Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9239/2023 02.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 1 saylı Bakı Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsinə qarşı “övladlarına soyadın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 1 saylı Bakı Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsinə qarşı “övladlarına soyadın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 1 saylı Bakı Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladlarının doğum aktı qeydində soyadının Salmanovadan Salmanbəyliyə dəyişdirilməsindən imtinasının qanunsuz hesab edilməsi, doğum aktı qeydində qızı Sibelin soyadının Salmanovadan Salmanbəyliyə dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçıların vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü il tarixdə birgə nikahından doğulmuş qadın cinsinə mənsub uşağına doğum akt qeydində soyadının “Salmanbəyli” kimi göstərilməsi və bu barədə dogum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh 1 saylı Bakı Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 1 saylı Bakı “ASAN xidmət” Mərkəzində qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək cavabdehdən doğum aktı qeydində övladları X1 “Salmanova”dan “Salmanbəyli”-yə dəyişdirilməsini xahiş etmişlər. Lakin cavabdeh qeydiyyat şöbəsi 13 aprel 2023-cü il tarixli № 05Q/195/11 saylı məktubla doğum akt qeydində uşağın soyadının “Salmanova”dan “Salmanbəyli”yə dəyişdirilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi, Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılınası haqqında” xx.xx.1993-cü il tarixli, 495 saylı qərarına əsasən Azərbaycan Respublikası vətəndaşlarının “-ov”, “-yev” sonluqlu soyadlarını “-li”, “-zadə” ilə əvəz edə biləcəkləri göstərilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uygun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Bakı Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən verilmiş doğum haqqında tibbi şəhadətnamədən görünür ki, İddiaçı1 və İddiaçı2 birgə nikahından xx.xx.2023-cü il tarixdə doğulmuş qadın cinsinə mənsub uşağın soyadı “Salmanova”, ata adı “İbrahim” göstərilmişdir. - AZ-İ seriyalı, 423553 nömrəli, xx.xx.2021-ci il tarixli nikah haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı1 ilə X5 nikahları xx.xx.2021-ci il tarixdə bağlanmışdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 05Q/195/11 saylı, xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, “Bakı şəhəri 1 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsi Sizin uşağınızın "Salmanova" soyadının "Salmanbəyli" soyadına dəyişdirilməsi haqqında müraciətinizə cavab olaraq bildirir ki, Azərbaycan Respublikasının Milli Məclisinin "Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında" xx.xx.1993-cü il tarixli 495 saylı qərarına əsasən Azərbaycan Respublikası vətəndaşları "-ov", "-yev" sonluqlu soyadlarını "-li" (sözün kökündən asılı olaraq "-lı", "-lu", "-lü"); "-zadə" ilə əvəz edilə bilər. Bu səbəbdən Sizin "Salmanova" soyadının "Salmanbəyli" soyadına dəyişdirilməsi mümkün deyildir.” - Cavabdeh tərəfindən verilmiş AZ-İV №722806 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 və İddiaçı2 birgə nikahından xx.xx.2021-ci il tarixdə doğulmuş Suada İbrahim qızının soyadı Salmanbəyli qeyd edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İşin hallarına görə iddiaçılar övladlarına Salmanbəyli soyadının verilməsi ilə bağlı cavabdehə müraciət etmişlər, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçılar cavabdehin imtinasını mübahisələndirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1 və 26.4-cü maddəsinə görə, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 53.1.-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.3.-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi uşağın ad almaq hüququnun həyata keçirilməsi qaydasını tənzimləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarına əsasən: 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1016-İİİQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 294 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri (bundan sonra - qeydiyyat şöbəsi) və ya rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra - icra hakimiyyətinin nümayəndəliyi), xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra – konsulluq idarəsi) tərəfindən adların, ata adlarının və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir. 1.4. Uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. 2.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir. 2.2. Valideynlər arasında uşağın adına münasibətdə razılıq olma-dıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. 4.1. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. 4.3. Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. 5.1. Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. 5.2. Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir. 5.3. Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. Uşağın ad almaq hüququ, həmçinin bilavasitə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarda ifadə olunmuşdur. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 24-cü maddəsinə əsasən, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 7-ci maddəsinə müvafiq olaraq, uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə mümkün olduğu dərəcədə öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir. Ad hüququnun Konstitusiyanın mətnində birbaşa təsbit edilməməsinə baxmayaraq, bu hüquq Əsas Qanunun müddəalarının məzmunundan irəli gəlir. Belə ki, Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinin ikinci cümləsinə uyğun olaraq, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Həmin konstitusion müddəa valideynlər və uşaqlar arasındakı münasibətlərin tənzimlənməsinə yönələrək valideynlərin öz uşaqlarına qayğı göstərmək və onları tərbiyə etmək hüququnu təmin edir. Göstərilən konstitusion hüquq, ilk növbədə, uşağın rifahına xidmət etməlidir. Valideynlərin övladına qayğı göstərmək hüququnun məzmununa valideynlərin övladına ad qoymaq (vermək) hüququ da daxildir. Konstitusiyanın 32-ci maddəsinin İİ hissəsinə əsasən, qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Həmin müddəadan göründüyü kimi, bu hüququn əsas məqsədi şəxsi və ailə həyatı hüququnun həyata keçirilməsinə qanunsuz (özbaşına) müdaxilənin qarşısını almaqdan ibarətdir. Beləliklə, o, ilk növbədə dövlətin neqativ öhdəliyi kimi ifadə olunur. Lakin burada dövlətin pozitiv öhdəliklərinin mövcudluğu da istisna edilmir. “L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1 iyun 2022-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə: “Şəxsi ad fərdin özünümüəyyənetməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir. Ad, şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Belə ki, Mülki Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Digər tərəfdən ad hüququnun təzahürü kimi ad almaq hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, hüquqların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Ad almaq hüququnun məhdudlaşdırılması üçün məqbul sayılan əsas kimi uşağın mənafeyinin qorunması çıxış edə bilər. Bu mənada qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə müvafiq olaraq uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Eyni zamanda ad almaq hüququ dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların təmin olunması üçün də məhdudlaşdırıla bilər. Konstitusiyanın 21-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. Konstitusiyada dövlət dilinin statusunun müəyyən edilməsi Azərbaycan dilinin konstitusion dəyərə malik olduğunu göstərir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında göstərildiyi kimi, dövlət dili Azərbaycan Respublikasının rəmzi olaraq, onun müstəqilliyinin əsas əlamətlərindən biridir. Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dövlət dilinin statusunun Konstitusiyada təsbiti həm də o deməkdir ki, qanunverici dilin ictimai həyatda istifadəsinə şərait yaratmağa və onu müdafiə vasitələri ilə təmin etməyə borcludur. Qeyd etmək lazımdır ki, ad təkcə şəxsin fərdiləşdirilməsi və eyniləşdirilməsi məqsədlərinə xidmət etmir, eyni zamanda onun sosiallaşmasına, yəni cəmiyyətə inteqrasiya olunmasına istiqamətlənmişdir. Nəzərə almaq lazımdır ki, müvafiq şəxsi addan təkcə onun sahibi tərəfindən deyil, həm də yaşadığı ictimai mühitdə digərləri tərəfindən geniş istifadə olunur. Buna görə də, şəxs adları ilə bağlı məsələlər, cəmiyyətin maraqları və digər şəxslərin hüquqlarının müdafiəsi baxımından da nizamlanmalıdır.” Məhkəmə, inzibati orqanın dəlillərini əsaslı hesab etmir ona görə ki, iddiaçıların uşaqlarının Salmanbəyli soyadının almaq hüququnun məhdudlaşdırılması üçün qanunvericiliklə yuxarıda göstərilən əsaslar hazırki iş üzrə müəyyən olunmur. Əksinə işdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə nikahından xx.xx.2021-ci il tarixdə doğulmuş övladları Suada İbrahim qızının soyadı Salmanbəyli kimi qeyd edilmişdir. Belə olan halda cavabdehin iddiaçıların müraciəti üzrə birgə nikahdan olan ikinci övladlarına Salmanbəyli soyadının verilməsindən imtina etməsi uşaqlara münasibətdə bərabərlik hüququnun pozulması ilə nəticələnən ayrı seçkilik, bununla bərabər şəxsi və ailə həyatına hörmət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Buna görə, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istina olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Avropa Məhkəməsi baxdığı bir sıra işlərdə müəyyən etmişdir ki, adın verilməsi və dəyişdirilməsi ilə əlaqədar məsələlər Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququnun təsir dairəsinə düşür (X7rşı iş üzrə 2008-ci il 21 oktyabr tarixli Qərar, §43 və Macalin X4rşı iş üzrə 2015-ci il 15 sentyabr tarixli Qərar, §21). Məhkəmə qeyd etmişdir ki, dövlətlər adların tənzimlənməsi sahəsində geniş mülahizə sərbəstliyinə malik olsalar belə, onlar adların fərdlərin şəxsi həyatındakı rolunu inkar edə bilməzlər. Adlar özünüfərdiləşdirmənin və özünümüəyyənetmənin mərkəzi elementidirlər. Əsaslandırılmış müvafiq səbəb olmadan şəxsin ada malik olmaq və ya adını dəyişmək hüququna məhdudiyyətin qoyulması Konvensiyanın 8-ci maddəsinin məqsədləri ilə uzlaşmır. Başqa şəxslərin hüquqlarına vurulmuş hər hansı faktiki zərər olmadan formal olaraq qanuni məqsədə istinad etmək bu hüququn məhdudlaşdırılmasına haqq qazandıra bilməz (Daróczy Macarıstana qarşı iş üzrə 2008-ci il 1 oktyabr tarixli Qərar, §32). Məhkəmənin qənaətinə görə, milli dövlət orqanlarına Konvensiyada təsbit olunmuş hüququn həyata keçirilməsinə müdaxiləyə gətirib çıxaracaq mülahizə sərbəstliyi verilibsə, o zaman şəxsin malik olduğu prosessual təminatlar cavabdeh dövlətin mülahizə hədlərini aşıb-aşmadığını müəyyən etməkdə xüsusilə əhəmiyyətli olacaqlar. Xüsusilə artıq formalaşmış presedent təcrübəyə əsasən, 8-ci maddə birbaşa prosedur tələblər nəzərdə tutmasa belə, nəticəsində müdaxilə tədbirləri nəzərdə tutan qərarın qəbul edilməsi prosesi ədalətli olmalı və bu şəxsin 8-ci maddə ilə mühafizə olunan maraqlarına lazımi hörməti təmin etməlidir (X6rşı iş üzrə 1996-cı il 25 sentyabr tarixli Qərar, §76). Məhkəmə hesab etmişdir ki, bunun üçün milli məhkəmələrin çəkişən maraqların mütənasibliyini qiymətləndirməsi və 8-ci maddə ilə təminat verilən müvafiq hüquqları nəzərə alması olduqca əhəmiyyətlidir (Libşer Avstriyaya qarşı iş üzrə 2021-ci il 6 iyul tarixli Qərar, §64- 69). Avropa Məhkəməsi baxdığı işlərin birində milli hakimiyyət orqanlarının iki şəxsin familiyalarını dəyişmələrinə imtina etmələrini (icazə verməmələrini) 8-ci maddənin pozuntusu kimi qiymətləndirmişdir, çünki məhkəmələr ərizəçilərin dəlillərini nəzərə almadan və ya çəkişən ictimai maraqları və ərizəçilərin maraqlarını tarazlaşdırmadan qanunvericiliyin və normativ aktların sırf formal olaraq tətbiqini həyata keçirmişlər (Aktaş və Aslaniskender Türkiyəyə qarşı iş üzrə 2019-cu il 25 iyun tarixli Qərar, § 47). Digər bir işdə isə ölkənin dövlət orqanları yazılışı fin ad vermə təcrübəsinə müvafiq olmadığından “Aksl Mik” adının qeydiyyatından imtina etmişlər. Avropa Məhkəməsi etiraf etmişdir ki, uşağın ən yaxşı maraqlarının nəzərə alınması vacibdir, həmçinin adların verilməsi üzrə milli təcrübənin qorunması da ictimai maraqlara cavab verir. Lakin “Aksl” adı Finlandiyada digər hallarda rəsmi olaraq qeydiyyata alınmışdır və bu səbəbdən uşaq üçün uyğun olmayan ad kimi qəbul edilə bilməz. Belə ki, bu ad Finlandiyada artıq qoyulub və adın dövlətin milli və dil özəlliklərinə hər hansı mənfi təsir göstərdiyi bildirilməmişdir. Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, ictimai maraq anlayışı uşağın seçilmiş ad ilə qeydiyyata alınması marağını üstələmədiyindən, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş vermişdir (Johansson Finlandiyaya qarşı iş üzrə 2007-ci il 6 sentyabr tarixli Qərar, § 38-39). Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan övladına istədikləri soyadın verilməsi iddiaçıların hüququ olmaqla, həmçinin də valideynlar arasında bu barədə mübahisə olmadıgından iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçıların arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçıların hüquqlarını pozmuşdur (İPM-73.1). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü il tarixdə birgə nikahından doğulmuş qadın cinsinə mənsub uşağına doğum akt qeydində soyadının “Salmanbəyli” kimi göstərilməsi və bu barədə dogum haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh 1 saylı Bakı Asan Xidmət Mərkəzində qeydiyyat həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü il tarixdə birgə nikahından doğulmuş qadın cinsinə mənsub uşağına doğum akt qeydində soyadının “Salmanbəyli” kimi göstərilməsi və bu barədə dogum haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh 1 saylı Bakı Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər.
Hakim Mehriban Qarayeva