Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9255/2025 04.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehə qarşı “ünvan 1 ünvanın qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ İ.Mübahisənin predmeti İddiaçı Bakı İnzibati Məhkəməsində Cavabdehə qarşı “cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubunu qanunsuz hesab etməklə, onun iddiaçıya aid sərəncam və sənədlərində ünvan dəyişikliyi etməklə, N.Süleymanov küçəsi, ev 1, 2b ünvanlı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “ünvan 1 ünvanın qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”ni xahiş etmişdir. Məhkəmənin 04 avqust 2025-ci il tarixli Qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Nərimanov rayonu İcra Hakimiyyəti həmin rayonun N.Süleymanov küçəsindəki 1 saylı evin birinci mərtəbəsindəki ona məxsus və 1997-ci ildən iddiaçının istifadəsində olan hazırki 2b saylı mənzilin “yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə” xx.xx.2025- ci il tarixli ərizəsinə xx.xx.2025 tarixində imtina ilə cavab vermişdir. Faktiki vəziyyətində yuxarıda qeyd etdiyi mənzilinin qeyri-yaşayış sahəsinə keçirilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci maddəsinin tələblərinə tam uyğundur, həmçinin cavabdehin qeyd etdiyi pilləkən 9 ildir tərəfindən istifadə olunur (2 saylı Bakı İnzibati Məhkəməsi xx.xx.2016 cı il tarixli 2-1(82)-2946/2016 saylı Qərarı ilə Nərimanov RİH-ni uygun Sərəncam verməyə məcbur edib). Mənzilinin texniki vəziyyəti barədə cavabdehin xx.xx.2017-ci il tarixli texniki rəyi də iddia ərizəsinə əlavə edilib. Cavabdehin məmurları vətəndaşa kömək etmir, əksinə onun yaşam imkanlarının qarşısında bürokratik maneələr qoyur. Mənzilin pilləkəni elektrik qaynağının köməyi ilə metaldan yığılıb, pilləkən meydançası dəmir-betondur, pilləkənin tutacağı. Mənzilin giriş qapısının biri yer səthindən cəmi 2 metr hündürlükdə, digəri isə yer səthi ilə bərabərdir. Bundan basqa Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Huquqi Şəxsi tərəfindən xx.xx.2025-ci il tarixli çıxarış verməklə mənzilinin ünvanını 2a- dan 2 b-yə dəyişmişdir. Cavabdehin əvvəlki (həm də bilərəkdən qüsurlu) Sərəncamlarında vaxtı ilə 2a ünvanlı olmuş mənzilin 2 otaqlı 30,5 kv.m yaşayış sahəli hesab olunmaqla faktiki olaraq 2 mərtəbəlidir. Çıxarışa görə isə 2b ünvanlı mənzilin 1 otaqlı olmaqla 1- ci mərtəbədə yerləşir. Mənzildə bütün kommunal şərait olsa da qeyri yasayış sahəsinə, ofis və biznes fəaliyyəti üçün uyğundur, daimi qeydiyyatda heç kim yoxdur, küçəyə məhdudiyyətsiz çıxışları var. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə Nərimanov RİH-ə müraciət edərək, sözügedən ünvanda 2-ci mərtəbədə yerləşən 2 b nömrəli mənzilin təyinatının dəyişdirilməsinə dair müvafiq Sərəncam verilməsini xahiş etmiş, onun müraciətinə baxılaraq, xx.xx.2025-ci il tarixli məktubla sahənin texniki imkanlarının məhdudluğu və 2-ci mərtəbədə yerləşməsi səbəbindən onun təyinatının dəyişdirilməsinin yolverilməz olması barədə məlumat verilmişdir. Əməkdaşlar tərəfindən sahəyə yerli baxış keçirilərək müəyyən edilmişdir ki. təyinatı dəyişdiriləcək sahə (23,0 kv.m) 2-ci mərtəbədə yerləşir. 2-ci mərtəbəyə girişi təmin edən pilləkən marşı kustar üsulla fərqli metal profillərdən və taxta materillarından istifadə etməklə, tikinti norma və qaydalarına uyğun olmamaqla (pilləkən marşı ensiz olmaqla yanaşı, onun maillik bucağı 60%-dən çoxdur) təhülkə yaradır. 2-ci mərtəbədə təyinatı dəyişdiriləcək 15 kv m-lik yataq otağına isə giriş yalnız eni 0,80 kv.m. uzunluğu 10 metrə yaxın olan tunel (dəhliz) vasitəsilə mümkündür. Sözügedən mənzildə aparılmış yenidənqurma işləri Cavabdeh ilə razılaşdırılmadan həyata keçirildiyinə, eyni zamanda RİH-ə təqdim olunmuş texniki pasportda əks olunmadığına görə özbaşına aparılmış hesab olunur. Bu səbəbdən yenidənqurma və yenidən planlaşdırma işləri nəticəsində mənzilin yükdaşıyan konstruktiv elementlərinin dayanaqlığının texniki və sanitar normalara uyğunluğu barədə müvafiq rəyin alınması zərurəti yaranmışdır. Göründüyü kimi, sərəncamın verilməsi tələbi cavabdeh tərəfindən yerinə yetirilməsi mümkünsüz hesab olunur, həmçinin iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə olaraq, iddiaçıya mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq imtina verilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur:8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; Məhkəmə hazırkı iddianın iddiaçı ilə cavabdeh arasında yaranmış inzibati mübahisənın Bakı şəhəri, Nərimanov rayonu, N.Süleymanov küçəsi ünvanında yerləşən daşınmaz əmlak ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə iddia ərizəsində göstərilən məsələ ilə bağlı müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Tədqiq edilən sənədlər Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Nurəddin Süleymanov küçəsi, ev 1, mənzil 2B üzərində İddiaçı mülkiyyət hüququ tam payı ilə xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdehin xx.xx.2025-ci il tarixli 5-14/2-Q-24-162/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, mənzilə yerli baxış keçirilərək müəyyən edilmişdir ki, təyinatı dəyişdiriləcək sahə 1-ci mərtəbədə yerləşən mənzilin üzərində 2-ci mərtəbədə yerləşir. 2-ci mərtəbəyə giriş-çıxışı təmin edən pilləkən kustar üsulla metal profillərdən və taxta materiallardan, tikinti norma və qaydalarına uyğun olmamaqla quraşdırılıb və gediş gəlişi hər an təhlükəli edir. Ümumiyyətlə mənzilin texniki imkanları sahənin təyinatının dəyişdirilməsini məhdudlaşdırır və qeyri mümkün edir. xx.xx.2017-ci il tarixli texniki rəydə qeyd edilmişdir ki, Nərimanov rayon İH Mənzil məsələləri üzrə ictimai komissiyasının sədri - Cavabdeh başçısının birinci müavini - Ş.B.İbadov, üzvləri - Cavabdeh başçısının Hüquq şöbəsinin müdiri - F.S.Calalov, Hüquq şöbəsinin məsləhətçisi - H.İ.Nuriyev, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi - A.Ə.Gülənmədov, Rayon təsərrüfatı şöbəsinin böyük məsləhətçisi (memar) - İ.A.İsrafılov tarixdə sözügedən ünvana baxış keçirmişlər, araşdırma zamanı məlum olmuşdur ki, N.Süleymanov küçəsində 1 nömrəli evin 2 nömrəli mənzili vətəndaş İddiaçı məxsusdur, mənzildə təmir və rekonstruksiya işləri aparılmış və mənzil mövcud vəziyyətdə ümumi saahəsi 39,15 kv.m, yaşayış sahəsi 30,55 kv.m, köməkçi sahəsi 8,6 kv.m olmaqla 2 otaqlı olmuş, mənzildə son zamanlar əlavə tikinti işləri aparılmamışdır. Mənzil bütün sanitar və texniki normalara cavab verir, Cavabdeh nəzdində fəaliyyət göstərən mənzil məsələləri üzrə ictimai komissiya təqdim olunmuş sənədlərə və mövcud vəziyyətə əsaslanaraq, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23-cü maddəsini rəhbər tutaraq vətəndaş İddiaçı məxsus N.Süleymanov küçəsi 1 nömrəli evin 2 nömrəli mənzilinin mövcud vəziyyətdə sənədləşdirilməsini və müvafiq sərəncam verilməsini məqsədəuyğun sayır. ünvan 3 ünvanında yerləşən mənzilin texniki pasport xx.xx.2025-ci il tarixdə Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmişdir. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, ünvan 4 ünvanında İddiaçı qeydiyyatdadır, qeydiyyatda heç bir şəxs yoxdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2946/2016 saylı 11 noyabr 2016-cı il tarixli Qərarına əsasən ünvan 5 ünvanında yerləşən mənzilin yaşayış sahəsi 30,55 kv.m və 2 otaqlı olmaqla yenidən planlaşdırılmasının həyata keçirilməklə müvafiq aktın qəbul edilməsi və sərəncamının verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mübahisəli mənzilə dair arxiv sənədləri məhkəməyə təqdim edilmişdir. İV. Məhkəmənin mövqeyi İşin faktiki hallarına əsasən, iddiaçı qanunvericilikdə müəyyən edilmiş qaydada, təqdim edilməsi tələb olunan sənədləri cavabdehə təqdim edərək, ünvan 1 ünvanın qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncamın verilməsini xahiş etmiş, cavabdeh isə iddiaçının müraciətinin icrasından imtina etmişdir. Odur ki iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə aşağıdakı göstərilənlərə əsasən iddiaçını iddia tələbində haqlı hesab edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən: 10.0. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir: 10.0.18. müəyyən edilmiş qaydada yaşayış sahələrinin qeyri-yaşayış və qeyriyaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsi barədə qərar qəbul etmək; 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır.. 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.10. Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2- 1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən: 3.0. Bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə olunur: 3.0.9. tikinti fəaliyyəti – tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədi ilə həyata keçirilən fəaliyyət; 3.0.10. tikinti obyektləri – tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğular; 3.0.11. bina – insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, eləcə də istehsalat sahələrinin yerləşdirilməsi və ya maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcmfəza quruluşuna malik olan tikinti obyekti; 3.0.17. tikinti-quraşdırma işləri – tikinti layihəsində nəzərdə tutulmuş işlərin, o cümlədən tamamlama və abadlıq işlərinin yerinə yetirilməsi nəticəsində obyektin inşası və ya təmiri, yenidən qurulması yaxud bərpası; 3.0.19. tikinti obyektinin əsaslı təmiri – obyektin istismar müddətini uzatmaq və (və ya) istismar keyfiyyətini yaxşılaşdırmaq məqsədilə müvafiq layihə əsasında yükdaşımayan konstruksiyaların, mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərinin dəyişdirilməsi və (və ya) bərpası, eləcə də zəruri hallarda yükdaşıyan konstruksiyaların müəyyən elementlərinin uyğunları ilə əvəzlənməsi və (və ya) bərpası işlərinin yerinə yetirilməsi; 3.0.20. tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsi; 3.0.22. buraxılış-sazlama işləri – obyektlərdə quraşdırılmış texnoloji avadanlıqların və ya mühəndis-kommunikasiya təminatı xətlərinin istismara hazır vəziyyətə gətirilməsi; 3.0.32. inşaat konstruksiyası – bina və ya qurğularda müəyyən yükdaşıyıcı, qoruyucu və (və ya) estetik funksiyaları yerinə yetirən hissələr; 3.0.37. mühəndis-kommunikasiya təminatı sistemi – obyektlərin istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları; 3.0.39. yükdaşıyan konstruksiyalar – tikinti obyektlərinin etibarlılığını (dayanıqlığını və möhkəmliyini) təmin edən konstruksiya sistemi; Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı Mənzil Məcəlləsinin 21.2-ci maddəsində göstərilən sənədləri cavabdehə təqdim etmiş, lakin cavabdeh sözügedən məcəllənin 20.2-ci maddəsində göstərilən halların olmamasına baxmayaraq, iddiaçının müraciəti təmin etməmişdir. Belə ki, mübahisəli yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Mənzilin texniki pasportuna, məhkəmə qərarına və digər sənədlərə əsasən müəyyən olunur ki, mənzil iki otaqdan ibarətdir, ümumi sahəsi 30,5 kv.m-dir. İddiaçıya məxsus sözügedən mənzilin rəsmi ünvanı -Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (sonuncu) əsasən- Bakı şəhəri, Nərimanov rayonu, N.Süleymanov küçəsi, ev 1, mənzil 2B-dir. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətçisi olduğu yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi ictimai təhlükəsizliyə, ekoloji balansın qorunmasına və ətraf mühitə ziyan vurması cavabdeh tərəfindən sübuta yetirilmədiyi üçün, iddiaçının müraciətindən imtinası obyektiv yanaşmadan uzaq hesab edilir. Cavabdeh iddiaya dair etirazında qeyd etmişdir ki, mənzildə aparılmış yenidənqurma işləri Cavabdeh ilə razılaşdırılmadan həyata keçirilmişdir. Lakin iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2946/2016 saylı 11 noyabr 2016-cı il tarixli Qərarının icrası ilə əlaqədar cavabdehin 73 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamı ilə ünvan 6 ünvanında yerləşən, İddiaçı məxsus mənzilin yenidən planlaşdırılması qəbul edilməklə 2 otaqlı, yaşayış sahəsi 30,55 kv.m, köməkçi sahəsi isə 8,6 kv.m hesab edilmişdir. Əlavə olaraq cavabdeh tərəfindən etirazda qeyd edilmişdir ki, 2-ci mərtəbəyə girişi təmin edən pilləkən marşı kustar üsulla fərqli metal profillərdən və taxta materillarından istifadə etməklə, tikinti norma və qaydalarına uyğun olmamaqla (pilləkən marşı ensiz olmaqla yanaşı, onun maillik bucağı 60%-dən çoxdur) təhülkə yaradır. Məhkəmə bununla bağlı qeyd edir ki, pilləkən marşının kustar üsulla düzəldilməsinin təyinat dəyişikliyinə heç bir aidiyyəti yoxdur. Belə ki, yerli icra hakimiyyəti orqanın göstərdiyi "pilləkənin maililiyi və materialların uyğunsuzluğu" təhlükəsizlik problemini göstərsə də, bu problem təhlükənin aradan qaldırılması tələbi ilə vətəndaşa təqdim edilə bilərdi, lakin müraciətə tam imtina edilməsi hüquqi baxımdan qeyri-proporsional və əsassızdır. Bu hal mülkiyyətin sərbəst idarə olunması və onun təyinatının dəyişdirilməsi hüququnun əsassız məhdudlaşdırılması deməkdir. Dövlət orqanları tərəfindən qəbul edilən qərarlar hüquqi müəyyənlik, şəffaflıq və əsaslandırma prinsiplərinə uyğun olmalıdır. Lakin verilmiş imtina aydın hüquqi əsaslardan məhrumdur və vətəndaşa konkret olaraq hansı normanın pozulduğu hüquqi dildə göstərilməmişdir. Hər bir müraciət fərdi qaydada, onun xüsusiyyətləri nəzərə alınmaqla araşdırılmalı və qərar qəbul edilməlidir. Lakin bu halda ümumi xarakterli texniki bir qüsura istinad edilərək, mənzilin təyinat dəyişikliyi hüququndan tamamilə məhrum edilmə fərdi və obyektiv yanaşma prinsipinə ziddir. Belə ki, icra hakimiyyətinin imtinasının və həmin imtinanın arqumentlərinin hüquqi bazaya söykənməməsi, onun mövqeyinin qeyri-qanuni olduğunu göstərir. Bundan əlavə, yerli icra hakimiyyətinin qəbul etdiyi imtina qərarı hüquqi əsasdan məhrumdur və qanunvericilikdə nəzərdə tutulmuş prosedurların pozulması ilə nəticələnir. Qanunvericiliyin tələblərinə tam uyğun olaraq bütün sənədlər təqdim edildiyi halda, yerli icra hakimiyyətinin əsassız imtinası mülkiyyət hüququnun pozulması deməkdir. Müraciət edilən layihənin ictimai təhlükəsizlik, sanitar-gigiyenik və şəhərsalma normalarına tam uyğun olması nəzərə alınaraq, icra hakimiyyətinin qərarı obyektiv və qanuni sayıla bilməz. Bundan əlavə məhkəmə onuda qeyd edir ki, hazırki mübahisənin yaranmasına əsas olmuş cavabdehin mövqeyi, iddiaçının qanuni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə ciddi maneə yaradır və iqtisadi fəaliyyətini məhdudlaşdırır. Əlavə olaraq, sahənin qeyri-yaşayış sahəsinə çevrilməsi sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yeni iş yerlərinin açılmasına və iqtisadi inkişafın dəstəklənməsinə töhfə verilməsi ilə nəticələnir, cavabdeh tərəfindən isə bu imkanın qarşısı alınmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaması, məhkəmə tərəfindən iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanın qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncamın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,33, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia tələbi təmin edilsin. ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncamın verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-9255/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9255/2025
04.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver