Məhkəmə qərarları › İş №2-1(112)-9240/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9240/2023

13.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9240/2023 13.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “artıq ödəmənin tutulmasının qanunsuz hesab edilməsi və tutulmuş pensiya məbləğinin iddiaçıya geri qaytarılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi, həmçinin 2023-cü ilin yanvarından qərarın icra edilən tarixə kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda xx.xx.1975-ci ildən başlayaraq Gəmi Gövdə təmirçisi 2007-ci il tarixə kimi işləmişdir. İşlədiyi dövrdə tutduğu vəzifəsi Gəmi-gövdə təmirçisi olduğundan və o, gəminin baklarının, çənlərin gəminin anbarlarda, tarazlıq anbarlarında (qapalı şəraitdə), gəminin 2 qat alt hissələrində, gəminin kanalizasiya tullantıları yığılan çənlərdə qazla kəsmək, təmizləmək və yenidən yerinə qaynaq etmək əməliyyatını yerinə yetirirdi. Bunlar hamısı xüsusi riskli işlər idi və bu baxımdan Əmək şəraitinə görə ona 54 yaşından güzəştli pensiya təyin edilmişdir. Bununla bağlı hətta təqaüdə çıxan zaman Əmək və Əhalinin Sosial Nazirliyinin rəhbərliyi və Dövlət Sosial Müdafiə Fondu tərəfindən xüsusi komisiya yaradıldı və 23 yanvar 2007-ci il tarixdə həmin komissiya işlədiyi iş şəraiti ilə yerində tanış oldular və aktlaşdırdılar. Bundan başqa ona verilmiş arxiv arayışına əsasən qeyd edilmişdir ki, İddiaçı "xxxx" QSC “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun Gövdə-qaynaq bölməsinin Gövdə sahəsində 6-cı dərəcəli gəmi gövdə təmirçisi peşəsində işləmişdir. xx.xx.1975-ci il “Zaqfederasiya” adına Gəmi Təmiri Zavodunun Gövdə sexində 2-ci dərəcəli gəmi gövdə təmirçisi peşəsinə qəbul edilsin (Əmr 212 nömrəli 20.05.175-ci il tarixli), Sonra xx.xx.1977ci ildə 34 nömrəli, xx.xx.1977-ci il tarixli Əmrlə həmin zavodun Gövdə sexində 3-cü dərəcəli gəmi gövdə təmirçisi ixtisası dərəcəsini almışdır, xx.xx.1978-ci ildə 76 nömrəli, xx.xx.1978-ci il tarixli əmrlə həmin sexdə 4-ci dərəcəli gəmi gövdə təmirçisi ixtisas dərəcəsini almış, xx.xx.1982-ci ildə 59 nömrəli, xx.xx.1982-ci il tarixli əmrlə həmin sexdə 5ci dərəcəli gəmi gövdə təmirçisi ixtisas dərəcəsi almış, xx.xx.1992-ci ildə 33 nömrəli, xx.xx.1992-ci il tarixli əmrlə həmin sexdə 6-cı dərəcəli gəmi gövdə təmirçisi ixtisasını almışdır. Bundan sonra Azərbaycan Resublikası Nazirlər Kabinetinin xx.xx.2014-ci il tarixli 18 nömrəli Qərarı ilə həmin "xxxx" QSC “Zığ” Gəmi Təmiri Zavodu adlandırılmışdır. Bundan sonra xx.xx.2014-ci ildə 79 nömrəli, xx.xx.2014-ci il tarixli əmrlə həmin zavodun Gövdə-qaynaq sexində 11-ci dərəcəli usta vəzifəsinə keçirilmişdir. Bundan sonra xx.xx.2016-cı il 1/k nömrəli, 2016-cı il tarixli əmrlə həmin zavodun Gövdə-qaynaq bölməsində 6-cı dərəcəli gəmi gövdə təmirçisi peşəsinə keçirilmişdir. Bundan sonra yəni xx.xx.2017-ci il, 151 saylı Əmrlə "xxxx" QSC-nin “Zığ” Gəmi Təmiri Zavodunun adı dəyişdirilərək "xxxx" QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi zavodu adlandırılmışdır. Daha sonra isə xx.xx.2020-ci il tarixli, 129k nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin 3-cü bəndinə əsasən (yaşa görə təqaüdə çıxması ilə əlaqədar) əmək müqaviləsinə xitam verilmişdir. 2023-cü ilin yanvar ayına kimi pensiyasını tam olaraq alırdı, lakin yanvar ayından etibarən pensiyasinı heç bir xəbərdarlıq etmədən, heç bir məlumat verilmədən, onun iştirakı ilə hər hansı bir araşdırma aparılmadan, izahatı alınmadan pensiyası dayandırılmış, bunun səbəbini araşdırılması ilə bağlı etmiş olduğu müraciətə isə məhkəməyə təqdim etdiyi cavab məktubu verilmişdir. Bildirmək istəyir ki, cavabdehin göstərdiklərinin heç bir hüquqi əsası mövcud deyil, təyin edilmiş pensiya qanunvericiliyin tələblərinə uyğun olmuşdur, pensiyanın dayandırılması əsassızdır. Cavabdeh tərəf hər hansı bir inzibati icraat başlatmadan, bu barədə məlumat vermədən, izahatı alınmadan özləri qanunvericiliyin tələblərinə zidd olaraq addım atmaqla güzəştli şərtlərlə əmək pensiyasının icrasını dayandırmışlar. O, əmək şəraiti zərərli və ağır olan işdə işləyib və həmin zaman qanunvericiliyin tələblərinə uyğun olaraq pensiya təminatı almışdır. Formal mülahizələrə əsaslanaraq bir tərəfli qaydada onun pensiyasının kəsilməsi qanunsuz və əsassızdır.

3. İddiaçının müraciətin cavab olaraq cavabdeh qurum tərəfindən bildirilmişdir: “Sizə xx.xx.2006-cı il tarixindən (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixdən tez olmayaraq) Fondun Yasamal rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahı”sında ümumi peşələr bölməsində (12100000- XXİİİ ) rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsiciləri (12100000—11618) vəzifəsi nəzərdə tutulmuşdur. Fondun Yasamal rayon şöbəsinə təqdim etdiyiniz Zaqfederasiya adına Gəmi Təmiri Zavodunun sizə dair arayışında xx.xx.1977-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə Gövdə-qaynaq sahəsində gəmi-gövdə təmirçisi peşəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz gəmi-gövdə təmirçisi peşəsi yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilmiş rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsiciləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də 1 yanvar 2006-cı il tarixinədək 1 №-li siyahı üzrə güzəştli iş stajınız yoxdur. Əlavə olaraq bildiririk ki, işlədiyiniz vəzifə sözügedən Qərarla təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nda nəzərdə tutulmuşdur. Bu səbəbdən də sizin 52 yaşınızın tamamlandığı tarixdən deyil, 57 yaşınızın tamam olduğu xx.xx.2010-cu il tarixindən qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnuz vardır. Göstərilən uyğunsuzluğa baxmayaraq, sizə 1 yanvar 2006- cı il tarixindən qanunazidd olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla sizə 49670,70 manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş 49670,70 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir.”

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçıya xx.xx.2006-cı il tarixindən (“Əmək pensiyaları haqqında" Qanunun qüvvəyə mindiyi tarixdən tez olmayaraq) Fondun Yasamal rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahı”sında ümumi peşələr bölməsində (12100000- XXİİİ ) rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsiciləri (12100000—11618) vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Fondun Yasamal rayon şöbəsinə təqdim etdiyi Zaqfederasiya adına Gəmi Təmiri Zavodunun ona dair arayışında xx.xx.1977-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə Gövdə-qaynaq sahəsində gəmi-gövdə təmirçisi peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi gəmi-gövdə təmirçisi peşəsi yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilmiş rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsiciləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən iddiaçının 1 yanvar 2006-cı il tarixinədək 1 №-li siyahı üzrə güzəştli iş stajı yoxdur. Əlavə olaraq, iddiaçının işlədiyi vəzifə sözügedən Qərarla təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nda nəzərdə tutulmuşdur. Bu səbəbdən də onun 52 yaşının tamamlandığı tarixdən deyil, 57 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilən uyğunsuzluğa baxmayaraq, ona 1 yanvar 2006-cı il tarixindən qanunazidd olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya 49670,70 manat artıq pul vəsaiti ödənilib.

5. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “xx.xx.2006-xx.xx.2023cü il tarixləri arasındakı dövr ərzində müəyyən edilmiş 49670,70 manat artıq ödəmənin tutulmasına dair hərəkətlər qanunsuz hesab edilərək tutulmuş məbləğin iddiaçıya geri qaytarılması” kimi dəyişdirilmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin məzmununa uyğun izahat verməklə tələbin təmin olunmasını xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verməklə (iddianın dəyişdirilməsinə etiraz etmədən) iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

8. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara məhkəmə icraatı qaydasında baxılır.

9. İşin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra isə pensiya ödənişi dayandırılmış və artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə xəbərdarlıq edilmişdir.

10. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

11. Hazırki iddia inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır.

III.Məhkəmənin mövqeyi

12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan : 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

13. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.

14. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

15. İşin faktiki hallarına əsasən, cavabdeh tərəfindən iddiaçıya təyin olunmuş əmək pensiyasının ödənişi dayandırılmış, səbəb kimi iddiaçıya 52 yaşının tamam olduğu tarixdən təyin olunmuş pensiyanın qanunazidd olmağını, əslində isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşından (xx.xx.2010) təyin olunmalı olduğunu göstərməklə, iddiaçıya ödənilmiş 49670,70 manat pul vəsaitdən iddiaçı əsassız faydalandığını hesab etmiş və bunu Fonda vurulmuş zərər kimi qiymətləndirərək ödənilmiş pul vəsaitinin geri qaytarılması məqsədi ilə müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq etmişdir.

16. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.

17. Məhkəmə hesab ki, iddiaçıya əmək pensiysının təyin edilən zaman DSMF orqanının qəbul etdiyi qərar əlverişli inzibati akt sayılır. Cavabdeh iddiaçının əmək pensiyası məbləğinin azaldılması ilə “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarını pozmuşdur. Eyni zamanda pensiya təyin olunarkən iddiaçının təqsirli hərəkətlərinin olduğu cavabdeh tərəfindən iddia edilmir.

18. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1ci il bəndinə əsasən əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.1. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi artırıldıqda; 6.1.2. Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda; 6.1.3. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə münasibətdə əməkhaqqı, dövlət məvacibi və təminat xərcliyi artdıqda; 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; 6.1.5. Qanunun 29.2-ci maddəsində nəzərdə tutulmuş hallarda; 6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

20. Göründüyü kimi şəxsin razılığı olmadığı təqdirdə inzibati orqanın öz təşəbbüsü ilə pensiyadan tutmaya dair hərəkətlərin aparılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Müvafiq tutulma pensiyaçının razılığı olmadığı təqdirdə məhkəmə qərarı əsasında həyata keçirilə bilər. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh orqan tərəfindən penisya ödənişinin dayandırılması və artıq ödəmənin tutulmasına iddiaçının müvafiq razılığının olduğu müəyyən edilmir, artıq alınmış pensiya məbləğinin iddiaçıdan cavabdehə qaytarılması barədə məhkəmə qərarı da mövcud deyil. Odur ki, həmin hərəkətlər qanunsuz hesab edilərək iddiaçının razılığı olmadan tutulmuş pensiya məbləği iddiaçıya geri qaytarılmalıdır.

21. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə qərarın ləğv edilməsi, geri çagırılması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt mövcud deyil. Belə ki, inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

22. Odur ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində əmək pensiyasından tutulmasına dair hərəkətlər qanunsuz hesab edilməli və nəticələri aradan qaldırılmalıdır.

23. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

24. Göstərilənlərə əsasən və İPM-in 2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. xx.xx.2006-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müəyyən edilmiş 49670,70 manat artıq ödəmənin tutulmasına dair cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilərək tutulmuş pensiya məbləği iddiaçıya geri qaytarılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar