Məhkəmə qərarları › İş №2-1(112)-9236/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9236/2023

11.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9236/2023 11.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı məhkəmədə iddia qaldıraraq, onun 1981-1993-cü illər üzrə iş stajına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1975-ci ildə orta məktəbi bitirmişdir. Elə həmin ildə də Şəki Pedaqoji Məktəbinə daxil olmuş, 1 il oxumuşdur. 1976-1978-ci illər ərzində hərbi xidmətdə olmuş, 1978-1981-ci illər ərzində qeyd edilən məktəbdə təhsilini davam etdirmişdir. Şəki Pedaqoji Məktəbində əyani təhsil almış, 1982-1987-ci illər ərzində M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universiteti) qiyabi təhsil almış, xx.xx.1981-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək fasiləsiz olaraq Kəlbəcər rayon Çorman kənd orta məktəbində müəllim işləmiş, 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi səbəbindən Rayon Təhsil Şöbəsində saxlanılan və müvafiq qeydləri özündə əks etdirən əmək kitabçası rayonda qalmışdır. Məlum səbəbdən müvəqqəti olaraq işsiz qalmışdır. Məcburi köçkün və şəhid ailəsinin başçısıdır. xx.xx.1993-cü il tarixli, 12 nömrəli əmrlə Bakı Neft Qaz Mədən avadanlıqları zavodunun nəzdində fəaliyyət göstərən “Yapışdırıcı” kooperativində təchizatçı vəzifəsinə işə qəbul olunmuş, əmək kitabçası olmadığı üçün 05 may 1993-cü il tarixində onun adına ИТ-İ ******* nömrəli yeni əmək kitabçası açılıb. Yeni açılmış əmək kitabçasında Kəlbəcər rayon Təhsil Şöbəsinin xx.xx.1993-cü il tarixli, 265 nömrəli arayışına əsasən 1981-1993-cü illər üzrə iş stajını təsdiq edən ilkin qeydlər (“xx.xx.1981-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək Kəlbəcər rayon Çorman kəndində müəllim işləmiş, Kəlbəcər rayonunun işğalından sonra işsiz qalmışdır”) aparılmışdır. Onun qeyd edilən müddət ərzində Kəlbəcər rayon Çorman kənd orta məktəbində fasiləsiz olaraq müəllim işləməyini müəllim yoldaşları, dərs dediyi şagirdlər və onu tanıyan hər bir şəxs təsdiq edə bilər. O, xx.xx.2022-ci il tarixində təqaüd yaşına çatmışdır. Yaşa görə əmək pensiyasının hesablanması üçün DOST mərkəzinə əmək kitabçasından çıxarış, əyani təhsil haqqında arayış və tələb olunan digər sənədlər təqdim edilmişdir. DOST mərkəzi tərəfindən təyin edilmiş 495.74 manat təqaüd onu qane etmədiyi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Müraciəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktor müavini Anar Mirzəyev tərəfindən xx.xx.2023-cü il tarixli, 317- 1/2-1-28293/2023 №-li məktubla cavablandırılmışdır. Cavab məktubunda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızda qeyd edilmiş xx.xx.1981-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə qəbul olma və işdən azad olma əmrləri həmin müəssisənin möhürü ilə təsdiq edilməmişdir) həmin dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Eyni zamanda bildirilir ki, qəbul edilmiş qərarla razılaşmadıqda, həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 və 73-cü maddələrinə əsasən inzibati və ya məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İddiaçı qeyd olunanlarfa əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçının müraciətinə cavabdeh tərəfindən ünvanlanmış məktubda bildirilmişdir: “xx.xx.2006-cı il tarixinə kimi 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınan 51.057,57 manat pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 495,74 manat müəyyən edilmişdir. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrləriniz, o cümlədən, xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək və xx.xx.1978-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək təhsil aldığınız illər, xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinə kimi faktiki sığorta stajınız 18 il 3 ay 16 gün olduğu halda, sizə Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Bildiririk ki, əmək pensiyanızın məbləği aşağıda göstərilən qaydada hesablanmışdır: 2006-cı il tarixinədək 25 il sığorta stajına əsasən fərdi hesabınızın sığorta hissəsində qeydə alınan kapital: 25 il x 306 = 7.650 manat, SH= 141,17 (SH) + 354,57 (SH) = 495,74 manat. Burada, 141,17 manat - pensiyanızın xx.xx.2006-cı il tarixinədək sığorta stajınız əsasında hesablanmış sığorta hissəsi (25 il stajına uyğun olaraq 20328,06 /144), 354,57 manat - xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək hesablanmış sığorta hissəsi (SH=PSK/T, SH=51057,57/144=354,57 manat). Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 568,35 manata çatdırılmışdır.”

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasını tələb etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra -Qanun) 22-1.1-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixdən avtomatlaşdırılmış qaydada 495,51 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2006-cı il tarixə kimi 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 51.057,57 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən 495,74 manat müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək və xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil aldığı illər, 01,05.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixə kimi faktiki sığorta stajı 18 il 3 ay 16 gün olduğu halda, iddiaçıya Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. İddiaçının əmək pensiyasının məbləği aşağıda göstərilən qaydada hesablanmışdır: 2006-cı il tarixinədək 25 il sığorta stajına əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan kapital: 25 il x 306= 7.650 manat. 2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan kapitalı aşağıda verilmiş cədvələ uyğun olaraq indeksləşdirilmişdir: SH= 141,17 (SH) + 354,57 (SH) = 495,74 manat. Burada, 141,17 manat - pensiyasının xx.xx.2006-cı il tarixinədək sığorta stajının əsasında hesablanmış sığorta hissəsi (25 il stajına uyğun olaraq 20328,06 /144), 354,57 manat - 01 10.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək hesablanmış sığorta hissəsi (SH=PSK/T, SH=51057,57/144=354,57 manat). Cavabdeh qeyd olunanlara görə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayon Çorman kənd orta məktəbində müəllim kimi işlədiyi dövrü sosial sığorta stajına daxil etməklə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

6. Məhkəmənin sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyi X2 Təhsil İdarəsi tərəfindən bildirilmişdir ki, Kəlbəcər rayonunun 31 avqust 1993-cü il tarixində keçmiş işğalı səbəbindən rayonun inzibati ərazisindən müvafiq təşkilati sənədlərin (əmr kitabı və.s) götürülməməsi ilə əlaqədar olaraq tərəfinizdən İddiaçı Kəlbəcər rayonu Çorman kənd orta məktəbdə işləməsi, tutduğu vəzifə və həmin müddətdə aldığı əməkhaqqı barəsində (1981- 1993-cü illər) tələb edilən sənədlərin X2 Təhsil İdarəsi tərəfindən təqdim edilməsi imkan xaricindədir.

7. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə tələbin təmin olunmasını xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Əsədov iddiaya yazılı etirazın məzmununa uyğun izahat verməklə (iddianın dəyişdirilməsinə etiraz etmədən) iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

9. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

10. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

11. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

12. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

14. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

15. İddiaçının pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. Odur ki, bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

16. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

18. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

19. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

20. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

21. İddiaçı xx.xx.1957-ci ildə anadan olub.

22. İddiaçıya xx.xx.2022-ci ildə 2006-cı ilə qədər topladığı sığorta stajı və xx.xx.2006-cı ildən xx.xx.2022-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 51.057,57 manat pensiya kapitalı əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçı iddia edir ki, pensiya hesablanması zamanı onun xx.xx.1981-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayon Çorman kənd orta məkyəbdə müəllim kimi işlədiyi dövrlər sığorta stajına daxil edilməmişdir. İddiaçı həmin dövrlərin əmək stajına daxil edilməklə əmək pensiyasının hesablanmasını cavabdehdən xahiş etsə də, müraciəti təmin edilməmişdir.

23. İddiaçının əmək kitabçasına əsasən, o, xx.xx.1981-ci il tarixdə əmək fəaliyyətinə başlamışdır. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən sosial sığorta stajı 18 il 03 ay 21 gündür: xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək və xx.xx.1978-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək təhsil aldığı illər, xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinə kimi faktiki sığorta stajı 18 il 3 ay 21 gün.

24. Mübahisəli sosial sığorta stajı xx.xx.1981-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayon Çorman kənd orta məktəbində işlədiyi dövrdür.

25. Cavabdeh tərəfindən həmin dövrlər sığorta stajına daxil edilməmiş, səbəb kimi göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1981-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulmuş, yəni işə qəbul olma və işdən azad olma əmrləri həmin müəsissənin möhürü ilə təsdiq edilməmişdir.

26. Bununla bağlı məhkəmə qeyd edir ki, 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğal edilməsi səbəbindən əmək kitabçası itirilmişdir, iddiaçıya yeni açılmış əmək kitabçasında Kəlbəcər rayon Təhsil Şöbəsinin xx.xx.1993-cü il tarixli, 265 nömrəli arayışına əsasən 1981-1993-cü illər üzrə iş stajını təsdiq edən ilkin qeydlər (xx.xx.1981-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək Kəlbəcər rayon Çorman kəndində müəllim işləməsi, Kəlbəcər rayonunun işğalından sonra işsiz qalmışdır) aparılmışdır.

27. Məhkəmə cavabdehin həmin dəlillərini əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: - 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim olunan əmək kitabçası onun həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

31. Cavabdeh tərəfindən həmin əmək kitabçasında göstərilən məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir.

32. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi) əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

33. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;

34. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının müvafiq dövr üzrə işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin məktəbin mövcudluğu hər hansı şübhə doğurmur. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının həmin illərdə (xx.xx.1981-xx.xx.1993) sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair cavabdehin dəlilini məhkəmə əsassız hesab edir.

35. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir. İddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayon Çorman kənd orta məktəbində müəllim kimi işlədiyi dövrü sosial sığorta stajına daxil etməklə pensiya məbləğinin yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.

36. İPM-in 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər.

37. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayon Çorman kənd orta məktəbində müəllim kimi işlədiyi dövrü sosial sığorta stajına daxil etməklə əmək pensiyasının yenidən hesablanması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar