Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9238/2023 11.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşı “torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bağlar Təsərrüfatı İdarəsi tərəfidən verilmiş torpaq sahəsinin plan ölçüsünü, məhkəmə qərarını və cavabdeh tərəfindən verilmiş çıxarışı nəzərə alaraq Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən iddiaçıya məxsus sahəsi 12 ha olan 1085 d nömrəli torpaq sahəsinə dair plan və ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu Novxanı bağ massivində yerləşən, sahəsi 012 ha olan (1085 d) saylı bağ torpaq sahəsi 05 may 2005-ci il tarixdə 34960 saylı müqaviləyə əsasən iddiaçının istifadəsinə verilmişdir. Məhkəmə qərarına əsasən xx.xx.2022-ci ildə ********** nömrəli çıxarış verilmişdir. Torpaq sahəsi 012 hektardır, qeyd olunan torpaq sahəsinə dair çıxarış verilmiş, lakin plan-ölçü sənədi verilmir. Səbəb odur ki, sxemə görə və məhkəmənin qərarına əsasən torpaq sahəsi 0.12 ha olsa da, iddiaçıya aid torpaq sahəsindən qanunsuz olaraq qonşu bağa yol çəkilmişdir. 1 saylı Ərazi İdarəsi onda olan bağlar idarəsi tərəfindən verilmiş sxemi nəzərə almayaraq iddiaçıya ölçü sxemində 0.8 ha torpaq sahəsinə dair sxemi vermək istəyir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi ünvanında yerləşən “1085d” saylı torpaq sahəsinə dair plan-ölçünün tərtib edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə idarəyə müraciət etmişdir. Aparılan araşdırmalar zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin sərhədləri sökülmüş və bağların bölgüsünə dair sxematik xəritədə sözügedən torpaq sahəsi öz əksini tapmamışdır. Həmçinin bildirilir ki, faktiki 978 kv.m torpaq sahəsinin 173 kv.m hissəsi qonşu tərəfindən istifadə olunan yola düşür. İddiaçı tərəfindən torpaq sahəsinin azalmasına dair notariat qaydasında təsdiq edilmiş ərizə təqdim edilməyindən torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi idarə tərəfindən mümkün olmamışdır və bununla bağlı iddiaçıya **********31 nömrəli, xx.xx.2022-ci il tarixli, **********81 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubları ünvanlanmışdır. Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7, 11.1, 23-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək tələbin həcmini azaltmış, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1085d saylı, 978 kv.metr sahədən ibarət xx.xx.2022-ci il tarixli, **********48 reyestr və ********** qeydiyyat nömrəli çıxarış üzrə X4 məxsus olan torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********31 saylı xx.xx.2023-cü il tarixli, **********81 saylı oxşar məzmunlu məktublardan görünür ki, iddiaçının müraciətinə baxılmış və etiraza uyğun məzmunda cavab verilərək təmin edilməsindən imtina edilmişdir. -Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(112)-3176/2021 saylı qərarından görünür ki, iddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı arayışın verilməsi tələbinə dair iddia tələbi təmin edilmiş və Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində verilən 0.12 ha sahəsi olan, 1085 d nömrəli bağ sahəsinin X5 mərhum anası X2 adına olması barədə arayışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərar xx.xx.2022-ci il tarixdə icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmişdir. -4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin notariat kontoru tərəfindən cavabdehə ünvanlanan 24 fevral 2016-cı il tarixli məktubdan görünür ki, xx.xx.2016-cı il tarixdə vətəndaş X5 ərizəsi ilə xx.xx.2006-cı il tarixdə vəfat etmiş anası X2 adına V-77/2016 №li vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Ərizəçi miras qoyanın adına olan miras əmlaka - ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin vərəsə həmin miras əmlaka dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın olmadığını bildirmişdir. Vərəsəlik işinin rəsmiləşdirilməsi üçün miras qoyan X2 adına “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın verilməsi məqsədə uyğundur. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş ƏXM 595 saylı, xx.xx.2022-ci il tarixli arayışın surətindən göstərilmişdir ki, “X5 təqdim etdiyi hüquqmüəyyənedici sənədlər mərhum X4 aid olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 1085d nömrəli bağ sahəsi ünvandakı 0,12 ha torpaq üzərində mülkiyyət və ya digər əşya hüquqularının mülki qanunvericiliyə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verir. Bu arayış əsasında mərhumun vərəsəsi müəyyən edildiyi təqdirdə həmin daşınmaz əmlak üzərində vərəsənin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilər. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 1085 d ünvanda yerləşən 0.12 ha-dan ibarət torpaq sahəsi X3 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. -5 saylı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İİ 342829 nömrəli nikah haqqında şəhadətnamənin siurətindən görünür ki, X7 ilə X10 arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanmışdır. Arvada “İmanova” soyadı verilmişdir. -Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi ünvanında yerləşən 1085 d saylı texniki baxış keçirilməsinə dair müayinə aktının, həmçinin torpaq sahəsinə müraciəti qeydə alınmış digər fiziki şəxs barədə məlumatın və müraciətə əsas olan sənədlərin surətinin təqdim edilməsi barədə məhkəmənin sorğusuna cavabdeh inzibati orqan tərəfindən verilmiş cavab məktubu əsasında qeyd olunan torpaq sahəsinə dair arxiv qovluğunun təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir Qeyd olunan sənədlər aşağıdakılardan ibarətdir: -5 saylı “Asan Xidmət” Mərkəzində xüsusi notarius Hacıyeva Hicran Qismət qızı tərəfindən verilən 01 noyabr 2018-ci il tarixli 1711 №li arayışdan görünür ki, arayış X8 ondan ötrü verilmişdir ki, onun təqdim etdiyi xx.xx.2016-cı il tarixli miras əmlakın qəbuluna dair ərizəsinə əsasən, öldüyü günə qədər ünvan 6 ünvanında yaşamış və xx.xx.2006-cı il tarixdə vəfat edən anası X2 adına V-77/201S saylı vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. Bugünkü tarixədək notariat kontoruna V-77/2016 vərəsəlik işi ilə bağlı mirası qəbul edən başqa vərəsə müraciət etməmişdir. -X1 vərəsəsi İddiaçı tərəfindən cavabdehə ünvanlanan 25 noyabr 2022-ci il tarixli ərizədən görünür ki, iddiaçı tələb olunan sənədləri (Dövlət Notariat Kontorunun məktubu, 37№li forma üzrə arayış, şəxsiyyət vəsiqəsinin surəti) təqdim edərək ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılmasını xahiş etmişdir. -Cavabdeh tərəfindən X9 ünvanlanan 12 sentyabr 2019-cu il tarixli məktubdan görünür ki, elektron kadastr məlumatına əsasən məlum olmuşdur ki, R.Hüseynova tərəfindən göstərilən sahə Novxanı bağ massivində yerləşir və sahənin 0.0827 ha hissəsi digər şəxsin adına dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bundan başqa təqdim edilmiş yerləşmə cizgisi ilə faktiki sahə arasında uyğunsuzluq mövcuddur və sərhədlər şərtidir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Müvafiq sorğu əsasında cavabdeh tərəfindən Novxanı bağ massivindəki 0,12 ha sahədən ibarət 1085d saylı bağ sahəsinin X2 adına qeydiyyata alınması üçün əsas olan sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3176/2021 saylı qərarı və yuxarıda istinad olunan digər sənədlər əlavə edilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 10-cu maddəsində hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısı göstərilmişdir: -10.1-ci maddəyə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəyə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: -10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; -10.2.2. torpaq sahəsinin planı və ölçüsü; -10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; -10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Hazırkı işin hallarından məlum olur ki, iddiaçı Bakı şəhər, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1085d saylı bağ sahəsinin mülkiyyətçisi X2 vərəsəsidir. İddiaçının müvafiq iddiası əsasında Bakı İnzibati Məhkəməsinin yuxarıda qeyd olunan qərarı icra olunaraq Novxanı bağ massivində yerləşən 0,12 ha sahəsi olan 1085d nömrəli bağ sahəsinə dair mərhum Mirvari Abbasovanın adına çıxarış verilmiş, lakin torpaq sahəsinin plan-ölçüsü tərtib edilməmişdir. İddiaçı mövcud tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinə görə torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 176 saylı 4 avqust 1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinə görə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəlki Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) həyata keçirir. Göründüyü kimi, iddiaçının adına ayrılmış torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, həmin torpaq sahəsinin planı və ölçüsünün tərtib olunması təmin edilməmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.2-ci maddəsində nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünün hüquqların qeydiyyata alınması ilə bağlı ərizəyə əlavə edilməli sənədlərin siyahısında göstərilmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, 1085d saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas olmuş məhkəmə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3176/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı mübahisələndirilməmiş, qüvvəsini almış və cavabdeh tərəfindən icra edilmişdir. Cavabdehin hazırkı tələb üzrə imtina dəlilləri sözügedən bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün imtina əsasları ilə eynilik təşkil edir, hansı ki, həmin məsələlərə həmin mübahisə üzrə qəbul edilmiş məhkəmə qərarında hüquqi qiymət verilmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki, torpaq sahəsinin üzərində iddiaçının hüquqi sələfinin adına dövlət reyestrində qeydiyyat və bu barədə çıxarış mövcuddur, torpağın plan-ölçüsü şərtsiz tərtib edilməlidir. Digər tərəfdən, hüquqların qeydiyyatı zamanı belə torpaq sahəsinin planı və ölçüsü sənədi olmadıqda, cavabdeh inzibati orqanın Əsasnaməsinin tələbinə görə belə sənədi tərtib edib vermək onun vəzifəsidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Məhkəmə göstərilənləri ümumiləşdirərək cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır və torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək iddiaçıya verilməsi cavabdehin vəzifəsi olduğundan iddiaçını tələbində haqlı sayır. Belə olan halda iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1085 d saylı bağ sahəsinin 978 kv.metr torpaq sahəsinə planı və ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1085d saylı, 978 kv.metr sahədən ibarət xx.xx.2022-ci il tarixli, **********48 reyestr və ********** qeydiyyat nömrəli çıxarış üzrə X4 məxsus olan torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-9238/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9238/2023
11.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver