Məhkəmə qərarları › İş №2-1(112)-9247/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9247/2022

25.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9247/2022 25.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işin materiallarına məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 27 aprel 2022-ci il tarixli “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında Qərar”ın ləğv edilməsi və ona məxsus olan obyektin adının bərpa edilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, fiziki şəxs X4 tərəfindən (VÖEN: **********) ona məxsus (VÖEN: **********) fəaliyyət ünvanı AZ1134, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan 38 olan “Şahzadə” adlı bijuteriya və aksesuarlar obyektinin adından qanunsuz istifadə etməsi barədə xx.xx.2022-ci il tarixli müraciəti İqtisadiyyat Nazirliyinə daxil olmuşdur. X1 “Şahzadə” adı altında ünvan 2 ünvanında parfümeriya və aksesuar mallarının satışı sahəsində məşğul olduğunu, Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş “Şahzadə” əmtəə nişanının 35-ci sinifi “Parfümeriya məhsullarının və aksesuarların reklamı və satışı üzrə xidmətləri” üzrə qeyd olunan sahə və xidmətlərin Respublika ərazisində hüquqlarının ona məxsus olduğunu təsdiq edən 2021 1194 nömrəli şəhadətnamənin xx.xx.2021-ci il tarixdə aldığını bildirmişdir (əmtəə nişanında “Ş” hərf işarəsi və “PARFUM&AKSESUAR” söz birləşməsi hüquqi mühafizə obyekti deyildir. Əmtəə nişanının rəngi qara, qızılıdır. Bununla əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli FA-14 nömrəli əmrinə əsasən komissiya yaradılmış və ona qarşı “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır. Qaldırılmış işlə əlaqədar mart ayında bir, aprel ayında isə iki iclas keçirilmişdir. İclasın gedişatında komissiya məsələ ilə əlaqədar təsvirlərin oxşar olub-olmamasına dair rəyin alınması üçün Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə müraciət etmişdir. Agentlikdən alınan rəydə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 №-li Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.4, 29.5, 26.6-cı bəndlərinin tələblərini nəzərə almaqla fonetik, qrafik (görünüş) və semantik oxşarlıq baxımından müqayisə edilmişdir və nəticə olaraq “qeydiyyatdan keçmiş “Şahzadə” əmtəə nişanı ilə qarşı qoyulan nişanda hərflərin yeddiyə, hecaların sayı eynidir. İlkin təəssürat satış və xidmət sahəsinin eyni xidmət şəbəkəsinə aid olduğu barədə yanlış fikir yarada bilər” rəyi bildirilmişdir. Bunun nəticəsində ona qarşı 27 aprel 2022-ci il tarixli “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında Qərar” qəbul edilərək mağazanın girişində olan “Şahzadə Bijuteriya və Aksesuarlar”, “sahzade.accessories” instaqram səhifəsinin qanunsuz olaraq istifadəsini dərhal dayandırılması və nəticəsi barədə məlumat verilməsi haqqında göstəriş verilmişdir. Eyni zamanda Qərarda göstərilmiş müddət başa çatmadan mağazanın fasadında olan “Şahzadə” sözü Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyindən daxil olan rəyə əsasən Azərbaycan Dövlət Reklam Agentliyinin nümayəndələri tərəfindən sökülmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 27 aprel 2022-ci il tarixli Qərarı qeyri-qanuni və əsassızdır, qanunvericiliyə zidd olduğuna görə onun konstitusiya və digər normativ-hüquqi aktlara müəyyən edilmiş onun hüquqlarını kobud şəkildə pozur. Hesab edir ki, həmin qərar ləğv edilməli və onun “Şahzadə” adından istifadə etmək hüququ bərpa edilməlidir. İPM-nin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surət ləri cavabdeh inzibati orqana və üçüncü şəxsə göndərilərək cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin iddia ərizəsinə dair etirazı (mülahizəsi) məhkəməyə daxil olmuşdur. Üçüncü şəxs X2 iddia tələbinə dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etmədiyindən, gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının, cavabdehin nümayəndəsinin və üçünücü şəxin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə dəftərxana vasitəsilə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə, iddia geri götürülmüş sayılmalı və inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. İPM-nin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “qərarın ləğv edilməsi” tələbi barədə iş üzrə iddia geri götürülmüş sayılsın və inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar