Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-923/2021 08.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarların ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarların ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavbdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, vergi orqanının 5 noyabr 2018-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin 2017 – 2018-ci illərdə fəaliyyəti üzrə 6 noyabr 2018-ci il tarixdən 6 dekabr 2019cu il tarixədək növbəti səyyar vergi yoxlaması aparılmışdır. 24 yanvar 2020-ci il tarixdə yoxlama aktı tərtib edilmiş və həmin akt əsasında müəssisəyə cavabdeh tərəfindən 13 mart 2020-ci il tarixli qərar qəbul edilərək müəssisəyə 244.509,76 manat vergi borcu və 156.449,67 manat maliyyə sanksiyası hesablanmışdır. Həmin qərarla 2017-ci il üzrə mənfəət vergisi üzrə 195.050,45 manat əsas borc və 97.525,23 manat maliyyə sanksiyası, 2018-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə 144,70 manat və 72,35 manat maliyyə sanksiyası, 2017-ci il ƏDV üzrə 17.031,28 manat əsas borc və 18.600,35 manat maliyyə sanksiyası, 2018-ci il ƏDV üzrə 32.283,33 manat əsas borc və 20.111,12 manat maliyyə sanksiyası, 2017-ci il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə 19.399,38 manat maliyyə sanksiyası, 2018-ci il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə 741,24 manat maliyyə sanksiyası, cəmi 244.509,76 manat əsas vergi borcu və 156.449,67 manat maliyyə sanksiyası hesablanmışdır. Hesab edilir ki, vergi orqanının həmin qərarı əsassızdır və ləğv edilməlidir. Həmçinin qərarın qəbuluna əsas olmuş 24 yanvar 2020-ci il tarixli akt əsassızdır, yoxlamanın keçirilməsi və aktın, qərarın tərtib edilməsi zamanı Vergi Məcəlləsinin və digər qanunvericilik aktlarının tələbləri pozulmuşdur. Səyyar vergi yoxlaması aktında qeyd olunur ki, yoxlama ilə əhatə olunan dövr ərzində yerinə yetirilmiş işlərə görə tərtib olunmuş F-2-lər üzrə material silgisinin müəyyən edilməsi məqsədilə vergi orqanının 16 may 2019-cu il tarixli məktubuna əsasən «Azərekspertiza» Birliyinin müətəxəssisi cəlb edilmiş və müəssisə tərəfindən yoxlanılan dövr üzrə təqdim edilmiş ƏDV hesabatlarının düzgünlüyü yoxlanılmış və aşağıdakılar müəyyən olunmuşdur: Müəssisə ƏDV məqsədləri üçün qeydiyyat bildirişi almışdır. Bildiriş 14 fevral 2002-ci il tarixdən qüvvəyə minmişdir. Müəssisə tərəfindən yoxlanılan dövr üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb edilən əməliyyatlar üzrə ümumi dövriyyə 4.918.759,39 manat, ondan hesablanmış ƏDV 885.376,69 manat, əvəzləşdirilən ƏDV 895.255,19 manat və büdcədən ödənilməli ƏDV 9.878,50 manat. 14 yanvar 2020-ci il tarixli 010 saylı mütəxəssis rəyi ilə 2017-ci il üzrə görülmüş işlərə görə mal-material xərci 1.157.046 manat müəyyən edilmişdir. Belə ki, vergi oraqına təqdim edilmiş 2017-ci iln mənfəət vergisi bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsinin «Xammal-material xərcləri» adlı 221.3-cü sətrində 2.132.422,69 manat məbləğində xammal-material xərci göstərildiyi halda, mütəxəssis rəyinə əsasən mal-material xərci 1.157.046,00 manat və ya 975.376.69 manat məbləğində xammal-material xərcləri artıq göstərilməsi müəyyən edilmişdir. Hesab edilir ki, mütəxəssis rəyi əsassızdır, reallığı əks etdirmir və yoxlamaya təqdim edilmiş materiallar və sənədlərlə təkzib edilir. İddiaçınən sübutları düzgün tədqiq edildiyi halda, ona mənfəət və ƏDV üzrə borc hesablana bilməzdi. Yoxlamaya təqdim edilmiş xərc sənədləri qanunazidd olaraq yoxlayıcı və mütəxəssis tərəfindən qəbul edilməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, əməliyyatlar üzrə ƏDV-lər ƏDV depozit hesabı ilə dövlət büdcəsinə köçürülmüşdür və bu əməliyyatlardan dövlət büdcəsi heç bir ziyan görməmişdir. Bundan başqa, AR Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr 219 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların 1.4-cü bəndində əsasən malları (işləri, xidmətləri) alan şəxs tərəfindən vergi hesab-fakturalarında göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları təqdim edən şəxsin hesabına, ƏDV-nin məbləği isə depozit hesabına köçürülməlidir. Həmin Qaydaların 1.4-cü bəndində şəxsin sözündən sonra “bank” sözü AR Nazirlər Kabinetinin 16 fevral 2008-ci il tarixli 47 nömrəli qərarı ilə çıxarılmışdır. Şəxsin hesabı dedikdə həm bank, həm də xəzinə hesabı onun hesabı deməkdir. Yəni qanunvericiliklə iddiaçının 2017 – 2018-ci illərdə əməliyyat apardığı müəssisələrin bank hesablarına köçürmə yolu ilə pul köçürülməsi qanuni olmuş və həmin əməliyyatlar üzrə aparılan əvəzləşdirmələr də qanunidir. İddiaçı tərəfindən yuxarıda adıçəkilən hüquqi şəxslərə xidmətlərin haqqı bank vasitəsilə köçürmə yolu ilə ödənilsə də, əvəzləşmələr həmin ödənişləri təsdiq edən elektron vergi hesab-fakturaları və ƏDV subuçot hesabından çıxarışlar əsasında aparılmışdır. Adıçəkilən elektron vergi hesabfakturaları Vergi Məcəlləsinin 176.2-ci maddəsinə uyğun doldurulmuşdur və bu hal cavabdeh orqan tərəfindən mübahisələndirilmir. İddiaçı tərəfindən isə, əsas məbləğin müqavilə tərəfinə bank hesabı vasitəsilə köçürmə ilə ödənilməsi verginin dövlət büdcəsindən yayınmasına səbəb olmamışdır. Qeyd edildiyi kimi, mübahisə predmeti olan vergi məbləği dövlət büdcəsinə ödənilmişdir. Lakin cavabdeh qeyd olunan halları nəzərə almadan qeyri-obyektiv qərar qəbul etmişdir. Vergi orqanının əvəzləşdirilməyə dair istinadı tamamilə əsassızdır. Belə ki, MMC-nin əvəzləşdirmə hüququ AR Vergi Məcəlləsinin 175-ci maddəsi ilə nəzərdə tutulduğundan, əvəzləşdirmə aparılmış, lakin vergi orqanı tərəfindən hansı əsasla qəbul edilmədiyi göstərilməmişdir. Hesab edilir ki, mübahisələndirilən ƏDV məbləği ƏDV depozit hesabı ilə dövlət büdcəsinə ödənildiyindən, müqavilə tərəflərinin arasında hesablaşmanın nağd qaydada aparılmasının verginin dövlət büdcəsindən yayınmasına səbəb olmadığından, həmçinin həmin dövrdə qüvvədə olmuş qanunvericilik aktlarına uyğun olduğundan, cavabdehin qəbul etdiyi qərarı əsassızdır. Bundan əlavə hesab edilir ki, cavabdehin qərarı və aktı iddiaçıya mənfəət vergisi hesablanması hissəsində də əsassızdır. Yoxlama aktında əsassız olaraq qeyd edilir ki, müəssisə yoxlamaya ilkin sənədləri təqdim etməmişdir. Guya müəssisə tərəfindən yoxlamaya xərc sənədləri, tam təqdim edilmədiyindən yoxlama ilə 2017 – 2018-ci illər üzrə mənfəət birbaşa müəyyən edilməsi mümkün olmamışdır. Qeyd olunur ki, iddiaçı tərəfindən səyyar vergi yoxlaması keçirilərkən yoxlayıcıya ilkin sənədlər təqdim edilmişdir. Müəssisə tərəfindən yoxlamaya xərc sənədləri tam təqdim edilmişdir, xammal və materialların alınması ilə bağlı sənədlər, istehsal olunan məhsulların kalkulyasiyası üzrə sənədlər təqdim edilmişdir. Yoxlayıcı və inzibati orqan isə, həmin sənədləri heç bır səbəb olmadan nəzərə almamışdır, yoxlama ilə 2017 – 2018-ci illər üzrə mənfəət birbaşa müəyyən edilməsi mümkün idi. Ümumiyyətlə iddiaçının 2017 – 2018-ci illər üzrə xərc sənədləri, bunu təsdiq edən sənədlər və hesabat yoxlayıcıya təqdim edilmişdir. Vergi Məcəlləsinin 36.2, 3.8-ci maddələri də tətbiq olunmalıdır. Lakin vergi orqanı göstərilənləri nəzərə almadan əsassız olaraq mənfəət vergi borcu hesablamışdır. Vergi orqanı vergi borcunun ilkin mühasibat sənədləri əsasında müəyyən olunduğunu qeyd etsə də, həmin sənədlərin hansı sənədlərdən ibarət olduğunu, həmin sənədlər əsasına nəyin müəyyən olunduğunu, vergidən yayınma faktının hansı sənədlərlə əsaslandırdığını aktda qeyd etməmişdir. Səyyar vergi yoxlamasına aid edilən istənilən hərəkət qanunla müəyyən edilmiş müddətlərdə icra olunmalıdır. Həmin müddətlərin xaricində aparılan səyyar vergi yoxlaması və onun nəticələri qanunsuzdur. Aktdan göründüyü kimi, səyyar vergi yoxlaması vergi orqanının qərarı ilə təyin edildiyi və yoxlama həmin idarə tərəfindən aparıldığı halda, səyyar vergi yoxlamasının müddəti də həmin İdarənin qərarları ilə, yəni vergi yoxlamasını aparan vergi orqanının özü tərəfindən qanunazidd olaraq 9 dəfə dayandırılmışdır. Qanunda yoxlamanın aparılmasının müvəqqəti dayandırılması anlayışı yoxdur, müddətin artırılması, həm də yuxarı vergi trqanı tərəfindən artırılması mümkündür. Bununla da, vergi orqanı Vergi Məcəlləsinin 38.2-ci maddəsini pozmuşdur. Həmin qərarlarda da qərarın Vergi Məcəlləsinin hansı maddəsinə əsasən qəbul edildiyi göstərilməmişdir. Hesab edilir ki, qanunun tələbləri pozulmaqla aparılmış yoxlama nəticəsində tərtib edilmiş akt əsasında qəbul edilmiş qərar ləğv edilməlidir. Bundan əlavə, cavabdeh iddiaçı barəsində kameral qaydada 17 mart 2020-ci il tarixli **********012000 və **********021000 saylı qərarlar qəbul etmiş, həmin qərarlarla müvafiq olaraq iddiaçıya kameral qaydada 2019-cu ilin avqust ayı üzrə 30.639,60 manat və 2019-cu ilin oktyabr ayı üzrə 518,61 manat ƏDV üzrə borc hesablamışdır. Həmin qərarlar əsassızdır və ləğv edilməlidir. Həmin dövrlər üzrə iddiaçının digər şəxslərlə aparılmış qarşılıqlı əlaqələrini təsdiq edən sənədlər əsasında dövlət büdcəsinə ödənilməli olan ƏDV məbləği düzgün olaraq ödənilmişdir, əlavə vergi borcunun hesablaması qanuna ziddir. Vergi Məcəlləsinin tələblərinə görə vergi orqanı hesabat dövrü qurtardığı vaxtdan 30 gün müddətində kameral qaydada vergi borcu hesablaya bilər. Lakin vergi orqanı iddiaçıya 2019-cu ilin avqust ayı üzrə 30.639,60 manat və 2019-cu ilin oktyabr ayı üzrə 518,61 manat ƏDV hesablanması barədə 30 günlük müddətə də riayət etməmişdir. Cavabdehin qərarındakı rəqəmlər reallığı əks etdirmir, iddiaçının fəaliyyətinin dayandırlmasına gətirib çıxaracaq. Göstərilənlərə və İPM-in 2, 8-ci maddələrinə, AR Vergi Məcəlləsinin 1, 3, 38, 53, 67, 104.1, 105.1, 121.1, 175.1, 175.2, 176.4-cü maddələrinə, AR Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı və 2007-ci il 30 dekabr 219 saylı qərarları ilə təsdiq edilmiş qaydaların müddəalarına əsaslanaraq, məhkəmədən cavabdehin 13 mart 2020-ci il tarixli **********199308 saylı, 17 mart 2020-ci il tarixli **********012000 saylı və həmin tarixli **********021000 saylı qərarlarının ləğv edilməsi xahiş olunur. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 24 avqust 2020-ci il tarixli məktubunda (etirazında) iddia ilə bağlı aşağıdakılar bildirilmişdir: - İddiaçının fəaliyyəti üzrə (fevral 2017 – sentyabr 2018) keçirilmiş vergi yoxlaması 6 noyabr 2018-ci il tarixdən 6 dekabr 2019-cu il tarixədək aparılmış və 24 yanvar 2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Akt əsasında qərar çıxarılaraq ümumilkdə büdcəyə çatası 400.959,43 manat vəsait hesablanmışdır. İddiaçı Vergi Məcəlləsinin 108 və 130-cu maddələrinin tələblərini pozmüşdur. Təqdim edilmiş sənədlərə və mütəxəssis rəyinə əsasən həmin normaların tələblərinə müvafiq olaraq mənfəət vergisi yenidən hesablanmışdır. Yoxlama ilə 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində müəssisə tərəfindən gəlir və xərclərin hesablama metodu ilə əks etdirilməsi göstərilmişdir. Yoxlamanın nəticəsi kimi verginin hesabatda göstərilən məbləği verginin hesabatında göstərilməli olan məbləği ilə müqayisə edilərkən həmin maddələrin tələblərinin pozulması səbəbindən 2017-ci il üzrə 195.050.45 manat məbləğində mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. İddaçının təqdim etdiyi bəyannamədə gəlir və xərcləri aşağıdakı kimi olmuşdur: 2017-ci il üzrə təqdim edilmiş “Mənfəət vergisi” bəyannaməsində ümumi gəliri 3.206.598.05 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 2.565.278.45 manat, mənfəət vergisi bəyannaməsi üzrə vergitutma məqsədləri üçün mənfəəti 641.319.60 manat olmaqla 20% dərəcə ilə 128.263.92 vergi məbləği hesablanmışdır. Yoxlama ilə əhatə olunan dövr ərzində yerinə yetirilmiş işlərə görə tərtib olunmuş F-2-lər üzrə material silgisinin müəyyən edilməsi məqsədilə Departamentin 16 may 2019-cu il tarixli məktubu ilə Vergi Məcəlləsinin 45-ci maddəsinə əsaslanaraq, “Azərekspertiza” Birliyinin mütəxəssisi cəlb edilmişdir. Birlik tərəfindən təqdim edilmiş 14 yanvar 2020-ci il tarixli 010 saylı mütəxəssis rəyinə əsasən 2017-ci il üzrə görülmüş işlərə görə mal-material xərci 1.157.046 manat müəyyən edilmişdir. Belə ki, vergi orqanına təqdim edilmiş 2017-ci ilin mənfəət vergisi bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsinin “Xammal-material xərcləri” adlı 221.3-cü sətrində 2.132.422.69 manat məbləğində xammal-material xərci göstərildiyi halda, mütəxəssis rəyinə əsasən malmaterial xərci 1.157.046 manat və ya 975.376.69 manat məbləğində xammal-material xərcləri artıq göstərilməsi müəyyən edilmişdir. Bundan əlavə, yoxlama zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən gəlirin əldə edilməsi ilə bağlı 124,44 manat məbləğində real digər xərcləri olmuş, mənfəət vergisi bəyannaməsinin xərclər bölməsində göstərilməmişdir. Beləliklə, yoxlama ilə həmin xərclərin təsdiqedici sənədlər təqdim olunduğundan, mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinə bərpa edilmişdir. Nəticədə, 2017-ci il üzrə vergiyə cəlb olunan mənfəət məbləği 1.616.571,85 manat müəyyən edilmiş və büdcəyə əlavə olaraq 195.050.45 (1.616.571,85 x 20% = 323.314,37 – 128.263.92) manat mənfəət vergisi hesablanmış, həmin məbləğin 50 faiz həcmində, yəni 97.525.23 manat maliyyə sanksiyası tətbiq edilmişdir. ƏDV üzrə – ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni 31 may 2017-ci il tarixdə vergi orqanına təqdim edilmiş və quruma **********3 saylı qeydiyyat bildirişi verilmiş, bildiriş 1 iyun 2017-ci il tarixdən qüvvəyə minmişdir. İddiaçının təqdim etdiyi ƏDV bəyannamələrinin düzgünlüyü 1 fevral 2017-ci il tarixdən 30 sentyabr 2018-ci il tarixədək yoxlanılmış və müəyyən olunmuşdur ki, vergi ödəyicisinin təqdim etdiyi mal-materialın hərəkəti barəsində dövriyyə cədvəlində yoxlanılan dövrün əvvəlinə 0.00 manat mal qalığı, yoxlanılan dövr ərzində 2.145.156.18 manat mal mədaxil olmuş, 2.093.345.95 manat mal-material silinmişdir. Yoxlanılan dövrün sonuna 51.810.23 mal qalığı olduğu qeyd edilmişdir. İlkin mühasibat sənədlərinə əsasən 2017-ci il üzrə 1.345.620.17 (ƏDV-siz) manat məbləğində mal-material silgisi qeyd edilmişdir. Yoxlama ilə əhatə olunan dövr ərzində yerinə yetirilmiş işlərə görə tərtib olunmuş F-2-lər üzrə material silgisinin müəyyən edilməsi məqsədilə Departamentin 16 may 2019-cu il tarixli **********183176 nömrəli məktubuna əsasən “Azərekspertiza” Birliyinin mütəxəssisi cəlb edilmişdir. Birlik tərəfindən təqdim edilmiş 14 yanvar 2020-ci il tarixli 010 saylı mütəxəssis rəyinə əsasən 2017-ci il üzrə görülmüş işlərə görə mal-material xərci 1.157.046 manat müəyyən edilmişdir. MMC tərəfindən yoxlamaya təqdim edilmiş mal-material hərəkəti barədə cədvəldə 2017-ci il ərzində 1.345.620.17 manat material istifadə edildiyi və ya görülmüş iş və xidmətə sərf edildiyi göstərildiyi halda mütəxəssis rəyinə əsasən 2017-ci il üzrə faktiki olaraq 1.157.046 manat müəyyən edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, görülmüş iş və xidmətlərə sərf olunan material ilə anbardan məxaric silgisi arasında 188.574,17 (1.345.620,17 – 1.157.046,00) manat fərq müəyyən edilmişdir. Beləliklə, yoxlama ilə həmin fərq əskik gəlmə kimi qiymətləndirilərək Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyatı ƏDV-yə cəlb edilmiş edilmişdir. Nəticədə Vergi Məcəlləsinin 159.5 və 67.15-ci maddələrinin tələblərinə əsasən mütəxəssis rəyi nəzərə alınmaqla 33.943,35 (188.574,17 x 18%) manat məbləğində ƏDV hesablanmış, verginin azaldılmasına görə 50% həcmində, 16.971.67 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövr üzrə Vergi Məcəlləsinin 175 və 166-cı maddələrinin tələblərinə müvafiq olaraq 43.479,58 manat ƏDV məbləğinin azaldılması və 28.108,32 manat artıq ƏDV məbləği hesablanması müəyyən edilmişdir. Nəticədə 15.371,26 (43.479,58 – 28.108,32) manat əlavə olaraq ƏDV hesablanmış və 50% həcmində 21.739,80 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı qeyd edir ki, mübahisələndirilən ƏDV məbləği ƏDV depozit hesabı ilə dövlət büdcəsinə ödənildiyindən müqavilə tərəflərinin arasında hesablaşmanın nağd qaydada aparılmasının verginin dövlət büdcəsindən yayınmasına səbəb olmadığından cavabdehin qərarı əsassızdır. Lakin qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 175.2-ci maddəsində birmənalı olaraq müəyyən edilmişdir ki, bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir. İddiaçı tərəfindən 40.281,24 manat ƏDV məbləğinin malların (iş və xidmətlərin) dəyərindən gec ödənilməsi müəyyən olunmuşdur. Həmin məbləğin 50% miqdarında 20.140.62 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. İddiaçı tərəfindən 2019-cu ilin avqust ayı ƏDV üzrə iddiaçı tərəfindən 7 fevral 2020-ci il tarixdə bəyannamə təqdim edilmişdir. Həmin dövr üzrə kameral vergi yoxlaması aparılmış və 17 mart 2020-ci il tarixdə əlavə vergi məbləğinin hesablanması barədə qərar qəbul edilmişdir. Həmçinin 2019-cu ilin oktyabr ayı ƏDV üzrə iddiaçı tərəfindən 7 fevral 2020-ci il tarixdə bəyannamə təqdim edilmiş və həmin dövr üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində 17 mart 2020-ci il tarixli qərar qəbul edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh tərəfindən kameral vergi yoxlaması zamanı Vergi Məcəlləsinin tələbləri gözlənilmiş və yoxlamanın aparılması üçün nəzərdə tutulmuş 30 iş günü ötürülməmişdir. Göstərilənlərə və İPM-in 12.1-ci maddəsinə əsaslanaraq, İddiaçı MMC-nin iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. Cavabdehin nümayəndəsi məhkəməyə iddiaya qarşı etiraza aşağıdakı məzmunda əlavə təqdim etmişdir: - Mühasiələndirilən kameral qərarlarla bağlı qeyd edilir ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində vergi ödəyicisinin ƏDV qeydiyyatının qüvvəyə minmə tarixindən 31 avqust 2019-cu il tarixədək olan dövr ərzində digər şəxslərlə aparılmış qarşılıqlı əlaqələrinin təhlili nəticəsində ƏDV tutulan əməliyyatlar üzrə dövriyyəsindən hesablanmalı ƏDV-nin ümumilikdə 1.722.885,07 manat təşkil etdiyi müəyyən olunmuşdur. Lakin, iddiaçı tərəfindən yuxarıda göstərilən dövrlər üzrə təqdim edilmiş bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmış ƏDV-nin məbləği 1.691.726,86 manat təşkil etdiyi üçün hesablanmalı ƏDV məbləğində 31.158,21 manat kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə 30 sentyabr 2019-cu il tarixli uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə cari bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, MMC-nin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37, 67, 83 və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin avqust ayı üçün ƏDV bəyannaməsi üzrə 30.639,60 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə 17 mart 2020-ci il tarixli **********012000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərar göndərilmişdir. Qarşılıqlı əlaqələrin təhlili nəticəsində vergi ödəyicisinin ƏDV qeydiyyatının qüvvəyə minmə tarixindən 31 oktyabr 2019-cu il tarixədək olan dövr ərzində digər şəxslərlə aparılmış qarşılıqlı əlaqələrinin təhlili nəticəsində ƏDV tutulan əməliyyatlar üzrə dövriyyəsindən hesablanmalı ƏDV-nin ümumilikdə 1.722.885,07 manat məbləğ təşkil etdiyi müəyyən olunmuşdur. Lakin, MMC tərəfindən yuxarıda göstərilən dövrlər üzrə təqdim edilmiş bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmış ƏDV-nin məbləği 1.722.366,46 manat təşkil etdiyi üçün hesablanmalı ƏDV məbləğində 518,61 manat kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə 29 noyabr 2019-cu il tarixli müvafiq uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə cari bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, MMC-nin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37, 67, 83 və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin oktyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 518,61 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə 17 mart 2020-ci il tarixli **********021000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərar göndərilmişdir. Məhkəmədən İddiaçı MMC-nin iddiasının təmin edilməməsi barədə qərar çıxarılması xahiş olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmənin iş üzrə qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi AR Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə həvalə edilmişdir: - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 13 mart 2020-ci il tarixli və 17 mart 2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarları əsasında "xxxx" MMC-yə 2017-ci il üzrə mənfəət vergisi, 2017 – 2018-ci illər üzrə ƏDV borcları düzgün hesablanmışdırmı? - İddiaçı MMC-nin xərc sənədini nəzərə almaqla 2017-ci il üzrə mənfəət vergisi, 2017 – 2018-ci illər üzrə ƏDV borcları hansı məbləği təşkil edir? AR Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 18 iyun 2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş Mərkəzinin ekspertinin həmin tarixli 9/3646 nömrəli rəyində aşağıdakılar bildirilir: - (rəyin tədqiqat hissəsi) Təqdim olunmuş iş materiallarında olan sənədlərə əsasən müəssisənin 2017-ci il üzrə ümumi gəliri – 3.206.598,05 manat, cəmi xərclər – 2.365.278,45 manat; balans mənfəəti (zərəri) – 641.319,60 manatdır. Göstərilənlərə əsasən İddiaçı MMC-nin 2017-ci il üzrə apardığı əməliyyatlara görə 319,60 anat məbləğində mənfəətlə fəaliyyət göstərməsi müəyyən edilir. Vergi Məcəlləsinin 105-ci maddəsinin tələbinə uyğun olarag müəssisə üzrə 2017-ci ilin yekunlarına görə 641.319,60 manat məbləğində vergiyə cəlb olunan mənfəət müəyyən edilir. Həmin mənfəətdən 20% dərəcəsi ilə 128.263,92 manat məbləğində mənfəət vergisi hesablanır. Vergi ödəyicisi tərəfindən bəyan edilmiş 128.263,92 manat məbləğində mənfəət vergisi nəzərə alındıqda, son nəticədə müəssisə tərəfindən 2017-ci il üzrə aparılmış əməliyyatlara gerə mənfəət vergisinin az hesablanması müəyyən edilmir. ƏDV üzrə – Təqdim edilmiş iş materiallarından göründüyü kimi, müəssisə ƏDV-nin ödəyicisi olmuş və bu haqda vergi orqanına bəyannamələr təqdim edilmişdir. Lakin yoxlama ilə müəssisəyə əlavə olaraq 49.314,61 manat məbləğində ƏDV hesablanmışdır. Həmin az hesablanma səyyar vergi yoxlaması aktında aşağıdakı kimi göstərilmişdir: Yoxlama ilə əhatə olunan dövr ərzində yerinə yetirilmiş işlərə görə tərtib olunmuş F-2-lər üzrə material silgisinin müəyyən edilməsi məqsədilə “Azərekspertiza” Birliyindən dəvət edilmiş mütəxəssisin 14 yanvar 2020-ci il tarixli 010 saylı mütəxəssis rəyinə əsasən 2017-ci il üzrə görülmüş işlərə görə mal-material xərci 1.157.046 manat müəyyən edilmişdir. Yuxanda da qeyd edildiyi kimi, təmir-tikinti və quraşdırma işlərinin faktiki həcmi həmin sahə üzrə mütəxəssis tərəfindən nəzarət ölçüsünün nəticələrinə görə müəyyən edilməlidir. Lakin iş materiallarında olan mütəxəssis rəyində müəssisə tərəfindən yerinə yetirilən işlər üzrə ümumilikdə 1.230.996 manat məbləğində material xərci çəkilməsi hesablansa da, həmin hesablamaların mənbəyi, yəni müəssisə tərəfindən görülmüş işlərin mütəxəssis tərəfindən nəzarət ölçüsünün aparılması nəticəsində müəyyən olunması götünmür. Bundan başqa, mütəxəssis rəyində göstərilən işlərin dəyərinin hansı normativlərə müvafiq hesablanması göstərilməmişdir. Müəssisənin təqdim etdiyi tikinti layihə və smeta sənədlərində, vergi hesab-faktorlarında, qaimələr və bank sənədlərində malların həcmi, ölçüsü barədə məlumatlar var. Vergi hesablanarkən tikinti layihə və smeta sənədlərindən, nə əlaqəli məlumatlardan, nə bazar qiymətindən nə də digər fiziki həcm, say və s. istifadə etməklə vergi hesablanmamışdır. Ona görə həzırki ekspertiza zamanı həmin mütəxəssis rəyində aparılan hesablamaların, yəni görülən işlərə çəkilən xərcin düzgünlüyü müəyyən olunmur. Belə olan halda iş materiallarında olan sənədlərə və yuxarıda qeyd olunanlara əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış ƏDV məbləği müəyyən olunmur. Yəni səyyar vergi yoxlaması ilə müəssisəyə əlavə olaraq hesablanmış 49.314,61 manat məbləğində ƏDV-nin düzgünlüyü müəyyən edilmir. Beləliklə, hazırkı ekspertiza tədqiqatı zamanı müəssisə tərəfindən aparılmış əməliyyatlara görə vergi orqanı tərəfindən hesablanmış əlavə vergilərin (mənfəət, ƏDV) düzgünlüyü müəyyən edilmir. Yəni, tədqiqatla müəssisə tərəfindən aparılmış əməliyyatlara görə az hesablanmış vergi məbləği müəyyən olunmadı. - (rəyin nəticə hissəsi) Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, müəssisə tərəfindən aparılmış əməliyyatlara görə hesablanmış əlavə vergilərin (mənfəət, ƏDV) düzgünlüyü müəyyən edilmir. Yəni, hazırkı tədqiqatla müəssisə tərəfindən aparılmış əməliyyatlara görə az hesablanmış vergi məbləği müəyyən olunmadı. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ekspert rəyi ilə məhkəməyə təqdim olunmuş yazılı mülahizəsində aşağıdakılar bildirilir: - Cavabdeh MEM-in ekspert rəyi ilə razılaşmır və rəyin mötəbər sübut qismində qəbul edilməməli olduğunu hesab edir. Ekspert qarşısında qoyulmuş birinci sual üzrə cavabdeh tərəfindən 13 mart 2020-ci il tarixli və 17 mart 2020-ci tarixli qərarlar üzrə iddiaçıya 2017-ci il üzrə mənfəət vergisi və 2017 – 2018-ci illər üzrə ƏDV vergisinin düzgün hesablanılıb-hesablanılmaması müəyyən edilməli idi. Ekspert həmin sual üzrə vergi orqanı tərəfindən həyata keçirilmiş hesablamanın doğruluğunun müəyyən olunmadığını bildirmiş və öz mövqeyini əsaslandırarkən tikinti-təmir və quraşdırma işlərinin faktiki həcmi həmin sahə üzrə mütəxəssis tərəfindən nəzarət ölçüsünün nəticələrinə görə müəyyən edilməli olduğunu bildirmişdir. Belə ki, ekspert rəyində bildirilmişdir ki, iş materiallarında olan mütəxəssis rəyində müəssisə tərəfindən yerinə yetirilən işlər üzrə ümumilikdə, 1.230.996,00 manat məbləğində material xərcinin çəkilməsi hesablansa da, həmin hesablamaların mənbəyi, yəni müəssisə tərəfindən görülmüş işlərin mütəxəssis tərəfindən nəzarət ölçüsünün aparılması nəticəsində müəyyən olunması görünmür. Ekspert tərəfindən qarşıda qoyulmuş sual üzrə mahiyyətə uyğun tədqiqat aparılmadan formal və əsassız rəy verilmişdir. Belə ki, məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinin əsas məqsədi xüsusi bilik tələb edən hal üzrə ekspertizaya təqdim edilmiş materiallar əsasında hesablamanın həyata keçirilərək mübahisələndirilən hesablamanın düzgünlüyünün müəyyən edilməsidir. Halbuki, ekspert nəinki ekspertizaya təqdim edilmiş materiallar əsasında heç bir hesablama həyata keçirməmiş, həm də məhkəmənin səlahiyyətinə aid olan sübutun əsaslılığına qiymət vermişdir. Ekspert xüsusi bilik tələb edilə məsələlərlə bağlı rəy vermək üçün cəlb edilir, hüquq normalarının tətbiqi barədə nəticə ekspertin rəyinin əsasını təşkil edə bilməz. Digər tərəfdən, ekspert mütəxəssis rəyində göstərilən dəyərinin hansı normativə uyğun hesablanmasının müəyyən edilmədiyi bildirilmiş, həmçinin tikinti layihə və smeta sənədlərindən, əlaqəli məlumatlardan və bazar qiymətindən istifadə edilmədiyi qeyd edilmişdir. Ekspertin qeyd edilən mövqeyinə münasibətdə yuxarıda qeyd edilənlərlə yanaşı həmçinin bildirilir ki, mütəxəssis rəyinə əsasən görülmüş işlərə çəkilmiş material xərclərinin “Forma 2” aktlarına əsasən müəyyən edildiyi və rəyə əlavə edilmiş qiymətləndirmə cədvəlində hər bir malın (material) göstəricilərinin aydın şəkildə qeyd edildiyi aydın olur. Ekspert qeyd edilən göstəricilərin hər hansı biri ilə razılaşmadığı halda rəyində onu əsaslandırmalı və əsaslı hesab etdiyi göstəricilərə əsasən yenidən hesablama aparmalı idi. Halbuki, ekspert qanunvericiliyin normalarını ekspert rəyinə köçürməklə kifayətlənərək, heç bir tədqiqat həyata keçirməmişdir. Odur ki, vergi orqanı tərəfindən həyata keçirilmiş hesablamanın əsasını təşkil edən mütəxəssis rəyinin əsaslılığının qiymətləndirilməsi məqsədilə məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsinə heç bir zərurət mövcud deyildir. Qeyd edilən hala qiymət verilməsi məhkəmə tərəfindən həyata keçirilir. Başqa sözlə desək, hesablama həyata keçirilməklə rəy verilməsi tələb edilən birinci sual üzrə ekspertin gəldiyi nəticə absurd olmaqla, iş üçün heç bir hüquqi əhəmiyyət kəsb etmir. Ekspert həmçinin rəyin sonrakı hissəsində Vergi Məcəlləsinin gəlir və mənfəət vergisinə aid olan normalarını rəyə köçürərək, heç bir sənədə və hesablamaya istinad etmədən vergi ödəyicisinin özünün təqdim etdiyi bəyannamə göstəricilərini təsdiqləyərək, 2017-ci ilin mənfəət üzrə vergi ödəyicisinin gəlirlərinin 3.206.598,05 manat, gəlirdən çıxılan xərclərinin 2.565.278,60 manat, vergiyə cəlb edilən mənfəətinin isə 641.319,60 manat olduğunu və 2017-ci il üzrə 128.263,92 manat vergi hesablanmalı olduğunu bildirmişdir. Ekspertin ekspertizaya təqdim edilmiş hər hansı ciddi hesabat blankını və digər mühasibatlıq sənədini tədqiq etmədən hansı əsasla yuxarıda qeyd edilən göstəriciləri əldə etdiyi sual doğurur. Odur ki, heç bir tədqiqata və hesablanmaya əsaslanmayan yuxarıda qeyd edilən nəticə yalnız ekspertin təxəyyülünün məhsulu ola bilər. Qeyd edilənlərə əsasən ekspert rəyinin tamamilə absurd, iş üçün əhəmiyyətli olan heç bir halı müəyyən etməyən əsassız rəy olduğu birmənalı şəkildə öz təsdiqini tapır. Eyni zamanda qeyd olunmalıdır ki, MMC-də vergidən yayınma faktına görə 2 mart 2021-ci il tarixli qərarla CM-in 213.2.2-ci maddəsinə əsasən cinayət işi başlanmışdır. Həmin cinayət işinin istintaqı çərçivəsində də iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə ekspertizası mərkəzi tərəfindən təqdim edilən 23 fevral 2021-ci il tarixli 9/4811 nömrəli ekspert rəyinə əsasən vergi orqanının hesablaması təsdiqini tapmışdır. Göstərilənlərə əsaslanaraq, məhkəmədən 18 iyun 2021-ci il tarixli 9/3646 saylı ekspert rəyinin iş üzrə mötəbər sübut kimi qəbul edilməməsi xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlməmiş, cavabdehin nümayəndəndəsi gəlmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, AR Vergi Məcəlləsinin 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, vergi orqanı tərəfindən iddiaçının 2017 – 2018-ci illər üzrə fəaliyyəti ilə bağlı səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama 13 ay aparılmış və 24 yanvar 2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Akt əsasında cavabdeh tərəfindən 13 mart 2020-ci il tarixli **********199308 saylı qərar qəbul edilərək iddiaçıya 2017-ci il üzrə mənfəət vergisi üzrə 195.050,45 manat əsas borc və 97.525,23 manat maliyyə sanksiyası, 2018-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə 144,70 manat və 72,35 manat maliyyə sanksiyası, 2017-ci il ƏDV üzrə 17.031,28 manat əsas borc və 18.600,35 manat maliyyə sanksiyası, 2018-ci il ƏDV üzrə 32.283,33 manat əsas borc və 20.111,12 manat maliyyə sanksiyası, 2017-ci il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə 19.399,38 manat maliyyə sanksiyası, 2018-ci il üzrə ƏDV məbləğinin ödənilməməsinə görə 741,24 manat maliyyə sanksiyası, cəmi 244.509,76 manat əsas vergi borcu və 156.449,67 manat maliyyə sanksiyası hesablanmışdır. Cavabdeh həmin qərarın qəbulunu belə əsaslandırır: 1) yoxlama zamanı təqdim olunmuş sənədlərə əsasən iddiaçı tərəfindən Vergi Məcəlləsinin 108 və 130-cu maddələrinin tələblərinin pozulması müəyyən edilmiş və bu səbəbdən həmin sənədlərə və yoxlamanın gedişində alınmış mütəxəssis rəyinə əsaslanaraq qeyd olunan normaların tələblərinə müvafiq olaraq ona mənfəət vergisi yenidən hesablanmış, müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir; 2) yoxlama zamanı alınmış mütəxəssis rəyinə əsasən 2017-ci il üzrə görülmüş işlərə görə mal-material xərci 1.157.046 manat müəyyən edilmişdir. Nəticədə Vergi Məcəlləsinin 159.5 və 67.15-ci maddələrinin tələblərinə əsasən mütəxəssis rəyi nəzərə alınmaqla 33.943,35 (188.574,17 x 18%) manat məbləğində ƏDV hesablanmışdır. ƏDV-nin azaldılmasına görə 50% həcmində 16.971.67 manat maliyyə sanksiyası tətbiq edilmişdir; 3) yoxlanılan dövr üzrə Vergi Məcəlləsinin 175 və 166-cı maddələrinin tələblərinə müvafiq olaraq 43.479,58 manat ƏDV məbləğinin azaldılması və 28.108,32 manat artıq ƏDV məbləği hesablanması müəyyən edilmişdir. Bununla da 15.371,26 manat əlavə olaraq ƏDV hesablanmış və ƏDVnin azaldılmasına görə 50% həcmində 21.739,80 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Nəticədə malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən vaxtında ödənilməmiş 40.281.24 manat ƏDV (2017-ci il üzrə 38.798,76 manat və 2018-ci il üzrə 1.482,48 manat) məbləğinin 50% miqdarında 20.140.62 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Bundan başqa, iddiaçının fəaliyyəti üzrə kameral qaydada vergi yoxlaması da keçirilərək, 17 mart 2020-ci il tarixli **********012000 nömrəli və həmin tarixli **********021000 nömrəli qərarlar qəbul edilmişdir. Qərarların qəbulu onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi bəyannamələr üzrə üzrə ƏDV tutulan əməliyyatların dövriyyəsi az göstərildiyindən, kənarlaşma müəyyən edilmiş və bu barədə vergi ödəyicisinə müvafiq uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37, 67, 83 və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin avqust ayı üçün ƏDV bəyannaməsi üzrə 30.639,60 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə 17 mart 2020-ci il tarixli **********012000 nömrəli qərar göndərilmişdir. Eləcə də iddiaçının ƏDV qeydiyyatının qüvvəyə minmə tarixindən 31 oktyabr 2019-cu il tarixədək olan dövr ərzində digər şəxslərlə aparılmış qarşılıqlı əlaqələrinin təhlili nəticəsində bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən hesablanmalı ƏDV məbləğində 518,61 manat kənarlaşma yaranmışdır. Bununla bağlı da iddiaçıya müvafiq uyğunsuzluq məktubu göndərilmiş və məktubdakı müddətdə əsaslandırılmış izahat, aparılan əməliyyatlar barədə məlumat təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37, 67, 83 və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin oktyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 518,61 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə 17 mart 2020-ci il tarixli **********021000 nömrəli qərar göndərilmişdir. İddiaçı hazırda 13 mart 2020-ci il və 17 mart 2020-ci il tarixli həmin qərarları (3 qərar) mübahisələndirir. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə vurğulayır ki, iddiaçı hazırda cavabdehin 13 mart 2020-ci il tarixli **********199308 saylı, 17 mart 2020-ci il tarixli **********012000 saylı və həmin tarixli **********021000 saylı qərarları mübahisələndirmək üzrə subyektiv hüququ olduğundan (qərarlar vergi ödəyicisi kimi iddiaçı üçün hüquqi nəticə yaradır), bununla bağlı müddəti buraxılmadığından, qərarlar cavabdeh tərəfindən qəbul edildiyindən, habelə tələblərin bir iddiada birləşdirilməsini istisna edən hər hansı hal mövcud olmadığından məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.2-cü maddəsinin (ikinci cümləsi) tələblərinə uyğun olaraq iddiaçının olduğu yer (Bakı şəhərinin Binəqədi rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. «İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 48.1-ci maddəsinə görə inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. AR Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə görə kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi, yeni qərarın qəbul edilməsi. Həmin Məcəllənin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Hazırkı məhkəmə icraatında mübahisə predmeti kimi cavabdeh inzibati orqanın aşağıdakı 3 inzibati aktı çıxış edir: səyyar vergi yoxmasının nəticələri üzrə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında” 13 mart 2020-ci il tarixli **********199308 saylı qərar və kameral vergi yoxlamalarının nəticələri üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17 mart 2020-ci il tarixli **********012000 saylı və həmin tarixli **********021000 saylı qərarlar. Məhkəmə qeyd edir ki, cavabdeh 13 mart 2020-ci il tarixli **********199308 saylı qərarın qəbulunu yoxlama zamanı vergi ödəyicisi kimi iddiaçının təqdim etdiyi sənədlərdə Vergi Məcəlləsinin 108 və 130-cu maddələrinin tələblərinin pozulmasının müəyyən edilməsi və alınmış müvafiq mütəxəssis rəyi ilə əsaslandırsa da, hazırkı məhkəmə icraatında alınmış ekspertiza rəyi inzibati orqanın bu qənaətini təkzib edir. İlk növbədə nəzərə alınmalıdır ki, istər inzibati icraatda, istərsə də inzibati məhkəmə icraatında “ekspet rəyi” daha mötəbər sübut kimi qiymətləndirilir, nəinki “mütəxəssis rəyi”. Bundan başqa, hazırkı iş üzrə alınmış 18 iyun 2021-ci il tarixli 9/3646 saylı ekspetiza rəyi ilə razılaşmamaq üzrə hər hansı əsas müəyyən edilmir, rəy qoyulan məsələlər üzrə tam əhatəli və əsaslandırılmış qiymətləndirilir. MPM-in 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Tədqiq edilmiş ekspert rəyində isə, səyyar vergi yoxlamasının əhatə etdiy dövr üzrə vergi ödəyicisi kimi hazırkı İddiaçı MMC-nin müvafiq xərc sənədini nəzərə almaqla 2017-ci il üzrə mənfəət vergisi, 2017 – 2018-ci illər üzrə ƏDV borclarının mövcud olmaması, habelə cavabdeh inzibati orqan tərəfindən 13 mart 2020-ci il tarixli və qərar əsasında iddiaçıya mənfəət vergisi və ƏDV-nin düzgün hesablanmaması müəyyən edilir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın da apardığı inzibati icraatdakı əsas dəlili kimi “təqdim edilmiş sənədlər və mütəxəssis rəyi” çıxış etmişdir. Bundan başqa, səyyar vergi yoxlaması 24 ay davam etmiş və bu müddət ərzində bir dəfə “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsinə dair” və 9 dəfə “yoxlamanın dayandırılması barədə” qərarlar qəbul olunsa da, həmin qərarların zəruriliyi əsaslandırılmamış (6 dəfə mütəxəssis-ekspert dəvət olunması göstərilmişdir), eləcə də əlavə yoxlama tədbirlərinin nədən ibarət olması və sonradan hansısa haların əlavə tədbirlərlə aydınlaşdırıldığı açıqlanmamışdır. Bu isə, son nəticədə belə nəticə yaradır ki, cavabdeh inzibati orqan səyyar vergi yoxlamasını AR Vergi Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddət kriteriyasına formal əməl olunmaqla aparmış və həmin normanın, eləcə də «İnzibati icraat haqqında» AR Qanununun 48.1-ci maddəsinin tələblərini pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, cavabdehin 13 mart 2020-ci il tarixli **********199308 saylı qərarı qanuna ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Həmçinin məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt (13 mart 2020-ci il tarixli **********199308 saylı qərar) qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və maliyyə sanksiyasının) ödəmək öhdəliyi yaranır. Halbuki, AR Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Nəzərə alınmalıdır ki, AR Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Belə olan halda məhkəmə iddianı 13 mart 2020-cin il tarixli **********199308 saylı qərarın mübahisələndirilməsi hissəsində əsaslı sayır. Mübahisə predmeti olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17 mart 2020-ci il tarixli **********012000 saylı və **********021000 saylı qərarlara gəldikdə isə, məhkəmə hesab edir ki, iddiaçının iddianın bu hissəsi üzrə dəlilləri əsaslı sayıla bilməz. Bu qənaət ondan irəli gəlir ki, cavabdeh həmin qərarların qəbulu üzrə inzibati icraat zamanı vergi qanunvericiliyinin normalarına (o cümlədən Vergi Məcəlləsinin 37-ci maddəsinə) və qanunvericiliyin inzibati icraatla bağlı ümumi müddəalarına (o cümlədən, «İnzibati icraat haqqında» AR Qanununun 11, 17 və 58-ci maddələrinə) riayət etmiş və müvafiq qənaətə əsaslı olaraq gəlmişdir. Belə ki, vergi ödəyicisi kimi hazırkı iddiaçının təqdim etdiyi müvafiq bəyannamə məlumatlarında görünən ziddiyyətli məqamlar “kənarlaşma” kimi qiymətləndirməni istisna etmir və iddiaçı cavabdehin həyata keçirdiyi kameral vergi yoxlamaları zamanı müəyyən olunmuş müddətlərdə hər hansı açıqlama, izahat və digər zəruri sənədləri həmin orqana təqdim etməmişdir. Belə olan halda, məhkəmə cavabdehin 17 mart 2020-ci il tarixli **********012000 saylı və **********021000 saylı qərarlarını qanunsuz qiymətləndirmir. Odur ki, iddia həmin qərarların mübahisələndirilməsi hissəsində əsasssızdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 13 mart 2020-ci il tarixli **********199308 saylı qərarı ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14.1, 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 13 mart 2020-ci il tarixli **********199308 saylı qərarı ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-923/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-923/2021
08.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver