Məhkəmə qərarları › İş №2-1(112)-9234/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9234/2024

04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9234/2024 04.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 57 yaşdan, yəni 09 iyul 2022 güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı hesab edir ki, onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajının isə 12 il 06 aydan çox olmasına baxmayaraq cavabdeh əsassız imtina verərək onun güzəştli iş stajının olmadığını qeyd etmişdir. Halbuki, onun əmək stajını təsdiq edən əmək kitabçası və arayışlar mövcuddur. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, iddiaçı daha əvvəl güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi bağlı ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Mərkəzi Filialın iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-84532/2024 nömrəli cavab məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. İmtinanın əsası kimi iddiaçının kifayət qədər ümumi iş stajına malik olmadığı qeyd edilmişdir. Bundan narazı qalan iddiaçı A.Abdurəhmanov Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Mərkəzi Filiala iddiaçının təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixədək onun ümumi iş stajı 25 ildən az (21 il 2 ay 12 gün (xx.xx.1984- xx.xx.1986-cı il, xx.xx.1986xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məlumat üçün bildiririk ki, iddiaçının Mərkəzi filiala təqdim etdiyi Milli Arxiv idarəsinin Gədəbəy filialının ona dair 5 mart 2024-cü il tarixli 49 nömrəli arayışında 1981-1984-cü illərdə onun sabiq “Sabir adına” kolxozda əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir. Lakin sözügedən arxiv arayışında onun kolxozda işlədiyi müddət üzrə işə qəbul olma və işdən çıxma tarixləri qeyd olunmamışdır. Bu səbəbdən də həmin müddəti onun stajına daxil etmək mümkün olmamışdır. Qeyd olunan xüsusatları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflər izahatları: İddiaçı, onun nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hərbi biletin surətindən görünür ki, iddiaçı 10 iyun 1984-cü il tarixdən 10 iyun 1986-cı il tarixədək orduda xidmət etmişdir. Azərbaycan Memarlıq və İnşaar Universiteti tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.1983-cü il, 276u/p saylı əmrlə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “İnşaat” fakültəsinin qiyabi şöbəsinin “Sənaye və mülki tikinti” ixtisasına qəbul olmuşdur. xx.xx.1984-cü il, 220u/p saylı əmrlə həqiqi hərbi xidmətə getmiş, xx.xx.1986-cı il, 416u/p saylı əmrlə həqiqi hərbi xidmətdən sonra Azərbaycan Mühəndis İnşaat İnstitutunun “İnşaat” fakültəsinin əyani şöbəsinə bərpa olmuşdur. xx.xx.1991-ci il, 198u/p saylı əmrlə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “İnşaat” fakültəsinin əyani şöbəsinin “Sənaye və mülki tikinti” ixtisası üzrə tam kursu bitirmiş və Dövlət İmtahan Komissiyasının qərarına əsasən ona “İnşaat-mühəndisi” ixtisası verilmişdir. Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1991-ci il tarixdə çilingər peşəsinə təyin edilmiş, xx.xx.1993-cü il tarixdə usta vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci il tarixdə iş icraçısı vəzifəsinə keçirilmiş və xx.xx.2007-ci il tarixdə onun bağlanmış müqaviləyə xitam verilmiş, xx.xx.2007-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində aparıcı mühəndis, xx.xx.2022-ci il tarixdən aparıcı məsləhətçi təyin edilmişdir. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd edilən məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək sizin ümumi iş stajınız 25 ildən az (21 il 2 ay 12 gün (xx.xx.1984-xx.xx.1986- cı il, xx.xx.1986-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Mərkəzi Filiala təqdim olunan Milli Arxiv idarəsinin Gədəbəy filialının sizə dair 5 mart 2024-cü il tarixli 49 nömrəli arayışında 1981-1984-cü illərdə kolxozda əmək fəaliyyəti ilə məşğul olduğunuz qeyd edilmişdir. Lakin sözügedən arxiv arayışında kolxozda işlədiyiniz müddət üzrə işə qəbul olma və işdən çıxışma tarixləri qeyd olunmamışdır. Bu səbəbdən də həmin müddəti iş stajınıza daxil etmək mümkün olmamışdır. "xxxx" ASC tərəfindən verilmiş məktubdan görünür ki, İddiaçı Saiman oğlunun işlədiyi peşə üzrə sosial sığorta stajı 15 (on beş) il, 06 (altı) ay, 21 (iyirmi bir) gün və güzəştli sığorta (və ya iş) stajı- 14 (on dörd) il), 09 (doqquz) ) gün təşkil edir. İşlədiyi vəzifə (sahə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" qərarının kod 22900000, XXVİİ bəndinin ( “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri") 2290000b-23419-USTA,b yarımbəndindəki (kod 2290000b) Rəhbərlər və mütəxəssislər, 22900000-24441 iş icraçıları vəzifələri ilə eynidir. Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, sabiq “Sabir” adına kolxoza aid protokol kitabları Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunur. Lakin sorğuda qeyd olunan xx.xx.1965-ci il təvəllüdlü vətəndaş İddiaçı kolxoz üzvlüyünə qəbul edilməsi və üzvlüyündən azad edilməsi barədə qeyd aşkar olunmadı. Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan sabiq “Sabir” adına kolxozun 1981 -ci ilə aid “Əməyin ödənişi kitabı”nda vətəndaş İddiaçı soyadı qeyd olunmayaraq xx.xx.1981 -ci ildə kartofda işləyərək 0.71 əmək günü qazandığı və 1984-cü ilə aid “Əməyin ödənişi kitabf’nda xx.xx.1984-cü ildə kartofda işləyərək 4.73 əmək günü qazandığı qeyd olunmuşdur. Odur ki, vətəndaş İddiaçı 1981 -ci ilin konkret hansı ayın hansı günündə sabiq “Sabir” adına kolxoza üzv qəbul edilməsi, eyni zamanda 1984-cü ilin hansı ayın hansı günündə kolxoz üzvlüyündən azad edilməsi faktın müəyyən edilməsi və verilməsi mümkünsüz olmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 aydan içox olmasını şərtləndirmişdir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq ƏMQ-nın tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı xx.xx.2017-ci il tarixədək toplanmalıdır . Hazırki iş materiallarından isə görünür ki, iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajına malik olmamışdır. İddiaçının ümumi iş stajının tamamlanmaması ilə bağlı məhkəmə aşağıdakiları bildirir. Belə ki, “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında”Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Məsələyə hüquqi qiymət verərkən məhkəmə həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Qeyd olunmalıdır ki, həm xx.xx.2006-ci il tarixədək qüvvədə olmuş, həm hüquq münasibətləri yarandığı vaxtda qüvvədə olmuş, həmçinin hazırda qüvvədə olan qanunvericilik əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, əksinə əmək kitabçası olmadıqda işəgötürənin arayışı əsasında müəyyən edilməsini şərtləndirmişdir. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: - xx.xx.1991-ci il tarixdən xx.xx.2007-ci il tarixədək çilingər, usta, iş icraçısı; (xx.xx.2006-cı il tarixədək 15 il 06 ay 19 gün) - xx.xx.2007-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aparıcı mühəndis; - xx.xx.2022-ci il trixdən aparıcı məsləhətçi təyin edilmişdir. Bundan başqa Məhkəmə qeyd edir ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən iddiaçının işlədiyi müddətlə yanaşı iddiaçının hərbi xidmət müddəti də pensiya təyinində nəzərə alınmalıdır. İş materialları ilə də müəyyən edilir ki, iddiaçı 10 iyun 1984-cü il tarixdən 10 iyun 1986-cı il tarixədək hərbi xidmətdə olmuşdur ki, həmin müddət ümumilikdə 02 il 1 gün təşkil edir. İddiaçının təhsil müddətinə gəldikdə isə Məhkəmə qeyd edir ki, iddiaçının təhsilinin məhz əyani müddəti (qiyabi təhsil aldığı müddət orduda xidmət illəri ilə kolxozda işlədiyi müddət ilə üst-üstə düşür) təhsil müddətinə daxil edilməlidir ki, bu müddət ümumilikdə 04 il 10 ay 1 gün təşkil edir. (xx.xx.1986-xx.xx.1991) Göründüyü kimi həmin illəri cəmlədikdə müəyyən olunur ki, iddiaçının ümumi iş stajı cəmi 15 il 06 ay 19 gün + 02 il 1 gün + 04 il 10 ay 1 gün = 22 il 4 ay 21 gün təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçının “Sabir” adına kolxozda işlədiyi müddəti belə iş stajına daxil etdikdə müəyyən olunur ki, iddiaçı ümumi iş stajı ilə bağlı şərti ödəmir. Belə ki, 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1962-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş «Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında» SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş «Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında» Əsasnamənin 48-ci bəndinə əsasən, 1962-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. «SSRİ vətəndaşlarının pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1962-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. 23 sentyabr 1992-ci ildə qəbul edilmiş və 6 mart 2007-ci il tarixli Qanunla qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Gədəby ayon Dövlət Arixiv tərəfindən verilmiş arxiv arayışından müəyyən edilir ki, minimum əmək iştirakı norması həmin illərdə qadınlar üçün fərqli göstəricilər əsasında müəyyən edilmişdir. Belə ki, iddiaçının 1981, 1982, 1983, 1984-cü illərdə işlədiyi günlərdə tələb olunan minimum əmək günü norması 80 təşkil edirdi. Buna qarşılıq iddiaçı 1981-ci ildə 3 gün, 1982-ci ildə 3 gün, 1983-cü ildə 37 gün, 1984-cü ildə 10 gün işləmişdir. Göründüyü kimi, iddiaçı mübahisəli illərdə minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də, həmin illər (1981-1984) ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin ildə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – (3+3+37+10) x 12 = 636/80 = 7,95 = 7 ay 28 gün təşkil edir. Həmin dövrü iş stajına daxil etdikdə isə müəyyən olunur ki, iddiaçının ümumi iş stajı həmin dövr nəzərə alınmaqla cəmi 22 il 4 ay 21 gün +7 ay 28 gün = 23 il 19 gün təşkil edir. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulan ümumi iş stajına malik olmadığından, onun güzəştli şərtlərlə pensiya hüququ yaranmamışdır. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar