Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-925/2025 08.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçılar İddiaçı və X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar İddiaçı və X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayonu, T.Abbasov küçəsi 2442-ci məh., ev 120, 122,124, (yeni qaydalarla: AZ 1002, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 868.2 kv metr hissəsində düzəliş edilərək Bakı şəhər İcra hakimiyyətinin təsdiq etdiyi mövcud vəziyyətdə sxematik planına uyğun şəkildə texniki pasportun və çıxarışın tərtib edilməsi və bu barədə dövlət reyestrindən verilmiş **********54-05301- 083021 nömrəli çıxarışa düzəliş edilərək verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
2. İddiaçıların ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi 2442-ci məh., ev 120, 122,124, (yeni qaydalarla: AZ 1002, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1045,5 kv.metr göstərilməklə, dövlət reyestrindən verilmiş **********54-05301-083021 nömrəli çıxarışa düzəliş edilərək, yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi 2442-ci məh., ev 120, 122,124, (yeni qaydalarla: AZ 1002, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsi ümumi birgə mülkiyyətlərindədir. Qeyri-yaşayış sahəsi dövlət qeydiyyatına alındığı vaxt daşınmaz əmlkakın ümumi sahəsi 868.2 kv metr olaraq qeyd edilmişdir. Bildirir ki, ümumi sahəsi 950 kv.metrə yaxındır. Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2023-cü il tarixli məktubu və təsdiq edilmiş sxematik planı vardır. Buna baxmayaraq dövlət qeydiyyatına alınma vaxtı ölçülər düzgün yazılmamışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2023-cü il tarixli məktubu və sxematik planın əsli cavabdeh təşkilatdadır. Ərizə ilə cavabdehə müraciət edərək dövlət reyestrində qeydiyyata alınmış məlumatlarda cari dəyişiklik edilməsi xahiş edilmişdir. Cavabdeh bundan imtina etmişdir, hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, cavabdeh təşkilat hüququ dövlət qeydiyyatına alan orqandır, hüququn qeydə alınması üçün zəruri sənədlər təqdim edilmişdir, ancaq bundan əsassız olaraq imtina edilmişdir.
4. Cavabdeh iddiaçının müraciətinə imtina məktubunda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka texniki baxış keçirilən zaman əlavə sahələrin binanın konturundan kənarda yerləşdiyi müəyyən olunmuşdur.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka texniki baxış keçirilən zaman əlavə sahələrin binanın konturundan kənarda yerləşdiyi müəyyən olunmuşdur. Qeyriyaşayış sahəsinin faktiki ölçüsü 1051.8 kv.m-dır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
6. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayon, Tofiq Abbasov küçəsi 2442-ci məhəllə ev 120, 122 və 124 868,20 kv.m təşkil edir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı və X1 adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır.
7. Məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının aparatının xx.xx.2023-cü il 3-52/2-M-362-091/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov 120 və 124 ünvanlarında inşa edilmiş yüksəkmərtəbəli binaların 1-ci və 1-ci mərtəbəsinin 2-ci səviyyəsində olan qeyri-yaşayış sahələrinin birləşməsində yaranan sahənin mövcud vəziyyətinə uyğun olaraq, sənədləşdirilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Qeyd edilən ünvanda yerləşən qeyri-yaşayış sahəsi "xxxx" MTK nin xx.xx.2023-cü il tarixli 398 saylı arayışına əsasən vətəndaşlar İddiaçı və X2 məxsusdur. Həmçinin həmin MTK ilə "xxxx" MMC tərəfindən qeyd edilən sahəsinin mövcud vəziyyətinə uyğun sxematik planı tərtib edilərək, təstiqlənmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, qeyri-yaşayış sahəsinin müvafiq qanunvericiliyin tələbləri çərçivəsində tərəflərindən İddiaçı və X1 adına sənədləşdirilməsinə etirazlarının olmadığını bildirmişlər.
8. Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 120, 122,124, (yeni qaydalarla: AZ 1002, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2023-cü il tarixdə tərtib edilmiş texniki pasportundan görünür ki, həmin qeyri yaşayış sahəsinin ümumi sahəsinin 868.2 kv.m, əsas sahəsinin 520,9 kv.m, köməkçi sahəsinin 347,3 kv.m, digər sahələrinin sahəsi 40,5 kv.m təşkil etmişdir.
9. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, göstərilən qeyri-yaşayış sahəsi sənəd üzrə və faktiki olaraq 868.2 kv.m təşkil edir (əsas sahə 520.9 kv.m, köməkçi sahə 347.3 kv.m). Qeyri-yaşayış sahəsi 16+tex mərtəbəli binanın 1-ci mərtəbəsinin 1-ci və 2-ci səviyyəsində yerləşir. Təqdim olunan eskiz layihəyə və yerləşmə mövqeyinə uyğundur. Obyekt hazırda xidmət sahəsi (uşaq bağçası) kimi fəaliyyət göstərir. Binanın razılaşdırılmış eskiz layihəsinə əsasən 1-ci mərtəbənin 1-ci səviyyəsində eskiz layihədən kənar 5.6 kv.m balkonaltı sahə ümumi sahəyə birləşdirilmişdir. 1-ci mərtəbəsinin 2-ci səviyyəsində isə eskiz layihə üzrə açıq balkonlar (40.5 kv.m) bağlanmış, 31.0 kv.m sahə isə eskiz layihədən kənar genişləndirilərək ümumi sahəyə birləşdirilmişdir. Bundan əlavə 123.4 kv.m sahə isə 120 saylı binanın bir hissəsidir və 124 saylı bina ilə birləşdirilmişdir.
10. Məhkəmənin qərardadı ilə hazırkı iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir.
11. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/3530 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspert qarşısında qoyulmuş birinci suala Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 2442-ci məhəllə, ev 120, 122, 124 (yeni qaydalarla: AZ 1002, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mərtəbəliliyinin, ölçülərinin, texniki parametrlərinin, planlı yerləşməsinin və digər parametrlərinin həmin tikiliyə dair "xxxx" MMC tərəfindən tərtib edilmiş və Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiqlənmiş layihəyə uyğun olduğu və ümumi sahəsinin 1045.5 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Ekspert qarşısında qoyulmuş birinci suala tədqiq olunan qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti, mərtəbəliliyi, ölçüləri, texniki parametrləri, planlı yerləşməsi və digər parametrləri həmin tikiliyə dair "xxxx" MMC tərəfindən tərtib edilmiş və Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiqlənmiş layihəyə uyğun olduğundan, həmin qeyri-yaşayış üzrə "xxxx" MMC tərəfindən tərtib edilmiş və Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiqlənmiş layihədən əlavə sahələrin olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də, qeyd olunan ünvanda yerləşən əlavə sahələrin binanın konturundan kənarda yerləşibyerləşməməsinə dair tədqiqat aparılmadır.
12. Məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında T.Abbasov küçəsi, 120 və 124 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hüquq müəyyənedici sənəd üzrə ümumi 868,2 kv.m, əsas 520,9 kv.m, köməkçi 347,3 kv.m, faktiki 868,2 kv.m, əsas 520,9 kv., köməkçi 347,3 kv.m təşkil etdiyi qeyd edilmişdir. 16+tex. mərtəbəli binanın 1-ci mərtəbəsinin 1-ci və 2-ci səviyyəsində yerləşir. Təqdim olunan eskiz-layihəyə və yerləşmə mövqeyinə uyğundur. Obyekt, hal-hazırda xidmət sahəsi (uşaq bağçası) kimi fəaliyyət göstərir. Binanın razılaşdırılmış eskiz-layihəsinə əsasən, 1-ci mərtəbəsinin 1-ci səviyyəsin eskiz-layihədən kənar 5.6 kv.m balkon altı sahə ümumi sahəyə qatılmışdır. 1-ci mərtəbəsinin 2-ci səviyyəsində isə eskiz-layihə üzrə açıq balkonlar (40.5 kv.m) bağlanmış, 31.0 kv.m sahə isə eskiz-layihədən kənar genişləndirilərək ümumi sahəyə qatılmışdır. 123.4 kv.m sahə isə 120 saylı binanın bir hissəsidir və 124 saylı bina ilə birləşdirilmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
15. İddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.
16. İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
18. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
19. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
20. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd.
22. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. 26.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. 26.2. Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
24. İddia tələbi Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi 2442-ci məh., ev 120, 122,124, (yeni qaydalarla: AZ 1002, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1045,5 kv.metr göstərilməklə, dövlət reyestrindən verilmiş **********54-05301- 083021 nömrəli çıxarışa düzəliş edilərək, yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsidir.
25. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, idarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka texniki baxış keçirilən zaman əlavə sahələrin binanın konturundan kənarda yerləşdiyi müəyyən olunmuşdur.
26. Məhkəmə cavabdeh inzibati orqanın dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatının xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri Nizami rayonu Tofiq Abbasov 120 və 124 ünvanlarında inşa edilmiş yüksəkmərtəbəli binaların 1-ci və 1-ci mərtəbəsinin 2-ci səviyyəsində olan qeyri-yaşayış sahələrinin birləşməsində yaranan sahənin mövcud vəziyyətinə uyğun olaraq, sənədləşdirilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. "xxxx" MTK ilə "xxxx" MMC tərəfindən qeyd edilən sahəsinin mövcud vəziyyətinə uyğun sxematik planı tərtib edilərək təsdiqlənmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, qeyri-yaşayış sahəsinin müvafiq qanunvericiliyin tələbləri çərçivəsində tərəflərindən İddiaçı və X1 adına sənədləşdirilməsinə etirazlarının olmadığı qeyd edilmişdir.
27. Göründüyü kimi, Bakı Şəhəri İcra Hakimiyyəti təqdim edilən layihəni təsdiq edərək sənədləşdirilməyə icazə vermişdir.
28. Həmçinin qeyd edilməlidir ki, məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli 10/3530 nömrəli ekspert rəyi ilə bir daha təsdiq olunur ki, sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsinin mərtəbəliliyinin, ölçülərinin, texniki parametrlərinin, planlı yerləşməsinin və digər parametrlərinin həmin tikiliyə dair "xxxx" MMC tərəfindən tərtib edilmiş və Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiqlənmiş layihəyə uyğundur.
29. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçıların sözügedən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
30. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: Xidmətin vəzifələri: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
31. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq.
32. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
33. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
34. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
35. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 2442-ci məh., ev 120, 122, 124, (yeni qaydalarla: AZ 1002, ünvan 1 ünvanında yerləşən və xüsusi mülkiyyət hüququ ilə iddiaçılar İddiaçı və X2 məxsus olan qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1045,5 kv.metr göstərilməklə, dövlət reyestrindən verilmiş **********54-05301-083021 nömrəli çıxarışa düzəliş edilərək, yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva