Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9268/2023 31.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “sabiq hakim kimi pensiyanın təyin edilməsi və ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı sabiq hakim kimi pensiyanın təyin edilməsi və ödənilməsi tələbinə dair iddiası üzrə inzibati işə 31 may 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1956-cı il təvəllüdlüdür.
2. İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət keçmişdir.
3. xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Prokurorluq Orqanlarında xidmətə qəbul edilmişdir.
4. xx.xx.2005-ci il tarixdə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 29.2.5 və 32.4-cü maddələrinə müvafiq olaraq öz arzusuna əsasən xidmət illərinə görə pensiyaya çıxması nəzərə alınaraq xx.xx.2005-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş, prokurorluqda qulluq keçməsinə xitam verilməklə prokurorluq orqanlarından xaric edilmişdir.
5. 01.08.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neft Kəmərləri” İdarəsində Hüquq şöbəsinin rəisi vəzifəsində çalışmışdır.
6. 08.10.2007-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilmişdir.
7. xx.xx.2008-ci il tarixdə Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinə hakim vəzifəsinə təyin edilməsi ilə əlaqədar həmin tarixdən Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyündən xaric edilərək, vəkillik fəaliyyətinə xitam verilmişdir.
8. 01.01.2011-ci il tarixdə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi və həmin tarixdən məhkəmənin sədri təyin edilmişdir.
9. 08.08.2013-cü il tarixə yenidən Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi və həmin tarixdən məhkəmənin sədri təyin edilmişdir.
10. 21.12.2018-ci il tarixdən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi və həmin tarixdən məhkəmənin sədri təyin edilmişdir.
11. xx.xx.2021-ci il tarixdə hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması nəzərə alınaraq səlahiyyətlərinə xitam verilmişdir.
12. Azərbaycan Respubliaksının Ədliyyə Nazirliyi tərəfindən iddiaçıya pensiya hesablanması üçün əmək haqqı barədə verilmiş arayışa əsasən iddiaçının son iki il ərzində (2019-2021) pensiya hesablanması üçün nəzərə alınan əmək haqqı 167839,01 manat (bir yüz altmış yeddi min səkkiz yüz otuz doqquz manat, 01 qəpik) olmuşdur.
13. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
14. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi iddiaçının hakim kimi stajı 15 ildən az (13 il 1 ay 7 gün (xx.xx.2008-xx.xx.2021-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də iddiaçıya hakim kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda bildirilmişdir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin doqquzuncu hissəsinə əsasən hakimlik stajının hər ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Göründüyü kimi prokurorluq orqanlarında xidmət illəri hakimlik stajının hesablanması zamanı deyil, yalnız əlavə haqqın hesablanması zamanı nəzərə alınır.
İddia tələbi və onun əsaslandırması:
15. İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona sabiq hakim kimi 2019-cu ilin sentyabr ayından 2021-ci ilin avqust ayınadək aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla ona hakim kimi əmək pensiyasının hesablanmasını, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı işin yuxarıda sadalanan hallarına əsasən iddia tələbini onunla əsaslandırmışdır ki, məhkəmə orqanlarında 13 il 01 ay 07 gün, prokurorluq orqanlarında isə 27 il 03 ay 05 gün əmək stajı olmaqla - ümumi olaraq 40 il 04 ay 12 gün əmək stajı yaranmışdır. Onun prokurorluq orqanlarında işlədiyi 27 il 03 ay 05 gün əmək stajı hakimlik stajına daxil edildiyindən, hakim vəzifəsində işə başladığı ilkin aydan ona hər ay vəzifə maaşının 45 faizi həcmində əlavə haqq hesablanaraq ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mühasibatlığından verilmiş xx.xx.2021-ci il tarixli 8/1021 saylı arayışdan aydın olur ki, son iki ildə o, pensiya hesablanması üçün nəzərə alınan 167839,01 manat əmək haqqı almışdır. Cavabdehin imtinası əsassızdır. Belə ki, cavabdeh istər “Məhkəmələr və Hakimlər Haqqında” Qanunun, istərsə də, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun tələblərini qanunları icra etmək əvəzinə səlahiyyələri olmadıqları halda özlərinə sərf edəcək formada qanuna izah vermişlər.
17. İddiaçı hesab edir ki, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanda xidmət illərinə daxil edilir. O, prokurorluq işçisi kimi pensiyaya çıxdıqdan sonra məhkəmə orqanlarına işə keçdiyindən prokurorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil ediməsinə qanuni gözləntisi vardır. Hakim kimi fəaliyyətinin ilk ayından başlayaraq əmək haqqına 45 faiz əlavənin verilməsi də bunu təsdiq edir. Belə olduğu halda onun yaşa görə pensiya hüququ yarandığı vaxtda hakim kimi xidmət illəri 40 il, 04 ay, 12 gündür və ona hakim kimi pensiya təyin olunmalıdır.
İddia tələbinə etirazın əsasları:
18. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
19. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının “Məhkəmələr və hakimlər haqqında” Qanununun 106-cı maddəsi hakimlərin sosial vəziyyətini tənzimləməklə, yalnız əlavə haqq almaq hüququ əldə etməsini ehtiva edir. Yuxarıda da qeyd edilənlərə əsasən “X1” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən hakim kimi pensiya təminatından istifadə etmək üçün 15 il sosial sığorta stajı gərəklidir. Hazırda iddiaçı hakim kimi stajı 15 ildən az (13 il 1 ay 7 gün) təşkil etdiyi üçün ona hakim kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir.
Tərəflərin iştirakı və izahatları:
20. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü:
22. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
23. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır.
24. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır.
25. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
26. Cavabdeh iddiaçının müraciətini xx.xx.2023-cü il tarixli məktubla təmin etməkdən imtina etmiş, iddiaçı hazırkı tələblə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət edərək iddia müddətinə də riayət etmişdir.
Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq:
27. İddiaçının məhkəmə orqanlarında 13 il 01 ay 07 gün, prokurorluq orqanlarında isə 12 il 07 ay 16 gün əmək stajı olmaqla – məhkəmə və prokurorluq orqanlarında 25 il 8 ay 23 gün stajının olması işin mübahisələndirilməyən halıdır.
28. İddiaçı prokurorluq orqanlarındakı xidmət illərinin hakim kimi fəaliyyət göstərdiyi illərə daxil edilməklə ona hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.
29. Cavabdeh isə iddiaçının tələbini təmin etməkdən imtna edərək, onun hakim kimi 15 ildən az, yəni 13 il 01 ay 07 gün stajının olmasını bildirmişdir.
30. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır.
31. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “X1» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.
32. Qərarda həmçinin qeyd edilmişdir ki, “...hakimlərin müstəqilliyi həm ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsiplərindən biridir, həm də dövlət tərəfindən hakimlərə verilən konstitusiya təminatıdır. Hakimlərin sosial müdafiə təminatı isə hakimlərin müstəqilliyinin ayrılmaz mühüm bir elementi kimi çıxış edir. Belə ki, «Məhkəmələr və hakimlər haqqında» Qanunun 100-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq hakimlərin müstəqilliyi onların səlahiyyəti dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, vəzifədən kənarlaşdırılmasının və səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir. Konstitusiya Məhkəməsi əvvəllər qəbul etdiyi «Məhkəmələr və hakimlər haqqında» Qanunun 106 və 109-cu maddələrinin müvafiq müddəalarının şərh edilməsinə dair 23 yanvar 2001-ci və 27 iyun 2001-ci il tarixli qərarlarında da hakimlərin maddi və sosial təminatlarını Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə hakimiyyəti müstəqilliyinin tərkib hissəsi kimi qiymətləndirməklə belə bir mövqe müəyyənləşdirmişdir ki, dövlət və cəmiyyət hakimlərə, xüsusilə onların ədalətliliyinə və peşəkarlığına son dərəcə ciddi tələblərlə yanaşmaqla bərabər, öz səylərini hakimlərin sosial və maddi təminatı məsələlərinin yüksək səviyyədə həll edilməsinə yönəltməlidir. Qanunvericilikdə digər şəxslərlə müqayisədə hakimə daha yüksək pensiya təminatı müəyyənləşdirməklə dövlət və cəmiyyət nəticə etibarilə hakimin əməyini xüsusi dəyərləndirməklə, məhkəmə hakimiyyətinin rolunu, müstəsna əhəmiyyətini və nüfuzunu etiraf edir. Konstitusiyanın və beynəlxalq-hüquqi aktların müddəalarına əsasən hakimlərin pensiya təminatının maddisosial imtiyaz kimi deyil, müstəqilliklərinin təminatının əhəmiyyətli bir vasitəsi kimi qəbul edilməsi əsas verir ki, sonradan qanunvericiliyi dəyişdirməklə fəaliyyətdə olan hakimlərin malik olduqları pensiya təminatlarının səviyyəsi azaldıla bilməz. Əks halda, yeni qanunvericilik Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipi ilə, 127ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatı ilə, habelə 149-cu maddəsinin İ hissəsində müəyyən olunmuş normativ hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanılması prinsipi ilə, eləcə də 149-cu maddəsinin Vİİ hissəsində təsbit edilmiş yalnız fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil ediləcəyi müddəası ilə ziddiyyət təşkil edə bilər. Odur ki, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş (əvəz olunmuş) hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır”.
33. “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir.
34. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyinə əmin olmalıdır.
35. Göründüyü kimi, hakimlərin maddi təminatı onların müstəqilliyinin əsas elementlərindən biridir və pensiya təminatı da bura daxildir. Çünki hakim faaliyyət göstərdiyi dövrdə təminatının yüksək olması onun müstəqilliyinin göstəricisi olmaqla, eyni zamanda gələcəkdə yüksək pensiya təminatına da əmin olmaqla maddi rifahı barədə gələcəklə bağlı tərəddütü olmamalıdır.
36. “X1” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilməsi qaydası göstərilmişdir.
37. xx.xx.2017-ci il tarixdən etibarən “X1” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddədə “əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla sözləri “əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir sözləri ilə əvəz edilmişdir.
38. “X1” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixə qədər olan redaksiyasına əsasən:
39. 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında;
40. 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla;
41. 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
42. İşin hallarına görə, iddiaçı xx.xx.2008-ci il tarixdə hakim təyin edilmiş və xx.xx.2021ci il tarixədək hakim kimi fəaliyyət göstərmişdir.
43. Belə olan halda 5 ildən artıq hakim kimi fəaliyyət göstərdiyinə görə, onun artıq həmin vaxt qüvvədə olan qanunvericiliyə görə, sabiq hakim kimi pensiya hüququ yaranmışdır.
44. Məhkəmə həmin vaxt qüvvədə olan qanunun normalarını və Konsitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərardakı hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, hakimin pensiya hüququ ilə bağlı sonradan qəbul edilən və hakimə pensiya hüququ verən şərtləri ağırlaşdıran normaların iddiaçıya tətbiq edilməsi yolverilməzdir.
45. Belə ki, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən onun 15 ildən az hakim stajına malik olmasını göstərmişdir.
46. Lakin cavabdeh nəzərə almamışdır ki, Qanunun 15 il hakim stajı tələb edən norması 10 mart 2017-ci il tarixli, 543-VQD №li qanunla qəbul edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir.
47. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan konstitusion-hüquqi dəyərlər şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəalarının tətbiqini şərtləndirir və zəruri edir. Şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir.
48. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “X1” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır.
49. Digər tərəfdən iddiaçı hazırkı tələbləri irəli sürərkən “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 32.5-ci maddəsinə istinad edərək onun prokurorluq orqanlarındakı xidmət illərinin hakimlik fəaliyyətin dövrünə əlavə edilməli olmasına istinad etmişdir.
50. Cavabdeh hesab etmişdir ki, prokurorluq orqanlarında xidmət illəri hakimlik stajının hesablanması zamanı deyil, yalnız əlavə haqqın hesablanması zamanı nəzərə alınır.
51. Məhkəmə bu hissədə də iddia tələbini əsaslı hesab edir.
52. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək prokurorluq orqanlarında fasiləsiz olaraq 12 il 7 ay 16 gün, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi kimi xx.xx.2008-xx.xx.2021-ci il tarixlərarası dövrü əhatə etməklə 13 il 1 ay 7 gün stajı var.
53. İstənilən halda “X1” Qanuna dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixdə iddiaçının hakim kimi (9 ilə yaxın) stajı (sonradan) ona pensiya təyini üçün imkan verirdi. Lakin iddiaçının vəziyyəti (hakimlikdən əvvəl prokurorluq orqanlarında xidmət etdiyindən) müvafiq stajı olan hakimdən fərqlidir (əlverişlidir).
54. Belə ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun “Prokurorluqda qulluq keçmənin yaş həddi” adlanan 32-ci maddəsinin 5-ci hissəsinə görə, prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Odur ki, iddiaçı prokurorluq işçisi kimi məhkəmə orqanlarına işə keçirildiyindən onun prokurorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsinə qanuni gözləntisi var.
55. Məhkəmə cavabdehin bu barədə etirazının dəlillərini əsassız hesab edərək qeyd edir ki, qeyd olunan normada məhz prokurorluq işçilərinin prokurorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsini tənzimləyir və xidmət illəri geniş anlayış olmaqla, təkcə xidmət illərinə görə maaşa əlavələri ehtiva etmir.
56. Bu qənaətə gələrkən məhkəmə həmçinin onu da nəzərə alır ki, Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan Respublikasının Prokurorluğunun yeri (maddə 133), Konstitusiyanın “Məhkəmə Hakimiyyəti” adlanan Vİİ fəslində təsbit edilmişdir. Məhz bu səbəbdən də, prokurorluq işçisi hakim təyin edilərkən onun prokurorluq orqanlarındakı xidmət illəri hakimlik fəlaliyyəti zamanı nəzərə alınır və xidmət illərinə daxil edilir.
57. Məhkəmə qeyd edilənlərin məntiqi davamı olaraq iddia tələbində iddiaçının tələb etdiyi hakimlik stajının hər 5 ilinə görə vəzifə maşının 15% həcmində vəzifə maaşına əlavə, orta aylıq əmək haqqının 80%-i miqdarında pensiyaya əlavə və digər hissələri ilə bağlı aşağıdakıları qeyd edir:
58. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə görə, Hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. 106-cı maddənin birinci hissəsinə “məbləğdə sözündən sonra “aylıq sözü və “edilir sözündən sonra “və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir sözləri 12 iyul 2019-cu il tarixli 1647- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. İddiaçı xx.xx.2021ci il tarixə qədər hakim işlədiyindən həmin əlavəni almışdır.
59. ...Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir...
60. ...Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. 12 iyul 2019-cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 106-cı maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixə qədər hakim işlədiyindən pul təminatını almışdır.
61. Qanunun 107-ci maddəsinə əsasən hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı verilir. 8 iyul 2022-ci il tarixli 582-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 107-ci maddənin birinci hissəsinin ikinci cümləsindən “və iki aylıq əmək haqqı məbləğində müavinət sözləri çıxarılmışdır. İddiaçı xx.xx.2021-ci il tarixə qədər hakim işlədiyindən pul təminatını almışdır. Odur ki, məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət almışdır.
62. 8 iyul 2022-ci il tarixli 582-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 109-cu maddənin dördüncü hissəsinin ikinci cümləsi çıxarılmışdır. Həmin cümləyə əsasən, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir.
63. Əmək pensiyasına 80% əlavə ilə bağlı məhkəmə qeyd edir ki, “X1” Qanuna görə, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İddiaçının prokurorluqdakı xidmət illəri də daxil olmaqla məhkəmə və prokurorluq orqanlarında 25 il 8 ay 23 gün stajı vardır.
64. Ona görə də, iddiaçının orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanması hissədə də tələbi əsaslıdır.
65. Beləliklə, iddiaçının prokurorluq orqanlarında xidmət illəri də nəzərə alınmaqla ona aylıq vəzifə maaşı miqdarında aylıq vəzifə maaşına əlavə, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə, hakimlik səlahiyyətlərinin yerinə yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyətlə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət, müalicə ilə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını, habelə qeyd edilən əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanmasını tələb etməkdə haqlı sayılmalıdır.
66. Bununla yanaşı qeyd edilməlidir ki, əmək pensiyasının və əmək pensiyasına əlavənin hesablanması zamanı iddiaçının xx.xx.2021-ci il tarixə kimi hakim kimi işlədiyi nəzərə alınmalı, əmək pensiyasının yenidən hesablanması və əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında əlavənin hesablanması həmin tarixdən həyata keçirilməlidir.
67. Məhkəmə qeyd edir ki, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
68. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
69. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı sabiq hakim kimi 09.20xx-xx.2021-ci illərdə aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45% həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirlməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla ona hakim kimi əmək pensiyasının hesablanması, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Bəhlul Cəlalov