Məhkəmə qərarları › İş №2-1(112)-9233/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9233/2024

29.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9233/2024 29.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası DGK Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə qarşı "borcun ləğv edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək MMC-nin mallarının daxili mallar gömrün statusunun təsdiq edilməsi haqqında şəhadətnaməsinin bərpa edilməsi öhdəliyinin DGK Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi və ona əlavə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-cü il tarixdə "xxxx" MMC, X2 və X9 CO LTD arasında mal idxalı ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin 4.4-cü bəndinə əsasən ödəniş ABŞ dolları ilə X9 CO LTD köçürülməlidir. Həmin müqaviləyə əsasən vəsait 3-cü tərəf X9 CO LTD şirkətinə köçürülmüşdür. Lakin ödəniş köçürüldükdən sonra vəsaitin köçürülməsi sərbəst ticarət prinsiplərinə uyğun olmadığı üçün köçürülən vəsaitin gen qaytarılması tələb edilmişdir. DGK Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən müəssisənin bankda olan hesabları bağlanmışdır. İddiaçı iddia tələbini həcmini artıraraq "xxxx" MMC-yə qarşı 18731,02 manat idxal gömrük rüsumu, həmçinin 3371,58 manat və 5945 manat dəbbə pulunun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı **********0139 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal etdiyi malları göndərən ölkə kimi X1 Aşgabat/Türkmənistan adından bəyan etmiş və rəsmiləşdirmişdir. İddaçı gömrük orqanına malı idxal etdiyi şirkətlə bağladığı ikitərəfli müqaviləni təqdim etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 sentyabr 2023-cü il tarixli “Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli 3-33/3-2- 000164/2023 nömrəii sərəncamına əsasən Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə aparılmış auditin nəticələrinə dair" akt əsasında müəyyən edilmişdir ki, Türkmənistan Respublikasından İddiaçı MMC-nin ünvanına idxal olunan malların **********0139 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş və CT-1 formalı mənşə sertifikatı təqdim edilməklə idxal gömrük rüsumundan azadolma tətbiq edilmişdir. Eyni qeyd olunan hal təkrarlandığı və **********0139 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 5.0311,55 ABŞ dolları məbləğində pul vəsaitinin X7 “X8 CO.,LTD” şirkətinə köçürüldüyü aşkar edilmişdir. **********0139 sorğu nömrəli gömrük bəyannaməsi üzrə sözügedən uyğunsuzluq səbəbindən dövlət büdcəsinə ödənilməli olan 18.731,02 manat idxal gömrük rüsumu, 3.371,58 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisinin büdcəyə ödənişi təmin olunmalı və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcuna 8.067,45 manat dəbbə pulu hesablanmalıdır. A Ənd J Holdinq” MMC-nin ünvanına Baş İdarə tərəfindən xx.xx.20204cü il tarixdə bildiriş göndərilərək yaranmış gömrük borcunun dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. Lakin, İddiaçı MMC bugünədək yaranmış olan gömrük borcunun dövlət büdcəsinə ödənilməsini həyata keçirməmişdir.İddiaçı MMC-nin bank hesablarına Baş İdarə tərəfindən iddiaçının bank hesablarının dondurulması və ya hesablardan borcun tutulması ilə bağlı sərəncam qoyulmamışdır. Sərəncam qoyulmadığı halda iddaçı bununla bağlı məhkəmədə iddia qaldırmış və gələcəkdə olmasını ehtimal etidiyi hərəkətlə bağlı müvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3. maddəsinə əsasən Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. Gömrük Məcəlləsinin 249.1. maddəsinə görə ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. Gömrük Məcəlləsinin 249.3. maddəsinə görə vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. Gömrük Məcəlləsinin 249.3. maddəsində qeyd edilmiş norma blanket xarakterli olub Vergi Məcəlləsinin 65-ci maddəsində qeyd edilmiş Vergilər üzrə borcların alınması qaydasına uyğun həyata keçirlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1. maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3. maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, iddianın heç bir hüquqi əsası yoxdur və ərizə əsassızdır. Buna görə də ərizənin rədd edilməsi və iddianın mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1- ci bənd). X4 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Qeyd olunan Plenum Qərarında ifadə olunmuş mövqeyi nəzərə alaraq məhkəmə iddianın mümkünlülük məsələsinə iddianın predmeti, iddiaçının hazırkı iddianı qaldırmağa hüquqi marağı, məhkəmə müdafiəsinə zərurətin olub-olmaması baxımından hüquqi qiymət verir İşin hallarından görünür ki, cavabdeh inzibati orqanın mövqeyinə görə iddiaçı Türkmənistan Respublikasından idxal etdiyi malların **********0139 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirmiş və ona CT-1 formalı mənşə sertifikatı təqdim edilməklə idxal gömrük rüsumundan azadolma tətbiq edilmişdir. Daha sonra **********0139 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 5.0311,55 ABŞ dolları məbləğində pul vəsaitinin X7 “X9 CO.,LTD” şirkətinə köçürüldüyü aşkar edilmiş və nəticədə iddiaçının dövlət büdcəsinə 18.731,02 manat idxal gömrük rüsumu və 3.371,58 manat idxal gömrük rüsumuna görə tətbiq edilməli olan əlavə dəyər vergisi borcu yaranmışdır. Cavabdeh tərəfindən "xxxx" MMC-nin ünvanına xx.xx.2024-cü il tarixdə bildiriş göndərilərək yaranmış gömrük borcunun dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Konstitusiya Məhkəməsinin Plenumu “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: -inzibati orqan tərəfindən qəbul edilməli; -ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; -ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; -hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Qeyd olunmalıdır ki, qanunverici tərəfindən belə aktın xüsusiyyətlərinin müəyyən edilməsi ictimai maraqlar və dövlət maraqları ilə şərtləndirilir, publik hüquq münasibətləri müstəvisində yaranan müəyyən məsələnin və ya mübahisənin həllinə yönəlir. Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu isə özündə inzibati orqanlar tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələlərin həllinə dair inzibati aktların qəbul edilməsini ehtiva edir. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır Sənədin formasına görə inzibati akt, qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar, sərəncam və ya digər növ aktdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Lakin maddənin dispozisiyası belə nəticəyə gəlməyə imkan verir ki, adından asılı olmayaraq hər hansı bir hakimiyyət orqanının sənədi həmin maddədə sadalanan əlamətləri özündə əks etdirdiyi təqdirdə inzibati akt hesab edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi adı çəkilən 13 iyun 2013-cü il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır”. Məhkəmə qeyd edilən normalara və Plenum Qərarındakı mövqeyə əsasən hesab edir ki, cavabdehin hazırda mübahisələndirilən gömrük borcunun ödənilməsi barədə bildiriş iddiaçı üçün bilavasitə hüquqi nəticə yaratmır. Belə ki, qeyd edildiyi kimi inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Hazırkı halda iddiaçıya ünvanlanmış bildiriş adından göründüyü kimi gömrük borcu bildiriş, məlumat xarakteri daşıyan, hər hansı məcburi öhdəliklərin icra edilməsi ilə birbaşa nəticəyə səbəb olmayan məktubdur. Başqa sözlə, sözügedən bildiriş məktubu iddiaçı üçün hüquqi nəticə yaratmır, onun üzərinə əliverişsiz vəziyyətə salan vəzifə və öhdəlik qoymur. Odur ki, cavabdehin bildirişin göndərilməsi ilə bağlı hərəkətləri iddiaçı üçün hüquqi nəticə yaratmadığından qeyd edilən faktiki hərəkətin qanunsuz hesab edilməsi tələbi mümkün sayıla bilməz. Bundan əlavə, hesablanmış borcun ləğv edilməsi tələbinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının sözügedən gömrük borcunun məcburi qaydada tutulmasına yönəldilmiş hər hansı bir hərəkəti olmamış, cavabdeh tərəfindən sözügedən məsələ ilə bağlı “İnzibati icraat haqqında” Qanunun müddəaları çərçivəsində inzibati icraat aparılmamış, inzibati akt qəbul edilməmiş, iddiaçıya qarşı mübahisə edilən pul vəsaitinin tutulmasına yönəldilmiş hər hansı məcburedici hərəkətlər edilməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 81-ci maddəsinə əsasən İnzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur (maddə 81.1). Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir (maddə 81.2). İnzibati orqan inzibati aktın icrası ilə bağlı şəxsin hansı hərəkətləri etməli olduğunu dəqiq müəyyənləşdirməyə borcludur (maddə 81.3). Həmin Qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Gömrük Məcəlləsinin “Gömrük borclarının alınması və məsuliyyət tədbirləri”ni tənzimləyən: -249.1-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. -249.2-ci maddəsinə görə gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. -249.3-cü maddəsinə görə vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. -249.4-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı ödəyicinin banklardakı hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırır. Göründüyü kimi, qanunvericiliyə əsasən şəxsin mövcud olan gömrük borcunun ödənilməsi üçün inzibati orqanın həmin borcun məcburi tutulması barədə qərar qəbul etmək, tələbi icraya yönəltmək, icra sənədi vermək və digər bu kimi səlahiyyətləri müəyyən edilmişdir. Lakin işdən görünür ki, cavabdeh gömrük borcunun ödənilməsi ilə bağlı özünün qeyd etdiyi kimi 2023-cü üzrə gömrük borcu hesablansa da keçən bu müddət ərzində qanunla sadalanan tədbirlərdən hər hansı birini görməmişdir. Belə ki, inzibati icraat materiallarından da görünür ki, hazırkı halda “Vaxtında ödənilməmiş Gömrük Borcunun ödəyicinin X3” dair Metodikanın 3-cü hissəsinin tələblərinə uyğun olaraq tərəflərindən hüquqi şəxsə gömrük borcunun ödənilməsinə dair bildiriş təqdim olunmuşdur. Başqa sözlə, iddiaçıya hesablanmış borcla əlaqədar olaraq gömrük orqanı tərəfindən borcun tutulmasına yönəldilmiş hər hansı bir hərəkət edilməmiş, sərəncam qoyulmamış, icra sənədi verilməmiş, digər gömrük rəsmiləşdirmələrinə borc ödənilmədiyinə görə məhdudiyyət qoyulmamış, yalnız borc barədə bildiriş göndərilmişdir. Göründüyü kimi, işin halları ilə iddiaçının hazırkı iddianı qaldırması üçün hər hansı bir əsası, yaxud onun hazırkı iddiaya hüquqi marağı müəyyən olunmur, məhkəmə hüquq müdafiəsinə isə zərurət mövcud deyildir İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar