Məhkəmə qərarları › İş №2-1(112)-9263/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9263/2025

09.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9263/2025 09.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X9, üçüncü şəxs "xxxx" MMC-nin qanuni nümayəndəsi (direktoru) X1, üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, "xxxx" yaşayış massivi, 13M ünvanında 15 mərtəbəli yaşayış binasını, 1-ci giriş, 68 saylı ünanında 71.2 kv.metr mənzilə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, , iddiaçı ünvan 1 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş 15 mərtəbəli yaşayış binasından xx.xx.2023-cü il tarixdə X4 məxsus 1-ci giriş, 68 saylı 71,2 kv.metr olan mənzili 45000 manata almışdır. Bununla bağlı "xxxx" MTK ilə 04 nömrəli xx.xx.2023-cü il tarixli yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçrilməsi haqqında müqavilə və mənzilin addan-ada keçrilməsi və ünvan barədə arayış verilmişdir. Həmin həmin mənzili sənədləşdirmək üçün iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müxtəlif bahənələr gətirərək fərqli imtinalar vermişlər. Bu da onların qanunsuz əməllərindən biridir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13M ünvanında yerləşən daşınmaz əmlak üzərinə həbs qoyulması və həmin ünvanda inşa edilmiş yaşayış binasındakı yaşayış və qeyri-yaşayış sahələrinin alqısatqısı və sənədləşdirilməsinin "xxxx" MTK-ya qadağan edilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-287/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi daxil olmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4798/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, "xxxx" yaşayış massivi, 13M ünvanında 15 mərtəbəli yaşayış binasını, 1-ci giriş, 68 saylı ünanında 71.2 kv.metr mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir . Qərar qanuni qüvvəsini almış və icra edilməsi üçün cavabdehə göndərilmişdir. Sonradan ərizəçi X7 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-4798/2024 saylı qərarının ləğv edilməsini və üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, ərizəçi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4798/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından 2024-cü ilin dekabr ayına məlumatlı olmuşdur. Lakin bu proses onun xəbəri olmadan həyata keçirilmişdir. Ərizəçi hesab edir ki, İddiaçı sənədləri saxtadır, belə ki, mübahisələndirilən mənzil 2009-cu ildən ona məxsusdur. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi xahiş edilmişdir. Digər ərizəçi "xxxx" MMC xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə (vəsatət) təqdim edərək hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005- ci il tarixli, 126 saylı sərəncamına əsasən "xxxx" MMC-yə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsinin şərq hissəsində yerləşən 1.68 hektar ərazisinin 0.40 hektar sahəsində yüksəkmərtəbəli binanın layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. "xxxx" MMC ilə "xxxx" MTK arasında 25 iyul 2005- ci il tarixli müqavilə bağlanaraq layihəyə əsasən dörd girişli, 16 mərtəbəli binanın sənədləşmə və tikinti işlərinin aparılması səlahiyyəti "xxxx" MMC tərəfindən "xxxx" MTK-ya verilmişdir. Həmin podrat müqaviləsinə əsasən “Sifarişçi” "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsinin şərq hissəsində 1,68 ha torpaq sahəsinin 0,40 ha hissəsində podratçı "xxxx" MTK öz vəsaiti hesabına 4 bloklu, 16 mərtəbəli yaşayış binası 2007-ci ilin sonunadək tikib təhvil verməyi və həmin binanın tikintisindən əldə olunan xalis gəlirin 33%- i ilə yanaşı həmin binadan 1,2,3 otaqlı mənzillər, qaraj, ticarət mərkəzi və mansard daxil olmaqla əvəzi ödənilmədən 8.000 kv.m sahəsini, həmçinin binanın tikintisi başa çatdıqdan sonra podratçı "xxxx" MTK-nın bina üzərində olan bütün hüquqlarını itirməklə, binanın gələcək ekspluatasiyasını (istismarını) bütünlüklə sifarişçi "xxxx" MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə üzrə sifarişçi "xxxx" MMC tərəfindən bütün öhdəliklər yerinə yetirilsə də, cavabdeh və müqavilə üzrə podratçı "xxxx" MTK öhdəliklərini yerinə yetirməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-3861/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanında inşa edilmiş yaşayış binasının istismarının "xxxx" MTK- dan alınaraq "xxxx" MMC-yə verilməsi qət edilmiş və qətnamə qanuni qüvvəyə minərək xx.xx.2022-ci il tarixdə icraya yönəldilmiş və xx.xx.2023-cü il tarixdə icra qurumu tərəfindən icra edilərək binanın istismarı bütünlüklə binaya və binada yerləşən mənzillərə dair sənədlərlə birlikdə "xxxx" MMC-yə təhvil verilmişdir. Hazırda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanında inşa edilmiş yaşayış binasının istismarı tamamilə binanın sifarişçisi "xxxx" MMC-yə məxsusdur və sözügedən bina orada yaşayan sakinlərin istifadəsində olmaqla bütün kommunal xidmətlərlə təchiz edilmişdir. Sonuncu tərəfindən binanın istismara icazə sənədinin alınması üçün müvafiq işlər aparılmaqdadır və aidiyyəti üzrə məhkəmələrə və dövlət orqanlarına bununla bağlı müraciətlər edilmişdir. Hazırkı işin mahiyyəti üzrə qeyd edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanında yerləşən 68 saylı mənzilə dair sənədlərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin mənzilin qanuni sahibi X5r. Belə ki, "xxxx" MTK ilə X7 arasında bağlanmış “yaşayış binasında mənzil tikintisi haqqında” xx.xx.2009-cu il tarixli, 111 saylı müqaviləyə əsasən Badu-Kübə” MTK Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanında yerləşən 68 saylı mənzili tikib X6 təhvil verməyi öhdəsinə götürmüşdür. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 53 nömrəli “mənzilin dəyərinin tam ödənilməsi və ünvan barədə” arayışdan görünür ki, X7 tərəfindən ünvan 1 evin, 1-ci giriş, 68 saylı 1 otaqlı 71.2 kv.metr mənzilinin dəyəri tam ödənilmişdir. Mənzil X6 məxsusdur. Halbuki Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4798/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh inzibari orqanın üzərinə həmin mənzil üzərində xüsusi mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınması öhdəliyi qoyulmuşdur. Məhkəmə öz qərarını əsaslandırarkən "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 04 NQ- İİ müqaviləyə, eləcə də "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 04 Ns-li arayışa istinad etmişdir. Halbuki həmin sənədlərin mötəbərliyi yoxlanılmamış və sözügedən binanın sifarişçisi və hazırki istismarçısı "xxxx" MMC inzibati məhkəmə icraatına cəlb edilməmiş, eləcə də "xxxx" MMC-yə bununla bağlı hər hansı sorğu verilməmiş, münasibəti öyrənilməmişdir. Halbuki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)- 3861/2022 saylı, xx.xx.2022- ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V" yaşayış sahəsi, 13M ünvanında inşa edilmiş yaşayış binasının istismarının "xxxx" MTK-dan alınaraq "xxxx" MMC-yə verilməsi qət edilmiş və qətnamə qanuni qüvvəyə minərək xx.xx.2022-ci il tarixdə icraya yönəldilmiş və xx.xx.2023cü il tarixdə icra qurumu tərəfindən icra edilərək binanın istismarı bütünlüklə binaya və binada yerləşən mənzillərə dair sənədlərlə birlikdə "xxxx" MMC-yə təhvil verilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3861/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin iddiası təmin edilərkən məhkəmə "xxxx" MMC ilə "xxxx" MTK arasında bağlanmış 25 iyul 2005-ci il tarixli podrat müqaviləsinin 3.6-cı bəndinə əsaslanmışdır. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən, binanın tikintisi başa çatdıqdan sonra podratçı “Badu-Kübə" MTK bina üzərində olan bütün hüquqlarını itirməklə, binanın gələcək ekspluatasiyasını (istismarını) bütünlüklə sifarişçi "xxxx" MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi istər "xxxx" MMC ilə "xxxx" MTK arasında bağlanmış 25 iyul 2005-ci il tarixli podrat müqaviləsinə əsasən, istərsə də qanuni qüvvəsini alaraq icra edilmiş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3861/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə "xxxx" MTK ünvan 6 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına dair bütün hüquqlarını itirmişdir və binanın istismarı bütünlüklə "xxxx" MMC-yə məxsusdur. Yuxanda qeyd edilənlərə əsasən 2-1(112)-4798/2024 saylı inzibati işin mümkün nəticələrinin A.R. Ko” MMC-nin qanuni maraqlarına toxuna biləcəyini nəzərə alaraq "xxxx" MMC-nin qeyd edilən iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9263/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizəçilər X7 və "xxxx" MMC-nin ərizələri təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-4798/2024 saylı qərarı ləğv edilmiş, X7 və "xxxx" MMC hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İcraat təzələndikdən sonra hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə proses iştirakçılarına məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin qanuni nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********43 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun məzmunda cavab verilmişdir. -"xxxx" MTK-da yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli, 04 №-li müqavilədən görünür ki, "xxxx" MTK (İcraçı) və İddiaçı (Payçı) arasında müqavilə bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən icraçı ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən yaşayış binasında, X2 adına olan 1 otaqlı 71,2 kv.m 68 saylı mənzil İddiaçı adına keçirilmişdir (S.S.Süleymanovun ərizəsinə əsasən). -"xxxx" MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 04 №-li arayışından görünür ki, Kooperativin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M saylı evin İ giriş 15 mərtəbə, 68 saylı 1 otaqlı (71,2 kv.m) X2 adına olan mənzil xx.xx.2023-cü il tarixdə İddiaçı adına keçirilmişdir. İddiaçı kooperativə borcu yoxdur. -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 26 dekabr 2023-cü il tarixli, 3-35/2-9072/2023 nömrəli sorğuya cavab məktubundan görünür ki, sözügedən ünvanda yerləşən tikili obyektinə dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi,”V” yaşayış sahəsi, 13M ünvanında yerləşən yaşayış binasında qeydiyyatdan keçmiş mənzillərə dair ilkin hüquqmüəyyənedici sənədlər təqdim olunmuşdur. - "xxxx" MTK tərəfindən verilmiş, xx.xx.2009-cu il tarixli, mənzilin dəyərinin tam ödənilməsi və ünvan barədə arayışdan görünür ki, kooperativin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M saylı evin giriş 1, mərtəbə 15, 68 saylı, 1 otaqlı (71.2 kv.m) mənzili dəyəri tam ödənilməklə, X6 məxsusdur. -“İcraçı” "xxxx" MTK ilə “payçı” X7 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 111 №-li, yaşayış binasında mənzil tikintisi haqqında müqavilədən görünür ki, “icraçı” Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində inşa edilən binanın 1-ci giriş, 15-ci mərtəbəsində yerləşən 68 saylı mənzili “payçı”ya təhvil verməyi, “payçı” isə mənzili qəbul etməyi və müəyyən olunmuş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. -Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3861/2022 №-li qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MTK-ya qarşı “pul tələbi və yaşayış binasının təhvil verilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, ünvan 8 ünvanında inşa edilmiş yaşayış binasının istismarı "xxxx" Mənzil-Tikinti Kooperativindən alınaraq, "xxxx" MMC-yə təhvil verilməsi qət edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4798/2024 saylı qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Daha sonra, müvafiq qərar 1 saylı Bakı Ərazi İdarəsində icra prosesində olan zaman X8 tərəfindən elektron məhkəmə informasiya sisteminə ərizə yüklənərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4798/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv olunması, icraatın təzələnməsi və onun 3-cü şəxs qismində işə cəlb olunmasını xahiş etdiyi müəyyən olunmuşdur. xx.xx.2025-ci il tarixində ərizəyə baxış iclası olmuş və X3 ərizəsi təmin edilərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 4798/2024 saylı qərarı ləğv edilmiş və X7 və "xxxx" MMC hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İş hazırda Bakı İnzibati Məhkəməsinin icraatındadır. Qeyd edilən səbəbdən qərarın icrası mümkün olmamışdır. Beləliklə işin hallarından görünür ki, iddiaçı payçısı olduğu Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, "xxxx" yaşayış massivi, 13M ünvanında 15 mərtəbəli yaşayış binasını, 1-ci giriş, 68 saylı mənzili ilə bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, bu barədə müvafiq çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu iddia olunan mənzillərin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının istismarına icazə sənədinin İdarayə daxil olmaması əsası ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Cavabdehin əsas dəlili odur ki, iddiaçının mənzilinin yerləşdiyi "xxxx" MTK tərəfindən inşa olunmuş mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasının binanın istismara icazə sənədi təqdim edilməmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası qanunazidd olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qüvvədə olan qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, hüquqların qeydə alınması üçün təqdim edilən sənədlərə dair tələbləri və hüquqların dövlət qeydiyyatından imtina üçün səbəbləri konkret müəyyən edir. Qanunun müvafiq olaraq 8.0.9 və 8.0.10-cu maddələrində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair hüququn dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər göstərilmişdir. Qanunverici çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı ilə şərtləndirmişdir. Lakin hazırkı işdə iddiaçı tərəfindən adına rəsmiləşdirilməsini tələb etdiyi mənzilin yerləşdiyi yaşayış binasının istismara qəbul aktı təqdim olunmadığından onun tələbinin təmin olunmasından cavabdehin imtinası qanunazidd və hüquqlarını pozan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, işin araşdırılması zamanı mübahisə predmeti olan eyni mənzilə dair "xxxx" MTK ilə üçüncü şəxs X7 xx.xx.2009-cu il tarixli, 111 №-li müqavilənin olması müəyyən edilmiş və həmin müqavilənin ləğv edilməsi, etibarsız sayılması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Mülkihüquqi əqdin mötəbərliyinə hüquqi qiymət verilməsi isə inzibati məhkəmə icraatının predmeti olmadığından hazırkı şərtlər altında iddianın təmin edilməsi istisna edilir. Məhkəmə iddiaçının mübahisə predmeti olan mənzilin yerləşdiyi binanın istismarına qəbul edilməsi barədə sənəd təqdim olunmadan cavabdeh tərəfindən həmin binada yerləşən digər mənzillərin üzərində ayrı-ayrı şəxslərin hüquqlarının dövlət reyestrində qeydiyyata alındığı halda ona münasibətdə bərabərlik prinsipinə əməl edilməməsi ilə bağlı dəlilinə münasibətdə aşağıdakıları bildirir. “İnzibati icraat haqqında” qanundan: -12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. -12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. -12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. -12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. -13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. -13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Cavabdeh təşkilat tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının mənzilinin yerləşdiyi 13M saylı binada 9 ədəd mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərdən görünür ki, həmin mənzillər müxtəlif tarixlərdə qəbul edilmiş məhkəmə qərarları əsasında ayrı-ayrı şəxslərin adına qeydiyyata alınmışdır. Qeyd olunan məhkəmə qərarları mübahisələndirilməmiş və qeydiyyat hərəkətləri cavabdeh tərəfindən məhz məhkəmə qərarlarının icrası çərçivəsində həyata keçirilmişdir. Belə olan halda hesab edilir ki, qanunvericiliyə görə məhkəmə qərarından şikayət verilməsi tərəfin hüququ, qanuni qüvvəsini almış məhkəmə qərarının icrası isə məcburi xarakter daşımaqla vəzifəsi kimi nəzərdə tutulduğundan, bundan sonra sözügedən binada cavabdeh tərəfindən inzibati icraat qaydasında eyni mühüm faktiki hallara əsaslanan azı bir mənzilin belə qeydiyyata alınması ilə bağlı hər hansı sübut təqdim olunmadığından (o cümlədən məhkəmə araşdırması ilə də əldə olunmadığından) hazırkı məhkəmə icraatında cavabdeh inzibati orqan tərəfindən bu məsələdə müstəqil inzibati praktikanın yaradılması və praktikasında hamıya münasibətdə bərabər yanaşmanı və davamlı münasibəti təmin edəcək qaydada davranış nümayiş etdirilməsi müəyyən edilməməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı bərabərlik və inzibati orqanların praktikasına etimadın qorunması prinsipinə istinad edə bilməz. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddia öhdəliyin icrası növünə aid olduğundan qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin imtina əsası kimi istinad etdiyi digər əsaslara ayrıca münasibət bildirilməsinə zərurət yoxdur. Çünki cavabdehin imtina əsasları digər hissələrdə əsassız olsa belə, hazırkı şərtlər altında iddia tələbinin təmini istisna olunur. Odur ki, iddia əsassız olduğundan təmin edilmir. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar