Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9246/2025 01.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə qarşı “avtomobilin maksimal kütləsinin 7490 kq olaraq qeyd edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə (üçüncü şəxs X1) qarşı “avtomobilin maksimal kütləsinin 7490 kq olaraq qeyd edilməsi” barədə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X2 1223 kq yük markalı avtonəqliyyat vasitəsi onun mülkiyyətindədir, qeydiyyat şəhadətnaməsi mövcuddur. Yüksük kütlə 4240 kq, zavod birkasında icazə verilmiş maksimal kütlə 7490 kq təşkil etsə də, texniki səhv nəticəsində qeydiyyat şəhadətnaməsində icazə verilmiş kütlə 12500 kq olaraq qeyd edilmişdir. Uyğunsuzluğun aradan qaldırılması ilə müraciət edilmiş, müraciətin təminindən imtina edilmişdir. Halbuki, avtomobilin tentli-bortlu və ya özüboşaldan olmasıicazə verilmiş maksimal kütləyə təsiri yoxdur. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: Qeydiyyat şəhadətnaməsindən görünür ki, X2 1223 kq yük markalı avtonəqliyyat vasitəsi iddiaçının mülkiyyətindədir, icazə verilmiş maksimal kütlə 12500 kq olaraq qeyd edilmişdir. 28 yanvar 2025-ci il tarixli məktubda qeyd edilir ki, kütlə göstəricisi səhv səbəbindən yox, əvvəlki mülkiyyətçisinin rəsmi müraciəti əsasında aparılmışdır. Əvvəlki vəziyyətə qaytarılaraq istehsalçı müəssisənin baza modelinə uyğun yenidən avadanlaşdırılacağı təqdirdə tipi, yüklü və yüksüz kütlələr dəyişdirilə bilər. 31 iyul 2025-ci il tarixli məktubda qeyd edilir ki, əvvəlki vəziyyətə qaytarılaraq istehsalçı müəssisənin baza modelinə uyğun yenidən avadanlaşdırılacağı təqdirdə tipi, yüklü və yüksüz kütlələr dəyişdirilə bilər. 25 sentyabr 2025-ci il tarixli məktubda qeyd edilir ki, əvvəlki mülkiyyətçi Nazim Əliyevin mülkiyyətində olmuş nəqliyyat vasitəsinin yüklü kütləsi 7490 kq olmuş, furqon tipli nəqliyyat vasitəsi kimi qeydiyyata alınmış, mülkiyyətçinin 23 fevral 2018-ci il tarixli ərzəsi əsasında yüklü kütlə 12500 kq olmuş, icazə əsasında avadanlıqlaşdırma nəticəsində bortlu-tentli yük avtomobili kimi, 23 fevral 2019-cu il tarixdə yük avtomobilinin tipi mülkiyyətçinin ərizəsi əsasında özboşaldan kimi dəyişdirilmişdir. Qeyd olunmalıdır ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin: İ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir; V hissəsinə əsasən, bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. V-İİ hissəsinə əsasən, nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. Vİ hissəsinə əsasən, Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin, yaxud ödənclərin ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. XV hissəsinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: 1.2-ci bəndinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət. qeydiyyatından keçirməlidirlər. 1.3-cü bəndinə əsasən, nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. 1.5-ci bəndinə əsasən, nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. 1.6-cı bəndinə əsasən, nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: 1.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. 2.6-cı bəndinə əsasən, nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. İşin faktiki hallarından göründüyü kimi hazırkı inzibati mübahisə avtonəqliyyat vasitəsinin icazə verilən maksimum kütləsində dəyişikliyin edilməsi ilə əlaqədardır. Qeyd olunur ki, mübahisə predmeti olan nəqliyyat vasitəsinin zavod buraxılışında icazə verilən maksimum kütlə 7490 kq qeyd edilsə də, hazırkı qeydiyyat şəhadətnaməsində 12500 kq göstərildiyindən iddiaçı texniki uyğunsuzluğa istinadla dəyişikliyin edilməsini tələb etməkdədir. Halbuki, işin faktiki hallarından da göründüyü kimi həmin uyğunsuzluq texniki xəta uyğunsuzluğu olmamaqla əvvəlki mülkiyyətçinin 23 fevral 2018-ci il tarixli ərizəsi əsasında həyata keçirilmişdir. Belə ki, işin faktiki hallarından da müəyyən edilir ki, iddiaçının alqısatqı yolu ilə yeni mülkiyyətçi (23 fevral 2019-cu il) olmasından əvvəl, əvvəlki mülkiyyətçi Nazim Əliyevin müraciəti əsasında icazə verilən maksimal kütlədə 12500 kq-ə dəyişiklik edilmiş, avadanlıqlaşdırma nəticəsində bortlu-tentli yük avtomobili kimi, qeydiyyata alınmış, 23 fevral 2019-cu il, yəni iddiaçının qeydiyyat şəhadətnaməsini aldığı tarixdən isə özüboşaldan yük avtomobili kimi qeydiyyat hərəkətləri edilmişdir. Göründüyü kimi qismən əvvəlki mülkiyyətçisinin, sonradan isə iddiaçının mülkiyyətində olduğu dövrdə olan dəyişikliklər həmin şəxslərin iradə ifadəsi daxilində olmuş, ehtimal ki, yük avtomobilləri ilə daşıma ilə əlaqədar olmuşdur ki, nəqliyyat vasitəsinin alqı-satqısı zamanı iddiaçının hansı növ nəqliyyat vasitəsini alqı-satqı yolu ilə alması bilməsi, göstərilən formada qəbul etməsi, özü qeydiyyat şəhadətnaməsi aldıqdan sonra isə özüboşaldan nəqliyyat vasitəsi kimi qeydiyyata razılıq verməsi, məhkəmə hesab edir ki, yük kütləsinin 12500 kq kimi göstərilməsinin texniki xəta kimi müəyyən edilməsi halını istisna edir. Odur ki, özüboşaldan yük avtomobili kimi qeydiyyata alınmış və avadanlıq quraşdırılmış yük avtomobili kimi zavod formasına bərpa istisna edilməklə, məhkəmə hesab edir ki, icazə verilən maksimal kütlənin həddi nəzərə alınmaqla yol hərəkəti zamanı təhlükəsizlik baxımından iddiaçının mülkiyyətində olan nəqliyyat vasitələrinə məhdudiyyətlərin aradan qaldırılmasına yönələn iddianın qanuni və əsaslılığı istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-9246/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9246/2025
01.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver