Məhkəmə qərarları › İş №2-1(112)-925/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-925/2023

23.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-925/2023 23.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “X2 qəyyumluğuna xitam verilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “X2 qəyyumluğuna xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 17-ci hissəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Plenum Qərarlarının mahiyyətindən də aydın olur ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işlər üzrə iddia tələbi ilə müraciət edən və ya iddiaya cavab verməli olan tərəflərdən ən azı biri inzibati orqan olmalı, tərəflər arasında yaranmış münasibətlər xüsusi hüququn nizamasalma predmetinə aid olmayıb, publik hüquq münasibətləri olmalıdır. Hazırkı iş üzrə isə qeyd olunan şərtlər tam ödənilmədiyindən, belə ki, ailə və geniş mənada mülki hüququnun müdafiəsi ilə əlaqədar yaranmış hüquq münasibəti publiklik əlamətlərini daşımadığından hazırkı iş üzrə verilmiş iddia tələbinə inzibati məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılma imkanından da söhbət gedə bilməz. Belə ki, xüsusi hüququn başlıca sahəsi olan mülki hüquq qeyri-ticarət dövriyyəsinin müstəqil subyektləri arasındakı əmlak münasibətləri ilə yanaşı ailə münasibətlərini və bəzi şəxsi hüquqları tənzimləyən normaları da özündə birləşdirir. Bu baxımdan ailə hüququ müstəqil hüquq sahəsi, yaxud da mülki hüququn yarımsahələrindən biri kimi xüsusi hüquqa aid edilir. Digər tərəfdən ailə hüququnun xüsusi hüquq sahəsinə aid olmasına baxmayaraq bu çərçivədə yaranan bəzi münasibətlərə dövlətin müdaxiləsinin şahidi oluruq ki, belə müdaxilələr ərin, arvadın və ya yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının müdafiəsi məqsədi güddüyündən, hətta bəzən zəruri xarakter daşıdığından sırf buna istinadən ailə münasibətlərindən doğan hüquqi tənzimetməni ümumi (publik) hüquq sahəsinə aid etmək hüquqi tənzimetmənin məzmununa ziddir. Eləcə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının son məqsədi xüsusi hüququn mühüm sahələrindən biri olan ailə hüququnun uşaqların hüquqları institutunun qanunvericiliklə tənzimlənən təzahürlərinin prosessual baxımdan gerçəkləşdirilməsi olmuşdur. Belə olan halda bu növ iddialara inzibati məhkəmə icraatı çərçivəsində baxılması prosessual qənaət prinsipi baxımından da əlverişsiz olacaqdır. Ailə Məcəlləsinin 54.1-ci maddəsi ilə müəyyən edilmiş, uşağın adının dəyişdirilməsinin prosedur qaydasının həyata keçirilməsi ilə bağlı mübahisələrin iki məhkəmə icraatı (inzibati və mülki) qaydasında həyata keçirilməsi mübahisənin tərəflərinin hüquqi vəziyyətinə, onlar arasındakı münasibətlərin hüquqi nizamasalma predmetinə ziddir. Belə ki, prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Hazırki işin hallarından görünür ki, İddiaçı bacısı X1 və onun əri X3 vəfatı ilə əlaqədar onların övladlarına təyin olunmuş qəyyumun hərəkətlərindən, qəyyum kimi öhdəliklərinin yerinə yetirilməməsindən şikayət edir və X2 qəyyumluğuna xitam verilməsi barədə cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsini arzulayır. Məhkəmə iddia tələbinə münasibətdə hesab edir ki, inzibati orqan kimi yerli icra hakimiyyəti orqanı hazırkı məhkəmə mübahisəsində xüsusi hüququn subyekti qismində iştirak edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİİ hissəsinin 1ci bəndinə müvafiq olaraq inzibati orqan kimi yerli icra hakimiyyəti orqanı hesab edilsə də, mübahisəyə səbəb olan hərəkət və hərəkətsizliyinin publik hüquqdan irəli gəlməsi də işə inzibati məhkəmə icraatı qaydasında baxılması üçün zəruridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt dedikdə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri başa düşülür. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında inzibati akta anlayış verilmişdir. Qərarda qeyd edilmişdir ki, hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, məzmunu da nəzərə alınmalıdır Yəni, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən qəbul edilməsi tələb olunan inzibati akt (X2 qəyyumluğuna xitam verilməsi və s.) və bundan sonra irəli gələn digər öhdəliklərin qoyulması ümumi (publik) hüquq sahəsinə aid deyildir. Bu məsələlərin həllinə dair hüquqi tənzimləmə məsələləri Azərbaycan Respublikasının Mülki və Ailə Məcəllələri ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 33. Qəyyumluq və himayəçilik. 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. 33.2. Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. 33.3. Yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. 33.4. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. 33.5. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Maddə 34. Qəyyumluq və himayəçilik orqanları 34.1. Qəyyumluq və himayəçilik orqanları qanunvericiliklə müəyyənləşdirilir. Maddə 35. Qəyyumlar və himayəçilər 35.1. Qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. 35.2. Qəyyumlar və himayəçilər yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərdən təyin edilir. Valideynlik hüquqlarından məhrum edilmiş fiziki şəxslər qəyyum və himayəçi təyin oluna bilməzlər. 35.3. Qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır. Maddə 38. Qəyyumların və himayəçilərin öz vəzifələrinin icrasından azad və kənar edilməsi. Qəyyumluğa və himayəçiliyə xitam verilməsi. 38.4. Qəyyum və ya himayəçi onun üzərinə düşən vəzifələri gərəyincə yerinə yetirmədikdə, o cümlədən qəyyumluqdan və ya himayəçilikdən tamah məqsədi ilə istifadə etdikdə və ya qəyyumluqda olanı nəzarətsiz və lazımi köməksiz qoyduqda qəyyumluq və himayəçilik orqanı qəyyumu və ya himayəçini bu vəzifələrin icrasından kənar edə bilər və təqsirli fiziki şəxsin qanunla müəyyənləşdirilmiş məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlər görə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 136.1. Qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara (bu Məcəllənin 114.1-ci maddəsi) onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. 136.2. Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. 141.1. Uşağı tərbiyə etmək, onun sağlamlığının, fiziki və psixi, mənəvi və əxlaqi inkişafının qeydinə qalmaq uşağın qəyyumunun (himayəçisinin) hüquq və vəzifəsidir. Bəhs olunan qanunvericiliyin müddəalarından görünür ki, qəyyumluqla, o cümlədən azyaşlı uşaqların qəyyumluğa verilməsi, eyni zamanda qəyyumluqdan irəli digər mübahisələr ilə bağlı məsələlər mülki və ailə qanunvericiliyi ilə tənzimlənir. Bu baxımdan qəyyumluqla bağlı münasibətlər mülki hüquq münasibətləri sayıldığına görə həmin münasibətlərdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə X2 qəyyumluğuna xitam verilməsi barədə qərarın icra hakimiyyəti orqanı tərəfindən qəbul edilməsi münasibətin və onunla bağlı mübahisənin mülki-hüquqi xarakterini dəyişdirmir və dəyişdirə bilməz. Bu münasibətlərin xarakteri baxımından həlledici olan qəyyumluqla bağlı məsələnin kim tərəfindən həll olunması deyil, onun hansı hüquq sahəsinə əsasən həll olunmasıdır. İnzibati məhkəmə icraatı qaydasında inzibati orqanların publik (inzibati) sahəsində fəaliyyəti (hərəkət və ya hərəkətsizliyi) ilə bağlı yaranan mübahisələrə baxılır. Başqa sözlə, inzibati orqan publik (inzibati) hüquq müstəvisində fəaliyyət göstərdiyi və həmin hüquq normalarına əsasən şəxsə münasibətdə qərar qəbul etdiyi və ya belə qərarın qəbulundan imtina etdiyi və bunun üzərindən şəxsin hüquqlarını pozduğu hallarda, belə mübahisələrə baxılması inzibati məhkəmələrin səlahiyyətinə aiddir. Oxşar növ mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin eyni mövqeyi nümayiş etdirərək bu növ mübahisələrə inzibati məhkəmələrdə baxılmasını mümkün saymamışdır. (Bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 786/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı) Eyni zamanda, nəzərə alınmalıdır ki, eyni növ mübahisə olmasa da oxşar mübahisə kimi qəyyumluğa verilməsi ilə bağlı mübahisələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi xx.xx.2018-ci il tarixli 2-411 nömrəli İcmal məktubunda da analoji mövqedən çıxış edilmişdir. İcmal məktubunun məzmunundan da aydın olur ki, uşağın qəyyumluğa verilməsi ilə bağlı mübahisələr inzibati orqan kimi müvafiq icra hakimiyyəti orqanına qarşı yönəlsə də, mübahisə uşağın ailədə yaşamaq və tərbiyə olunmaq, eləcə də mülki hüquq və vəzifələrin həyata keçirilməsi hüququnun təmininə xidmət etdiyindən, irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (ailə-mülki) hüquq münasibətlərinə aiddir. İnzibati orqan bu münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən, belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. Göründüyü kimi oxşar münasibətlərdə hazırkı növ işlərə mülki mühakimə icraatı qaydasında baxılması inzibati və mülki işlər üzrə məhkəmə təcrübəsinin formalaşdırılması baxımından məqsəduyğun hesab edilmişdir. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Əlavə olaraq qeyd olunur ki, məhkəmə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçının diqqətinə çatdırmaq məqsədi ilə hüquqi yardım məktubunun onun iddia ərizəsində göstərildiyi ünvana göndərmişdir. Buna baxmayaraq, iddiaçı məhkəmə iclasında müzakirələrin aparılması və mümkünlüyə baxılacağını bildiyi təqdirdə məhkəmə iclasında iştirak etməmiş, iddianın mümkünlüyü şərtlərinin ödənilib-ödənilməməsinə münasibət bildirməmişdir. Məhkəmə hesab edir ki, İPM-nin tələbləri baxımından iddiaçıya zəruri olan hüquqi yardım göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. İddiaçıya hazırki iddia tələbi ilə mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ izah edilir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar