Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9263/2021 05.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən, sahəsi 16 kv.m olan qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 07.05.1999-cu il tarixli 356 saylı sərəncamına əsasən N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən, sahəsi 16 kv.m olan təsərrüfat damı iddiaçının mərhum əri X1 adına rəsmiləşdirilmişdir. N.Nərimanov küçəsi, 7 saylı evin 36 saylı mənzilində yaşayan İddiaçı Nərimanov Rayon icra Hakimiyyətinə müraciət edərək mərhum əri E.A.Məmmədəliyevin istifadəsində olan 16 kv.m-lik təsərrüfat damının onun vəfat etməsi ilə əlaqədar öz adına keçirilməsini xahiş etmişdir. Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 01.08.2001-ci il tarixli 409 nömrəli sərəncamına əsasən N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən 16 kv.m-lik təsərrüfat damı N.Nərimanov küçəsi, 7 saylı evin 36 saylı mənzilində yaşayan İddiaçı adına keçirilməsi qərara alınmışdır. İddiaçı 10 iyun 2021-ci il tarixində DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən qeyriyaşayış binası (təsərrüfat damı) üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh inzibati orqan isə 22 iyul 2021-ci il tarixli, **********96 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, qeyd olunan qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, qeyri-yaşayış binasına dair təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Həmçinin qeyd olunan qeyri-yaşayış binası ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşir. İddiaçı aşağıda qeyd olunanlara əsasən cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi hazırda mübahisələndirilən qeyri-yaşayış obyekti Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 07.05.1999-cu il tarixli 356 saylı sərəncamına əsasən iddiaçının mərhum ərinin adına sənədləşdirilmişdir. Həmin sərəncam verilərkən icra hakimiyyəti orqanlarının səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamənin 13-cü maddəsi ilə müəyyən edilir. Həmin maddənin məzmunundan isə görünür ki, icra hakimiyyəti başçısının əsas səlahiyyətləri siyahısında qeyri-yaşayış otaqlarından istifadə, rayonun, şəhərin kommunal mülkiyyətində olan binaların və tikililərin icarəyə verilməsi məsələlərinin həlli də qeyd olunmuşdur. Göründüyü kimi N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən təsərrüfat damı səlahiyyətli orqan tərəfindən qanunvericiliyə uyğun qaydada iddiaçının mərhum ərinin mülkiyyətinə verilmiş, əri vəfat etdikdən sonra isə iddiaçının müraciəti əsasında Nərimanov Rayon İcra Hakimiyyətinin 01 avqust 2001-ci il tarixli sərəncamı ilə həmin təsərrüfat damının iddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır. Beləliklə, cavabdeh orqan iddiaçının öz müraciətinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilən hər hansı sənədi əlavə etmədiyini bildirsə də, həmin maddənin məzmunundan görünür ki, Nərimanov Rayon İcra Hakimiyyətinin yuxarıda qeyd olunan sərəncamı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə, N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən təsərrüfat damının dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində göstərilən əsas mövcud olsa da, cavabdeh həmin qeyri-yaşayış obyektini qeydiyyata almaqdan imtina etmiş, bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdehin imtinasının digər dəlili qeyri-yaşayış binasına dair yerləşmə cizgisində dəqiq istinad və məsafələrin qeyd edilməməsidir. Halbuki, cavabdeh orqana müraciət edərkən iddiaçı Nərimanov Rayon İcra Hakimiyyəti təsərrüfat idarəsinin 35 saylı MKİS tərəfindən təsdiq edilmiş yerləşmə cizgisi təqdim etmişdir və həmin cizgidə qeyri-yaşayış obyektinin yerləşdiyi yer və məsafələr dəqiq göstərilmişdir. Həmçinin cavabdehin imtina məktubunda qeyd etdiyinin əksinə, qeyriyaşayış binası ümumi istifadədə olan yaşıllıq ərazidə yerləşmir. Göründüyü kimi cavabdehin imtina məktubunda göstərdiyi dəlillər əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən, sahəsi 16 kv.m olan qeyri-yaşayış binası (təsərrüfat damı) üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə ********** nömrəli, 10.06.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə qeyri-yaşayış binasına dair təqdim edilən yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Həmçinin qeyd olunan qeyri-yaşayış binası ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşir. Bu səbəblərdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və bu barədə vətəndaşa **********96 saylı, 22.07.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 07.05.1999-cu il tarixli 356 nömrəli “Təsərrüfat damının E.A.Məmmədəliyevin adına keçirilməsi haqqında” sərəncamından görünür ki, N.Nərimanov küçəsi, 7 nömrəli evin 36 nömrəli mənzilində yaşayan X6 Nərimanov rayonu İcra Hakimiyyətinə müraciət edərək, əvvəllər erməni millətinə mənsub olmuş və uzun müddət istifadə etdiyi sahəsi 16 kv.m olan təsərrüfat damının öz adına sənədləşdirilməsini xahiş etmişdir. 35 nömrəli MKİSnin rəhbərliyi özlərinin 21 nömrəli 22.03.1999-cu il tarixli arayışı ilə bildirilmişdir ki, N.Nərimanov küçəsi, 7 nömrəli evin 36 nömrəli mənzilində yaşayan E.A.Məmmədəliyev həqiqətən də 909-cu məhəllədə yerləşən sahəsi 16 kv.m olan, əvvəllər erməni millətindən olan sakin tərəfindən köməkçi sahə / təsərrüfat damı / kimi istifadə edilmiş tikilidən uzun müddətdir ki, istifadə edir və icarə pulunu ödəyir. Göstərilənləri nəzərə alaraq, N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən, sahəsi 16 kv.m olan daş tikili / təsərrüfat damının / E.A.Məmmədəliyevin adına sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 01.08.2001-ci il tarixli 409 nömrəli “Təsərrüfat damının B.M.Ələsgərovanın adına keçirilməsi haqqında” sərəncamından görünür ki, N.Nərimanov küçəsi, 7 nömrəli evin 36 nömrəli mənzilində yaşayan X4 Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edərək, mərhum həyat yoldaşı X2 istifadəsində olan 16 kv.m-lik təsərrüfat damının onun vəfat etməsi ilə əlaqədar öz adına keçirilməsini xahiş etmişdir. N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən təsərrüfat damı Rayon İcra Hakimiyyəti Başçısının 07.05.99-cu il tarixli 306 nömrəli Sərəncamı ilə E.A.Məmmədəliyevin adına sənədləşdirilmişdir. Göstərilənləri nəzərə alaraq, N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən 16 kv.mlik təsərrüfat damının N.Nərimanov küçəsi, 7 №li evin 36 №li mənzilində yaşayan B.M.Ələsgərovanın adına keçirilməsi, tikinti və abadlıq işləri ilə əlaqədar lazım gəldikdə tikilinin sökülə biləcəyinin B.M.Ələsgərovaya xəbərdarlıq edilməsi, sərəncamın icrasına nəzarətin RMKTB-nə və 16-cı PB-nə tapşırılması, sərəncamın surətlərinin lazımi ünvanlara göndərilməsi RİH-ti Başçısı Aparatının ümumi şöbəsinə tapşırılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə E.A.Məmmədəliyev arasında bağlanmış 14 may 1999-cu il tarixli, 100 nömrəli istismar yığımı müqaviləsindən görünür ki, E.A.Məmmədəliyev N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən 16 kv.m-lik təsərrüfat damı ilə bağlı istismar yığımı haqqını ödəyir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 07.10.2021-ci il tarixli, BA-04676-2021 nömrəli məktubu ilə vətəndaş X7 və vətəndaş İddiaçı barələrində Dövlət Arxivinin Bakı filialında saxlanılan Nərimanov rayon İH-nin arxiv fondu üzrə 07.05.1999-cu il tarixli, 356 saylı və 01.08.2001-ci il tarixli, 409 saylı sərəncamları və onlara əlavə edilmiş sxemlər təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 22.07.2021-ci il tarixli, **********96 nömrəli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən qeyriyaşayış binası (təsərrüfat damı) üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 10.06.2021-ci il tarixli, ********** nömrəli müraciətinizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildirilir ki, qeyd olunan qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə qeyri-yaşayış binasına dair təqdim etdiyiniz yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Həmçinin qeyd olunan qeyri-yaşayış binası ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşəpark, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimaiiaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən, sahəsi 16 kv.m olan qeyri-yaşayış sahəsinin uzun müddətdir ki, istifadəsində olduğunu, həmin qeyri-yaşayış sahəsinin İcra Hakimiyyəti tərəfindən onun adına sənədləşdirildiyini əsas götürərək həmin əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Cavabdehin imtinasının və iddia tələbinə etirazın əsas dəlilləri aşağıdakılardan ibarət olmuşdur: -iddiaçı sözügedən qeyri-yaşayış sahəsinə və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri təqdim etməmişdir; -qeyri-yaşayış binasına dair təqdim edilən yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmişdir; -qeyri-yaşayış binası ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşir. Məhkəmə hesab edir ki, təqdim edilmiş Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 01.08.2001-ci il tarixli 409 nömrəli sərəncamı mübahisələndirilən qeyri-yaşayış binasının ididaçının adına qeydiyyata alınmasına əsas verən hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Belə ki, işin faktiki hallarından müəyyən olunur ki, Bakı şəhəri, N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən, sahəsi 16 kv.m olan qeyri-yaşayış binası - təsərrüfat damı erməni millətindən olan sakin tərəfindən köməkçi sahə kimi istifadə edilmiş, daha sonra qeyd edilən tikilinin X6 tərəfindən uzun müddət istifadə edildiyi, icarə pulunu ödədiyi nəzərə alınaraq yerli icra hakimiyyəti orqanı tikilini 07.05.1999-cu il tarixli 356 nömrəli sərəncamla X2 adına sənədləşdirmişdir. X2 vəfatından sonra arvadı İddiaçı müraciəti əsasında mərhum ərinin istifadəsində olan sözügedən qeyri-yaşayış binasının Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 01.08.2001-ci il tarixli 409 nömrəli sərəncamı ilə sonuncunun adına sənədləşdirilməsi qərara alınmışdır. Məhkəmə hazırkı halda Nərimanov Rayon İcra Hakimiyyətinin sözügedən sərəncamlarının hüquqmüəyyənedici sənəd qismində çıxış etməsinin müəyyən edilməsi üçün sərəncamların verildiyi tarixdə qüvvədə olan qanunvericilik üzrə qiymətləndirilməni zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında icra Hakimiyyətinin başçısı vəzifəsi təsis edilmiş, “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə” təsdiq edilmişdir. Qeyd edilən Əsasnamənin 13-cü maddəsinin d) bəndinə görə yerli icra hakimiyyəti başçısının tikinti, mənzil-kommunal təsərrüfatı, məişət xidməti, ticarət, ictimai iaşə, nəqliyyat və rabitə sahəsində səlahiyyətlərinə aiddir - Sovetin mənzil fondunu bölüşdürür, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotunu aparır, qeyri-yaşayış otaqlarından istifadə, rayonun, şəhərin kommunal mülkiyyətində olan binaların və tikililərin icarəyə verilməsi məsələlərini həll edir. Həmin Əsasnamənin 14-cü maddəsinə görə icra hakimiyyəti başçısı öz səlahiyyəti daxilində Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları və sərəncamları əsasında və onların icrası qaydasında sərəncamlar və əmrlər verir. İşin faktiki hallarından müəyyən olunur ki, iddia predmeti olan qeyri-yaşayış binası təsərrüfat damı yeni tikili deyildir, hazırkı iş üzrə tikildiyi tarix dəqiq müəyyən olunmasa da qeyri-yaşayış binasının ən geci 90-cı illərdən etibarən mövcud olduğu işin mübahisəsiz halıdır. Yerli icra hakimiyyəti orqanı kommunal mülkiyyətdə olan sözügedən təsərrüfat damını uzun müddətdir istifadə etdiyini nəzərə alıb 1999-cu ildə mərhum Elmar Məmmədəliyevin adına keçirmişdir. Adıçəkilən sərəncamın verildiyi dövr qüvvədə olan “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamə ilə yerli icra hakimiyyəti başçısının qeyri-yaşayış otaqlarından istifadə, rayonun, şəhərin kommunal mülkiyyətində olan binaların və tikililərin fiziki şəxslərin icarəsinə vermək səlahiyyəti nəzərdə tutulmuşdur. Beləliklə, müəyyən olunur ki, Nərimanov Rayon İcra Hakimiyyəti Bakı şəhəri, N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən, sahəsi 16 kv.m olan qeyri-yaşayış binasını iddiaçının mərhum ərinin adına, daha sonra iddiaçının müraciəti əsasında onun adına keçirməkdə səlahiyyətli olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün hesab olunur. Göründüyü kimi Qanunun 8.0.1-ci maddəsi hüququn qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədlər sırasında bilavasitə icra hakimiyyəti orqanları tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın icarəsinə, istifadəsinə dair qəbul olunmuş aktları nəzərdə tutmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin 07.05.1999-cu il tarixli 306 nömrəli sərəncamı əsasında İddiaçı adına verilmiş 01.08.2001-ci il tarixli sərəncam mübahisəli qeyri-yaşayış binasına dair Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd qismində qəbul edilməlidir. Cavabdehin digər imtina əsasları - qeyri-yaşayış binasının yerləşmə cizgisində dəqiq istinad və məsafələrin göstərilməməsi, ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşmə ilə əlaqədar hüquqların dövlət qeydiyyatının aparılmasının mümkün olmaması ilə bağlı dəlilləri ilə razılaşmayaraq məhkəmə qeyd edir ki, qeydiyyata alınması mübahisələndirilən qeyri-yaşayış binasının yerləşdiyi yer, sahə ölçüsü bəllidir. Belə ki, Nərimanov Rayon İcra Hakimiyyətinin adları çəkilən hər iki sərəncamında təsərrüfat damının N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşdiyi, ümumi sahəsinin 16 kv.mdən ibarət olduğu göstərilmişdir. Eyni zamanda Dövlət Arxivindən sözügedən sərəncamların arxiv nüsxələri ilə yanaşı, onlara əlavə edilmiş cizgi-sxemlər də təqdim edilmişdir. Təqdim olunmuş cizgi sxemlər Nərimanov Rayon İcra Hakimiyyətinin 07.05.1999-cu il tarixli 306 nömrəli sərəncamının icrasına nəzarətin bilavasitə tapşırıldığı 35 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi tərəfindən tərtib edilmiş və həmin MKİS-nin möhürü ilə təsdiqlənmişdir. Cizgi-sxemlərdə tikilinin yerləşmə vəziyyəti, eləcə də eni 3.2 m, uzunluğu 5 m olmaqla ümumi sahəsi 16 kv.m göstərilmişdir. Beləliklə, qeyri-yaşayış binasının texniki göstəriciləri, ətrafında mövcud qonşu obyektlər təsvir edilməklə yerləşmə vəziyyəti müəyyəndir. Həmçinin tikilinin ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşməsinə gəlincə qeyd edilməlidir ki, Torpaq Məcəlləsinin 47-ci maddəsinin 3-cü bəndinə görə ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumudur. Həmin Qanunun 6.1-ci maddəsinə görə təyinatından və istifadə qaydasından (rejimindən) asılı olaraq, şəhərlərdə və digər yaşayış məntəqələrində, infrastruktur obyektlərinin hüdudlarında yaşıllıqların aşağıdakı növləri vardır: 6.1.1. ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar). Həmin Qanunun 12.3-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və bələdiyyələr tərəfindən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatlar yaşıllıqların kadastrını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilir və həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilir. İddiaçı tərəfindən təqdim edilmiş mübahisəli qeyri-yaşayış sahəsinin fotoşəkillərində tikilinin ümumi istifadədə olan yaşıllıqlar - park, meşə-park, bağ, bağça ərazisində yerləşdiyi müəyyən olunmur. Yerli icra hakimiyyətinin hazırkı iş üzrə müvafiq sərəncamlarında təsərrüfat damının məhəllədə yerləşdiyi göstərilmiş, tərtib olunmuş cizgilərdə də sahənin ümumi istifadədə olan yaşıllıq, park, park-meşə ərazisinə düşməsi ilə bağlı hər hansı qeydlər edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamənin 13-cü maddəsinin “q” bəndinə görə torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyəti başçısının səlahiyyəti qismində rayonun, şəhərin ərazisində ətraf mühitin mühafizəsinə, təbii ehtiyatlardan səmərəli və kompleks istifadə edilməsinə nəzarətin həyata keçirilməsi səlahiyyəti göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.9.10-cu bəndinə görə yerli icra hakimiyyəti başçısı yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıqların mühafizəsini təşkil edir; 4.9.19-cu bəndinə görə müvafiq ərazidə mövcud yaşıllıqların uçotunun aparılmasını, yeni yaşıllıqlara olan tələbatı müəyyənləşdirmək və yaşıllıqların salınmasını təşkil edir. Göründüyü kimi yerli icra hakimiyyəti orqanı istər Nərimanov Rayon İcra Hakimiyyətinin 07.05.1999-cu il tarixli 356 nömrəli və 01.08.2001-ci il tarixli 409 nömrəli sərəncamlarının qəbul edilməsi zamanı qüvvədə olmuş qanunvericiliyə əsasən, istərsə də hazırkı halda qüvvədə olan yaşıllıqların mühafizəsi ilə bağlı qanunun tələblərinə uyğun olaraq bu sahədə müvafiq dövlət nəzarətini həyata keçirən qurum olaraq mübahisə predmeti olan qeyri-yaşayış binasının ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşməsini mübahisələndirməmiş, bu barədə hər hansı tələb və ya icrası məcburi olan göstəriş verməmişdir. Bundan başqa qeyd edilməlidir ki, Torpaq Məcəlləsinin 31-ci maddəsinin 1-ci bəndinə görə meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir. Həmin maddənin 5-ci bəndinə görə meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqısına, ipotekasına və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir. Göründüyü kimi torpaq qanunvericiliyi yalnız meşə fondu torpaqlarının özgəninkiləşdirilməsi ilə bağlı məhdudiyyətlər müəyyən etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən, sahəsi 16 kv.m olan qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən, sahəsi 16 kv.m olan qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-9263/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9263/2021
05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver