Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9248/2023 08.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın satılması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 2115.31 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 110000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsi ilə satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2021 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2021 tarixə yaranan 2115.31 manat borcuna görə 110000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2022 tarixli **********0 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx/xx/2022 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2021 tarixə qeyd olunan borc məbləğindən İşsizlikdən sığorta fonduna 2115.31 manat ödənilməmiş borcu qalmışdır. **********8 saylı xx.xx.2021-ci il tarixli işsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişdə bildirilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə ümumilikdə 2115,31 manat, o cümlədən: işsizlikdən sığorta haqqı üzrə 1592,88 manat, maliyyə sanksiyaları üzrə 0 manat, faizlər üzrə 522,43 manat, inzibati cərimə üzrə 0 manat borcu var. **********3 saylı xx.xx.2022-ci il tarixli muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişdə bildirilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə ümumilikdə 72078,88 manat, o cümlədən: muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə maliyyə sanksiyaları üzrə 0 manat, faizlər üzrə 32303,75 manat, inzibati cərimə üzrə 0 manat borcu var. Əmlakın siyahıya alınması haqqında **********575300 saylı xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqqında” **********575300 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən dövlət vergi müfəttişi X2 tərəfindən Cavabdeh borclarını Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyinə və yaxud öhdəliyini yerinə yetirməkdən boyun qaçırdığına görə “Rahat-Nəfəs” yaşayış kompleksində 60000 manat məbləğində 30 kv.m Bina A-1 ticarət obyekti və 50000 manat məbləğində 25 kv.m Bina 1- A ticarət obyekti olmaqla ümumilikdə 110000 manat məbləğində əmlakı siyahıya alınmışdır. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında xx.xx.2022-ci il tarixli akta əsasən siyahıya alınmış əmlak məsul saxlanmaya verilmək üçün Cavabdeh direktoru X1 təhvil verilmişdir. Əmlakı məsul saxlanmaya təhvil almış şəxs siyahıya alınmış əmlak barəsində sərəncam vermək hüququndan məhrum edildiyi, həmin əmlaka sahiblik və ondan istifadə edilməsinin yalnız vergi orqanının nəzarəti ilə həyata keçirilə biləcəyi, habelə bu əmlaka dair onun bağladığı əqdlərin etibarsız hesab ediləcəyi və siyahıya alınmış əmlakın israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilmişdir. İddiaçı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********162100 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan Cavabdeh (VÖEN: **********) bina tikintisi fəaliyyəti ilə məşğul olan ödəyicilər üzrə analoji qaydada hesablanmış vergilərdən ibarət xx.xx.2021-ci il tarixli **********18 saylı icra vərəqəsi üzrə xx.xx.2023-cü il tarixə ümumilikdə 72078,88 manat, o cümlədən vergilər üzrə 39775,13 manat, faiz üzrə 32303,75 manat dövlət büdcəsinə ödənilməli olan borcu vardır. İddiaçı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********963500 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Cavabdeh (VÖEN: **********) iddia ərizəsinin əsasını təşkil edən borc məbləği işsizlikdən sığorta üzrə 2115,31 manat təşkil edir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). İddiaçı ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: -nağd pul vəsaitləri; -bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); -hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; -istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; -inventarizasiya aparılmaqla digər əmlak. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən tələb üzrə məhkəmənin araşdırmalı olduğu məsələ borcun mövcudluğu, əmlakın siyahıya alınması haqqında qərarın qüvvədə olması, həmin əmlakın vergi ödəyicisinə məxsusluğunun və borcun siyahıya alınmış əmlakın dəyərinə mütənasibliyinin müəyyən edilməsidir. Beləliklə, iddiaçı tərəfindən təqdim edilmiş inzibati icraat materialları ilə qeyri-yaşayış sahəsi “Rahat-Nəfəs” yaşayış kompleksində 60000 manat məbləğində 30 kv.m Bina A-1 ticarət obyekti və 50000 manat məbləğində 25 kv.m Bina 1-A ticarət obyekti olmaqla siyahıya alınmış daşınmaz əmlakların cavabdehə məxsus olub-olmaması müəyyən edilmir, həmçinin əmlakın dəyərinin müəyyən edilməsinə dair inzibati icraat aparılmamışdır. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş inzibati icraat materiallarında siyahıya alınmış daşınmaz əmlakların ümumi qiyməti 110000 manat müəyyən edilsə də, iddiaçı tərəfindən həm iddianın qaldırıldığı, həmçinin cari tarixə cavabdehin qeyd olunan inzibati iş üzrə iddia ərizəsinin əsasını təşkil edən dövlət büdcəsinə borc məbləği 2115,31 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin hazırki iddia tələbi üzrə cari borc məbləği siyahıya alınmış əmlakın iddiaçı tərəfindən göstərilən dəyərinə mütənasib deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci, 68-ci, 69-cu, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-9248/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9248/2023
08.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver