Məhkəmə qərarları › İş №2-1(112)-9242/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9242/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9242/2021 05.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin (Cavabdeh2 BOKT ASC) nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə, Azərbaycan Respublikası Xammal və X12 Mərkəzi Cavabdeh1nə, Cavabdeh2 Bank Olmayan Kredit X11 Cəmiyyətinə qarşı «mənzilə dair keçirilmiş hərracın qanunsuz sayılması və qərarın ləğv edilməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə, Azərbaycan Respublikası Xammal və X12 Mərkəzi Cavabdeh1nə, Cavabdeh2 Bank Olmayan Kredit X11 Cəmiyyətinə qarşı «mənzilə dair keçirilmiş hərracın qanunsuz sayılması və qərarın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, iddiaçı Cavabdeh2 BOKT ASC cavabdehlər İddiaçı və X6 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsində göstərilmişdir ki, iş üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış 25 fevral 2016-cı il tarixli 2016/00283-01 saylı kredit müqaviləsinə əsasən ona illik 28% dərəcəsi olmaqla 60 ay müddətinə 17.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdeh X8 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 13 saylı mənzilini ipoteka predmeti kimi Cavabdeh2 BOKT ASC-yə təqdim etmiş və bu barədə 25 fevral 2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə xilam verilməsi, cavabdeh İddiaçının xeyrinə 29 may 2018-ci il tarixə yaranmış əsas boc üzrə 14.156,2 ABŞ dolları, 840,13 ABŞ dolları faiz borcunun və ödənişlərin gecikdirilməsi ilə bağlı hesablanmış 2.635 ABŞ dolları dəbbə pulunun, cəmi 17.631,33 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması, tələbin cavabdeh X6 məxsus (ipoteka ilə yüklü edilmiş) sözügedən mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, mənzil satıldıqdan sonra cavabdehin 1 ay ərzində ipoteka predmeti olan əmlakdan istfiadə hüquqları itirilmklə əşyaları ilə birlikdə əmlakdan çıxarılması barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2827/2018 saylı iş üzrə 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, tərəflər arasında bağlanılmış 25 fevral 2016-cı il tarixli 2016/00283-01 saylı kredit müqaviləsinə xitam verilməsi, İddiaçı Cavabdeh2 BOKT ASC-nin xeyrinə müqaviləyə əsasən ümumilikdə 15.050 ABŞ dolları məbləğində pul vəsaitinin (14.156.20 ABŞ dolları əsas borc, 840,13 ABŞ dolları faiz borcu və 53,67 ABŞ dolları cərimə) tutulduğu anda AR Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması, İddiaçı tutulacaq pul məbləğinin ipoteka ilə yüklü edilmiş və X5 mülkiyyətində olan mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 60.000 manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilsməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan X6 qaytarılması, mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması, cavabdeh X8 əşyaları ilə birlikdə həmin əmlakdan çıxarılması və İddiaçı Cavabdeh2 BOKT ASC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Cavabdeh tərəf həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-34 71/19 saylı iş üzrə 8 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, 13 sentyabr 2018-ci il tarixli qətnamə ipoteka predmetini təşkil edən mənzilin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilərək, mənzilin ilkin satış qiyməti 150.000 manat müəyyən edilməklə qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6793/2019 saylı iş üzrə 8 noyabr 2019-cu il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilmiş və apellyasiya instansiyası məhkəməsinin 8 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-803/2020 saylı iş üzrə 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş və birinci instansiya məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilərək, faiz borcunun məbləği 787,42 ABŞ dolları, ümumi borcun məbləği isə 14.997,29 ABŞ dollar (məzənnə üzrə manatla) müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli həmin qətnaməsindən kassasiya şikayəti verilmişdir. Sadalanan məhkəmə aktlarını nəzərə almayan hazırkı cavabdehlər iddiaçının (İddiaçı) hüquqlarını pozaraq ona məxsus əmlakı məkəmə prosesləri başa çatmamış, yəni məhkəmə qətnamələri və qərarları qanuni qüvvəsini almamış hərrac təşkil edərək Cavabdeh2 BOKT ASC nümayəndəsinə satmışlar. Həmin hərracların heç birindən iddiaçının xəbəri olmamışdır. Cavabdehlərin nümayəndələri iddiaçıdan oma məxsus mənzilin boşaldılmasını tələb etmişlər. Onlara bildirilmişdir ki, iş Ali Məhkəmənin icraatındadır və yazılı şəkildə cavabdeh Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə müraciət edilmişdir. Daha sonra Cavabdeh2 BOKT ASC tərəfindən mənzilin 60.000 manata hərraca çıxarılmasına dair bildiriş göndərilmişdir. Həmin vaxt iş Ali Məhkəmənin icraatında idi və bu barədə cavabdehlər məlumatlı olmuşlar. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3471/19 saylı iş üzrə 8 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilməklə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2827/2018 saylı iş üzrə 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ipoteka predmetini təşkil edən mənzilin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilərək 150.000 manat müəyyən edilməsinə baxmayaraq, hansısa səbəbdən cavabdehlər həmin mənzili 60.000 manat həddində satışa çıxararaq cavabdehin nümayəndəsinə satırlar. Kassasiya şikayəti Ali Məhkəmənin icraatına 15 mart 2021-ci il tarixdən daxil olmuşdur. İş Ali Məhkəmənin icraatında olan dövrdə hərracın necə keçirildiyi sual doğurur. Dəfələrlə cavabdehlərdən hərracın yekunu barədə sənədlər tələb olunsa da, hər hansı sənəd verilməmişdir. Sözügedən mənzilə dair cavabdeh Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən keçrilən hərracın nəticələri ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 1.2, 15.2, 15.4, 68 – 70-ci maddələrini, AR Mülki Prosessual Məcəlləsinin 216 – 2020-ci maddələrini rəhbər tutaraq, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 13 saylı mənzilinə dair Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən keçrilən hərracın qanunsuz hesab edilməsi və qərarın nəticələrinin ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh2 BOKT ASC-nin nümayəndəsi məhkəməyə aşağıdakı məzmunda “iddianın mümkünsüzlüyü barədə” vəsatət təqdim etmişdir: - İddiaçı iddiası üzrə məhkəmənin icraatında iş mülki xarakterlidir və iddia mümkün sayılmamalıdır. Hazırkı işdə cavabdehlərdən biri Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsi «İnzibati orqanların Təsnifatı»nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin qərarına əsasən inzibati orqan hesab olunsa da, həmin şöbə ilə iddiaçı arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətlərindən irəli gələn heç bir mübahisə yoxdur. X10 "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri ilə bağlıdır. Başqa sözlə desək, hazırkı mübahisə inzibati orqanın diskresion səlahiyyətlərindən irəli gələn hər hansı pozuntu ilə müşaiyət olunmur. Mübahisənin predmeti mülki-hüquqi əqdin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsindən ibarətdir. İddiaçı Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə qarşı heç bir tələb irəli sürməmişdir. İddiaçın tələbi Hərrac Mərkəzi "xxxx" MMC-yə qarşı yönəldilmişdir və onun tələbi Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin qanunsuz hesab edilməsindən ibarətdir. Digər cavabdehlər Hərrac Mərkəzi "xxxx" MMC və Cavabdeh2 BQKT ASC isə, inzibati orqan sayılmadığından, işə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Göstərilənlərə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli qərarının müddəalarına əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının və Cavabdeh2 BOKT ASC-nin nümayəndələri gəlmişlər, digər cavabdehlər (nümayəndələri) gəlməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdi, iddianın əsaslı, cavabdehin vəsatətinin əsassız olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 BOKT ASC-nin nümayəndəsi X4 vəsatəti müdafiə etdi və iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia), 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İcra haqqında» AR Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 26-cı maddəsinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Həmin Qanunun 61.1-ci maddəsinə görə borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. «İcra məmurları haqqında» AR Qanununun 11-ci maddəsinə görə icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. AR Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 2.1-ci bəndində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra xidməti inzibati orqan kimi müəyyən edilmişdir. Məhkəmə vurğulayır ki, aşağıda qeyd olunan xüsusatlar işə inzibati məhkəmə məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir: - iş üzrə cavabdehlərdən yalnız biri – Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsi inzibati orqandır, digər cavabdehlər belə statusla çıxış etmirlər. İddia tələbi isə, cavabdeh inzibati orqana qarşı yönəlməmişdir. Tələb “hərrac keçirilməsinin qanunsuz sayılması” olduğundan və həmin hərrac da icra icraatı çərçivəsində olsa da, hüquqi şəxs Hərrac Mərkəzi "xxxx" MMC-nin səlahiyyətində olduğundan, mübahisə mahiyyətcə həmin cavabdehə yönəlməklə mülki xarakterli qiymətləndirilir; - iddia tələbi cavabdeh iznibati orqan Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə qarşı yönəlmiş olsa belə, möbcud qanunvericilik həmin qurumun (və ya onun vəzifəli şəxsi kimi icra məmurunun) hərəkət və hərəkətsizliklərindən, eləcə də qərarlarından şikayətlərə inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılması ilə deyil, icra sənədini vermiş məhkəmə tərəfindən şikayət kimi baxılmasını nəzərdə tutur; - iddiada “qərarın ləğvi” tələbi irəli sürülsə də, qərarın mövcudluğu, o cümlədən onun hansı qurum tərəfindən qəbul olunduğu müəyyən edilmir. Həmin qərar icra məmuru tərəfindən qəbul olunduğu halda da, qərardan şikayətə inzibati məhkəmə icraaatı qaydasında yox, icra sənədini vermiş məhkəmə tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə məhkəmə qeyd olunanların məcmusunda hesab edir ki, iddia mümkün sayıla biıməz. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 2.1, 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar