Məhkəmə qərarları › İş №2-1(112)-925/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-925/2024

07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-925/2024 07.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçı X8, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən 857e saylı bağ sahəsinin mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən 857E saylı bağ sahəsi iddiaçının istifadəsindədir. Həmin bağ sahəsi 1988-ci il tarixli Bakı şəhəri İcra Hakimiyyətinin aktına əsasən iddiaçının adına ayrılmışdır. Bağ sahəsi ona ayrılan gündən faktiki olaraq 30 ildən artıqdır ki, istifadəsindədir. Həmin bağ sahəsinin onun adına sənədləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri növlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, idarə tərəfindən müxtəlif bəhanələr gətirilərək qalan 0.12 ha torpaq sahəsi adına bugünədək sənədləşdirilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin bu hərəkəti tamamilə əsassız və qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən “857E” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bundan başqa, torpaq sahəsinin 245 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilən X4 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. İdarənin arxivində 194 №-li bağ-tikinti kooperativin nəzdində 857E nömrəli bağa dair X4 və İstismarı Birliyi tərəfindən X10 adına verilmiş orderin nüsxəsi mövcuddur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi X13 xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək Binəqədi rayonu, Goradil ərizisindəki 0,12 hektar torpaq sahəsi olan 857e nömrəli bağ sahəsinin sxematik xəritədə yerləşdiyi yer üzrə uyğunlaşdırmaqla mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərin Tikintisi Üzrə Baş İstehsalat İdarəsinin bağlar təsərrüfatı idarəsinin 80 nömrəli orderində göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 243 nömrəli qərarına əsasən Goradil bağlar sahəsindəki 89 nömrəli BTK nəzdində 0.12 ha ölçüdə 857e saylı bağ torpaq sahəsi İddiaçı ayrılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli, 3-21-3-30/2-16519/2023 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyərini əks etdirən müayinə (baxış) aktı”na əsasən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200 kv.m, faktiki olaraq 1232 kv.m-dir. Sahədə həyət tikilisi var. Bağ sahəsinin yol tərəfinin bir hissəsindən hasarın üstündən bir hissədən isə hasardan 0.80-sm aralı 6luq elektrik xətti keçir. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli, 3-52/2-2296/2023 nömrəli məktubu ilə göndərilmiş sərəncamdan çıxarışa əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 243 nömrəli sərəncamı ilə aşağıdakı vətəndaşlara bağ-tikinti koopeartivlərinin tərkibində bağ sahəsi ayrılsın: 80. İddiaçı oğ-Göradil BTK № 89 bağ № 857e. Məhkəmənin sorğusuna cavab olaraq Azərişıq ASC-in xx.xx.2023-cü il tarixli, 13- 13/2-1/16-2722/2023 nömrəli məktubunda göstərilmişdir ki, qeyd olunan torpaq sahəsi 6 kV-luq “Rabitə Nazirliyi” hava xəttinin mühafizə zonasında yerləşir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21- 3-30/2-16091/2023 nömrəli məktubu ilə göndərilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərin Tikintisi Üzrə Baş İstehsalat İdarəsinin bağlar təsərrüfatı idarəsin 56 nömrəli orderinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli, 14/688 nömrəli qərarına əsasən Goradil bağlar sahəsindəki 194 nömrəli BTK nəzdində 0.12 ha ölçüdə 857e saylı bağ torpaq sahəsi X12 ayrılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21- 3-30/2-16872/2023 nömrəli məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi hasar daxilindədir. Sənəd üzrə sahəsi 1200.0 kv.m, faktiki sahəsi 1232.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmadığından dəqiq hansı bağ sahəsinə uyğun gəldiyini müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2- 28262/2023 nömrəli məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi hasar daxilindədir. Sənəd üzrə sahəsi 1200.0 kv.m, faktiki sahəsi 1232.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmadığından dəqiq hansı bağ sahəsinə uyğun gəldiyini müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin sözügedən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir: -Həmin məktuba əlavə edilmiş ərazinin ortofoto görüntüsündən görünür ki, mübahisələndirilən torpaq sahəsinin qonşuğlunda 857M, 826Ə, 826Y, 462B nömrəli bağ torpaq sahələri yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21- 3-30/2-33813/2023 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli, RX seriyalı çıxarışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən, yaşayış məntəqələrinin torpaq sahələri kateqoriyasına aid olan 826Y saylı bağ torpaq sahəsinə X6 mülkiyyət hüququ xx.xx.2017-ci il tarixində, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Bağlar Təsərrüfatı İdarəsi ilə X9 arasında bağlanmış 16 iyun 2006-cı il tarixli 37992 saylı müqaviləyə əsasən Bakı ŞİH-nin xx.xx.2006-cı il tarixli 153 saylı sərəncamına əsasən Binəqədi rayonu, Göradil ərazisində 0.12 ha 826y nömrəli bağ sahəsi X6 icarəsinə verilmişdir. -Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli, RX seriyalı çıxarışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən, yaşayış məntəqələrinin torpaq sahələri kateqoriyasına aid olan 826ə saylı torpaq sahəsinə tam xüsusi mülkiyyət hüququ X3 adına xx.xx.2013-cü il tarixində, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Bağlar Təsərrüfatı İdarəsi ilə X7 arasında bağlanmış 16 iyun 2006-cı il tarixli 37993 saylı müqaviləyə əsasən Bakı ŞİH-nin xx.xx.2006-cı il tarixli 155 saylı sərəncamına əsasən Binəqədi rayonu, Göradil ərazisində 0.12 ha 826ə nömrəli bağ sahəsi X3 icarəsinə verilmişdir. -Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli, RX seriyalı çıxarışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən, yaşayış məntəqələrinin torpaq sahələri kateqoriyasına aid olan 258L/857M saylı, 012 hektar torpaq sahəsinə xüsusi mülkiyyət hüququ X1 xx.xx.2015-ci il tarixində, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərin Tikintisi Üzrə Baş İstehsalat İdarəsinin bağlar təsərrüfatı idarəsin 84 nömrəli orderində göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 243 nömrəli qərarına əsasən Goradil bağlar sahəsindəki 89 nömrəli BTK nəzdində 0.12 ha ölçüdə 258L/857M saylı bağ torpaq sahəsi X2 ayrılmışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-4821/2023 nömrəli məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bundan başqa, torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə Zonasında yerləşir.Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 243 nömrəli sərəncamı ilə İddiaçı Binəqədi rayonu, Göradil ərazisində 89 BTK tərkibində 0.12 ha ölçüdə 857e nömrəli bağ torpaq sahəsi ayrılmış, bu barədə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərin Tikintisi Üzrə Baş İstehsalat İdarəsinin bağlar təsərrüfatı idarəsi tərəfindən 80 nömrəli order verilmişdir. Beləliklə, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 243 nömrəli sərəncamı əsasında verilmiş adıçəkilən bağlar təsərrüfatı idarəsinin 80 nömrəli orderi Bakı şəhəri, Göradil ərazisində sahəsi 0,12 ha olan 1857e №li saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Cavabdehin mübahsiləi torpaq sahəsi ilə bağlı imtina və etirazının dəlilləri aşağıdakılardan ibarət olmuşdur: -elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. -torpaq sahəsinin 245 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. -iddiaçı tərəfindən təqdim edilən X4 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. -İdarənin arxivində 194 №-li bağ-tikinti kooperativin nəzdində 857E nömrəli bağa dair X4 və İstismarı Birliyi tərəfindən X10 adına verilmiş orderin nüsxəsi mövcuddur. Məhkəmə ilk öncə cavabdehin etirazında qeyd etdiyi eyni nömrəli bağ sahəsinə dair order nüsxəsinin idarənin arxivində olması ilə bağlı bildirir ki, qeyd edilən digər şəxsin adına orderin olması və yaxud iddiaçının təqdim etdiyi orderin bir nüsxəsinin idarənin arxivində aşkar edilməməsi hüququn qeydiyyatından imtinaya əsas vermir. Belə ki, əvvəla istinad edilən X10 adına olan 56 nömrəli orderlə Göradil ərazisində iddiaçı ilə eyni nömrəli bağ sahəsi ayrılsa da həmin bağ sahəsi eyni BTK tərkibində və eyni qərarla ayrılmamışdır. Belə ki, X12 Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli, 14/688 nömrəli qərarı ilə 194 nömərli BTK tərkibində ayrılsa da, iddiaçıya 89 nömrəli BTK tərkibində və Bakı ŞİH-nin xx.xx.1994-cü il tarixli 243 nömrəli qərarı ilə bağ sahəsi ayrılmışdır. Başqa sözlə, qeyd edilən bağ sahələri eyni nömrə altında olsalar da iki müxtəlif hüquqmüəyyənedici sənədlə ayrılmış və iki müxtəlif bağ tikinti kooperativi nəzdində iki fərqli bağ torpaq sahələrinə aiddir və həmin bağ sahələrinin naturada üst-üstə düşməsi barədə sübut məhkəməyə cavabdeh tərəfindən təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilən X4 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsinin idarənin arxivində aşkar edilməməsi iddiaçının məsuliyyət dairəsinə aid olan məsələ deyildir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. İddiaçı sözügedən 80 nömrəli orderin əslini məhkəməyə təqdim etmiş, həmin orderin verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədi olan Bakı ŞİH-nin xx.xx.1994-cü il tarixli 243 nömrəli qərarı isə Bakı şəhər İcra Hakimiyyətinin arxivində mövcuddur. Cavabdehin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubu ilə təqdim edilmiş 89 nömrəli BTK üzvlərinin siyahısı və BTK-ya aid bölgü sxemdə 857 e nömrəli bağ sahəsinin olmaması da mümkündür. Belə ki, 89 nömrəli BTK xx.xx.1989-cu ildə yaradılmış və üzvlərin siyahısı eləcə də bağların bölgüsü üzvlərin siyahısı ilə birgə təsdiq edilmiş, iddiaçıya isə bağ sahəsi Bakı İH-nin xx.xx.1994-cü il tarixli qərarı ilə ayrıldığından 857e nömrəli bağ sahəsinin ondan öncə tərtib edilmiş BTK-ya aid bağlar sahəsinin sxematik xəritəsində olmaması həmin bağ sahəsinin mövcudluğunu şübhə altına almır. İşin hallarından görünür ki, iddiaçı tərəfindən naturada göstərilən bağ torpaq sahəsi faktiki olaraq iddiaçının sahiblik və istifadəsindədir. Həmin torpaq sahəsinin yerləşdiyi ərazinin coğrafi koordinatları cavabdehin mütəxəssisləri tərəfindən müəyyən edilmiş və həmin koordinatlarda olan bağ sahəsinin hər hansı şəxsin adına qeydiyyata alınması və digər şəxsin istifadəsində olması halı müəyyən edilməmişdir. Cavabdeh elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyinə istinad etsə də bu uyğunsuzluğun nədən ibarət olmasını əsaslandırmamışdır. Belə ki, məhkəmə sorğusuna cavab olaraq Göradil ərazisində 857 nömrəsi ilə başlayan bağ sahələrinin olduğu sxematik xəritədən çıxarış təqdim edilmiş və həmin xəritədə 857e nömrəli bağ sahəsinin olduğu və həmin bağ sahəsinin sırası ilə eyni sırada 857o, 857p, 857ə, 877ş və digər bağ sahələrinin olduğu görünür. Məhkəmə sorğu ilə iddiaçının naturada iddia etdiyi bağ sahəsi ilə 857 nömrəsi ilə başlayan bağ sahələrinin müqayisəli ortofotogörüntüsünü tələb etmiş və xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktubları ilə təqdim edilən görüntülərdə iddiaçının naturada 857e bağ sahəsi kimi iddia etdiyi bağ sahəsinin sxematik xəritədəki sırasına (istiqaməti) uyğun olaraq paralel sırasında 857o, 857ş, 857ə və 857 b nömrəli bağ sahələrinin yerləşdiyi müəyyən olunur. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, təqdim olunan ərazinin ortofoto görüntüsündə mübahisələndirilən torpaq sahəsinin qonşuğlunda 857M, 826Ə, 826Y, 462B nömrəli bağ torpaq sahələrinin yerləşdiyi və həmin bağ sahələrinə dair tələb olunan hüquqmüəyyənedici sənədlər arasında iddiaçıyla qonşuluqda yerləşən X1 adına olan 857M/258l nömrəli bağ sahəsinin iddiaçıyla eyni BTK-89 nömrəli BTK tərkibində yerləşdiyi və həmin BTK-ya aid 84 nömrəli order əsasında M.Məmmədovun adına rəsmiləşdiyi müəyyən olunmuşdur. Belə olan halda cavabdehin bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi və bu əsasdan qeydiyyatın aparılmasından imtina dəlili iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. Hətta iddia olunan torpaq sahəsinin sxematik xəritə ilə uyğunsuzluğun olması belə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına mane olmur. Cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Belə ki, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.20-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na,“Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, ompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. Göründüyü kimi, iddiaçının qanuni istifadəsinə verilmiş bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək bilavasitə cavabdehin vəzifəsidir. İddia olunan torpaq sahəsinin 245 kv.m hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 kV-luq) mühafizə zonasında yerləşməsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın: -1-ci bəndinə əsasən elektrik şəbəkəsi - elektrik enerjisinin ötürülməsi və təchizatı üçün nəzərdə tutulmuş elektrik qurğularının məcmusudur. hava elektrik ötürücü xətti — elektrik enerjisini ötürən, açıq havada yerləşən, dayağa və mühəndis qurğularına izolyator və armaturlar vasitəsilə bərkidilmiş naqillərdən ibarət olan elektrik qurğularıdır; kabel elektrik ötürücü xətti — bir-birindən və yerdən xüsusi dielektrik materialla izolə olunan alüminium və qurğuşunla kip örtülmüş bir və ya bir neçə cərəyan keçirici naqillərdən ibarət olan elektrik qurğusudur; mühafizə zonası — elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələrdir. -4-cü bəndinə əsasən elektrik şəbəkələrinin layihələşdirilməsi, tikintisi və istismarına torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılır. -5-ci bəndinə görə elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir: a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində: xətlərin gərginliyi 1-20 kvt arası olduqda məsafə 10 m-dir. -6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. -12-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması. Göstərilən işlərin elektrik şəbəkələrinin mühafizə zonalarında aparılmasına rəsmi razılıq almış müəssisələr, təşkilatlar və idarələr (bundan sonra — müəssisə) həmin işlərin yerinə yetirilməsi zamanı şəbəkələrin qorunmasını təmin edən şərtlərə əməl etməlidirlər. Elektrik şəbəkələrinin mülkiyyətçiləri və yaxud istismarçıları tərəfindən bu Qaydalarda nəzərdə tutulmuş elektrik şəbəkələrinin mühafizə zonalarında işlərin görülməsi üçün ərizəçiyə razılıq verilmədikdə, ərizəçi qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət verə bilər. -18-ci bəndinə görə elektrik şəbəkələrinin yaxınlığında bina və tikililərin inşası, əsaslı təmiri, yenidən tikilməsi üçün layihə-smeta sənədlərində, elektrik şəbəkələrinin saxlanmasını təmin edən tədbirlər nəzərdə tutulmalıdır. Bu tədbirlər elektrik şəbəkələrinin istismarçısı və yaxud mülkiyyətçisi ilə razılaşdırılmalıdır. Göründüyü kimi qanunvericilik elektrik şəbəkəsinin mühafizə zonasında yerləşən torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı qadağanedici norma nəzərdə tutmamışdır. Qanun yalnız elektrik şəbəkələrinin mühafizə zonalarında yerləşən torpaq sahəsində binaların və qurğuların tikintisi, quraşdırılması zamanı həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığının alınmasını məcburi norma kimi nəzərdə tutur. Hazırkı iş üzrə müəyyən olunur ki, sözügedən 857e nömrəli bağ torpaq sahəsi 6 kV-luq “Rabitə Nazirliyi” hava xəttinin mühafizə zonasında yerləşir. Torpaq sahəsi hasarlanmış, üzərində fərdi yaşayış evi yoxdur. Eləcə də həmin ərazidə yüksək gərginlikli elektrik xəttinin mülkiyyətçisi olan "xxxx" ASC iddiaçıya aid boş torpaq sahəsinin elektrik verilişi xəttinin istismarına maneçilik törətməsi və bu əsasdan qeydiyyata alınmasına etiraz etdiklərini bildirməmişdir. Beləliklə, iddiaçının faktiki istifadəsində olan bağ torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hüquqi əsas mövcud deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərizisində yerləşən 0,12 hektar ölçüdə 857e nömrəli bağ sahəsinin sxematik xəritədə yerləşdiyi yer üzrə uyğunlaşdırmaqla mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərizisində yerləşən 0,12 hektar ölçüdə 857e nömrəli bağ sahəsinin sxematik xəritədə yerləşdiyi yer üzrə uyğunlaşdırmaqla mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar