Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9248/2025 16.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ixtisas dərəcəsinə görə minimum əmək haqqının iki misli məbləğində ödənilən əlavəni əsas götürməklə əmək pensiyanın yenidən hesablanmasını və pensiyanın təyin edildiyi vaxtdan onun yenidən hesablandığı tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya üçqat məbləğdə ödənilmiş əmək haqqını və ona əlavələri (rütbə maaşı, ixtisas dərəcəsinə görə ödəniş, xidmət illərinə görə əlavələr, ərzaq əvəzinə pul kompensasiyası və s.), maddi yardım, mükafat, məzuniyyət pulu, istifadə olunmayan məzuniyyətə görə ödənilmiş kompensasiya və digər təminat xərclərini, habelə ixtisas dərəcəsinə görə minimum əmək haqqının iki misli məbləğində ödənilən əlavəni əsas götürməklə, əmək pensiyasının sığorta hissəsi ilə birlikdə əmək pensiyasının yenidən hesablanmasını və pensiyanın təyin edildiyi vaxtdan onun yenidən hesablandığı tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “ixtisas dərəcəsinə görə minimum əmək haqqının iki misli məbləğində ödənilən əlavəni əsas götürməklə əmək pensiyanın yenidən hesablanmasını və pensiyanın təyin edildiyi vaxtdan onun yenidən hesablandığı tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1992-ci il tarixli, 295 a saylı qərarı ilə Ağdam Qarnizonu Hərbi Tribunalının hakimi və sədri vəzifəsinə təyin olunmuş və 2000-ci ilin sentyabr ayında ədliyyə polkovniki rütbəsində hərbi xidmətdən tərxis olunmaqla işdən azad edilmişdir. Müharibə veteranıdır. Azərbaycan Respublikası Milli Məclisinin 01 iyul 1994-cü il tarixli, 844 nömrəli Qərarı ilə hərbi məhkəmə sədri olaraq, dördüncü ixtisas dərəcəsi verilmişdir. xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya 28 il 4 ay 4 gün xidmət illərinə görə pensiya təyin olunub. Hesab edir ki, ona pensiya təyin olunarkən, pensiyanın məbləği həm onun tərkib hissəsi, həm də əlavələrin müəyyən olunması baxımından düzgün hesablanmamışdır. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, iddiaçıya üçqat məbləğdə ödənilmiş əmək haqqını və ona əlavələri (rütbə maaşı, ixtisas dərəcəsinə görə ödəniş, xidmət illərinə görə əlavələr, ərzaq əvəzinə pul kompensasiyası və s), maddi yardım, mükafat, məzuniyyət pulu,-istifadə olunmayan məzuniyyətə görə ödənilmiş kompensasiya və digər təminat xərclərini, dərəcəsinə görə minimum əmək haqqının iki misli məbləğində ödənilən əlavəni əsas götürməklə, əmək pensiyasının sığorta hissəsi ilə birlikdə əmək pensiyanın yenidən hesablanmasını və pensiyanın təyin edildiyi vaxtdan onun yenidən hesablandığı tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsini" xahiş etmişdir. Cavabdeh 14 mart 2025-ci il tarixli məktubla iddiaçıya imtina cavabı vermişdir. İddiaçı cavabdehin mövqeyini əsassız hesab edir. Bildirir ki, hakimlik fəaliyyəti illərində hərbi tribunalın işçiləri bir müddət Müdafiə Nazirliynin N saylı hərbi hissəsinin, sonra isə Ali Məhkəmənin Hərbi Kollegiyasının pul və ərzaq təminatında olublar. Qeyd olunan dövrdə işçilər, o cümlədən, iddiaçı döyüş bölgəsində xidmət etdiyinə görə üçqat əmək haqqı və ona əlavələr almışlar. İddiaçının üçqat əmək haqqı almağı Müdafiə Nazirliynidən verilmiş xx.xx.2024-cü il tarixli, 2-QİM-1891-1/2024 nömrəli Arxiv arayışı ilə təsdiq olunur. Bundan başqa, iddiaçıya 4-cü ixtisas dərəcəsinə görə maaşından əlavə olaraq pul ödənilib. 2000-ci ildə pensiya təyin edilərkən, ixtisas dərəcəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məbləğ (minimum əmək haqqının iki misli) iddiaçının pensiyasına əlavə edilməyib. Cöründüyü kimi, ona pensiya təyin olunarkən və yenidən hesablamalar aparılarkən, üçqat həddə əmək haqqı almağı və ixtisas dərəcəsinə görə ödənilən əlavə nəzərə alıımayıb. Bundan başqa, pensiyanın yenidən hesablanması zamanı işlədiyi müddətdə ona ödənilmiş məzuniyyət haqqının da nəzərə alınmasından imtina olunmuşdur. Əmək pensiyasının məbləğinin hesablanmasının ilkin mərhələsi "X2" Qanunun 10-cu maddəsi ilə tənzimlənir. Həmin maddənin göstərişlərinə görə yaşa görə əmək pensiyasının məbləği yaşa görə əmək pensiyasının sığorta hissəsinin və yaşa görə əmək pensiyasının yığım hissəsinin cəmindən ibarətdir. "X2" qanunun 20-ci maddəsi isə pensiyaya çıxmış şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr müəyyən edir. Lakin iddiaçıya təyin edilmiş əmək pensiyasının məbləği müəyyən edilərkən "X2" Qanunun 10-cu maddəsinin tələbləri pozulmaqla əmək pensiyasının sığorta hissəsi nəzərə alınmamış, pensiyanın məbləği yalnız "X2" qanunun 20-ci maddəsində göstərilən əlavələrlə müəyyən edilmişdir. Bu hal "X2" Qanunun 1.0.2-ci maddəsinin normalarına zidd olmuş və qanunvericiliklə müəyyən edilmiş qaydada sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, xidmət illərinə görə əlavə ilə yanaşı, həmçinin əmək pensiyasının sığorta hissəsi nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanmalıdır. Lakin cavabdeh şərh olunan halları nəzərə almaqdan və pensiyanı yenidən həmin halları əsas götürməklə hesablamaqdan əsassız olaraq, imtina etmişdir, bununla da sosial təminat sahəsində hüquqlarını pozmuşdur. Hərbi məhkəmələrin bir neçə hakimin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı anoloji iddialarla müracət müraciət etmiş və iddiaları təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi 05 may 2023-cü il tarixli qərarı ilə dövlət orqanları tərəfindən eyni faktiki və hüquqi əsaslara söykənən işlər üzrə təcrübədə müxtəlif cür qərarlar qəbul edilməsi praktikasının doğru olmadığı və bunun vətəndaşların bərabərlik hüquqlarının pozulması kimi vurğulayaraq inzibati orqanlara bu cür halların yol verilməzliyi, qaldırılmış məsələlər üzrə vətəndaşların müraciətinə qanunçuluq, şəfafflıq və bərabərlik prinsiplərinə uyğun olaraq baxılması tövsiyyə olunmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair münasibətini təqdim edərək bildirmişdir ki, iddiaçı Mərkəzi Filiala müraciət edərək ona hərbi qulluqçu kimi əmək pensiyasının yenidən hesablanmasıni xahiş etmişdir. Mərkəzi Filialın müraciətə cavab olaraq iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-17-1/2-M-64934/2025 nömrəli məktubda hərbi qulluqçu kimi əmək pensiyasının yenidən hesablanması şərtləri və iddiaçının əmək pensiyasının hesablanması haqqında ətraflı məlumat verilmişdir. Məktubda qeyd edilmişdir ki, Mərkəzi Filialda mövcud olan məlumatlara əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçıya sabiq hərbi qulluqçu kimi əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq, 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən sözügedən qurum tərəfindən iddiaçıya dair təqdim edilmiş 27 iyun 2007-ci il tarixli ZE-51754 nömrəli məlumat vərəqinə əsasən əmək pensiyası həmin tarixdən etibarən Mərkəzi Filial tərəfindən ödənilir. Həmin məlumat vərəqində iddiaçının müraciətində qeyd etdiyi əlavələr göstərilmədiyindən onun əmək pensiyasının hesablanması zamanı həmin əlavələrin nəzərə alınması mümkün deyil. Sonrakı artımlar nəzərə alınmaqla iddiaçının əmək pensiyası hazırda 4767,41 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla müvafiq kart hesabına köçürülür: sığorta hissəsi: 335,47 manat; qulluq stağına görə əlavə: 3998,54 manat; maddi yardım: 433,40 manat. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “X2” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya yenidən hesablanması və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bununla yanaşı öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən iddia tələbinin bir hissəsi mübahisələndirmə haqqında növünə, digər hissəsi isə öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2.-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın öhdəliyinin icrası haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış yeri və cavabdehin olduğu ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və vəkili ayrıayrılıqda izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İnzibati iş materiallarında olan: AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan Respublikası Bakı şəhər məhkəməsini, rayon (şəhər) xalq məhkəmələrinin və hərbi tribunalların hakimlərinə ixtisas dərəcələri verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 844 nömrəli 1 iyul 1994-cü il tarixli qərarına əsasən İddiaçı dördüncü ixtisas dərəcəsi verilmişdir. Məhkəməyə təqdim edilmiş iddiaçının pensiya işindən məlum olur ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-16798/2024 nömrəli Qərarı ilə İddiaçı xx.xx.2000-ci ildə təyin edilmiş yaşa görə əmək pensiyası yenidən hesablanmış, artım faizləri nəzərə alınmışdır. Tətbiq edilən hüquq “X2” Azərbaycan Respublikası Qanununa əsasən: 20.1.4. Qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.7-ci maddəsinin redaksiyasına görə, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 5 il hakim işləmiş sabiq hakimlərə-hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin, həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Məhkəmələr və hakimlər haqqında” Qanununa əsasən:
109. Hakimlərin həyatı və sağlamlığı dövlət büdcəsi hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimlər həlak olduqda (vəfat etdikdə) və ya onlar xidmətin davam etdirilməsinə imkan verməyən dərəcədə xəstələndikdə, xəsarət (yaralanma, travma, kontuziya) aldıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə birdəfəlik müavinət ödənilir. (...) Hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “X2” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2001-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanunla Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri müəyyən edilmişdir. “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamənin 7-8-ci bəndlərinə əsasən ixtisas dərəcələri hakimlərə ömürlük verilir və ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilmişdir. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2007-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinin beşinci ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” 5 oktyabr 2001-ci il tarixli, 190-İİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanun qüvvədən düşmüşdür. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “X2” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7 maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli qərarına əsasən, "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və "Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq "X2” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə həmin günədək qüvvədə olmuş "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin, 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə - həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir. Hakimlərin statusunun konstitusiya–hüquq xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur, belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir.”
Hakimlərin statusuna dair Avropa Xartiyasına əsasən: 6.1. Hakimlər öz funksiyalarını həyata keçirərkən, onların müstəqilliyinə və qərəzsizliyinə zərbə vura biləcək və öz səlahiyyətləri çərçivəsində onlar tərəfindən qəbul edilən bu və ya digər qərarlara və ya həyata keçirilən hərəkətlərə təsir göstərilməsi məqsədinə yönələn müdaxilələrdən qaçınmalarına şərait yaradacaq miqdarda maddi mükafatlandırma hüququna malikdirlər. 6.4. Müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya verilməsinə təminat verilməlidir. Hakimlərin müstəqilliyi, səmərəliliyi və rolu haqqında Avropa Şurası Nazirlər Komitəsinin Tövsiyəsinə görə isə hakimləri peşə nüfuzuna və məsuliyyət dərəcəsinə uyğun statusla təmin etmək və həvəsləndirməklə onların fəaliyyəti üçün lazımi şərait yaradılmalıdır.
Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 29 iyul tarixli 250 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnaməyə əsasən: Bənd 3. aşağıdakı ixtisas dərəcələri verilir: (...) İkinci, üçüncü, dördüncü, beşinci ixtisas dərəcələri - rayon: (şəhər) xalq məhkəmələrinin hakimlərinə, yerli arbitraj məhkəmələrinin hakimlərinə.; Bənd 7. İxtisas dərəcələri hakimlərə ömürlük verilir. Bənd 8. İxtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilir.
“Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 4 noyabr 1992-ci il tarixli 364 nömrəli qərarına əsasən Azərbaycan Respublikası məhkəmələrinin beşinci ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində, dördüncü ixtisas dərəcəli hakimlərinə iki misli məbləğində, üçüncü ixtisas dərəcəli hakimlərinə üç misli məbləğində, ikinci ixtisas dərəcəli hakimlərinə dörd misli məbləğində, birinci ixtisas dərəcəli hakimlərinə beş misli məbləğində, ali ixtisas dərəcəli hakimlərinə altı misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən
1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət.
Məhkəmənin mövqeyi
İddiaçının iddia tələbi konkret və aydındır. Yəni, iddiaçının hüquqi marağı ixtisas dərəcəsinə görə minimum əmək haqqının iki misli məbləğində ödənilən əlavəni əsas götürməklə əmək pensiyanın yenidən hesablanmasını və pensiyanın təyin edildiyi vaxtdan onun yenidən hesablandığı tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsindən ibarətdir. Məhkəmə iddiaçının müraciəti əsasında cavabdehin sərgilədiyi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, yuxarıda istinad olunan normativ hüquqi aktlara görə, Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri müəyyən edilmiş, ixtisas dərəcələri hakimlərə ömürlük verilmiş və ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilmişdir. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2007-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinin dördüncü ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının iki misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır. Göründüyü kimi, həmin normalar baxımından ixtisas dərəcəli hakimlərə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının iki misli məbləğində əlavə haqqın verilməsi birbaşa qanundan irəli gəlir və həmin tənzimləmə imperativ xarakter daşıyır. Yəni hakimlərə həmin əlavə haqqın ödənilməsi qanunun mütləq tələbidir. Bu mənada ixtisas dərəcəli hakimə əlavə haqqın verilməsi ilə bağlı hakimlərin maddi təminatını həyata keçirən inzibati orqan hər hansı mülahizə haqqına malik deyil. Cavabdeh iddiaya dair etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq, 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən sözügedən qurum tərəfindən iddiaçıya dair təqdim edilmiş 27 iyun 2007-ci il tarixli ZE-51754 nömrəli məlumat vərəqinə əsasən əmək pensiyası həmin tarixdən etibarən Mərkəzi Filial tərəfindən ödənilir. Həmin məlumat vərəqində iddiaçının müraciətində qeyd etdiyi əlavələr göstərilmədiyindən onun əmək pensiyasının hesablanması zamanı həmin əlavələrin nəzərə alınması mümkün deyil. Məhkəmə cavabdehin etirazında göstərilən halı əsassız hesab edərək qeyd edir ki, iddiaçıya əmək pensiyası təminat xərcliyi əsasında təyin edilsə də, onun hazırda yenidən hesablama aparılmasını tələb etdiyi ödəniş ona təminat xərcliyini təyin edən orqan tərəfindən verilmiş ödəniş deyildir. Həmin ödəniş ona Müdafiə Nazirliyi tərəfindən deyil, Ali Məhkəmə tərəfindən verilmişdir. Yeni məlumat vərəqinin tərtib edilməsi qaydasına riayət edilməsi o halda tələb oluna bilər ki, məlumat vərəqinə daxil edilməli olan ödəniş məhz məlumat vərəqəni tərtib edən orqan tərəfindən verilmiş ödəniş olsun. İxtisas dərəcəsinə görə hər ay alınmış əlavə haqqdan sosial sığorta haqqının ödənilməməsi halı da iddiaçının tələbini təmin etməyə mane olmur. Belə ki, iddiaçı həmin əlavələri 1992-2000-ci illərdə almışdır və həmin vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin tələblərinə görə həmin vəsaitlərdən sosial sığorta haqqının tutulması nəzərdə tutulmurdu (Bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-768/2023 saylı qərarı). O da qeyd edilməlidir ki, maddi təminatla bağlı lazımi sənədləşdirmənin və rəsmiləşdirmənin müvafiq qaydada aparılması hakimlərin maddi təminatını həyata keçirən inzibati orqanın məsuliyyət sferasına aiddir və bunun üçün iddiaçı deyil, inzibati orqan cavabdehlik daşıyır. Belə cavabdehlik həm də inzibati orqan tərəfindən müvafiq sənədlərin saxlanılmasına və arxivləşdirilməsinə də aiddir. İnzibati orqanın məsuliyyət sferasına aid vəzifələrin layiqincə və tələblərə uyğun yerinə yetirilməməsinin neqativ nəticələrinə görə şəxsin hüquqi statusu məhdudlaşdırıla bilməz (Bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1358/2023 saylı qərarı). Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya dördüncü ixtisas dərəcəsinin verilməsi işin mübahisələndirilməyən halı olduğundan, həmin dərəcəyə görə əlavə haqqın ödənilməsi birbaşa qanunvericilikdə nəzərdə tutulduğundan, ona verilmiş ixtisas dərəcəsinə görə ödənilən əmək haqqı nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını tələb etməkdə haqlı olmuşdur. Lakin iddia ərizəsindən görünür ki, iddiaçı xx.xx.2000-ci ildən hazırkı vaxtadək olan dövr üzrə məbləğin hesablanması və hesablanmış məbləğin birdəfəlik olaraq ödənilməsini xahiş edir. Məhkəmə tələbin bu hissəsi ilə bağlı qeyd edir ki, «X2» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən). Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən). Göründüyü kimi qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği şəxsə ödənilir, lakin bu məbləğ birdəfəlik deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilir. İddiaçının hazırkı tələblə qanunvericiliyə edilmiş müvafiq dəyişikliklər qüvvəyə mindikdən sonra, xx.xx.2025-ci il tarixdə iddiaçıya müraciət etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, yenidən hesablanmış pensiya məbləği müraciət tarixindən əvvəlki üç ildən, yəni xx.xx.2022-ci ildən və “birdəfəlik” deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, “İddiaçı ixtisas dərəcəsinə görə minimum əmək haqqının iki misli məbləğində ödənilən əlavəni əsas götürməklə əmək pensiyası yenidən hesablanması və yaranmış fərqin xx.xx.2022-ci ildən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddia tələbi təmin edilməli, digər hissədə isə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı ixtisas dərəcəsinə görə minimum əmək haqqının iki misli məbləğində ödənilən əlavəni əsas götürməklə əmək pensiyası yenidən hesablanması və yaranmış fərqin xx.xx.2022-ci ildən ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova