Məhkəmə qərarları › İş №2-1(112)-9269/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9269/2024

14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9269/2024 14.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyimin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona yetirilmiş maddi ziyan üçün 4000 manat və 3000 manat mənəvi ziyan olmaqla ümumilikdə 7000 manat pulun və ödənilmiş 90 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, ünvanlı sosial yardım almaq üçün DSMF-na VEMTAS sistemi vasitsəsilə elektron müraciət etmiş, ona sosial yardım verilməsindən 10 dəfə imtina olunmuşdur. Bununla bağlı DSMF-nin Şamaxı rayon Ərazi İdarəsinə yaxınlaşmış, ona bildirmişlər ki, imtinanın səbəbi adına olan əlavə həyətyanı torpaq sahəsinin qeyd edilməməsi olmuşdur. Bundan sonra DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə yaxınlaşmış və bunun hansı torpaq sahəsi olduğunu soruşmuşdur. İddiaçıya qeyri rəsmi cavab vermişlər ki, sənin adına olan fərdi yaşayış evinin torpaq sahəsi əlavə sənəd kimi adında göstərilir. Şamaxı Asan xidmət mərkəzində 14 saylı ərazi idarəsinə yaxınlaşaraq adında olan daşınmaz əmlak haqqında arayış verilməsini xahiş etmiş, dövlət rüsumunu ödədikən bir neçə gün sonra ona təqdim olunan arayışda adına olan eyni ünvanda vahid əmlak göstərilmişdir. Həmin arayışı DSMF-nin Şamaxı rayonunda olan idarəsinə təqdim etmiş, qəbulda olan zaman DSMF-nin əməkdaşı ona bildirmişdir ki, bu arayış keçərsizdir və bu arayışla kömək edə bilmirlər. İddiaçı bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxsinə müraciət etmiş və müraciətdən sonra onun adına olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi, yəni onların qeyd etdiyi əlavə sənəd adından silinmiş, sosial yardım almaq üçün ilk müraciəti xx.xx.2023 cü ildə olmasına baxmayaraq DSMF xx.xx.2024-cü ildə 414 manat məbləğində ünvanlı sosial yardım təyin etmişdir. Bu müddət ərzində 10 dəfə sosial yardım üçün DSMF-na müraciət etmiş, 13 dəfə vətəndaş qəbulunda olmuş, 20 dəfə Çağrı Mərkəzinə zəng vurmuş, 8 ərizə yazmışdır. Bütün bunlar hamısı iddiaçının maddi və mənəvi cəhətdən xərclərə salmışdır. Bu ərizə şikayətlər əsassız yerə icra olunmadıqda xeyli həyacan stress və əsəb keçirmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim etmiş və göstərmişdir ki, İddiaçı ərizəbəyannamədə real məlumatlarla uyğunsuzluq təşkil edən məlumatları göstərmiş, bu səbəbdən də ona əvvəlki müraciətləri üzrə ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir. VEMTAS heç bir kənar müdaxilə olmadan yalnız təmsilçinin daxil etdiyi məlumatların digər mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamında olan məlumatlarla uzlaşdırılaraq düzgünlüyünün yoxlanılmasını həyata keçirən sistemdir və daxil edilən məlumatların düzgünlüyünə görə məsuliyyət təmsilçinin üzərinə düşür. VEMTAS tərəfindən daxil edilən məlumatın uyğunluğunun müəyyən edilməsi zamanı iddiaçının mülkiyyətində torpağ sahəsinin geyd edilməməsi aşkar olunmuş, "Ərizə-bəyannamə"də iddiaçının təqdim etdiyi məlumatlarla yoxlama zamanı müəyyən edilən məlumatlar arasında uyğunsuzluq müəyyən edilmişdir.Göründüyü kimi iddiaçıya qarşı cavabdeh inzibati orqan tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilməmiş, iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış, yalnız sözügedən uyğunsuzluq aradan qaldırıldıqdan sonra iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin edilməsi həyata keçirilmişdir, İşin faktiki hallarından da aydın olur ki, iddiaçıya məxsus torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin müstəqil daşınmaz əmlak kimi dövlət reyestrində qeyd edilməsi, həmçinin iddiaçının buna uyğun olaraq “Ərizə-bəyannamə"də məlumatları düzgün daxil etməməsi nəticəsində xx.xx.2023xx.xx.2024-cu il tarixləri arasındakı dövr ərzində ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilməsi cavabdeh inzibati orqanın (Nazirliyin) təqsiri ucbatından baş verən hal kimi qiуmətləndirilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək onun təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəf təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib və iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsindən görünür ki, iddiaçının tələbi cavabdehlərin hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın tutulmasından ibarətdir. İPM-in 2.2.7-ci maddəsinin tələbini nəzərə aldıqda aydın olur ki, bu iddia kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır, hansı ki, yuxarıda da qeyd olunduğu kimi digər mümkünlük şərtləri ilə yanaşı bu iddia, yəni inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddianın qaldırıla bilməsi üçün tələb olunan mümkünlük şərtlərindən biri zərərçəkmiş şəxsin vurulmuş zərərin əvəzinin ödənilməsinə dair ərizə ilə əvvəlcə müvafiq inzibati orqana müraciət etməsidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Lakin iş materiallarından müəyyən olunur ki, iddiaçı hazırkı tələblə bağlı məhkəməyə müraciət etməzdən öncə inzibati orqanlara müraciət etməmişdir. Məhkəmə iclasında iddiaçı özü də kompensasiya tələbi ilə bağlı məhkəməyə qədər cavabdeh inzibati orqanlara müraciət etmədiyini qəbul etmişdir. Belə olan halda, müəyyən olunur ki, hazırkı iddia məhkəmədə mahiyyəti üzə baxılması üçün tələb olunan mümkünlük şərtlərinə cavab vermir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar