağlı Bakı şəhəri 15 saylı notariat ofisinə vərəsəsi: oğlu - İddiaçı müraciəti daxil olmuşdur. Vərəsənin müraciəti, miras qoyama qohumluq əlaqəsini təsdiq edən sənəd, yaxud mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.1995-ci il tarixdə ölmüş mərhum X2 adına vərəsəlik işi açılmış və vərəsəlik işinin uçotu kitabında müvafiq qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Qanunvericiliyə uyğun olaraq vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnun təsdiq edən sənəd təqdim edildikdən sonra verilə bilər. Qeyd olunanlarla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1ci maddəsinin tələbinə uyğun olaraq X3 məxsus olan Maştağa tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən 0.12.5 ha torpaq sahəsini özəlləşdirilməsi barəsində daşınmaz əmlakın çıxarışını vərəsəsi oğlu İddiaçı (etibarnamə üzrə nümayəndəsi X9) vasitəsilə Bakı şəhər 15 saylı notariat ofisinə göndərməsi xahiş olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Maştağa tərəvəzçilik-südçülük sovxozunun 04 fevral 1964-cü il tarixli qaytanlanmış torpaq kitabına əsasən 155 saylı siyahıda olan X3 ayrılmış 1250,0 kv.m. torpaq sahəsinin yerləşmə sxemi təsdiq olunaraq İddiaçı təqdim edilmişdir. Həmin yerləşmə sxemindən görünür ki, torpaq sahəsi 1250.0 kv.m-dir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-46897/2023 **********97 nömrəli məktubundan görünür ki, Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun xx.xx.1964-cü il tarixli qaytanlanmış torpaq kitabına əsasən 155-saylı siyahıda olan mərhum X3 torpaq sahəsi ayrılan zaman Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən yerdə (naturada) sahənin hüdudları müəyyən edilərək müvafiq rəsmiləşdirmə işlərinin aparılması təmin edilməmişdir. Belə ki, təqdim edilmiş yerləşmə sxemi torpaq sahəsi ayrılan zaman sovxoz tərəfindən deyil, sonradan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.2-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.

Məhkəmənin mövqeyi

8. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Torpaq Məcəlləsinə görə, torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir; torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.

9. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: - 55. Müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrinin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından hesab olunur. - 65. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. - 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. - 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. - 67. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

10. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunu - 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10. (4-cü abzası) Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir

11. “Torpaq ayrılması barədə” Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 8/446 saylı Qərarına əsasən, Bakı şəhəri, Lenin rayonu, Maştağa qəsəbəsinin sosialiqtisadi inkişafı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli 123 nömrəli qərarının icrası ilə bağlı Maştağa tərəvəzçilik- südçülük sovxozunun ərazisində və Maştağa qəsəbəsinə bitişik ərazisində fərdi yaşayış və içtimai-iaşə tikintisi üçün torpaq sahələrinin ayrılması qərara alınmışdır

12. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. (152.3.) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.(152.4.) sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. - 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. - 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu - 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. - 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. - 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. - 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

15. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir.

16. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;...”

17. İşin faktiki hallarına əsasən iddiaçının mərhum atasına Maştağa tərəvəzçilik-südçülük sovxozu tərəfindən sovxozunun ərazisində yerləşən 1250 kv.m torpaq sahəsi ayrılmışdır. Bunu sovxozun qaytanlanmış torpaq kitabında torpaq sahəsi verilmiş vətəndaşların siyası təsdiq edir. Belə ki, həmin siyahıda 155-ci sırada Əliyev Gülheseynin adı qeyd olunmuşdur. İddiaçı torpaq sahəsinə yerləşmə sxemi almaq üçün Sabunçu Rayonu İcra Hakimiyyətinə müraciət etmiş və icra hakimiyyəti tərəfindən iddiaçıya Maştağa tərəvəzçilik – südçülük sovxozunun xx.xx.1964-cü il tarixli qaytanlanmış torpaq kitabına əsasən 155 saylı siyahıda olan vətəndaş – X3 ayrılmış 1250.0 kv.m torpaq sahəsinin yerləşmə sxemi verilmişdir. X5 vəfat etmiş, sonradan oğlu (hazırda iddiaçı) Bakı şəhər 15 saylı notariat ofisinə müraciət etmiş, Bakı şəhər 15 saylı notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur.

18. Hazırda iddiaçı vərəsəsi olduğu X3 məxsus torpaq sahəsinin mülkiyyət hüquqları ilə mərhum atasına məxsus olması barədə arayışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətdən imtina edilmişdir. Odur ki iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil.

20. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir.

21. Halbuku iddiaçının atasının adına sovxoz tərəfindən torpaq sahəsi ayrılmasına və bu torpaq sahəsinə icra hakimiyyəti tərəfindən yerləşmə sxemi verilməsinə baxmayaraq, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

22. Cavabdehin etirazında göstərilənləri isə məhkəmə iddianın təmin edilməməsi üçün əsas hesab etmir.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi - 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində yerləşən 1250 kv.m torpaq sahəsinin mülkiyyət hüquqları ilə mərhum X3 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdehə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həlavə edilməlidir.

26. İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində yerləşən 1250 kv.m torpaq sahəsinin mülkiyyət hüquqları ilə mərhum X3 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar