Məhkəmə qərarları › İş №2-1(112)-9248/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9248/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9248/2024 09.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “maneələrin aradan qaldırılması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tərəfindən iddiaçının Gürcüstan Texnikin Universiteti ali təhsil müəssisəsinin iddiaçının diplomunun təsdiq edilməsindən imtina etməsinin qanunsuz hesab edilməsi və diplomun təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı orta məktəbi 2013-cü il tarixdə Bərdə şəhərində bitirmişdir. Həmin ili Ukrayna Respublikasında Şevcenko adına universitetə qəbul oldu və oranı bitirdikdən sonra Gürcüstan Politexnik universitetinə daxil oldu. Orada təhsil aldığı zaman ilk kursda sağlamlığı ilə bağlı müəyyən müddət dərslərdə qiyabi iştirak etdi və bunu da universitetin icazəsi və məlumatı ilə həyata keçirirdi. Bundan sonra 2 və 3-cü kursa qədər mütəmadi dərslərdə əyani iştirak etmişdir. Daha sonra pandemiya səbəbi ilə verilən qərara görə onlayn sistemə keçildi. Sonuncu kursda təhsil alarkən bütün dərslərdə və imtahanlarda onlayn iştirak edirdi. 2020-ci ildə isə universiteti bitirdikdən sonra 2020-ci ilin oktyabr ayında hərbi xidmətə getmiş və 1 il hərbi xidmət keçmişdir. Cavabdeh əsassız olaraq onun diplomunun təsdiq olunmasından imtina etmişdir. Belə ki, diplom keçərsiz idisə, o, 1 il deyil, 1 il 6 ay hərbi xidmət keçməli idi. Belə çıxır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iddiaçını ali təhsilli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi isə tam-orta təhsilli şəxs kimi hesab edir, bu baxımdan cavabdehin qanunsuz hərəkəti hüquqpozuntusu kimi qiymətləndirilməlidir. İrəli sürülmüş iddianın əsasını və predmetini, həmçinin mübahisə tərəfləri və mahiyyətini, cavabdehin Bakı şəhəri, Nərimanov rayon ərazisində yerləşdiyini nəzərə alaraq hesab edir ki, iş aidiyyatı üzrə Bakı İnzibati məhkəməsində baxılmalıdır. Belə ki, tərəfindən cavabdeh tərəf kimi qoyulmuş Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsində göstərilən inzibati orqanlara, onun mübahisələndirilən hərəkəti həmin Qanunun 2.0.2-ci maddəsində göstərilən inzibati akta və iddiaçı həmin Qanunun 2.0.3-cu maddəsində göstərilən maraqlı şəxslərə, iddiaçının tələbi isə İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsində göstərilmiş iddialara aiddir.

3. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

II. İddianın mümkünlüyü

4. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir

6. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü həm də onun lazımi qaydada qaldırılması ilə şərtlənir və hazırkı işdə iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir.

7. Bununla bağlı iddiaçıya hüquqi maraqlarına uyğun iddia tələbinin dəqiqləşdirilməsi təklif olunaraq buna dair ona təklif məktubu ünvanlanmış, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilməsi ilə bağlı məhkməyə cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinə dair ərizə ilə müraciət etməsi, həmçinin həmin cavabdeh orqana - Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müvafiq tələb ilə mürəciətin və müraciətin çatmasını təsdiq edən sənədin və ya imtina məktubunun məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Buna baxmayaraq, məhkəmənin təklifi nəzərə alınmamış və müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir.

8. Eyni zamanda, məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi, yol verilən çatışmazlıqların aradan qaldırılması, mövcud mübahisənin müzakirə edilməsi məqdəsi ilə iclas təyin olunsa da, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclaslarında iştirakını təmin etməmiş, qeyd olunan nöqsanlar aradan qaldırılmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia lazımi qaydada qaldırılmadığından inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil.

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

10. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

11. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

12. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

13. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar