Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9260/2021 29.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X15 qızının katibliyi, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı, X5 üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 adına olan Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq bağ massivində yerləşən 228 nömrəli, 0,25 hektar bağ sahəsinə dair çıxarışın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X4 09.02.1970-ci tarixli 1588 nömrəli müqavilə ilə Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq bağ massivində yerləşən 228 nömrəli, 0,25 hektar bağ sahəsini keçmiş X8 icarəyə götürmüşdür. İddiaçının qardaşı oğlu X5 həmin bağ sahəsini öz adına özəlləşdirib və çıxarış alaraq həmin torpaq sahəsinə mülkiyyət hüququ tanınmışdır. İddiaçı bu məlumatları dəqiqləşdirmək üçün, həmçinin atasının adına olan icarə müqaviləsinin surətini götürmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin bildirmişlər ki, idarənin arxivində mövcud olan sənədlərə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq bağ massivində yerləşən 228 nömrəli 0,25 hetktar bağ sahəsi keçmiş X12 ilə bağlanmış 09.02.1970-ci il tarixli 1588 nömrəli müqavilə ilə atası X1 adına icarəyə verilməsi təsdiqlənmişdir. Lakin İdarədən verilən məlumata görə icarədar atasının vəfatından sonra guya ki, ailə üzvləri sözügedən bağ sahəsinin qardaşı X3 adına keçirilməsi barədə notarial qaydada təsdiq edilmiş ərizə ilə X6 və İstismarı Birliyinə müraciət etmişlər. Bundan sonra, Bakı Şəhər İcraiyyə Komitəsinin bağlar təsərrüfatı üzrə komissiyasının 13.05.1991-ci il tarixli 6 nömrəli protokolu ilə 228 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair Axundov X13 ilə (sənəddə olduğu kimi) 11.06.1991-ci il tarixli 1588 nömrəli müqavilə bağlanılmışdır. Həmçinin İdarədən bildirmişlər ki, 21.01.2021-ci il tarixində sözügedən bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bu səbəbdən də həmin bağ sahəsinin sənədlərini iddiaçıya verməkdən imtina etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddia dair etirazında göstərmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbinə dair iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması xahiş edilmişdir. Eyni zamanda, İPM-in 13 və 48-ci maddələrinə əsasən məhkəmə tərəfindən İddiaçı hüquqi yardım göstərilərək, izah edilmişdir ki, hazırkı mübahisə üzrə cavabdeh inzibati orqana ünvanlanmış müraciəti və həmin müraciətinə verilmiş cavab məktubu (imtina məktubu) məhkəməyə təqdim edilməlidir. Əks təqdirdə, iddianın mümkün sayılmayacağı barədə xəbərdar olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, təmsil etdiyi qurum tərəfindən təqdim edilmiş etirazın dəlillərinə uyğun izahat verərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 24.09.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq Bağ massivi 228 saylı bağ sahəsinə dair çıxarışın ləğv edilməsi tələbinə dair Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinə hər hansı bir müraciəti daxil olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İrəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd) Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Məhkəmə araşdırılması ilə məlum olur ki, mübahisə predmeti çıxarışın ləğv edilməsi ilə bağlı iddiaçının iş üzrə cavabdeh inzibati orqana müraciəti olmamışdır. Belə olan halda məhkəmənin qənaətinə görə, hazırkı iddia tələbi üzrə mübahisə mövcud deyil. Beləliklə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı, X5 üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-9260/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9260/2021
29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver