Məhkəmə qərarları › İş №2-1(112)-9266/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9266/2024

27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9266/2024 27.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilmsəsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4196 saylı torpaq sahəsinə və orada inşa edilmiş bağ evinə dair onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla bu barədə çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və 01 may 2024-cü il tarixli məktubda bildirmişdir ki, faktiki göstərilən torpaq sahəsinin bir hissəsi arxiv texniki pasportunun baş planında göstərilən sahədən kənarda yerləşir və arxiv cizgisinə əsasən şimal hissədə nəzərdə tutulan keçid yolu cənub hissəyə keçirilmiş, bağ evinin əlavə sahəsi qonşu bağa keçid yolunun üzərində inşa edilmişdir. Bundan başqa, İdarənin arxivində eyni bağdan bölünən “4196” nömrəli bağa dair digər fiziki şəxsin adına (X8) 18086 nömrəli müqavilə mövcuddur və torpaq sahəsi qonşu sahə ilə ümumi hasar daxilində yerləşir. Odur ki, 4196 saylı bağın digər bölünənləri və arxiv cizgisinə uyğun olaraq “4323” saylı bağ və bölünənlərinin qanuni istifadəçisi ilə keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq olunmuş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4196 saylı torpaq sahəsinə və orada inşa edilmiş bağ evinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ümumi sahəsi 0,25 ha olan 4196 və 4196a bağ sahələrinə və üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən 4196 saylı bağ sahəsi 26482 saylı müqaviləyə əsasən, iddiaçı X3 mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsində yerləşən sahəsi 86 kv. metr, hündürlüyü 2,5 metr olan bir mərtəbəli fərdi yaşayış (bağ) evi inşa etmişdir. 4196 saylı torpaq sahəsinin ½ hissəsi əvvəllər başqa şəxsin adında olmuş, sonra həmin torpaq sahəsini iddiaçının xeyrinə özgəninkiləşdirmişdir. İddiaçı həmin hissəni aldıqdan bu günə qədər bütün müddət ərzində həmin torpaq sahəsinin bütün vergilərini ödəyir. Lakin bugünə qədər həmin torpaq sahəsinə və orada yerləşən fərdi yaşayış evinə dair çıxarış ala bilmir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilən əsaslara istinad etmiş və bildirmişdir ki, faktiki göstərilən torpaq sahəsinin bir hissəsi arxiv texniki pasportunun baş planında göstərilən sahədən kənarda yerləşir və arxiv cizgisinə əsasən şimal hissədə nəzərdə tutulan keçid yolu cənub hissəyə keçirilmiş, bağ evinin əlavə sahəsi qonşu bağa keçid yolunun üzərində inşa edilmişdir. Bundan başqa, İdarənin arxivində eyni bağdan bölünən “4196” nömrəli bağa dair digər fiziki şəxsin adına (X8) 18086 nömrəli müqavilə mövcuddur və torpaq sahəsi qonşu sahə ilə ümumi hasar daxilində yerləşir. Odur ki, 4196 saylı bağın digər bölünənləri və arxiv cizgisinə uyğun olaraq “4323” saylı bağ və bölünənlərinin qanuni istifadəçisi ilə keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq olunmuş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Həmçinin iddiaçının iddia ərizəsində qeyd etdiyi bağın nömrəsi “4196” saylı olsa da, 26482 saylı, xx.xx.1989-cu il tarixli müqavilədə bağın nömrəsi “4196A”, Qeydiyyat vəsiqəsində və İdarədə mövcud olan arxiv qovluğundakı cizgidə isə bağ sahəsinin nömrəsi “4196”-dır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasında ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də qismən əsaslıdır. Belə ki, iş materiallarında olan: - 02 aprel 1971-ci il tarixli, 18086 nömrəli bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə veriməsi haqqında müqavilədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən sahəsi 0,25 ha olan 4562 saylı bağ sahəsi X1 istifadəsinə verilmişdir. - 25 may 1988-ci il tarixli, 18086 nömrəli bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə veriməsi haqqında müqavilədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 4196 nömrəli sahəsi 0,25 ha olan bağ sahəsi X4 istifadəsinə verilmişdir. - X7 tərəfindən Bağlar Birliyinə ünvanlanmış 01 fevral 1989-cu il tarixli ərizədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 4196 nömrəli sahəsi üzərində inşa edilmiş bütün tikililər İddiaçı məxsusdur. Həmin ərizə ilə o, bağ sahəsinin tikili yerləşən hissəsinin İddiaçı adına verilməsinə etiraz etməmişdir. - 21 sentyabr 1989-cu il tarixli, 18086 nömrəli bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə veriməsi haqqında müqavilədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 4196 nömrəli sahəsi 0,12 ha olan bağ sahəsi X4 istifadəsinə verilmişdir. - 21 sentyabr 1989-cu il tarixli, 26482 nömrəli bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə veriməsi haqqında müqavilədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 4196a nömrəli bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 4196 bağ sahəsində 26482 nömrəli müqavilə əsasında bağ evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.1999-cu ildə qeydiyyata alınmışdır. - Eskiz layihəsindən görünür ki, "xxxx" MMC İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları bağ 4196 saylı bağ evinin layihəsinin Memarlıq-planlaşdırma bölməsi tərtib edilmişdir. - Sabunçu Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq, “Məlumatlandırma icraatı” qaydasında bildirmişdir ki,mülkiyyətində (istifadəsində) olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 4196 ünvanında yerləşən, sahəsi 86 kv.m, hündürlüyü 2,5 m, mərtəbəliliyi 1 olan fərdi yaşayış (bağ) evi inşa edilmişdir. Həmin ərizə 27 mart 2024-cü il tarixdə göndərilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 05 iyul 2024-cü il tarixli, **********73 nömrəli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, baxış zamanı məlum olmuşdur ki, faktiki torpaq sahəsi 2263.9 kv.m təşkil edir (1063.9 kv.m artıq). Belə ki, faktiki göstərilən torpaq sahəsinin bir hissəsi arxiv texniki pasportunun baş planında göstərilən sahədən kənarda yerləşir və arxiv cizgisinə əsasən şimal hissədə nəzərdə tutulan keçid yolu cənub hissəyə keçirilmiş, bağ evinin əlavə sahəsi qonşu bağa keçid yolunun üzərində inşa edilmişdir. Bundan başqa, İdarənin arxivində eyni bağdan bölünən “4196” nömrəli bağa dair digər fiziki şəxsin adına müqavilə mövcuddur və torpaq sahəsi qonşu sahə ilə ümumi hasar daxilində yerləşir. Beləliklə, işin faktiki hallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4196 saylı bağ sahəsi 0,25 ha olmaqla X6 məxsus olmuş, daha sonra onun və iddiaçının ərizəsi əsasında torpaq sahəsi hər birinin sahəsi 0,12 ha olmaqla iddiaçı və G.Əlicanova arasında iki hissəyə bölünmüş, iddiaçı ilə 26482 saylı, G.Əlicanova ilə 18086 saylı müqavilə imzalanmışdır. İddiaçı hazırda Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən bağ sahəsi 0,25 ha olmaqla 4196 və 4196a bağ sahələrinə və üzərindəki tikililərə mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsini xahiş edir. Məhkəmə, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır. Belə ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən 0,12 ha bağ sahəsinin ona verilməsi ilə bağlı xx.xx.1989-cu il tarixli 26482 saylı müqaviləni təqdim etmişdir. Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, iddiaçının təqdim etdiyi 26482 saylı müqavilə cavabdeh orqanda mövcud olmuş, İdarə iddiaçıya 0,12 ha torpaq sahəsinin ayrılması ilə bağlı müqaviləni mübahisələndirməmişdir, həmin müqavilə əsasında iddiaçıya ayrılmış bağ sahəsi üzərində yerləşən bağ evinə dair iddiaçıya qeydiyyat vəsiqəsi verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd 13.7. Üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Mübahisəli fərdi yaşayış evinin iddiaçının istifadəsində olan torpaq sahəsində inşa etməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə məlumat verilməsi işin mübahisələndirilməyən hallarıdır. Belə olan halda aydındır ki, iddiaçı qeyd olunan normalara əsasən 26482 saylı müqavilə əsasında ona ayrılmış 0,12 ha sahəsi olan 4196 saylı bağ sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh bu hissədə iddiaçının tələbini təmin etməkdən imtina edərkən, bağ evinin əlavə sahəsinin “4323” saylı qonşu bağa keçid yolunun üzərində inşa edilməsinə, İdarənin arxivində eyni bağdan bölünən “4196” nömrəli bağa dair digər fiziki şəxsin adına (X7) 18086 nömrəli müqavilənin mövcud olmasına və torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşməsinə istinad etmişdir. Məsələnin araşdırılması ilə bağlı 4323 saylı bağ sahəsinə dair müvafiq sorğu göndərilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 02 sentyabr 2024-cü il tarixli, **********73 nömrəli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, İdarənin arxivində Ləhiş bağ massivində yerləşən 4323 və 4196a saylı bağa dair hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən 4323 saylı bağ qeydiyyata alınmadığından ortofoto tərtib etmək mümkün olmamışdır. Göründüyü kimi, cavabdeh bağ evinin əlavə sahəsinin “4323” saylı qonşu bağa keçid yolunun üzərində inşa edildiyini bildirsə də, həmin bağın yerini göstərə bilməmişdir. İdarənin arxivində eyni bağdan bölünən “4196” nömrəli bağa dair digər fiziki şəxsin adına (X7) 18086 nömrəli müqavilənin olmasına gəldikdə, məhkəmə qeyd edir ki, işin yuxarıda qeyd olunan hallarından görünür ki, sahəsi 0,25 ha olan 4196 saylı bağ sahəsi 18086 saylı müqavilə əsasında X6 məxsus olmuş, həmin bağ sahəsi tərəflərin qarşılıqlı razılığı əsasında xx.xx.1989-cu ildə iki hissəyə bölünərək, 0,12 ha sahəsi olan hissəsi bağ evi ilə birlikdə iddiaçıya verilərək onunla 26482 saylı müqavilə, 0,12 ha sahəsi olan hissəsi isə Gülnaz Əlicanovaya verilərək onunla 18086 saylı yeni müqavilə bağlanmışdır. Müqavilədə bağ sahəsinin nömrəsinin necə göstərilməsindən asılı olmayaraq həmin bağların 4196 saylı bağ və onun bölünəni olması işin mübahisəsiz halıdır. Belə olan halda, iddiaçıya bağın ayrılması barədə 26482 saylı müqavilədə bağın nömrəsinin 4196a, xx.xx.1999-cu ildə verilən qeydiyyat vəsiqəsində isə 4196 göstərilməsi texniki səhv olmaqla iddiaçının hüquqlarına təsir edən amil kimi qiymətləndirilə bilməz. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı sahəsi 0,12 ha olan 4196 saylı bağ və onun üzərində inşa etdiyi sahəsi 86 kv.metr olan fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınmasını tələb eməkdə haqlı olmuşdur. Sahəsi 0,12 ha olan 4196 saylı bağ sahəsinin digər bölünəninə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına gəldikdə, işin yuxarıda qeyd olunan hallarından görünür ki, həmin bağ sahəsi 21 sentyabr 1989-cu il tarixdə 18086 nömrəli bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə veriməsi haqqında müqaviləyə əsasən X4 istifadəsinə verilmişdir. Həmin müqavilənin ləğv edilməsi, qüvvədə düşməsi işdən müəyyən edilmir. İddiaçı da 4196 saylı bağ sahəsinin 0,12 ha sahəsi olan hissəsində əlavə yerdə qalan hissəsinə münasibətdə hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir. Buna görə də iddiaçının tələbi bağ sahəsinin həmin hissəsinə mülkiyyət hüququnun qeydə alınması hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 0,12 ha olan 4196 saylı bağ sahəsi və üzərində yerləşən 1 mərtəbəli 86 kv.metr sahəsi olan tikiliyə vahid əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar