Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9244/2023 07.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" MMC-yə qarşı “siyahıya alınmış əmlakın satılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə olan 62938 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 80000 manat məbləğində siyahıya alınmış əmlakın satılmasını tələb etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan "xxxx" MMC (VÖEN: **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2022 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan 205593,67 manat borcuna görə 80000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022 tarixli **********4 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 62938 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. VM-in 52.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyalarını bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır. VM-in 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. VM-in 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. VM-in 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. VM-in 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)- 561/2022 nömrəli qərarına əsasən, vergi ödəyicisinin dövlət büdcəsi qarşısında yaranmış öhədliklərinin ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakının satılması barədə iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, məhkəmə qeyd edir ki, sözügedən mübahisə üzrə iddiaçı inzibati orqan, mübahisənin predmeti dövlətin müstəsna maraq və nəzarətində olan vergi-hüquq münasibətləri ilə bağlı, iddia tələbi vergi borclarının ödənilməsi məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması, mübahisəyə tətbiq olunan hüquq ümumi hüquqdur ki, bu qəbildən münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən publik hüququn agenti qismində çıxış edərək, ümumi hüququn nizamasalma predmetinə aid hüquq və vəzifələri həyata keçirməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Bu səbəbdən, habelə tərəflər arasındakı münasibətlər ümumi (publik) hüquqla tənzimləndiyinə görə Vergi Məcəlləsinin 90.1-ci maddəsində müəyyən edilmiş qaydada vergi orqanı tərəfindən qaldırılmış iddialara da İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsində təsbit edilmiş inzibati mübahisələrin həll ilə bağlı əmlak tələbinə dair iddia kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
3. xx.xx.2022-ci il tarixində vergi borclarını ödəməyən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) əmlakının siyahıya alınması barədə **********4 nömrəli qərar qəbul edilmişdir.
4. Əmlakın siyahıya alınması haqqında xx.xx.2022-ci il tarixli **********4 nömrəli protokola əsasən cavabdehə məxsus əmlak - 1 vahidin qiyməti 80000 manat olan 1 ədəd 2016-cı il buraxılış olan “Mercedes Benz” markalı avtonəqliyyat vasitəsi siyahıya alınmışdır.
5. İddiaçı tərəfindən cavabdehə ünvanlanan xx.xx.2022-ci il tarixli “Avtonəqliyyat vasitəsinin siyahıya almaya təqdim edilməsi barədə” Xəbərdarlıq məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 1-ci hissəsinin, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinin, “Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin tələblərinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Yaranmış borcun Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən 5 gün müddətində ödənilməsinə dair Sizə yazılı bildiriş(lər) göndərilsə də, tərəfinizdən qanunvericiliyin tələbi ciddi şəkildə pozulmuş və borc məbləğinin ödənilməsi təmin edilməmişdir. İddiaçının xx.xx.2022 tarixinə ödənilməmiş borcunun tərkibi aşağıdakı kimidir: Ümumi borc: 69654,43 manat vergilər və faizlər üzrə 66104,72 manat məcburi dövlət sosial sığorta haqqı və faizlər üzrə 2.586,78 manat icbari tibbi sığorta və faizlər üzrə 859,71 manat işsizlikdən sığorta haqqı üzrə 103,22 manat Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.6-cı maddəsində isə əmlakın siyahıya alınması ardıcıllığına əsasən ikinci növbədə bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlakların, o cümlədən minik avtonəqliyyatının siyahıya alınması nəzərdə tutulmuşdur. Odur ki, dövlət büdcəsinə yaranmış borcun ödənilməsini təmin etmək məqsədi ilə iddiaçıya məxsus əmlaklar qanunvericiliklə müəyyən edilmiş qaydada siyahıya alınmalıdır. Aparılmış araşdırma zamanı X1 orqanlarının qeydiyyat məlumatlarına əsasən, iddiaçının mülkiyyətində MERCEDES BENZ S350 MİNİK/2016 10AC224 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin (vasitələrinin) olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən, iddiaçı qeyd olunan əmlakın (əmlakların) siyahıya alınması məqsədilə şəxsiyyəti təsdiq edən sənədi və həmin avtonəqliyyat vasitəsinin (vasitələrinin) texniki sənədlərini təqdim etməklə xx.xx.2022-ci il tarixdə saat 10:00-da Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (Ünvan: Bakı şəhəri Heydər Əliyev prospekti 181 A) dəvət olunmuşdur. Avtonəqliyyat vasitəsinə (vasitələrinə) dair qeyd edilən sənədləri təqdim etmədiyiniz təqdirdə, avtonəqliyyat vasitəsinin (vasitələrinin) üzərinə həbs qoyulması və borcun məcburi qaydada avtonəqliyyat vasitəsinə (vasitələrinə) yönəldilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə orqanlarına müraciət ediləcəkdir.
6. İddiaçı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli “məlumatın təqdim olunması haqqında” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2023-cü il tarixli **********696700 nömrəli iddia ərizəsində qeyd olunmuş ümumilikdə 62938,0 manat məbləğində borcun tərkibi cari bəyannamələr, kameral və analoji hesablamalardan, habelə maliyyə sanksiyalarından ibarətdir. Borcun yaranmasına əsas olan qərarlar məlumat üçün göndərilmişdir.
7. Baş X1 İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, DİN Baş X1 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "xxxx" MMC-nin adında nəqliyyat vasitəsi qeydiyyatda yoxdur.
8. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etmir və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir.
II. İddianın növü və mümkünlüyü
10. Məhkəmə hesab edir ki, tələb inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə uyğundur. Belə ki, inzibati orqanla vətəndaş arasındakı münasibətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlıdır və tərəflər bu münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmir.
11. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. İddia mümkündür.
II. Məhkəmənin mövqeyi
13. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
14. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir.
15. Məhkəmə hesab edir ki, qeyd edilən tələb üzrə məhkəmənin araşdırmalı olduğu məsələ borcun mövcudluğu, əmlakın siyahıya alınması haqqında qərarın qüvvədə olması, həmin əmlakın vergi ödəyicisinə məxsusluğunun və borcun siyahıya alınmış əmlakın dəyərinə mütənasibliyinin müəyyən edilməsidir.
16. Məhkəmə iş materiallarına araşdıraraq müəyyən edir ki, təqdim edilmiş inzibati icraat materiallarına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli “Avtonəqliyyat vasitəsinin siyahıya almaya təqdim edilməsi barədə” xəbərdarlıq məktubu ünvanlanmış və xx.xx.2022-ci il tarixli hesabata əsasən siyahıya alınmış əmlakın (2016-cı il buraxılış olan “Mercedes Benz” markalı avtonəqliyyat vasitəsi) siyahıya alma zamanı cavabdehə məxsusluğu müəyyən olunmuşdur.
17. Məhkəmə eyni zamanda nəzərə alır ki, Baş X1 İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, DİN Baş X1 İdarəsi Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən hazırda cavabdehin adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. Belə ki, vergi qanunvericiliyində vergi ödəyicisinə məxsus olmayan əmlakın onun borcları üzrə satılmasını nəzərdə tutan müddəa yoxdur.
18. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
19. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva