Məhkəmə qərarları › İş №2-1(112)-9263/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9263/2022

02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9263/2022 02.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Bakı Şəhər XDS İK tərəfindən 20 aprel 1972-ci il tarixdə verilmiş 132037 saylı orderə əsasən ünvan 1 ünvanında yerləşən sahəsi 29 kv.m olan 58 saylı mənzil X6 verilmişdir. Həmin orderdə mənzildə yaşayanların siyahısında X9, X16 və hazırkı iddiaçı X17 qeyd edilmişdir. İddiaçı (İddiaçı) X9 və X16 arasında 17 mart 1971-ci il tarixli 903 saylı nikahdan doğulmuşdur. İddiaçının anası X12 25 aprel 2004-cü il tarixdə vəfat etmişdir, atası X9 isə 4 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı onun Bakı şəhəri 12 saylı Notariat Ofisinə müraciəti əsasında X2 miras qalmış əmlaka vərəsə kimi tanınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6174/2021 saylı iş üzrə 29 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən yuxarıda qeyd olunan ünvanda qeydiyyatda olan iddiaçının qardaşı X18 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmuşdur. Bakı şəhəri Yasamal RİH başçısının 28 yanvar 2022-ci il tarixli 56 nömrəli sərəncamı ilə İddiaçı qardaşı X13 qəyyum təyin edilmişdir. Bakı şəhəri Yasamal RİH Mənzil Kommunal Təsərrüfat Birliyinin 17 mart 2022-ci il tarixli 22 saylı arayışından göründüyü kimi, X12 23 iyun 1972-ci il tarixdən 9 iyun 2004-cü il tarixədək, X9 23 iyun 1972-ci il tarixdən 4 sentyabr 2021-ci il tarixədək ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. Hazırda həmin ünvanda İddiaçı, qardaşım X18, eləcə də X7 ilə iddiaçı arasında bağlanmış 27 iyun 1993cü il tarixli 1421 nömrəli nikahdan doğulmuş uşaqlar – X10 (1996-cı il təvəllüdlü) və X14 (2000-ci il təvəllüdlü) qeydiyyatdadır. İddiaçı 3 saylı Bakı Asan Xidmət mərkəzinin arxiv şöbəsinə müraciət etmişdir. 22 fevral 2022-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət Mərkəzindən daxil olmuş məlumatda bildirilir ki, keçmiş 26 saylı Bakı Komissarı Rayon ZDS İK-nın (indiki Səbail RİH) arxiv fondu üzrə 14 aprel 1972-ci il tarixli 30 saylı protokolu Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin həmin protokolda X9 barədə heç bir məlumat yoxdur. İddiaçı 3 saylı Bakı Asan Xidmət Mərkəzindən aldığı imtinaya görə 1 saylı Bakı Ərazi İdarəsinə yazılı sürətdə müraciət etmişdir. İdarə mənzilə baxış keçirmişdir. İddiaçının və qardaşının, övladlarının, ərinin orada yaşamağı təsdiqlənmişdir. 1 saylı Bakı Ərazi İdarəsindən bildirilmişdir ki, qeyd olunan mənzilə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüqüq müəyyənləşdirici sənədlərin əsilləri ilə (arxiv arayışı əlavə olunmaq ilə) Asan Xidmət mərkəzlərinə müraciət edilməsi məqsədə uyğundur. Lakin 1 saylı Bakı Ərazi İdarəsi Milli Arxiv İdarəsinə sorğu göndərməmişdir. Keçmiş 26 Bakı Komissarı Rayon ZDS İK-nın (indiki Səbail RİH) əməkdaşlarının təqsirindən 30 saylı protokolda X4 adı və soyadı qeyd olunmasa da, 30 saylı orderin əsl sürəti mövcuddur. Göstərilənlərə əsaslanaraq, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 58 saylı evin 58 saylı mənzilinə mülkiyyət hüqüqunun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 4 oktyabr 2022-ci il tarixli məktubunda qeyd olunur ki, iddiaçı X8 iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə bağlı 30 iyun 2022-ci il tarixdə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 58 saylı evin 58 saylı mənzilinə dair verilmiş Bakı şəhəri 26 bakı Komissarı Rayon ZDS İK-nın (indiki Səbail RİH) 30 saylı 14 aprel 1972-ci il tarixli qərarının və qeyd olunan qərara əsasən verilmiş 132037 saylı 20 aprel 1972-ci il tarixli orderi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Səbail RİH-ə və Dövlət Arxivinin Bakı Filialına sorğu göndərilmişdir. Sorğuya cavab olaraq, Bakı şəhəri Səbail RİH başçısının 6-835 saylı 3 avqust 2022-ci il tarixli məktubunda Səbail RİH başçısının 2017-ci ilədək olan arxiv sənədlərinin, qanuna müvafiq qaydada Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verildiyi bildirilmişdir. Sorğuya cavab olaraq Dövlət Arxivinin Bakı Filialı tərəfindən isə, verilmiş Bakı şəhəri 26 bakı Komissarı Rayon ZDS İK-nın (indiki Səbail RİH) 30 saylı 14 aprel 1972-ci il tarixli protokol və qərarlarının Dövlət Arxivinin Bakı Filialında mövcud olduğu, lakin həmin qərarda X9 barəsində hər hansı məlumatın olmadığı bildirilmişdir. Bu barədə iddiaçıya **********09 saylı 19 avqust 2022-ci tarixli cavab məktubu ünvanlanmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1, 14.2-ci maddələrinə, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Yasamal rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə qeyd edir ki, hazırkı inzibati mübahisə Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, ona həmin əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Bakı İnzibati Məhkəməsində baxılması İPM-in tələblərini pozmur. Həmçinin qeyd olunmalıdır ki, “öhdəliyin icrası haqqında” iddialara münasibətdə İPM iddia müddətinin tətbiqini nəzərdə tutulmamışdır. Bundan başqa, iddiaçının qaldırılan məsələ ilə bağlı cavabdeh inzibati orqana müraciəti və öz növbəsində cavabdehin də ona müvafiq imtina məktubu olduğundan, inzibati mübahisə mövcud olmuş qiymətləndirilir. Bunları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını nəzərə alaraq, məhkəmə iddianı mümkün sayır. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (8.0.11) Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə görə bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmişdir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair orderlər bu əsaslar sırasında nəzərdə tutulmuşdur. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur (64.3). Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur (64.4). Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının müvafiq mənzilə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinanı iddiaçının mərhum atası X3 adının orderdə göstərilməsinə baxmayaraq, həmin orderin əsası kimi çıxış edən Bakı şəhəri 26 Bakı Komissarı Rayon XDS İK-nın 14 aprel 1972-ci il tarixli 30 saylı protokolunda olmaması ilə əlaqələndirmişdir. Məhkəmə cavabdeh tərəfin bu mövqeyi ilə razılaşmır və vurğulayır ki, Bakı şəhəri 26 Bakı Komissarı Rayon XDS İK-nın 14 aprel 1972-ci il tarixli 30 saylı protokolunda iddiaçının atası (mərhum) X4 adı əks olunmasa da, bu hal adıçəkilən şəxsin, eləcə də hazırkı iddiaçının irarəsindən asılı olmamış, ötən müddət ərzində mənzilə digər şəxslər iddialı olmamış, habelə iddiaçı və orderdə adları qeyd olunan şəxslər həmin mənzildə qeydiyyatda olmaqla müəyyən müddət yaşamışlar və bəziləri hazırda da yaşayırlar. Məhkəmə icraatında iddiaçı tərəfin təqdim etdiyi 20 aprel 1972-ci il tarixli 132037 saylı orderə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı mənzildə faktiki yaşayan şəxs kimi etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı işin hallarına görə 26 Bakı Komissarı Rayon XDS İK-nın 14 aprel 1972-ci il tarixli 30 saylı protokolunda mərhum X4 adının olmaması 20 aprel 1972-ci il tarixli 132037 saylı orderin mötəbərliyinə təsir edən xüsusat kimi çıxış edə bilməz. Bundan başqa, sözügedən 20 aprel 1972-ci il tarixli 132037 saylı order geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Lakin məhkəmə bir xüsusatı diqqətə çəkir ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 58 saylı evin 58 saylı mənzilinə dair orderdə adı göstərilməsə də, hazırkı iddiaçı ilə onun qardaşı X18 da yaşayır. Nəzərə alınmalıdır ki, X18 1973-cü il təvəllüdlü olduğundan, onn adı 20 aprel 1972-ci il tarixli orderdə qeyd olunmamışdır. Buna baxmayaraq, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun müddəalarına görə mənzil özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi mülkiyyətinə verilə bilər. Nəzərə alınmalıdır ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 58 saylı evin 58 saylı mənzilinə İddiaçı və qardaşı X11 hər ikisinin mülkiyyət hüquqları müvafiq razılaşmadan asılı olaraq yarana və qeydiyyata alına bilər (ümumi, tək birinə mənsub və s.). Hazırkı İddiaçı qəyyumu olduğu qardaşı X11 adından ona mənsub hüquqdan imtinaya dair əqdin (birtərəıfli razılaşmanın) imzalanmasını isə, mövcud qanunvericilik normaları (Mülki Məcəllənin 36.2-ci maddəsi) birmənalı olaraq qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsinin alınması ilə şərtləndirir. Xüsusilə diqqət yetirilməlidir ki, İddiaçı hazırkı tələbi üzrə işin hallarında qəyyumu olduğu qardaşı X11 hüququndan sonuncunun adından öz xeyrinə imtina etmiş olur (qəyyumluqdan olanın adından hüquqdan qəyyumun xeyrinə imtina). Müvafiq qəyyumluq və himayəçilik orqanının belə razılaşmasının olmaması və işin bu xüsusatları hazırda İddiaçı mənzilin tək mülkiyyətçisi kimi çıxış etməsini istisna edir. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı iddiası əsassız sayılmamalı və onun Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 58 saylı evin 58 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd hal kimi qiymətləndirilməməlidir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 2.2, 4.1, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar