Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9232/2025 09.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “yeni şəxsiyyət vəsiqəsinin verilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Ermənistan SSR, Əzizbəyov rayonu Herher kənd sovetliyi tərəfindən xx.xx.1959-cu il tarixdə verilmiş 1-3Ж223225 nömrəli doğum haqqında şəhadətnamədə qeyd olunan “Aloş” ata adı ilə, ona məxsus AZE seriyalı, 0******* nömrəli, xx.xx.2010-cu ildə Sabunçu RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində qeyd olunan “Alyas” ata adındakı uyğunsuzluğa dair düzəlişin edilməsi və ona ata adının “Aİoş” kimi qeyd edilməklə yeni şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə Ermənistan SSR, Əzizbəyov rayonu, Qarmraşen kəndində anadan olmuşdur. Bu barədə ona xx.xx.1959-cu il tarixdə Ermənistan SSR, Əzizbəyov rayonu Herher kənd sovetliyi tərəfindən İ-3Ж 223225 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə adı Allahverdiyeva Fatma Aİoş qızı kimi qeyd edilmişdir. xx.xx.1987-ci il tarixdə X6 ilə rəsmi nikaha daxil olduğuna görə ona Məmmədova soyadı verilmiş və nikahın bağlanması haqqında şəhadətnamədə atasının adı “Aloş” kimi qeyd edilmişdir. Həmçinin iddiaçıya məxsus xx.xx.1983-cü il tarixli əmək kitabçasında atasının adı “Aİoş” kimi qeyd edilmişdir. Lakin ona məxsus AZE seriyalı, 0******* nömrəli, xx.xx.2010-cu ildə Sabunçu RPİ tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində atasının adı “Alyas” kimi qeyd edilmişdir. Bu uyğunsuzluq da iddiaçıya bir çox hallarda maneə yaratmışdır. İddiaçı məlum məsələ ilə bağlı cavabdeh orqana müraciət edərək doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində qeyd edilən ata adları arasındakı uyğunsuzluğun aradan qaldırılmasını xahiş etmişdir. Lakin cavabdeh orqan tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən adlarda olan uyğunsuzluğun düzəliş edilməsinin səlahiyyətləri daxilində olmadığını əsas gətirərək məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdeh orqanın bu cür qənaətə gəlməsi qanunsuz və əsassızdır. Şəxsiyyət vəsiqəsi doğum haqqında şəhadətnamədə olan məlumatlara əsasən verilir. Doğum haqqında şəhadətnamədə ata adının “Aloş” olduğu nəzərə alınsa, şəxsiyyət vəsiqəsində də ata adı “Aİoş” kimi qeyd edilməli idi. Lakin göründüyü kimi cavabdeh orqan tərəfindən ona məxsus doğum haqqında şəhadətnamədə göstərilən məlumatlar şəxsiyyət vəsiqəsi üzrə olduğu kimi qeydə alınmamış və bu da ata adın “Aloş” kimi deyil, “Alyas” kimi qeyd edilməsi ilə nəticələnmişdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan İ-3Ж №223225 nömrəli xx.xx.1959-cu il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.1959-cu ildə Ermənistan SSR, Əzizbəyov rayonu, Qarmraşen kəndində doğulmuş, bu barədə doğul haqqında vətəndaş vəziyyəti aktları qeydiyyat kitabında xx.xx.1959-cu il tarixində 33 nömrə ilə qeyd aparılmışdır. X1, anası X4r. Nikahın bağlanması haqqında 51 nömrəli, xx.xx.1987-ci il tarixli akt qeydindən görünür ki, X6 ilə X3 nikaha daxil olmuşdur. Nikahdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İddiaçıya məxsus AZE seriyalı ******* nömrəli xx.xx.2010-cu il tarixli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçının tam adı “İddiaçı” kimi qeyd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçıya məxsus doğum haqqında şəhadətnamədə qeyd olunan məlumatlar ilə xx.xx.2005-ci il tarixdə Sabunçu RPİ-nin Q və ŞVŞ tərəfindən təmin olunduğu AZE 03550093 nömrəli və xx.xx.2010-cu il tarixdə AZE 0******* nömrəli şəxsiyyət vəsiqələrində qeyd olunan məlumatlar arasında olan uyğunsuzluğun düzəliş edilməsi səlahiyyətləri daxilində deyildir. Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/7xx/xx/2025 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən iddiaçının adına Ermənistanda qeydə alınmış doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı ərizəsinə baxılmışdır. Sənədləri nəzərdən keçirərkən müəyyən edilmişdir ki, vətəndaşa məxsus AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsində atasının adı “Alyas”, lakin onun Ermənistanda qeydə alınmış doğum haqqında şəhadətnaməsində ata adı “Aloş” qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı,xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarının” aşağıdakı bəndlərinə əsasən; 13. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. 14. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Təqdim edilmiş sənədlərdə ata adına dair ziddiyyət yarandığından iddiaçının doğum akt qeydinin bərpası ilə bağlı ərizəsinin təmin edilməsi qeydiyyat şöbəsində mümkün deyildir. Ədliyyə Nazirliyi Vətəndaşlıq X2 məktubundan görünür ki, "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı aid digər vətəndaşlıq vəziyyəti akt qeydlərinə dair məlumat aşkar edilməmişdir. İddiaçı hazırda doğum haqqında şəhadətnamə ilə şəxsiyyət vəsiqəsi məlumatlarında ata adı ilə bağlı uyğunsuzluq olduğundan şəhadətnaməyə uyğun olaraq şəxsiyyət vəsiqəsi məlumatlarına düzəliş edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən: -bənd 2.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. -bənd 2.8. Doğum haqqında akt qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: 2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. -bənd 2.24. Doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 4cü maddəsinə əsasən Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı, ünvanı (yaşayış yeri) dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”yə əsasən: Bənd 2.2. Vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi; ... - Bənd 2.22. Şəxsiyyət vəsiqəsi 10 (on) illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı, ünvanı (yaşayış yeri) dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün 1 (bir) ay müddətində vəsiqə verən orqana müraciət etməlidir. Görüdüyü kimi, şəxsiyyət vəsiqəsi məlumatları şəxsin doğum haqqında şəhadətnaməsinə əsasən, həmin məlumatlar isə doğum haqqında akt qeydinə əsasən yazılır. İşdən görünür ki, iddiaçı onun şəxsiyyət vəsiqəsindəki məlumatın düzgün olmadığını iddia edərək, doğum haqqında şəhadətnaməyə uyğun düzəliş edilməsini xahiş etsə də, həmin şəhadətnamənin verilməsinə əsas olan doğum haqqında akt qeydi mövcud deyil. Bu isə o deməkdir ki, iddiaçıya məxsus doğum haqqında şəhadətnamədə göstərilən məlumatların həqiqətə uyğun olması müəyyən edilmir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, iddiaçı ilk əvvəl ona məxsus doğum haqqında akt qeydinin bərpasını təmin etməlidir. Yalnız bundan sonra həmin akt qeydindəki məlumatların şəxsiyyət vəsiqəsi məlumatları ilə eyniləşdirilməsi üçün cavabdeh orqana müraciət edə, imtina edildikdə isə inzibati məhkəməyə müraciət edə bilər. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-9232/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9232/2025
09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver